Məhkəmə qərarları › İş №2(103)-7028/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7028/2022

01.12.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7028/2022 01.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: işə bərpa, məcburi işburaxma günlərinə görə əmək haqqının ödənilməsi və pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdeh MMC-nin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma günlərinə görə əmək haqqının ödənilməsi və pul tələbinə dair e-2(007)-1927/2022 saylı mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İşəgötürən Cavabdeh ilə işçi İddiaçı arasında 12 yanvar 2018-ci il tarixdə bağlanmış 4240 saylı əmək müqaviləsinə əsasən, İddiaçı satış müvəkkili vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi 3 ay sınaq müddəti verilməklə müddətsiz bağlanmışdır. İşçi 12 yanvar 2018-ci il tarixdən işə başlamış, aylıq əmək haqqı 800 manat məbləğində müəyyən edilmişdir.

2. “Dokta" Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 aprel 2022-ci il tarixli 0609/22K saylı əmri ilə "Dokta” MMC-nin işçisi “satış müvəkkili” vəzifəsində çalışan İddiaçı oglu ilə 12 yanvar 2018-ci il tarixində bağlanmış 4240 nömrəli əmək müqaviləsinə 18 aprel 2022-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” maddəsində qeyd olunmuş əsas üzrə) əsasən xitam verilmişdir.

3. “Dokta" Məhdud Məsuliyyətli Cəmiyyətinin 05 mart 2022-ci il tarixli 119/22 Ü saylı əmrindən görünür ki, aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh MMC-nin satış müvəkkili vəzifəsində çalışan İddiaçı malların apteklərə təhvil verilməsi zamanı ehtiyatsızlıq və səhlənkarlıq göstərərək, anbardan müşayiətedici (qaimə) sənədə əsasən düzgün sayda götürdüyü 18 qutu “Nimesil” preparatını tələb olunan ünvana çatdırmamışdır. Satış müvəkkili izahatında preparatı səhv ünvana təhvil verdiyini bildirmiş, araşdırma nəticəsində məlum olmuşdur ki, götürülən preparat heç bir ünvana təhvil verilməmiş və itmişdir, beləliklə vəzifə öhdəliyini düzgün yerinə yetirməməsi nəticəsində müəssisədə işin, əmək və icra intizamının normal ahəngi pozulmuşdur. İddiaçı yuxarıda qeyd olunan məlumatlara uyğun izahat verərək, əmək funksiyalarının icrası zamanı pozuntulara yol verdiyini etiraf etmişdir. Qeyd edilənlərə əsasən Cavabdeh MMC-nin satış müvəkkili vəzifəsində çalışan İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “a” bəndinə əsasən sonuncu xəbərdarlıqla töhmət elan edilmişdir.

4. Cavabdeh MMC-nin dispetçeri Samir Paşayev, dispetçer Rüfət Ahdurahmanlı, dispetçer İlham Hüseynov tərəfindən 14 mart 2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, 14 mart 2022-ci il tarixində növbəti rutin yoxlama zamanı dispetçer Rüfət Abdurahmanov tərəfindən aşkar olunmuşdur ki, satış müvəkkili vəzifəsində çalışan İddiaçı apteklərə çatdırılma fəaliyyətini həyata keçirərkən istifadə olunan mobil tətbiqdə sifarişi olmayan “Aloe Buzovna” aptekinə ziyarət etməmiş, buna baxmayaraq sistemdə ziyarət etmiş kimi göstərmişdir. Eyni zamanda apteklə təhvil-təslim və qeydiyyat vərəqində də aptek nümayəndəsi adından şəxsən özü imza atmaqla saxtakarlığa yol vermişdir. Geriyə doğru araşdırma apararkən məlum olmuşdur ki, adı çəkilən satış müvəkilli eyni əməli müxtəlif tarixlərdə digər apteklərə münasibətdə də törətmişdir. Belə ki, 04 mart 2022-ci il tarixində “Dokta Buzovna (148)”, 08 mart 2022-ci il tarixində “Buta Albalı (Buzovna-105)”, 09 mart 2022-ci il tarixində “Aloe Buzovna” və “Buta Buzovna (40)” apteklərinin də sifarişləri olmamasına baxmayaraq mobil tətbiqdə (sistemdə) həmin aptekləri ziyarət etmiş kimi göstərmiş, eyni zamanda təhvil-təslim və qeydiyyat vərəqində aptek nümayəndələrinin adından saxta imzalar çəkmişdir. Məsələ ilə bağlı satış müvəkkili İddiaçı yazılı izahatı alınmış və sürücü törətdiyi əməlləri etiraf etmişdir.

5. “X1 Center”-in 03 mart 2022-ci il tarixli təmir aktından görünür ki, “Fiat Doblo” markalı Az **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi zərərin həcmi 5688,78 manat təşkil edir; "xxxx" MMC-yə məxsus olan avomaşının təhvil (qüsur) aktından görünür ki, “Fiat Doblo” markalı Az **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyişən və təmir olunan ehtiyat hissələrinin dəyəri 774 manatdır.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə Cavabdeh MMC-nin 15 aprel 2022-ci il tarixli 0609/22K nömrəli əmrinin qanunsuz sayılaraq ləğv edilməsi, onun Cavabdeh MMC-də satış müvəkkili vəzifəsinə bərpa olunması, məcburi işburaxma müddətinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi, cavabdeh tərəfindən onun işlədiyi dövrdə əmək haqqından tutularaq qanunsuz fondda saxlanılmış və sonda ona ödənilməmiş 2674 manat pulun və 47 manat dövlət rüsumunun cavabdeh “Dokta" MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi belə əsaslandırılmışdır ki, "Dokta” MMC-yə məxsus yük avtomobilinin aşınma (istifadə) nəticəsində yaranmış təmir xərclərinin onun əmək haqqından qanunsuz olaraq tutulmasına etdiyi şifahi etiraz rəhbərliyin qəzəblənməsinə səbəb olmuş və nəticədə ona qarşı belə bir qanunsuz əməl törədilmişdir. Belə ki, "Dokta” MMC-də çalışan və keçən dövrlərdə çalışmış əməkdaşlar kimi onun da işlədiyi dövrdə MMC-nin ofisində qeyri-qanuni bir fond təşkil edilmiş və hər bir işçinin əmək haqqından ayda 100 manat vəsait tutularaq həmin fonda köçürülmüşdür. Bu qanunsuz tutulma həmin məbləğ 6000 manat təşkil edənədək davam etmişdir. Rəhbərlik bunu onunla əsaslandırmışdır ki, bu fond onların idarə etdikləri avtomobilləri idarə edən sürücülərin başqa şəxslərə vuracağı zərərin əvəzi sığorta şirkətinin ödəyəcəyi vəsaitdən çox olduğu təqdirdə qarşılamaq üçün tutulur. Hamı kimi onun da işlədiyi xeyli müddətdə həmin fondda 6000 manat vəsait toplanmışdır. 03 mart 2022-ci il tarixdə ona həmin tarixli ********* nömrəli təmir aktı təqdim edərək bildirmişlər ki, onun idarə etdiyi 2012-ci il istehsalı olan “Fiat Doblo” markalı, Az ** JZ *** dövlət qeydiyyat nişanlı avtomobil üçün 1455 manat görülmüş işlər, 3366 manat istifadə olunan ehtiyat hissələri, material və 867,78 ƏDV olmaqla, cəmi 5688,78 manat xərc çəkilmiş və onlar həmin vəsaiti onun fondda olan 6000 manat məbləğindən çıxacaq, sonra isə yenə 6000 manat toplanana qədər əmək haqqından həmin fonda ayda 100 manat tutulacaq. O etiraz edərək bildirmişdir ki, əvvəla bu xərclər avtomobilin aşınma və amortizasiya xərclədir ki, bu avtomobil onun üçün deyil, şirkət üçün işləmişdir. Bundan başqa, 10 ildir ki, avtomobilin bütun texniki xəclərini və təmirini öz vəsaiti ilə qarşılayır. O nə həmin avtomobili məhv etməmiş, nə də həmin avtomobillə başqasına külli miqdarda zərər vurmamışdur ki, avtomobilin icbari sığorta müqaviləsi əsasında sığorta şirkətinin zərərçəkmişə verdiyi zərər əvəzindən əlavə çatışmayan xərcləri ödəsin. Çox mübahisədən sonra yuxarıda qeyd etdiyi amortizasiya və aşınmadan ötrü avtomobilə çəkilmiş xərc olan 5688,78 manat pulun 1900 manat hissəsini onun fondda əmək haqqından yığılmış vəsaitdən çıxmışlar və o buna da etiraz etmişdir. Elə həmin gündən MMC rəhbərliyi ona qərəzli münasibət göstərmiş, cəmi 42 gün sonra ona hazırda mübahisələndirdiyi Cavabdeh MMC-nin 15 aprel 2022-ci il tarixli 0609/22K nömrəli əmrinin mətni kağız variantda ona çatdırılmış və bildirmişlər ki, o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. Cavabdeh "xxxx" MMC-nin qanunsuz əməlləri bununla da bitməmişdir. Yuxarıda qeyd etdiyi kimi, onun əmək haqqından hər ay 100 manat tutulmaqla fondda yığılmış 6000 manat vəsaitdən aprel ayının sonunda ona cəmi 3326 manat vəsait ödəmişlər və demişlər ki, idarə etdiyi 2012-ci il istehsalı olan “Fiat Doblo” markalı, Az ** JZ *** dövlət nömrə nişanlı avtomobilin 27 aprel 2022-ci il tarixli avtomaşının qüsur aktına əsasən daha 774 manat xərci var. Odur ki, 03 mart 2022-ci il tarixli ********* nömrəli təmir aktına əsasən 1900 manat və 27 aprel 2022-ci il tarixli avtomaşının qüsur aktına əsasən 774 manat toplam olaraq 1900+774= 2674 manat fonda yığılmış 6000 manatdan çıxılmış, beləliklə də, cavabdeh onun 2674 manat pulunu mənimsəmişdir. Bundan əlavə, iddiaçı işdən azad olunarkən müəssisə həmkarlar təşkilatının razılığı alınmamışdır.

8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1927/2022 saylı mülki iş üzrə 16 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Qumru Əliyeva)

9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı 05 mart 2022-ci il tarixli əmrlə intizam tənbehi növündə töhmət verilməsindən nəticə çıxarmamış, intizam tənbehinin qüvvədə olduğu müddətdə yenidən əmək funksiyasını kobud şəkildə pozmuş və bu səbəbdən 15 aprel 2022-ci il tarixli əmrlə tutduğu vəzifəsindən qanuni əsaslarla azad edilmişdir. əhkəmə tərəfindən mübahisələndirilən 15 aprel 2022-ci il tarixli əmrin ləğv edilməsi əsasları müəyyən edilməmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 45, 68, 70, 71, 72, 84, 186-ci maddələrinə, Mülki Prossesual Məcəllənin 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

11. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələblərinin təmin edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı rədd edərkən iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını pozmuşdur. Cavabdeh əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər olaraq işçinin izahatını, tərtib olunmuş aktı və təqdimatı göstərmişdir ki, bu sənədlərdə də kobud qayda pozuntusuna yol verilmişdir. Əvvəla izahat işçi tərəfindən 16 mart 2022-ci il tarixdə yazılmış və imzalanmışdır. Tərtib olunmuş akt isə 14 mart 2022-ci il tarixdə, yəni işçinin izahatı verdiyi tarixdən iki gün öncə tərtib olunmasına baxmayaraq artıq işçinin izahat verərək faktı etiraf etməsi bildirilmişdir. Bundan başqa “Dokta “MMC-nin dispetçeri Samir Paşayevin “Dokta “MMC-nin direktoru Vüqar Kərimova verdiyi təqdimatın tarixi qeyd edilməmişdir. Bu faktlar birinci instansiya məhkəməsinin nəzərinə çatdırılsa da, bu qanun pozuntusu məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bundan əlavə şahid ifadələrində onun işdən çıxma səbəbi kimi həm də qanunsuz olaraq fonda pul yığılması halı tam əks olunsa da məhkəmə bu sübuta qeyri obyektiv olaraq yetərsiz kimi qiymət vermişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

15. Cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək şikayətin təmin olunmamasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 72-ci maddəsinin “ə” bəndinə əsasən, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunub iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsi qismən ləğv olunmalı və iddia qismən təmin edilməlidir.

18. İş materiallarından görünür ki, Cavabdeh MMC-də satış müvəkkili vəzifəsində işləyən İddiaçı malların apteklərə təhvil verilməsi zamanı ehtiyatsızlıq və səhlənkarlıq göstərərək, anbardan müşayiətedici (qaimə) sənədə əsasən düzgün sayda götürdüyü 18 qutu “Nimesil” preparatını tələb olunan ünvana çatdırmadığına görə “Dokta" Məhdud Məsuliyyətli Cəmiyyətinin 05 mart 2022-ci il tarixli 119/22 Ü saylı əmri ilə ona sonuncu xəbərdarlıqla töhmət elan olunmasına baxmayaraq, verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, 14 mart 2022-ci il tarixində növbəti rutin yoxlama zamanı dispetçer Rüfət Abdurahmanov tərəfindən aşkar olunmuşdur ki, satış müvəkkili vəzifəsində çalışan İddiaçı apteklərə çatdırılma fəaliyyətini həyata keçirərkən istifadə olunan mobil tətbiqdə sifarişi olmayan “Aloe Buzovna” aptekinə ziyarət etməmiş, buna baxmayaraq sistemdə ziyarət etmiş kimi göstərmişdir. Eyni zamanda apteklə təhvil-təslim və qeydiyyat vərəqində də aptek nümayəndəsi adından şəxsən özü imza atmaqla saxtakarlığa yol vermişdir. Geriyə doğru araşdırma apararkən məlum olmuşdur ki, adı çəkilən satış müvəkilli eyni əməli müxtəlif tarixlərdə digər apteklərə münasibətdə də törətmişdir. Belə ki, 04 mart 2022-ci il tarixində “Dokta Buzovna (148)”, 08 mart 2022-ci il tarixində “Buta Albalı (Buzovna-105)”, 09 mart 2022-ci il tarixində “Aloe Buzovna” və “Buta Buzovna (40)” apteklərinin də sifarişləri olmamasına baxmayaraq mobil tətbiqdə (sistemdə) həmin aptekləri ziyarət etmiş kimi göstərmiş, eyni zamanda təhvil-təslim və qeydiyyat vərəqində aptek nümayəndələrinin adından saxta imzalar çəkmişdir. İddiaçı qeyd olunan əmək funksiyalarını pozmasını Cavabdeh MMC-nin rəhbərliyinə yazdığı 16 mart 2022-ci il tarixli izahatında etiraf etmişdir. Müəyyən edilmişdir ki, Cavabdeh MMC-də həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərməmişdir. İddiaçı MMC rəhbərliyinin qərəzli münasibəti nəticəsində işdən azad olunması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 15 aprel 2022-ci il tarixli əmr verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl olunduğundan, birinci instansiya məhkəməsi əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma günlərinə görə əmək haqqının ödənilməsi barədə iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, Cavabdeh MMC-nin dispetçeri Samir Paşayev, dispetçer Rüfət Ahdurahmanlı, dispetçer İlham Hüseynov tərəfindən 14 mart 2022-ci il tarixdə tərtib edilmiş aktda İddiaçı 16 mart 2022-ci il tarixli izahatına istinad olunması, habelə “Dokta “MMC-nin dispetçeri Samir Paşayevin “Dokta “MMC-nin direktoru Vüqar Kərimova verdiyi təqdimatın tarixinin qeyd edilməməsi işçinin intizam pozuntusuna yol verməsini istisna etmir və mübahisələndirilən əmrin ləğv edilməsinə əsas ola bilməz. İddiaçı məhkəmədə verdiyi izahatdan da görünür ki, o, 16 mart 2022-ci il tarixli izahatı özü yazdığını və izahatda qeyd olunan intizam xətalarını inkar etməmişdir. İddia ərizəsində qeyd olunan 2674 manat pul tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş iddiaçının keçmiş iş yoldaşları ifadələrində onların əmək haqlarından da fonda pul yığıldığını və onlara təhkim olunmuş avtomaşınların təmir və sair xərclərinin fondda yığılmış vəsaitləri hesabına ödənildiyini bildirmişlər. Tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə olmadığından, habelə işçinin (iddiaçının) işəgötürənə (cavabdehə) qəsdən ziyan vurması müəyyən olunmadığına görə “Fiat Doblo” markalı Az **-JZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmirinə görə iddiaçının vəsaitindən 2674 manat pul çıxılması qanunsuz olmuşdur və həmin vəsait geri qaytarılmalıdır.

19. Hazırkı iş üzrə qətnamənin pul tələbinə dair hissəsində iddianın qiyməti (2674 manat) beş min manatdan az olduğundan, habelə qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanıldığından, qətnamədən Cavabdeh MMC tərəfindən kassasiya şikayəti verilə bilməz. İddiaçı tərəfindən isə yalnız qətnamənin əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsindən kassasiya şikayəti verilə bilər.

19. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli e-2(007)- 1927/2022 saylı qətnaməsi cavabdeh tərəfindən iddiaçının əmək haqqından tutulmuş 2674 manat pulun qaytarılması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılaraq iddia təmin edilsin. Cavabdeh MMC-dən 2674 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qətnamənin əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsindən iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar