Məhkəmə qərarları › İş №2(103)-7029/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7029/2024

09.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7029/2024 09.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsi barədə mülki iş üzrə (Açar sözlər: Məhkəmələr arasında ərazi aidiyyətinə dair fikir ayrılığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsi barədə mülki iş üzrə məhkəmələr arasında ərazi aidiyyətinə dair fikir ayrılığı ilə bağlı məsələyə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi X2 (Nəsimi Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) doğum faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən X7 xx.xx.2014-cü ildə Qobustan Rayon Qurbançı kəndində doğulması faktının müəyyən edilməsi, uşağın doğum haqqında şəhaətnaməsində ana qrafasında X3 yazılmasını Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 4256/2024 nömrəli qərardadı ilə ərizəçi X1 (Nəsimi Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) doğum faktının müəyyən edilməsinə dair ərizəsi barədə mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

3. Məhkəmə öz qərardadını belə əsaslandırmışdır ki, elektron məhkəmə informasiya sistemindən çıxarılmış ərizəçinin şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən, ərizəçi X2 ünvan 1 ünvanında qeydiyyatdadır. Belə olan halda məhkəmə hesab etmişdir ki, hazırki işə aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalıdır.

4. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi özünün xx.xx.2024-cü il tarixli, 2(001)-7443/2024 nömrəli qərardadı ilə (hakim S.H.Məmmədova) ərazi aidiyyətinin müəyyənləşdirilməsi üçün mülki işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.

Tətbiq edilən hüquq normaları:

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 37. Tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Maddə 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Maddə 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir.

6. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” xx.xx.1996-cı il tarixli Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 3. Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi... Maddə 5. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

7. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir.

8. Belə ki, işdən aydın olur ki, ərizəçinin rəsmi olaraq yaşayış yeri ünvan 2 ünvanıdır.

9. Lakin o, hazırda qeydiyyatsız olaraq ünvan 3 ünvanında özbaşına tikilidə yaşayır, həmin yaşayış yeri üzrə qanunvericiliyin tələblərinə müvafiq olaraq qeydiyyata alınmamışdır.

10. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan qanunvericiliyin normalarına əsasən şəxsin yaşayış yeri onun yaşayış yeri üzrə qeydiyyata alındığı ünvan hesab edildiyindən, hazırki işə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalıdır.

11. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərar aldı:

Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsi barədə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar