Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7031/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İş № 2(103)-7031/2020 QƏRARDAD xx xxxxxx 2020-ci il Bakı şəhəri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “istifadə hüququnun olmayan hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağ evi 536-537 ünvanında (hazırkı ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağ evi 536 saylı bağ evi) yerləşən bağ evindən istifadə hüquqlarına xitam verilməklə, cavabdehlərin həmin ünvandan pasport qeydiyyatından çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, sonradan tələbini dəyişdirərək, cavabdehlərin ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağ evi 536-537 ünvanında (hazırkı ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağ evi 536 saylı bağ evi) yerləşən bağ evindən istifadə hüquqları olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavadehlər iddiaçının ikinci ərinin övladlarıdır və iddiaçı, öz bağ evinə onların pasport qeydiyyatına düşməsinə icazə vermişdir. Hazırda bağ evini satmaq istəyir, cavabdehlər isə qeydiyyatdan çıxmayacaqlarını bildirirlər. Buna görə də, onların qeydiyyatdan çıxarılmasını məhkəmə qaydasında həll etməyə məcburdur. Bu barədə dəfələrlə cavabdehlərə xəbərdarlıq etməsinə baxmayaraq, onların qeydiyyatdan çıxmamaları, iddiaçının mülkiyyətiçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır. Hazırda cavabdehlərin hər birinin ayrıayrıqlıqda yaşadıqları ünvan və ailələri vardır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 536 saylı bağ evindən istifadə hüquqları olmayan hesab edilməsi, qətnamənin cavabdehlərin həmin bağ evindən pasport qeydiyyatından çıxarılmaları üçün əsas olması qət edilmişdir. Cavabdeh2, apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, Cavabdeh2 2006-cı ildən 2012-ci ilədək mülkiyyətiçinin könüllü razılığı əsasında daimi olaraq sözügedən ünvanda yaşamışdır və 2010-cu ildən həmin ünvanda qeydiyyatdadır. Mübahisəli bağ sahəsindən istifadə hüququ vardır və onun bu hüququna kompensasiya verilmədən xitam verilə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi, apelyasiya şikayətinə etiraz edərək, həmçinin bildirmişlər ki, iddiaçı 2012-ci ildən cavabdehlərin onun mülkiyyətində olan bağ evinə köçmələrinə və həmin ünvana pasport qeydiyyatına alınmalarına icazə vermişdir. Bir müddət orada yaşadıqdan sonra isə cavabdehlərin hər biri ailə quraraq, başqa ünvanlara köçmüşlər. Hazırda isə, iddiaçının mülkiyyətində olan həmin bağ evindən qeydiyyatdan çıxmayacaqlarını bildirməklə, onun mülkiyyət hüquqlarının realizəsinin əsassız şəkildə məhdudlaşdırırlar. Odur ki, göstərilənlərə əsasən, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçılarını dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Kollegiya vurğulayır ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası, özündə mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, ona mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, kommersiya, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Hazırda iddiaçı, cavabdehlərin ona məxsus mübahisəli bağ evindən qeydiyyatdan çıxarılmaları üçün onların həmin evdən istifadə hüquqları olmayan hesab edilmələrini tələb edir. Kollegiya hesab edir ki, bu, məhkəmə (mülki mühakimə icraatı) qaydasında baxılmalı olan tələb olmayıb inzibati xarakterlidir. Belə ki, işdə olan sənədlərdən və tərəflərin izahatlarından mübahisəsiz qaydada müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 536 saylı bağ evi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iddiaçının ərinin əvvəlki nikahından olan övladlarıdır və iddiaçının razılığı əsasında sözügedən evə qeydiyyata alınmışlar. Lakin Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 1/08 nömrəli məktubunda qeyd olunmuşdur ki, hazırda həmin ünvanda qeydiyyatda olasalar da, cavabdehlər faktiki olaraq bu ünvanda yaşamırlar. Göründüyü kimi, hazırkı iş üzrə cavabdehlər mübahisə predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 536 saylı bağ evinə mülkiyyətçinin razılıq ərizəsi əsasında qeydiyyata alınmış, lakin hazırda faktiki olaraq orada yaşamayan, eyni zamanda, həmin evə istifadə hüququ olmayan şəxslərdir. Belə ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir (Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli qərarı). Hazırkı iddianın (istifadə hüququ olmayan hesab edilmə) əsası, yəni iddiaçının bu iddianı qaldırmaqla çatmaq istədiyi məqsəd isə, cavabdehlərin sözügedən bağ evindən qeydiyyatdan çıxarılmalarından ibarətdir. Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarına əsasən isə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Reyestrdəki qeydiyyat inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən fəaliyyətinin nəticəsidir. Odur ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldığından və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdiyindən, iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Odur ki, hazırkı iddia tələbi inzibati xarakterli olduğundan ona mülki mühakimə icraatında baxılması mümkün deyil. Ona görə də, hazırkı mülki işin icraatına xitam verilməli və iddiaçıya bu tələblə bağlı aidiyyəti inzibati orqana, imtina aldıqda isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 262.3-cü maddəsinə əsasən, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. MPM-in 384.0.4-cü maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-946/2020 saylı iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, hazırkı iddia tələbilə aidiyyəti inzibati orqana müraciət edə, bundan imtina edildikdə isə müvafiq inzibati məhkəmədə iddia qaldıra bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Ziya Şirinov Hakimlər Rəşad Həsənov Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-7031/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7031/2020
11.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver