Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7031/2024 24.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 6 noyabr 2024-cü il tarixli, 2(003)-4496/2024 saylı qərardadından İddiaçı nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 6 noyabr 2024-cü il tarixli, 2(003)-4496/2024 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Cavabdeh rəsmi qeydiyyatda olduğu ünvan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 138, 15 ünvanıdır. Həmin qərardaddan İddiaçı nümayəndəsi-vəkili Nümayəndə şikayət verərək ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmələr arasında aidiyyətlə bağlı mübahisə yolverilməzdir. Hazırkı halda Xətai Rayon Məhkəməsi iddianı ona görə geri qaytarmışdır ki, cavabdeh Xətai rayon ərazisində qeydiyyatda olsa da faktiki olaraq Xəzər royonu ərazisində cəza çəkmə müəssisəsində cəza çəkir (orada yaşayır). Belə olan halda məhkəmənin bunu nəzərə almaması başa düşülən deyil. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4496/2024 saylı, 25 noyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 iyun 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Belə ki, hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Kollegiya hazırkı iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə nəzər salaraq qeyd etməyi zəruri sayır ki, iddiaçı cavabdehin hüquqazidd hərəkətləri nəticəsində düşdüyü zərərin ödənilməsini tələb edir, “AZEMİS” X1 əldə edilmiş məlumata əsasən də Cavabdeh Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 138, 15 ünvanında qeydiyyatda olduğu müəyyən edilir. Ərazi aidiyyətinin ümumi qaydasının dəyişdirilməsinə əsas ola biləcək halların (iddiaçının seçməsinə görə aidiyyət, müstəsna və ya müqavilə aidiyyəti) hazırkı işdə mövcud olması müəyyən edilmir. Belə olan halda cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan Bakı şəhəri Xəzər rayonunun inzibati ərazisinə aid olmadığından mülki işə həmin məhkəmədə baxılması prosessual qanunvericiliyin yuxarıda qeyd edilən qaydalara ziddir. Belə ki, mülki prosessual qanunvericiliyin məzmununa görə qanunla ərazi aidiyyətinin başqa qaydalarının nəzərdə tutulduğu hallar istisna olmaqla, bütün iddialar iş üzrə cavabdeh qismində cəlb edilmiş fiziki şəxsin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Beləliklə hazırkı işə ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalı olmadığından, bununla da iddia ərizəsinin verilməsi zamanı MPM-nin tələblərinə riayət edilmədiyindən, kollegiya birinci instansiya məhkəməsinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə 2(003)-4496/2024 saylı 6 noyabr 2024-cü il tarixli qərardadı ilə razılaşaraq qeyd edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin sözügedən qərardadı dəyişdirilmədən saxlanılmalıdır Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını təmin etmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Beləliklə iddiaçının məhkəmə müdafiəsindən istifadə etməsini təmin etmək məqsədilə onun Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə yenidən müraciət etməsi, bu ərizənin həmin məhkəmənin icraatına qəbul edilməsi mümkün sayılmalıdır. Belə ki, cəzaçəkmə müəssisəsi fiziki şəxsin yaşayış yeri sayılmadığından, azadlıqdan məhrumetmə növündə cəza çəkən cavabdehə qarşı iddia, onun məhkum edilməmişdən əvvəl axırıncı rəsmi qeydiyyata alındığı yerin məhkəməsinə verilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4496/2024 saylı 6 noyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(103)-7031/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7031/2024
24.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver