Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7035/2025 12.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: mənzilə köçürülmə X1 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)- 4216/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X3 ilə İddiaçı (bundan sonra “iddiaçı”) arasında nikah xx.xx.1980-cı il tarixdə bağlanılmışdır. Cavabdeh Nizayi oğlu (bundan sonra cavabdeh) xx.xx.1987-ci il tarixdə həmin nikahdan doğulmuşdur.
2. Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, ev 20, 70 saylı mənzil xx.xx.1994-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdə X2 adına dövlət reyestrində qeydiyyatdan keçmiş və hazırda da mülkiyyətindədir.
3. X7 ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış və notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X7 mülkiyyətində olmaqla Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 44 saylı evin 89 saylı mənzilini 42.000 manata Cavabdeh satmış və bundan slonra həmin mənzilə dair mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mənzil hazırda da Cavabdeh mülkiyyətindədir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, onun ünvan 1 ünvanına köçürülməsini xahiş etmişdir.
5. İddiaçı tələbini işin yuxarıda istinad edilən faktiki hallarına istinad etməklə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, mübahisə predmetini təşkil edən mənzili o, öz maddi vəsaiti hesabına almışdır. Öz maddi vəsaiti hesabına mənzildə təmir, tikinti işləri aparmışdır. Ona məxsus məişət avadanlıqları, eləcədə geyim əşyaları mənzildə olmasına baxmayaraq Cavabdeh onu mənzilə buraxmır. Dəfələrlə bildirsə də ki, mənzil onun tərəfindən alınmışdır, sadəcə çıxarış cavabdehin adındadır. Cavabdeh bu günə qədər onu mənzilə buraxmır, hazırda kirayələrdə yaşamaq məcburiyyətindədir.
6. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, əvvəllər o, ailəsi, yəni atası X3, anası İddiaçı, qardaşı X6 və bacısı Nümayəndə ilə birlikdə ünvan 2 ünvanında yaşamışdırlar. Sözügedən mənzili valideynləri birgə nikah dövründə əldə etmişlər. 2012-ci ildə o, atası ilə birlikdə Bakı şəhərinə gəlmiş və qohumlarının evində yaşamağa başlamışdırlar. O, Bakı şəhərinə gələndə mülkiyyətində olan VAZ-2107 avtomobilini Gəncədə saxlamışdır. Bir müddət sonra o, anası və bacısını Bakıya gətirmək məqsədilə Gəncə şəhərinə getmişdir. Onlarla birlikdə Bakı şəhərinə gələndən sonra Əhmədli kəndində kirayəyə ev tutmuşdurlar. Sonra isə Cavanşir küçəsində mənzil kirayələmişdirlər. Böyük qardaşı Elnur isə Gəncə şəhərində, valideynlərinə məxsus N.Nərimanov küçəsi, 20 saylı evin 70 saylı mənzilində qalmış və hazırda da ailəsi ilə birlikdə orada yaşayır. Gəncə şəhəri, Xuluflu, küçəsi, 41 saylı fərdi yaşayış evi ana babasından anasına və dayısına miras qalmışdır. Hazırda dayısı bu evdə yaşayır. Onlar əvvəllər Gəncə şəhərində yaşayanda anasının ağır xəsiyyətinə görə evlərində valideynləri arasında tez-tez dava-dalaş olurdu. Bakı şəhərinə gələndən sonra, təxminən 2012-2013cü illərdə atası X3 anası İddiaçı ayrılaraq, başqa qadınla yaşamağa başlamışdır. Hazırda atası yeni ailəsi ilə birlikdə N.Nərimanov metrosu yaxınlığında yaşayır. Atası Bakı şəhərinə gələndə Yaşıl bazarda alver edirdi, anası isə heç vaxt heç yerdə işləməmişdir. O, Bakı şəhərinə gələndə özünə ev almağı planlaşdırmış və planını həyata keçirmək üçün gecəgündüz çalışmışdır. Məqsədinə çatmaq üçün ilk olaraq 8 km. bazarda alverə başlamış, boş vaxtlarında evlərdə çilçıraqlar yığmışdır. Yaxşı da pul qazanırdı. Qazandığı pullara VAZ-2107 markalı avtomobil almışdır. Azərbaycanda baş vermiş manatın devalvasiyasından əvvəl hər iki avtomobilini (həm Gəncədəki, həm də Bakıdakı) satmışdır. Həmin dövrdə o, dollar yığırdı və bütün pullarını ABŞ dollarına çevirmişdir. Bu səbəbdən devalvasiyadan sonra maddi vəziyyəti daha da yaxşılaşmışdır. Mülkiyyətində olan: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 44 saylı evin, 89 saylı mənzilini 2017-ci ildə öz pulu ilə 43.500 manata alqı-satqı yolu ilə əldə etmişdir. Mənzilin alınmasında heç bir qohumu, o cümlədən də anası ona maddi köməklik göstərməmişdir. Ona köməklik göstərən yeganə şəxs müdiri X9 olmuşdur. Mənzili alanda 6.800 manatı çatmırdı. Sonuncu ona bu məbləğdə pulu borc şəklində vermiş, sonra isə o hər dəfə maaş alanda aldığı borcu hissəhissə qaytarmışdır. xx.xx.2024-cü il tarixdə ailə qurmuş və hazırda ailəsilə birlikdə mülkiyyətində olan mənzildə yaşayır. Əvvəllər anası İddiaçı mülkiyyətində olan mənzilə qonaq qismində gəlmiş və o bir oğul olaraq, onu öz evində saxlamışdır. Onun mənzilində ona məxsus heç bir əşya olmamış və hazırda da yoxdur. Mübahisəli mənzil onun mülkiyyətindədir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-4216/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 44 ünvanında yerləşən 89 saylı mənzilə köçürülmüşdür. (Hakim: X11)
8. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, cavabdeh ona məxsus sözügedən mənzilə anasını da ailə üzvü olaraq köçmüşdür. Belə olan halda, ailə üzvü olan İddiaçı da 2017-ci ildən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 44 ünvanında yerləşən 89 saylı mənzildən istifadə hüququ yaranmışdır. Belə olan halda, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 44 ünvanında yerləşən 89 saylı mənzildən istifadə hüququ olduğu halda cavabdeh tərəfindən iddiaçının sözügedən mənzildən istifadəsinə edilmiş maneə şəxsin konstitusion hüququ olan mənzil hüququnun kobud şəkildə pozulmasına gətirib çıxarır. İşin faktiki hallarından də bəlli olur ki, mübahisəli mənzil alındıqdan sonra cavabdeh iddiaçının övladı kimi onunla birlikdə uzun müddət mənzildə yaşamış, mülkiyyətçi ilə birlikdə mənzildən istifadə etmiş, yalnız ailə daxili mübahisə nəticəsində mənzildən çıxmaq məcburiyyətində qalmışdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasinin Konstitusiyasının 13-cü, 43cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci, 152-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə” və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, əvvəllər anası İddiaçı mülkiyyətində olan mənzilə qonaq qismində gəlib getmişdir. İddiaçı onun evinə gələndə, o da bir oğul olaraq, qulluğunda olmuş, iddiaçıya baxmışdır. Lakin anası onun ailəsini dağıtmaq məqsədilə həyat yoldaşına yalan məlumat verərək bildirmişdir ki, guya onun beynində şiş var və o, xərçəng xəstəsidir. Bu səbəbdən ailədə böyük söz-söhbətlər yaranmış, həyat yoldaşı dəfələrlə yaşadığı evi tərk edib getmək istəmiş, hətta vəziyyət boşanma həddinə çatmışdır. Ailəni bir-birinə qatan, onu həyat yoldaşı və qohumları ilə üz-göz edən iddiaçı vəziyyətin heç də yaxşı olmadığını görüb ona məxsus mənzili tərk edərək çıxıb getmişdir. Sonradan o, həkim müayinəsindən keçdikdən, müvafiq analizləri verdikdən və cavablarını aldıqdan sonra həyat yoldaşı və qohumlarına sübut etmişdir ki, onda heç bir xəstəlik yoxdur, tam sağlamdır. Anası bacısı ilə birləşərək, ona və qardaşı Elnura şər-böhtan ataraq ailə işlərinə qarışırlar. İddiaçı onu dəfələrlə polisə verərək, guya mənzilin ona məxsus olmasını və evdən qovulması barədə yalandan məlumatlar vermişdir. Anasının çoxsaylı, əsassız ərizələri əsasında polis əməkdaşları tərəfindən araşdırmalar aparılmış və ərizələrdə göstərilən faktlar öz təsdiqini tapmamışdır. İddiaçının mənzilə qonaq qismində gəlib-getməsini təsdiq edən digər şahidlər məhkəmə binasına gəlsələr də, onlar hakim tərəfindən iclas zalına dəvət olunmamışlar, ifadələri alınmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə mülki işin məhkəmə zərurəti ilə bağlı xx.xx.1957-ci il təvəllüdlü X2 Gəncə şəhəri, N.Nərimanov küçəsi, 20 saylı evin 70 saylı mənzilini hansı tarixdə əldə etməsi və hal-hazırda onun mülkiyyətində olub-olmaması və Gəncə şəhəri, Xuluflu küçəsi, 41 saylı fərdi yaşayış evi barədə geniş hüquqi arayışın verilməsi xahiş olunmuş, lakin sorğulara məhkəmə qətnaməsi qəbul edildikdən sonra cavab verilmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə X2 adına qeydiyyata alınmış əmlakların olubolmaması barəsində sorğu verilmiş, lakin məhkəmə sorğuya cavab almadan əsassız, qanunusuz qətnamə çıxarmışdır. Məhkəmə mahiyyəti üzrə, yəni İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 44 saylı evin 89 saylı mənzilindən istifadə hüququnun olubolmamasına deyil, tərəflər arasında yaranmış gərgin münasibətlərə, polis araşdırmalarına, iddiaçının ona məxsus mənzildən hansı şəkildə çıxıb getməsinə, evdən qovulubqovulmamasına önəm vermişdir. O, mənzili alıqdan sonra, köhnə sakinlər 3 ay həmin mənzildə yaşadılar. Onlar çıxıb getdikdən sonra mənzildə təmir işləri aparmışdır. 2018-ci ilin fevral-mart aylarında mülkiyyətində olan mənzilə tək köçmüşdür. İddiaçı mülkiyyətində olan mənzilə ailə üzvü olaraq köçməmiş, yalnız qonaq qismində evimə gəlib getmiş, heç vaxt iddiaçıya məxsus hər hansı bir əşya mənzildə olmamış, indi də yoxdur. İddiaçı mənzilə ailə üzvü olaraq köçməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçı mənzilə ailə üzvü olaraq köçməmiş, o yalnız qonaq qismində gəlib getmiş, heç vaxt ona məxsus hər hansı bir əşya mənzilində olmamış, indi də yoxdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək, onun və iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermişlər və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər.
14. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi Nümayəndə ayrı-ayrılıqda apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər və şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər.
16. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırkı apellyasiya şikayəti qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməkdə səhvə yol verərək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir.
22. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında sərgilənmiş hüquqi mövqeyə əsasən ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: 1) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu; 2) yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin yaşayış sahəsindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olur. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir.
23. Hazırda iddiaçı mübahisəli mənzilin onun şəxsi vəsaiti hesabına alınmasına, mənzildə təmir işləri aparmasına, mənzildə ona məxsus əşyaların olmasına, cavabdehin onu mənzildən məcburi qaydada çıxarmasına, 7 aydır kirayədə yaşamasına, buna baxmayaraq cavabdehin onu mənzilə buraxmamasına istinad edərək onun həmin mənzilə köçürülməsini tələb edir.
24. Cavabdeh isə iddiaya etiraz edərək, iddiaçının heç vaxt əmək fəaliyyəti ilə məşğul olmamasını, mənzilin özünün şəxsi vəsaiti hesabına alınmasını, iddiaçının həmin mənzilə qonaq kimi gəlib-getməsini, Gəncə şəhərində atasına məxsus olan və valideynlərinin birgə nikahda olduqları dövrdə alınan mənzilin olduğunu, valideynlərinin ayrı yaşamalarına baxmayaraq, hazırda da nikahda olduğunu, həmin mənzildə hazırda qardaşının yaşadığını, habelə Gəncə şəhərində babasından anasına və dayısına vərəsəlik qaydasında fərdi yaşayış sahəsinin qaldığını bildirir və iddianın rədd edilməsini xahiş edir.
25. Qeyd olunmalıdır ki, iddiaçı mənzilin onun vəsaiti hesabına alınmasını və təmir etdirillməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmir. İş materiallarında olan sübutlarla, o cümlədən xx.xx.2017-ci il tarixdə bağlanmış və notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə isə mənzilin 42.000 manata məhz cavabdeh tərəfindən alındığı öz təsdiqini tapır. Bu məbləğin və ya onun hər hansı hissəsinin iddiaçıya məxsus olduğu müəyyən edilmir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış iddiaçının əri, eyni zamanda cavabdehin atası olan X3 da cavabdehin mənzili öz vəsaiti hesabına aldığını bildirir.
26. Cavabdehin mübahisəli mənzilə dair mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış, mənzil hazırda da onun mülkiyyətindədir. İddiaçı cavabdehin anasıdır. Tərəflər arasında mübahisələndirilən hüquq münasibətləri də məhz həmin tarixdən (2017-ci ildən) sonra yaranmış və bu baxımdan mübahisəyə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin bu münasibətləri tənzimləyən aidiyyəti müddəalarının tələbləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir.
27. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, yaşayış sahəsindən istifadə etmək hüququ yarandıqdan sonra həmin hüququn qanuni əsaslarla aradan qalxması, habelə ümumiyyətlə yaranmaması istisna deyil. Belə ki, şəxsi servitut sayılan və məzmun etibarı ilə Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə oxşar olan Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yarandıqdan sonra müvafiq şərtlərin gerçəkləşməsi (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başqa yerə köçdükdə və sair) nəticəsində bu hüququn hər hansı kompensasiya verilmədən aradan qalxması mümkündür.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında belə bir hüquqi mövqedən çıxış edərək, qeyd etmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən əmələ gələn istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, ailə (keçmiş ailə) üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi, ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi: nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və sair) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Həmçinin, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar.
29. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarında sərgilənmiş hüquqi mövqeyə istinadən onu da qeyd edir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsində şəxsin mülkiyyətçinin “ailə üzvü” anlayışına daxil olması üçün onun mülkiyyətçinin əri (arvadı), uşaqları, valideynləri olması tələb olunur. Bununla da, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə iddiaçı cavabdehin anası olduğundan, mülkiyyətçinin “ailə üzvü” hesab edilən şəxslərin dairəsinə daxildir.
30. Lakin nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.1980-ci ildən bu günədək X3 ilə nikahdadır (cavabdehin valideynləri), Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən 20 saylı evin 70 saylı mənzili (xx.xx.1994-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən) xx.xx.2024-cü il tarixdə, yəni birgə nikah dövründə X2 adına dövlət reyestrində qeydiyyatdan keçmiş və hazırda da onun mülkiyyətindədir. Həmin mənzilə dair alqı-satqı müqaviləsinin xx.xx.1994-cü ildə bağlanması onların bu mənzilə münasibətdə hüquqlarının uzun illər əvvəl yarandığını təsdiq edir. Həm cavabdeh öz izahatında, həm də bu mənzilin mülkiyyətçisi olan X3 şahid qismində verdiyi ifadəsində Bakıya köçənədək həmin mənzildə yaşadıqlarını (şahid mənzilin sənədlərinin hazırda da məhz iddiaçıda olduğunu bildirir), yəni mənzilin uzun illərdir ki, onlara məxsus olduğunu bildirirlər. Başqa sözlə, Gəncə şəhərində yerləşən həmin mənzilin birgə nikah dövründə iddiaçının əri tərəfindən əldə edilməsi, tərəflər arasında nikahın bugünədək pozulmaması mənzilin iddiaçı ilə X2 ümumi birgə mülkiyyətini təşkil etməsi qənaətinə gəlmək üçün əsas yaradır. Hər bir halda, onların hər hansı biri əks mövqedən çıxış etmir. İddiaçının bu mənzildə yaşamasına maneələrin olması barədə dəlilləri isə yalnız onun sözlərindən ibarətdir və hər hansı sübutla təsdiq edilmir. Nəticə etibarı ilə iddiaçının bu (Gəncə şəhərində olan) mənzildə yaşaması üçün hər hansı maneənin olduğu müəyyən edilmir.
31. Bu səbəbdən iddiaçı 2017-ci ildən sonra cavabdehin mülkiyyətində olan mənzildə yaşamışdırsa da, həmin mənzil onun yeganə yaşayış yeri olmamış, artıq həmin vaxt onun bu sahəyə olan ehtiyacını aradan qaldıran əsas, yəni üzərində mülkiyyət hüquqları yaranmış və gəncə şəhərində yerləşən mənzil olmuşdur. Bu da öz növbəsində qanunvericiliyin həmin sahəni tənzimləyən müddəalarının tələbləri və Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından iddiaçının bu mənzildə yaşamasına və ondan cavabdehlə birlikdə istifadə etməsinə istinadən mənzilə köçürülmək hüququnu aradan qaldırır. Mövcud vəziyyətdə iddiaçının mübahisəli mənzildə müəyyən müddət (hətta bir neçə il) yaşaması onun istifadə hüququnun yaranması əsası ilə həmin mənzilə köçürülməsi üçün əsas ola bilməz. İddiaçının bu hüququ mövcud vəziyyətdə yalnız cavabdehin (mülkiyyətçinin) razılığı ilə reallaşa bilər ki, cavabdeh də buna qəti etiraz edir. Belə olan halda, yəni hər hansı hüquqi əsas olmadan və cavabdehin iradəsinə zidd olaraq iddiaçının həmin mənzilə köçürülməsi və orada yaşaması cavabdehin öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyətə münasibətdə konstitusion hüququnu kobud şəkildə pozmuş olacaqdır. Bu səbəbdən məhkəmə kollegiyası iddia tələbini əsassız hesab edir.
32. Belə olan halda, iddiaçının həmin mənzildə 2017-ci ildən sonra hər hansı müddət ərzində daimi əsaslarla yaşaması (və ya qonaq gəlib-getməsi) və mənzili hansı şəraitdə (könüllü və ya məcburi) tərk etməsinə hüquqi qiymət verilməsinə hər hansı zərurət qalmır.
33. Beləkilə, məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyin nəticəsi olaraq belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsaslıdır və bu səbəbdən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə tələb edilmədiyindən cavabdehə aid edilməlidir.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-4216/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.