Məhkəmə qərarları › İş №2(103)-7040/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7040/2020

26.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7040/2020 26.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, cavabdehin nümayəndəsi vəkil Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 273/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı azyaşlı övladları xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013cü il təvəllüdlü X13 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 66 saylı evə köçürülmə tələbi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-273/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, İddiaçı azyaşlı övladları xx xxxxxxx 2011-ci il təvəllüdlü X6 və xx xxxxxx 2013-cü il təvəllüdlü X13 ilə birlikdə ünvan 3 ünvanında yerləşən 66 saylı evə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43; İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın Protokolunun 1-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2, 30-ci maddələrinə istinadən əsaslandırılan qətnamədə qeyd edilmişdir ki, X4 sözügedən fərdi yaşayış evinə tam mülkiyyət hüququ əldə etməmişdir. Bu səbəbdən də münasibətlərin yarandığı tarixdə ona uyğun norma olmadığından hazırki iş üzrə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki: Əliyeva (Əsədova) Aysel Tahir qızı ilə Cavabdeh arasında xx xxxxxxx 2010-cu il tarixdə bağlanmış nikahın pozulması xx.xx.2011 -ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X8 analarının yanında qalması Cavabdeh tutularaq Əliyeva (Əsədova) Aysel Tahir qızına verilməli olan alimentin miqdarı hər ay hər uşaq üçün 120 manat məbləğində müəyyən edilmişdir (səh.10,13,17); xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın təsvir hissəsində göstərilənlərə əsasən vətəndaş İddiaçı DİN-in 102 xidmətinə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır (səh.20,22); Cavabdeh ünvan 1, ev 66 ünvanında qeydiyyatdadır (səh.9, 25); Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportun notarial qaydada təsdiqlənmiş surətinə əsasən, ünvan 1 ünvanında yerləşən 66 saylı ev X2 məxsusdur (səh.63); atası X4, anası X7 olan X5 xx.xx.1957-ci il tarixdə anadan olma qeydiyyat aparılmışdır (səh.61); X4 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində ölmüşdür (səh.62). Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)- 273/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2-ci hissəsinə; Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə; Azərbaycan Respublikasının MPM-nin 357.1 , 372, 384, 386-cı maddələrinə istinadən qeyd edilmişdir ki,ünvan 3 ünvanında yerləşən 66 saylı evə babasının mülkiyyət hüququ mövcud olmuşdur. Çünki qanunvericiliyin tələbinə əsasən ünvan 3 ünvanında yerləşən 66 saylı evə dair babasının adına texniki pasport vardır və həmin texniki pasport hüquqmüəyyənedici sənəd kimi evə dair babasının mülkiyyət hüququnun yaranmasına əsas verir. Həmçinin evə dair babasının adına texniki pasportun olması məhkəmə araşdırması zamanı müəyyən edilmiş və iş materiallarına əlavə edilmişdir. Digər tərəfdən Xəzər Rayon Məhkəməsi iddiaçının ünvan 3 ünvanında yerləşən 66 saylı evdə yaşama hüququnun olması qənaətinə gəlmişdir. İş materiallarından da göründüyü kimi iddiaçı xx.xx.2018-ci ildə mübahisəli evdən çıxıb getmişdir. İddiaçının yaşamağa yeganə yeri məhz ünvan 3 ünvanında yerləşən 66 saylı ev idisə, niyə oradan 1 ildən artıq müddət keçdikdən sonra “evə köçürülmə” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Qeyd edilən hallar iddiaçının mərhum babasına məxsus olan ünvan 3 ünvanında yerləşən 66 saylı evdən istifadə etməsinə zərurət yaranmadığını bir daha təsdiq edir. Məhz göstərilən hallar da məhkəmənin gəldiyi nəticənin əsassız olduğunu, iş üçün əhəmiyyət kəsb edən halların araşdırılmadığını bir daha sübut edir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyada icraat zamanı müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən, ünvan 3 ünvanında yerləşən 66 saylı yaşayış evi xx.xx.1985-ci il tarixdə X1 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir (səh.119). Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, iddiaçının 2010-cu il tarixdə gəlin gəldiyini, 2019-cu il tarixdə rəsmi boşandıqlarını, 2 ildir ki, tərəflər arasında mübahisə yarandığını, iddiaçının əşyalarını evdən götürdüyünü bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli iclasında iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək və etiraz edərək, iddiaçının mübahisəli evə 2010-cu il tarixdə gəlin köçdüyünü, 2018-ci ilə kimi yaşadığını, sonra evdən qovularaq çıxarıldığını, evin əvvəllər cavabdehin babasının adına olduğunu bildirmiş və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinə etiraz verərək etirazında qeyd etmişdir ki, onunla Cavabdeh xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra o, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Maqomayev küçəsi 66 saylı evə gəlin köçmüşdür. Birgə nikahdan 2 övladı olmuşdur: xx.xx.2011-ci il təvəllüdlü Əliyev Hüseynəli və xx.xx.2013-cü il təvəllüdlü Əliyev Anar. Ailə həyatı qurduqdan sonra əvvəllər münasibətləri normal olmuş, sonradan münasibətləri pisləşmişdir. Belə ki, cavabdeh əsassız olaraq evdə mübahisə yaradaraq onu dəfələrlə döymüşdür. Sonuncu dəfə xx.xx.2018-ci il tarixdə yaşadıqları evdə cavabdeh tərəfindən döyülmüş və evdən qovulmuşdur. Həmin vaxtdan da onun sözügedən evə qayıtması mümkün olmamışdır. Azyaşlı övladı Əliyev Hüseynəli də ünvan 4 ünvanında qeydiyyatdadır. O, döyülüb evdən qovulana qədər həmin evdə yaşamış və cehiz əşyaları da hazırda həmin evdədir. Onun övladları ilə birlikdə qalmağa başqa yeri yoxdur, hazırda atası evində yaşamaq məcburiyyətindədir. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur, onun və azyaşlı övladları tərəfindən yaşayış sahəsi kimi istifadə olunmuşdur. O, mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, hazırda da bu evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni onun azyaşlı övladları ilə birlikdə həmin evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Cavabdeh faktiki olaraq bu cür qanunsuz hərəkətləri nəticəsində onu və azyaşlı övladlarını son vaxtlara qədər yaşadığı və ona məxsus cehiz əşyalarının da yerləşdiyi yaşayış evinə buraxmamaqla faktiki olaraq yeganə olan yaşayış yerindən məhrum etməyə çalışır. O, həmin evə gəlin köçdüyü zaman evdə yaşayanlar buna etiraz etməmiş, bu zaman onun evə köçməsi, orada yaşaması ilə bağlı onun qarşısında hər hansı bir şərt qoyulmamışdır. Onun gəlin köçən zaman bütün cehiz əşyalarını gəlin köçdüyü evə gətirməsi onun həmin evə müvəqqəti deyil, daimi yaşamaq üçün gəlməsini təsdiq edən dəlillərdir. O, həmin yaşayış sahəsindən orada yaşayan cavabdehlə bərabər surətdə istifadə etmək hüququ əldə etmişdir. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 13, 63-67; Mənzil Məcəlləsinin 30; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 11.1; 139-158, 180, 226, 228-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 2, 7-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarının 1-ci maddəsinə; Azərbaycan Respublikası MPM-in 14.2, 14.3, 15, 50, 52, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 267, 372, 385, 386, 388 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə həqiqi hallara uyğun gəlməmiş, daşınmaz əmlakın mülki hüquqi statusu, evin sahibliyinin və digər hüquqlarının, habelə cavabdehə qarşı yönəlmiş tələbin sonuncuya aidiyyəti müəyyən edilməmiş, mülkiyyət, sahiblik və istifadə (vərəsəlik) hüquqları olmuş digər şəxslər cavabdeh qismində cəlb edilməmiş, iddiaçının irəli sürdüyü dəlillər sübuta yetirilməmiş və iddiaçının başqa ünvanda qeydiyyatda olması, habelə daşınmaz əmlakın başqa şəxsə məxsus olması müəyyən edilmişdir. Ona görə, hazırki münasibətlərdə iddiaçının və cavabdehin subyektiv hüququ müstəvisində sübutların mövcud olmaması, habelə mübahisənin mülki hüquqi səciyyəsinin müəyyən edilməməsi iddianın təmin edilməsi üçün əsas olmamışdır. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia əsassız olduğundan təmin edilməməlidir. İddia əsassız olduğundan və apellyasiya şikayəti üzrə başqa tələb olmadığından ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. İddiaçının diqqətinə çatdırılmalıdır ki, ilk olaraq qeyd edilən tələbin irəli sürülməsi üçün hüqüq olmalı və ya bu hüququn tanınması üçün tələb olmalıdır.un yaranması hazırki mülki hüquq münasibətlərində maddi hüquq normalarının qeyd edilən müddəalarının analogiya üzrə tətbiqi belə hüquqdan sui-istifadəyə şərait yaradan hal kimi və məhkəmə səlahiyyətindən kənar olaraq yolverilməzdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-273/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar