Məhkəmə qərarları › İş №2(103)-7042/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7042/2025

10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7042/2025 10.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 sentyabr 2025-ci il tarixli qətnamədən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının verdiyi apellyasiya şikayətinə əsasən işə apellyatorun nümayəndəsi X4, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı QSC BOKT-un nümayəndəsi BOKT-nın adınan cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında xx.xx.2004-cü il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməməsi səbəbindən yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 25.289 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 10.249 ABŞ dolları, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 272 manat məbləğində pulun cavabdehdən Bankın tələb hüququnu qəbul etmiş BOKT-un xeyrinə tutulması, tutmanın ipoteka pedmetinə - cavabdehə məxsus olan “Mercedes Benz-E240” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına kredit borcunun ödənilməsi, həmin məbləğ borcun ödənilməsi üçün yetərli olmazsa qalan məbləğin cavabdehdən ümumi qaydada tutulması, həmin məbləğ borcun ödənilməsi üçün yetərli olarsa və borc ödənildikdən sonra artıq pul qalarsa, həmin pul vəsaitin cavabdehə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh arasında xx.xx.2004-cü il tarixdə “Kredit müqaviləsi” bağlanmış və cavabdeh həmin müqaviləyə əsasən Bankdan, illik 24 faiz dərəcəsi ilə 30.000 ABŞ dolları məbləğində pulu, 18 ay müddətində aybaay və hissə-hissə qaytarmaq şərti ilə borc almışdır. Cavabdeh, “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasının təminatı olaraq özünə məxsus avtomobili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bununla bağlı olaraq onların arasında xx.xx.2004-cü il tarixdə “İpoteka müqaviləsi” bağlanmışdır. Göstərilənlərə baxmayaraq, cavabdeh, Bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, kredit borcunun az bir hissəsini ödəmiş, qalan borcu ödəməmişdir. Nəticədə onun Banka yuxarıda qeyd edilən növdə və məbləğdə borcu yaranmışdır. Bank, cavabdehə dəfələrlə yazılı xəbərdarlıqlar göndərərək borcun ödənilməsini tələb etsə də, cavabdeh Banka olan borcunu ödəməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC–nin problemli aktivləri üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC BOKT-a keçmişdir. Bundan sonra isə BOKT, cavabdehə dəfələrlə yazılı xəbərdarlıqlar göndərərək borcun ödənilməsini tələb etsə də, borc ödənilməmiş qalmışdır. Bu səbəbdən də BOKT hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət büdcəsinə 272 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddia tələbinə qarşı münasibəti barədə məlumat

3. Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, təmsil etdiyi cavabdeh ilə Bank arasında həqiqətən də xx.xx.2004-cü il tarixdə “Kredit müqaviləsi” və “İpoteka müqaviləsi” bağlansa da, cavabdehin əslində Bankdan kredit almaq niyyəti olmamışdır. Belə ki, cavabdehin qohumu X5 bir neçə şəxsi, o cümlədən cavabdehi aldadaraq müxtəlif banklardan və fiziki şəxslərdən borc (kredit) almağa, daha dəqiq isə özgələrinin pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirməyə nail olmuşdur. Bu səbəbdən də, Kənan Hüseynov, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli, A-0756 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, qəti olaraq 11 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Odur ki, həmin hökmlə müəyyən edilmiş hallar nəzərə alınmalı və iddia rədd edilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh ilə Bank arasındakı “Kredit müqaviləsi” xx.xx.2004-cü il tarixdə 18 ay müddətinə bağlanmışdır. Deməli müqavilənin müddəti xx.xx.2006-cı il tarixdə bitmişdir. Belə olan halda BOKT hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2009-cu il tarixədək müraciət edə bilərdi. Lakin iş materiallarından görünür ki, BOKT iddia ərizəsi ilə Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, BOKT, kredit borcunun ödənilməsi ilə bağlı tələblərin irəli sürülməsi üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür. Bu baxımdan da iddia təmin edilə bilməz.

4. Cavabdehin vəkili (nümayəndəsi) Rayon Məhkəməsinə “iddia tələbinə iddia müddətinin tətbiqi haqqında” ərizə təqdim edilmişdir. c) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bank ilə cavabdeh arasında bağlanmış “Kredit müqaviləsi” üzrə ayrılmış kredit vəsaitinin ödənilməsinə dair artıq qanuni qüvvəyə minmiş Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli, A-0756 saylı hökmü mövcuddur. Odur ki, hazırki iddianın təmin edilməsi Bankın tələb hüququnu qəbul etmiş BOKT-un cavabdehin hesabına əsassız varlanmasına gətirib çıxara bilər ki, bu da yolverilməzdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçı BOKT, kredit borclarının ödənilməsi ilə bağlı tələblərin irəli sürülməsi üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür. d) apellyasiya şikayəti barədə məlumat

7. İddiaçı BOKT həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

8. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Cavabdeh tərəf “iddia tələbinə iddia müddətinin tətbiqi haqqında” ərizə verməklə cavabdeh ilə Bank arasında bağlanmış “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyin icrasından birtərəfli qaydada imtina etmişdir. İşə baxmış Rayon Məhkəməsi isə həmin ərizə ilə razılaşmaqla faktiki olaraq hesab etmişdir ki, cavabdeh həmin öhdəliyin icrasından azaddır. Lakin Rayon Məhkəməsi nəzərə almamışdır ki, qeyd edilən “Kredit müqaviləsi” üzrə cavabdehin icra edilməmiş öhdəlikləri hal-hazırda da mövcuddur. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və verdikləri izahatlar barədə məlumat

9. Apellyatorun – iddiaçı BOKT-un nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, həmçinin iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

10. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi.

11. Cavabdehin vəkili (nümayəndəsi) həmçinin bildirdi ki, hüquqlarını müdafiə etdiyi cavabdeh, iddiaçı BOKT-un əsassız apellyasiya şikayətindən müdafiə olunması üçün məcburiyyət qarşısında qalaraq onunla “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilə bağlamış və onun xidmət göstərdiyi Bakı Şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 320 manat məbləğində pul ödəmişdir. Odur ki, əgər iddiaçı BOKT-un apellyasiya şikayəti rədd olunarsa cavabdehin çəkdiyi həmin xərcin əvəzi BOKT-dan tutularaq cavabdehə ödənilməlidir. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

12. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, cavabdehin, onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2004-cü il tarixli “Kredit müqaviləsi” üzrə borcunun yaranması, Bankın tələb hüququnun iddiaçı BOKT-a keçməsi işin mübahisəsiz halıdır.

14. Borclunun kreditor ilə bağladığı “Kredit müqaviləsi” üzrə borcunun yaranması adı qaydada Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 445, 448, 462 və 465-ci maddələrinə uyğun olaraq iddianın tam və ya qismən təmin edilməsi üçün əsas ola bilərdi. Lakin hazırki halda iddia təmin edilə bilməz. Çünki, Mülki Məcəllənin tələblərinə görə, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir (maddə 373.2.). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (maddə 377.2.). Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir (maddə 380.1.). Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir (maddə 375.1.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2.).

15. İş materiallarından görünür ki, Bankın tələb hüququnu qəbul etmiş BOKT hazırkı iddia ərizəsi Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur.

16. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdehin qohumu olan X2 barəsində olan cinayət işi üzrə Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin qəbul etdiyi və qanuni qüvvəsini almış xx.xx.2005-ci il tarixli, A-0756 saylı hökmündən görünür ki, Kənan Hüseynov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinmişdir ona görə ki, o, bir neçə şəxsi, o cümlədən cavabdehi aldadaraq müxtəlif banklardan və fiziki şəxslərdən borc (kredit) almağa, yəni özgələrinin pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirməyə nail olmuşdur.

17. Həmin hökmdə qeyd edilmişdir ki, Kənan Hüseynovun törətdiyi cinayət əməli nəticəsində (hazırkı iş üzrə cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2004-cü il tarixli “Kredit müqaviləsi” daxil olmaqla, Bank ilə digər şəxslər arasında bağlanmış “Kredit müqavilələri” üzrə yaranmış borclar ilə bağlı) "xxxx" ASC-yə vurulmuş maddi zərərin əvəzi Kənan Hüseynovdan tutularaq həmin Banka ödənilsin.

18. Həmin hökm nəzərə alındıqda müəyyən edilir ki, hazırki iddianın təmin edilməsi Bankın tələb hüququnu qəbul etmiş BOKT-un cavabdehin hesabına əsassız varlanmasına gətirib çıxara bilər ki, bu da yolverilməzdir.

19. Buna görə də, Məhkəmə hesab edir ki, iddiaçı BOKT-un cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin “kredit müqaviləsi üzrə yaranmış borcunun tutulması barədə” hissəsi və həmin tələbdən irəli gələn “tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” hissəsi əsassızıdır. Rayon Məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslı deyil. g) apellyasiya baxışının nəticəsi

20. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır.

21. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

22. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün apellyatorun ödədiyi dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

23. Bundan başqa Məhkəmə qeyd edir ki, cavabdehin vəkilinin (nümayəndəsinin) apellyasiya icraatı zamanı təqdim etdiyi sənədlərdən görünür ki, cavabdeh, hazırkı apellyasiya icraatında vəkilin hüququ xidmətindən istifadə edib, iddiaçı BOKT-un apellyasiya şikayətindən müdafiə olunması üçün məcburiyyət qarşısında qalaraq vəkillə “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilə bağlamış və vəkilin xidmət göstərdiyi Bakı Şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 320 manat məbləğində pul ödəmişdir.

24. Odur ki, bunu və apellyasiya baxışının nəticəsini nəzərə alan Məhkəmə hesab edir ki, həmin xərcin əvəzi iddiaçı BOKT-dan tutularaq cavabdehə ödənilməlidir.

25. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 118, 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 24 sentyabr 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün apellyatorun ödədiyi dövlət rüsumu, habelə Cavabdeh hüquqi yardımın göstərilməsi ilə bağlı çəkdiyi xərc apellyatora aid edilsin. Bu məqsədlə 320 (üç yüz iyirmi) manat məbləğində pul İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatından tutularaq Cavabdeh ödənilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-nin tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar