Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7044/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədovun və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürlü Ləman İmanverdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, cavabdeh Abdullayev Tariel Cavadağa oğlunun vəkili X5, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1, onun vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-1181/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xeyli müddətdir ki, tanıyır. Onunla ortaq tanışları vasitəsilə tanış olmuşdur. Cavabdehi həmişə iş adamı kimi tanımışdır. Cavabdeh 2017-ci il tarixdə ona müraciət edərək bir qədər pula ehtiyacı olduğunu bildirərək, ondan borc istəmişdir. O da, cavabdehi ciddi iş adamı olduğunu bilib, etiraz etməmişdir. Nəticə etibarı ilə ona bir neçə dəfə müxtəlif məbləğlərdə borc pul vermişdir. Belə ki, 12 fevral 2017-ci il tarixdə cavabdeh ondan borc olaraq, 100000 ABŞ dolları, 15 mart 2017-ci il tarixdə 38000 ABŞ dolları, 02 iyul 2018-ci il tarixdə 80000 manat, 25 iyul 2019-cu il tarixdə 28000 ABŞ dolları, 13 yanvar 2020-ci il tarixdə 5000 ABŞ dolları almışdır. Cavabdeh ondan borc götürdüyü pulların bir qismini müxtəlif vaxtlarda qaytarsa da, bu günə 128000 ABŞ dolları borcu qalmışdır. Dəfələrlə görüşüb pulun qaytarılması ilə bağlı danışıqları olsa da, nəticəsi olmamışdır. Buna görə də, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən 128000 ABŞ dolları pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-1181/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 128000 (bir yüz iyirmi səkkiz min) ABŞ dolları (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, işə baxılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-1181/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 apellyasiya şikayəti vermiş və qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti ilə əlaqədar ilkin olaraq apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X6 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)- 1181/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi Məhkəmə iclasında cavabdeh Abdullayev Tariel Cavadağa oğlunun vəkili X11 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-1181/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 və onun vəkili X10 apellyasiya şikayətinin təmin olunmasını və Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)- 1181/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları araşdıraraq müəyyən etmişdir ki, İddiaçı Cavabdeh borc olaraq 12 fevral 2017-ci il tarixdə 100000 ABŞ dolları, 15 mart 2017-ci il tarixdə 38000 ABŞ dolları, 02 iyul 2018-ci il tarixdə 80000 manat, 25 iyul 2019-cu il tarixdə 28000 ABŞ dolları, 13 yanvar 2020-ci il tarixdə 5000 ABŞ dolları vermişdir. Sonuncu müxtəlif vaxtlarda iddiaçıya olan borcundan ödənişlər etmiş, hazırda cavabdehin iddiaçı qarşısında bügünkü günə 128000 ABŞ dolları məbləğində borcu qalmışdır. Birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara aşağıdakı maddi hüquq normalarını tətbiq etmişdir: “Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Eyni Məcəllənin 439.1 və 439.2-ci maddələrinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, o manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılmalıdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmasıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olduğu günə olanmanat məzənnəsi ilə hesablanmalıdır”. X3 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasının əsası kimi ona istinad etmişdir ki, iş üzrə cavabdehlə nikahının pozulmasına dair iddia ərizəsi 2020-ci ilin sentyabr ayında Yasamal rayon məhkəməsinə verilmiş və məhkəmənin 29 mart 2021-ci il tarixli qətnamələri ilə nikahları pozulmuşdur. Nikahın pozulmasına dair iddiaya baxılan zaman Cavabdeh Cvadağa oğlu ilə dostu X7 arasında özünün xəbəri olmadan guya 171000 ABŞ dolları və 80000 AZN pul götürülməsi və bir qisminin artıq ödənilməsi 128.000 dollar borcun qalması razılaşdırılmışdır. Bundan əlavə 15.02.2021-ci il tarixdə qəbul edilən qətnamə ilə cavabdeh ona qarşı borc öhdəliyinin bölünməsi barədə iddia qaldırmışdır. İş üzrə cavabdehlə iddiaçı arasında bağlanmış əqddən onun xəbəri olmamış, Cavabdeh Cvadağa oğlu həmin məbləği ailənin ehtiyacına sərf etməmişdir. Apellyasiya şikayətinin həmin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh ilə X8 arasında olan razılaşmadan G.M.Abdullayevanın qabaqcadan xəbəri olmaması, tərəflər arasında bağlanmış müqavilənin etibarsızlığı üçün əsas ola bilməz. Qanunvericilik ər(arvad) tərəfindən bağlanılmış bütün müqavilələrin digər tərəf ilə razılaşdırmasını nəzərdə tutmur. Bundan əlavə Cavabdeh arvadı G.M.Abdullayevanın xəbəri olmadan aldığı borc pulu ailənin ehtiyaclarına sərf etməməsi, T. C. Abdullayevin nikahın pozulması ilə əlaqədar borcun onunla G.M.Abdullayeva arasında bölünməsini tələb etməsi də Cavabdeh ilə E.İ.Təşkilati arasında bağlanmış müqavilənin etibarsızlığının əsası ola bilməz. G.M.Abdullayeva apellyasiya şikayətində həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə istinad edərək göstərmişdir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyası borc müqaviləsi bağlanarkən qanunun həmin tələbinə riayət olunmasını zəruri hesab etməklə, bu tələbə riayət olunmadığı hallarda Mülki Məcəllə ilə müəyyən edilən şərtlərin pozulmasına görə bağlanmış müqavilənin etibarsız hesab edilməsi imkanlarını qəbul edir. Lakin mülki işə Cavabdeh ilə, E.İ.Təşkilati arasında bağlanmış borc müqaviləsinin rəsmiləşdirən müvafiq yazılı sənədlər əlavə edilmişdir. Tərəflər tərəfindən imzalanmış yazılı qeydlərdə Cavabdeh E.İ.T.şkilatidən borc olaraq 2017-2020-ci illərdə ABŞ dolları ilə borc alması və 128.000 ABŞ dolları məbləğində borclu qalması öz ifadəsini tapmışdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini əsaslı hesab etmir. Apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Apellyasiya şikayətinin həmin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Mülki- Prosessual Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Cavabdeh iddianı etiraf etməsini yazılı ərizəsi ilə təsdiq etmişdir. Lakin Cavabdeh iddianı etiraf etməsini qanuna zidd hesab etmək olmaz. Eyni zamanda Cavabdeh həqiqətən E.İ.Təşkilatiyə 128.000 ABŞ dolları borclu olmasını G.M.Abdullayevanın hüquqlarını və qanunla qorunan mənafelərini pozulması kimi qiymətləndirilməsi üçün əsaslar mövcud olmalıdır. Gələcəkdə borcun nikahda olan şəxslər arasında bölünməsini belə G.M.Abdullayevanın hüquqları və qanuni mənafeyinin pozulması kimi qiymətləndirilməsi üçün tərəflər arasında bağlanmış borc müqaviləsinin uydurma əqd olması sübuta yetirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. G.M.Abdullayeva dəlillərini əsaslandırmaq üçün Cavabdeh ilə E.İ.Təşkilati arasında bağlanmış borc müqaviləsinin uydurma əqd olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş,işdə Cavabdeh qarşı belə bir iddia tələbi irəli sürülməmişdir. Apellyasiya şikayətində həmçinin ona istinad edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 may 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, “ mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır”. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslı dəlil kimi qəbul etmir. Mülki işin materiallarında E.İ.Təşkilatinin iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmamasını dəlalət edən heş bir sübut mövcud olmadığı halda bunun əksini təsdiq edən müvafiq sübutlar mövcuddur. G.M.Abdullayeva həmin sübutların təkzibi üçün müvafiq sübutları təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya şikayətində həmçinin qeyd olunur ki, Cavabdeh borc aldığı pul vəsaitlərinin ailənin ehtiyaclarına sərf etməmişdir. G.M.Abdullayevanın istinad etdiyi həmin dəlil gələcəkdə borc məbləğinin tərəflər arasında bölünməsini istisna edən hal kimi nəzərə alına bilər. Tərəflər arasında əmlak bölgüsü ilə bağlı mübahisəni həll edən məhkəmə tərəflərin təqdim etdiyi sübutlar əsasında işin faktiki halını müəyyən etməklə borc məbləğinin bölünməsi məsələsinə hüquqi qiymət verəcəkdir. Ona görə də apellyasiya şikayətinin qeyd olunan dəlili hazırkı işə baxılarkən deyil, tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlak bölüşdürülərkən araşdırılmalı və hüquqi cəhətdən dəyərləndirilməlidir. Məhkəmə kollegiyası həmin iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-1181/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-1181/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7044/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7044/2021
25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver