Məhkəmə qərarları › İş №2(103)-7045/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7045/2022

12.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7045/2022 12.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-7045/2022 (Açar sözlər: “müqavilə öhdəliklərinin yerinə yetirilməsi”) Bakı şəhəri 12 dekabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(009)- 1386/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X11 ilə İddiaçı arasında bağlanmış 2018-ci il tarixli Müqavilədə qeyd olunmuşdur ki, tərəflər “X16 CDİ” markalı, ** ZV *** nömrə nişanlı avtomobilin dəyərini 32,000 ABŞ dolları məbləğində qiymətləndirir və bu qiymətlə də tam ödəniş edildikdən sonra alqı-satqı etməyə razılaşırlar. Həmin avtomobilin dəyəri alıcı tərəfindən hər ay 600 ABŞ dolları olmaqla ödənilir və satıcı həmin məbləği ondan alır.

2. AD № 149914 nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X16 CDİ” markalı, ** ZV *** nömrə nişanlı avtomobil 20 fevral 2018-ci il tarixdən Cavabdeh xüsusi mülkiyyətindədir.

3. ƏN-İV № 765882 nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, Cavabdeh “X16 CDİ” markalı, ** ZV *** nömrə nişanlı avtomobili idarə etmək səlahiyyətini İddiaçı vermişdir.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı - Cavabdeh qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının müqavilə öhdəliklərinə tam əməl edərək cavabdehin mülkiyyətində olan “X16 CDİ” markalı, ** ZV *** nömrə nişanlı avtomobilin dəyəri olan 31,800 ABŞ dolları ekvivalentində 54,060 manat məbləğində pulun əvəzinə cavabdehin əri X8 və cavabdehin özünə faktiki olaraq 54,340 manat məbləğində pulu vaxtında ödədiyinə, X7 hüquqi varisi Cavabdeh tərəfindən müqavilə öhdəlikləri pozulduğuna və lazımınca icra edilmədiyinə görə cavabdehin xüsusi mülkiyyətində olan “X16 CDİ” markalı, ** ZV *** nömrə nişanlı avtomobilin iddiaçının mülkiyyətinə keçirilməsi üçün müqavilə öhdəliklərinin yerinə yetirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 02 fevral 2018-ci il tarixdə Cavabdeh mülkiyyətində olan, cavabdehin əri, mərhum X7 baş etibarnamə ilə idarə etdiyi 2007-ci il buraxılışlı, ’’Mersedes Benz VİANO CDİ” markalı, AZ ** ZV *** dövlət qeydiyyat nömrəli avtomobili 31800 ABŞ dolları ekvivalentində 54000 (əlli dörd min) manata, 4 il müddətinə, hər ay aym 14-ü günü 600 ABŞ dolları ekvivalentində 1020 manat pulu X8 ödəməyi razılaşıb həmin avtomobili etibarnamə ilə almışdır. Bu barədə həmin tarixdə satıcı, mərhum X11 ilə razılaşma müqavləsi də tərtib edib hər ikisi imzalamışdır Bundan sonra 13 iyun 2018-ci il tarixdə Cavabdeh əri, mərhum X7 təklifi ilə özünə məxsus olan 2002-ci il buraxılışlı, “Mersedes BENZ E 220 CDİ” markalı, AZ ** VK *** dövlət qeydiyyat nömrəli avtomobili 11500 (on bir min beş yüz) manata razılaşaraq ondan kreditlə aldığı ”Mersedes Benz VİANO CDİ” markalı, AZ ** ZV *** dövlət qeydiyyat nömrəli avtommobilin ilkin ödənişi kimi baş etibarnamə ilə X8 vermişdir. Daha sonra Cavabdeh əri, mərhum X11 ilə 13 iyun 2018-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat kontorunda həmin ’’Mersedes Benz VİANO CDİ” markalı, AZ ** ZV *** dövlət qeydiyyat nömrəli avtomobili sonradan asan sənədləşdirmək məqsədi ilə 31800 ABŞ dolları məbləğində notarial qaydada təsdiq edilmiş kredit-borc müqavləsi imzaladılar. Həmin kredit müqaviləsinə əsasən o öhdəsinə götürmüşdür ki, hər ay 600 ABŞ dolları məbləğində pulu X8 ödəyəckdir və o həmin öhdəliyə tam əməl etmişdir. Belə ki, o Cavabdeh əri, mərhum X6 kreditlə aldığı ’’Mersedes Benz VİANO CDİ” markalı, AZ ** ZV *** dövlət qeydiyyat nömrəli avtomobilin dəyəri kimi o, 12 ay 1020 manatdan 12.240 manat, 36 ay 850 manatdan 30.600 manat nağd şəkildə X8 pul ödəmişdir, 11.500 manat pulun əvəzinə isə özünə məxsus olan 2002-ci il buraxılışlı, “Mersedes BENZ E 220 CDİ” markalı, AZ ** VK *** dövlət qeydiyyat nömrəli avtomobili cavabdehin əri X8 ilkin ödəniş əvəzinə vermişdir. Beləliklə də o cavabdehin əri X11 ilə aralarında bağlanmış razılaşma müqaviləsinə və xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə tam əməl edərək X8 faktiki olaraq 54.060 manat əvəzinə 54.340 manat məbləğində, yəni müqavilədə göstəriləndən 280 manat artıq pul ödəmişdir. Onu da qeyd edir ki, o Cavabdeh əri, mərhum X8 müqavilə şərtlərinə uyğun olaraq 1 il 6 ay ərzində aylıq ödəniş pulunu şəxsən onun özünə vermişdir. Ondan sonra X2 getdi, o hər ay vaxtında aylıq ödəniş pulunu X7 özünün tapşırığına əsasən onun dostu, Bakı şəhərində yaşayan Çingiz adlı şəxsə ödəmişdir. Çingiz adlı şəxs təxminən 2021-ci ilin sentyabr ayında vəfat etdi.Bu zaman X11 ona zəng edərək aylıq ödəniş pulunu dostu Zeynala verməyini tapşırdı.O, bundan sonra 5 ay aylıq ödəniş pulu olan 850 manat pulu hər ay Zeynal adlı şəxsə ödədi. O, axırıncı dəfə 2022-ci ilin fevral ayında olan axırıncı ödənişi olan 850 manat pulu Cavabdeh özünə dayısı X4 və cavabdehin kürəkəni özünü polis əməkdaşı kiumi təqdim edən Ceyhun adlı şəxsin iştirakları ilə verdi və savabdehə də bildirdi ki, avtomobilin dəyərini müqavilədə göstərilən qaydada və müddətdə tam olaraq ödəmişdir, buna görə də avtomobili onun mülkiyyətinə rəsmiləşdirməklə siz də müqavilə öhdəliyinə əməl etməlisiniz. Onunla Cavabdeh əri X7 arasında bağlanmış 2018-ci il tarixli razılaşma müqaviləsinin “satıcının hüquq və vəzifələri”nin 1-ci bəndinə əsasən satıcı ’’Mersedes Benz VİANO CDİ” markalı, AZ ** ZV *** dövlət qeydiyyat nişanlı avtomobili və müqavilə şərtləri ilə müqavilə müddəti bitdikdən sonra alıcıya satmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh hüquqi varisi olduğu əri X7 5 ay bundan əvvəl vəfat etdiyini ondan gizlətmiş, ərinin ölümündən sui-istifadə edərək, əsassız varlanmaq məqsədi ilə onun ilkin ödəniş kimi özünə məxsus olan 2002-ci il buraxılışlı, “Mersedes BENZ E 220 CDİ” markalı, AZ ** VK *** dövlət qeydiyyat nömrəli avtomobilini 11.500 manat pul əvəzinə razılaşıb cavabdehin əri X8 xx.xx.2018-ci il tarixdə rəsmi olaraq baş etibarnamə ilə verdiyini nəzərə almaqdan imtina edir, ondan əsassız varlanmaq məqsədi ilə qanunsuz və əsassız olaraq əlavə 9500 ABŞ dolları məbləğində pul tələb edir, o müqavilənin şərtlərinə əsasən ’’Mersedes Benz VİANO CDİ” markalı, AZ ** ZV *** dövlət qeydiyyat nömrəli avtomobilin dəyərini vaxtında və tam ödəsə də Cavabdeh həmin avtomobilin ona satılmasını və onun mülkiyyətinə rəsmiləşdirilməsini təmin etməməklə müqavilə öhdəliklərini pozmuş və lazımi qaydada icra etməmişdir. Halbuki o Cavabdeh əri, mərhum X11 ilə 02 fevral 2018-ci il tarixdə aralarında bağlanmış müqavilənin və 13 iyun 2018-ci il tarixli Bakı şəhəri 14 saylı notariat kontorunda ’’Mersedes Benz VİANO CDİ” markalı, AZ ** ZV *** nömrə nişanlı avtomobili sənədləşdirmək məqsədi ilə 31800 ABŞ dolları məbləğində notarial qaydada təsdiq edilmiş kredit müqavləsinin şərtlərinə vaxtında və tam əməl edərək müqavilə şərtlərində göstərilmiş 54.060 manat əvəzinə cavabdehin əri X8 faktiki olaraq 54.340 manat məbləğində, yəni müqavilədə nəzərdə tutulan məbləğdən 280 manat artıq pul ödəmiş və aylıq ödənişlə əlaqədar onların aralırnda bir dəfə də olsun narazılıq və gecikmə halı olmamışdır.

6. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir.

7. Məhkəmə iclasında cavabdeh ərizə təqdim edərək, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddianı qəbul etməyərək iddianın təmin edilməməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, sözügedən avtomobil cavabdeh tərəfindən iddiaçıya yalnız istifadə edilmək üçün verilmişdir. Belə ki, iddiaçı turistləri bölgələrə aparmaq məqsədi ilə avtomobil alınması üçün cavabdehə müraciət etmiş və tərəflər öz aralarında razılıq əldə etmişdirlər. Razılığa əsasən iddiaçı cavabdehə məxsus avtomobildən qeyd olunan məqsəd üçün istifadə etməli və əvəzində cavabdehə icarə haqqı ödəməli idi. Hazırda avtomobil iddiaçıdadır və cavabdehin müraciəti əsasında Abşeron rayon Polis Şöbəsində araşdırma aparılır. İddiaçı tərəfindən cavabdehə hazırki tarixə kimi heç bir ödəniş edilməmişdir. Eyni zamanda iddiaçının ərizəsində ilkin ödəniş kimi qeyd etdiyi “Mersedes BENZ E 220 CDİ” markalı, AZ ** VK *** dövlət qeydiyyat nömrəli avtomobil cavabdehdə deyildir və harda olması ilə bağlı da hər hansı bir məlumatı yoxdur.

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(009)- 1386/2022 nömrəli qətnaməsi ilə İddiaçı - Cavabdeh qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət olunmuşdur.

9. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “X16 CDİ” markalı, ** ZV *** nömrə nişanlı avtomobil Cavabdeh xüsusi mülkiyyətindədir və avtomobil mülkiyyətçi tərəfindən İddiaçı istifadə etmək üçün verilmişdir. İş materiallarında olan X11 ilə İddiaçı arasında bağlanmış 2018-ci il tarixli Müqaviləyə münasibətdə məhkəmə qeyd edir ki, sözügedən müqavilə dəqiq müəyyən edilmiş tarix göstərilməməklə bağlanılmış və müqavilənin şərtlərinə əsasən İddiaçı aylıq 600 ABŞ dolları ödəməklə “X16 CDİ” markalı, ** ZV *** nömrə nişanlı avtomobili əldə etmək barədə R.İmanov ilə razılaşmışdır. Sözügedən müqavilə notarial qaydada bağlanmamış və müqavilənin bağlanma tarixi tam qeyd edilməmişdir. Lakin buna baxmayaraq sözügedən müqavilənin etibarsızlığı mübahisələndirilmədiyindən və hazırda etibarsız hesab edilmədiyindən məhkəmə müqavilənin şərtlərinə istinad edərək hesab edir ki, iddiaçının ərizəsində qeyd etdiyi əsaslar iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, iddiaçı ərizəsində qeyd edir ki, onunla R.İmanov “X16 CDİ” markalı, ** ZV *** nömrə nişanlı avtomobilin alqı-satqısı barədə razılığa gələrkən iddiaçıya məxsus “Mercedes Benz E 220 CDİ” markalı ** VK *** dövlət nömrə nişanlı avtomobili R.İmanovla 11,500 manat qiymətə razılaşaraq avtomobili ilkin ödəniş kimi X8 vermişdir. Lakin tərəflər arasında bağlanmış 2018ci il tarixli müqavilənin şərtlərində iddiaçının qeyd etdiyi bu məqam öz əksini tapmamışdır. Bundan başqa eyni zamanda məhkəmə qeyd edir ki, “X16 CDİ” markalı, ** ZV *** nömrə nişanlı avtomobil xüsusi mülkiyyət hüququ əsasında X8 deyil, Cavabdeh məxsusdur. Belə olan halda X7 ona məxsus olmayan əmlakın alqı-satqısı barəsində bir başqa şəxslə hər hansı bir razılıq əldə edə bilməsi mümkün deyildir. Belə ki, iş materiallarında X7 belə bir hüquqa malik olmasını təsdiq edə biləcək hər hansı bir sübuta rast gəlinmir. Bundan başqa məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı ərizəsində qarşı tərəf ilə razılaşdırılmış məbləği tam ödədiyini göstərsə də, bu məqamı da təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda iş materiallarında İddiaçı ilə Cavabdeh arasında “X16 CDİ” markalı, ** ZV *** nömrə nişanlı avtomobilin alqı-satqısı barədə münasibətləri əks etdirən hər hansı bir razılaşmaya rast gəlinmir.

10. Beləliklə, məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırki iş üzrə tərəflər arasında müqavilə münasibətləri mövcud olmamışdır. Bu səbəbdən cavabdeh tərəfindən müqavilə üzrə yerinə yetirilməyən hər hansı bir öhdəlik mövcud deyildir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə, 329.2-ci maddəsinə, 385.1-ci maddəsinə, “M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin” Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

12. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1386/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Cavabdeh hüquqi varisi olduğu əri X7 5 ay bundan əvvəl vəfat etdiyini iddiaçıdan gizlətmiş, cavabdeh ərinin ölümündən sui-istifadə edərək, cavabdehin əri X8 xx.xx.2018-ci il tarixdə rəsmi olaraq baş etibarnamə ilə verdiyini nəzərə almaqdan imtina etmiş, alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsində səbəbsiz imtina etmişdir. Cavabdeh xx.xx.2019-cu ildə Bakı şəhəri 53 saylı notariat ofisində şəxsən özü ona məxsus avtomobili 5 il müddətinə idarə etmək üçün iddiaçıya etibarnamə vermişdir. 1-ci instansiya məhkəməsi nəqliyyat vasitəsini 5 il müddətinə iddiaçıya verilməsinin hüquqi əsasları araşdırılmamışdır. Elə ona görə də iddiaçı ilə cavabdehin əri arasında kredit müqaviləsi rəsmiləşdirilmişdir ki, həmin əqd gələcəkdə özünü sığorta xarakteri daşıyır. Həmin əqd birbaşa əyani sübut edir ki, nəqliyyat vasitəsinin dəyəri ödənildikdən sonara iddiaçının mülkiyyətinə keçmək məqsədi daşıyır. Belə ki, 1-ci instansiya məhkəməsində dindirilmiş şahidlər- X9 və digərləri ifadə verərək göstərmişlər ki, cavabdehə məxsus avtomobilin dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir. Məhkəmə şahid ifadələrinə heç bir hüquqi qiymət verməmiş, hətta onların dindirilməsi qətnamədə öz əksini tapmamışdır. 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki halları ilə tam zidiyyət təşkil edir. Belə ki, məhkəmə iddiaçı ilə cavabdehin həyat yoldaşı ilə bağlanmış kredit müqaviləsinin rəsmiləşdirilməsinin səbəbi aydınlaşdırılmamış, həmçinin iddiaçının mülkiyyətində olan avtomobilin baş etibarnamə ilə uzun müddətə iddiaçıya verilməsi və iddiacıya məxsus avtomobilin cavabdeh tərəfə hansı əsaslarla – yəni nəyin müqabilində verilməsinə hüquqi qiymət verilməmişdir. 1-ci instansiya məhkəməsi işin faktiki hallarına, sübutlara, şahid ifadələrinə hüquqi qiymət verməmiş, maddi və porosessual normalarını pozmuş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, həmçinin hüquqin tətbiq edilməsində səhf buraxmış, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, qanuni səhv təfsir etmişdir.

b) Apellyasiya şikayətinə yazılı etiraz

14. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun vəkili və nümayəndəsi X3 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

16. Əlavə olaraq iddiaçı avtomobilin dəyərinin bir hissəsini də cavabdehə çatdırmaq üçün Çingiz adlı şəxsə verdiyini, lakin Çingiz adlı şəxsin də öldüyünü və cavabdehin müraciəti əsasında Abşeron rayon Polis Şöbəsində araşdırma aparıldığnı və mübahisəli ”Mersedes Benz VİANO CDİ” markalı, AZ ** ZV *** dövlət qeydiyyat nömrəli avtomobilin iddiaçıda olduğunu bildirmişdir.

17. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

18. 324.1-ci maddəsinə əsasən Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

19. 329.2-ci maddəsinə əsasən Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

20. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

21. 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.

22. 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur.

23. 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir.

24. 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

“M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin” Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarı:

25. Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 04 mart 2015-ci il tarixli Qərarına əsasən, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacib göstərilmişdir”.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

31. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

32. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.

36. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

38. Belə ki, işin mübahisəsiz hallarındandır ki, “X16 CDİ” markalı, ** ZV *** nömrə nişanlı avtomobil Cavabdeh xüsusi mülkiyyətindədir.

39. İddiaçı iddia edir ki, o, 02 fevral 2018-ci il tarixdə Cavabdeh mülkiyyətində olan, cavabdehin əri, mərhum X7 baş etibarnamə ilə idarə etdiyi 2007-ci il buraxılışlı, ’’Mersedes Benz VİANO CDİ” markalı, AZ ** ZV *** dövlət qeydiyyat nömrəli avtomobili 31800 ABŞ dolları ekvivalentində 54000 (əlli dörd min) manata, 4 il müddətinə, hər ay aym 14-ü günü 600 ABŞ dolları ekvivalentində 1020 manat pulu X8 ödəməyi razılaşıb həmin avtomobili etibarnamə ilə almışdır.O, cavabdehin əri X11 ilə aralarında bağlanmış razılaşma müqaviləsinə və xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə tam əməl edərək X8 faktiki olaraq 54.060 manat əvəzinə 54.340 manat məbləğində, yəni müqavilədə göstəriləndən 280 manat artıq pul ödəmişdir.

40. Məhkəmə Kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçı ərizəsində qarşı tərəf ilə razılaşdırılmış məbləği tam ödədiyini göstərsə də, bu məqamı təsdiq edə biləcək hər hansı sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı təqdim edə bilməmişdir.

41. Halbuki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. (MPM-in 14.2.və 77.1-ci maddələri).

42. Daha sonra iddiaçı bildirir ki, həmin tarixdə, yəni 02 fevral 2018-ci il tarixdə satıcı, mərhum X11 ilə razılaşma müqavləsi də tərtib edib hər ikisi imzalamışdır.Bundan sonra 13 iyun 2018-ci il tarixdə Cavabdeh əri, mərhum X7 təklifi ilə özünə məxsus olan 2002-ci il buraxılışlı, “Mersedes BENZ E 220 CDİ” markalı, AZ ** VK *** dövlət qeydiyyat nömrəli avtomobili 11500 (on bir min beş yüz) manata razılaşaraq ondan kreditlə aldığı ”Mersedes Benz VİANO CDİ” markalı, AZ ** ZV *** dövlət qeydiyyat nömrəli avtommobilin ilkin ödənişi kimi baş etibarnamə ilə X8 vermişdir.

43. Cavabdeh bildirir ki, mübahisəli ”Mersedes Benz VİANO CDİ” markalı, AZ ** ZV *** dövlət qeydiyyat nömrəli avtomobil mülkiyyətçi tərəfindən İddiaçı istifadə etmək üçün verilmişdir.

44. Məhkəmə Kollegiyası iş materiallarında olan X11 ilə İddiaçı arasında bağlanmış 2018-ci il tarixli Müqaviləyə münasibətdə qeyd edir ki, sözügedən müqavilə dəqiq müəyyən edilmiş tarix göstərilməməklə bağlanılmış və müqavilənin şərtlərinə əsasən İddiaçı aylıq 600 ABŞ dolları ödəməklə “X16 CDİ” markalı, ** ZV *** nömrə nişanlı avtomobili əldə etmək barədə cavabdehlə deyil, cavabdehin mərhum əri R.İmanov ilə razılaşdırılığı iddia olunur.

45. İddiaçı sözügedən müqavilənin şərtlərinə əməl etdiyini, yəni şərtləşdirilmiş pulu ödədiyini sübut edə bilməməklə yanaşı, “X16 CDİ” markalı, ** ZV *** nömrə nişanlı avtomobili əldə etməklə bağlı həmin müqavilənin şərtlərinin icrasını cavabdehdən tələb etməkdə də haqlı deyildir.

46. Məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarında olan X11 ilə İddiaçı arasında bağlanmış 2018-ci il tarixli Müqavilə cavabdehlə deyil, cavabdehin mərhum əri R.İmanov ilə razılaşdırılığı iddia olunur və notarial qaydada təsdiqlənməmişdir.

47. Bundan başqa eyni zamanda məhkəmə qeyd edir ki, “X16 CDİ” markalı, ** ZV *** nömrə nişanlı avtomobil xüsusi mülkiyyət hüququ əsasında X8 deyil, Cavabdeh məxsusdur. Belə olan halda X7 ona məxsus olmayan əmlakın alqı-satqısı barəsində bir başqa şəxslə hər hansı bir razılıq əldə edə bilməsi mümkün deyildir. Belə ki, iş materiallarında X7 belə bir hüquqa malik olmasını təsdiq edə biləcək hər hansı bir sübuta rast gəlinmir.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir.Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir.Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.

49. Bundan başqa iddiaçı ərizəsində qeyd edir ki, onunla R.İmanov “X16 CDİ” markalı, ** ZV *** nömrə nişanlı avtomobilin alqı-satqısı barədə razılığa gələrkən iddiaçıya məxsus “Mercedes Benz E 220 CDİ” markalı ** VK *** dövlət nömrə nişanlı avtomobili R.İmanovla 11,500 manat qiymətə razılaşaraq avtomobili ilkin ödəniş kimi X8 vermişdir.

50. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının qeyd etdiyi bu hal da mötəbər və təkzibolunmaz sübutlarla öz əksini tapmamışdır.

51. Belə ki, iddiaçı ona məxsus “Mercedes Benz E 220 CDİ” markalı ** VK *** dövlət nömrə nişanlı avtomobili mərhum R.İmanovla 11.500 manat qiymətə razılaşaraq ilkin ödəniş kimi X8 verdiyinin sübutu olaraq 1-ci instansiya məhkəməsində dindirilmiş şahid- X5 ifadəsinə istinad etsə də, xx.xx.2022-ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, şahid- X9 ifadə verərək göstərmişlər ki, o, maşın ustası olaraq iddiaçının “Mercedes Benz E 220 CDİ” markalı maşını “X16 CDİ” markalı maşınla əlavə pul da ödəyərək aldıqlarını eşitmişdir.İddiaçı qaln ödənişi hissə-hissə edəcəyini bildirmişdir.

52. Göründüyü kimi, şahid- X5 ifadəsi qeyri-müəyyən olmaqla, “Mercedes Benz E 220 CDİ” markalı maşının barəsində hansı qiymətə sövdələşmə olduğu, iddiaçının qaln ödənişi hansı məbləğdə hissə-hissə edəcəyini təsdiq edəcək hallar barədə məhkəməyə məlumat verməmişdir.

53. Halbuki, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. (MPM-in 62.1-ci maddəsi)

54. İddiaçı cavabdehin xx.xx.2019-cu ildə Bakı şəhəri 53 saylı notariat ofisində şəxsən özü ona məxsus avtomobili 5 il müddətinə idarə etmək üçün iddiaçıya etibarnamə verdiyi barədə şikayətin dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, cavabdeh bildirir ki, mübahisəli ”Mersedes Benz VİANO CDİ” markalı, AZ ** ZV *** dövlət qeydiyyat nömrəli avtomobil mülkiyyətçi tərəfindən İddiaçı istifadə etmək üçün verilmişdir.

55. MPM-in tələblərinə əsasən sübutetmə yükü iddiaçıya aid olmasına bxmayaraq iddiaçı mübahisəli ”Mersedes Benz VİANO CDİ” markalı, AZ ** ZV *** dövlət qeydiyyat nömrəli avtomobilin alqı-satqısına dair razılaşma olduğuna və razılaşma əsasında da avtomobilin dəyərinin cavabdehə ödənildiyini sübut edə bilmir.

56. Apellyasiya baxışı zamanı iddiaçı avtomobilin dəyərinin bir hissəsini də cavabdehə çatdırmaq üçün Çingiz adlı şəxsə verdiyini, lakin Çingiz adlı şəxsin də öldüyünü bildirmiş, beləliklə mübahisənin həlli baxımından bu hal da öz təsdiqini tapmamışdır.

57. Yekun olaraq məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı şikayətində istinad etsə də onunla cavabdehin əri arasında olan kredit müqaviləsi sübut edir ki, nəqliyyat vasitəsinin dəyəri ödənildikdən sonara avtomobil iddiaçının mülkiyyətinə keçəcəkdir, lakin nəqliyyat vasitəsinin dəyəri ödənilməsi təsdiqini tapmamaqla yanaşı, həmin dəlil də təsdiqini mötəbər və təkzibolunmaz sübutlarla birgə qiymətlədirilməklə təsdiqini tapmır.

58. Beləliklə, məhkəmə kollegiyası nəticəyə gəlir ki, hazırki iş üzrə tərəflər arasında müqavilə münasibətləri mövcud olmamışdır. Bu səbəbdən cavabdeh tərəfindən müqavilə üzrə yerinə yetirilməyən hər hansı bir öhdəlik mövcud deyildir.

59. Kollegiya onu da qeyd edir ki, cvabdeh birinci instansiya məhkəməsində bildirmişdir ki, sözügedən avtomobil cavabdeh tərəfindən iddiaçıya yalnız istifadə edilmək üçün verilmişdir. Belə ki, iddiaçı turistləri bölgələrə aparmaq məqsədi ilə avtomobil alınması üçün cavabdehə müraciət etmiş və tərəflər öz aralarında razılıq əldə etmişdirlər. Razılığa əsasən iddiaçı cavabdehə məxsus avtomobildən qeyd olunan məqsəd üçün istifadə etməli və əvəzində cavabdehə icarə haqqı ödəməli idi. Hazırda mübahisəli ”Mersedes Benz VİANO CDİ” markalı, AZ ** ZV *** dövlət qeydiyyat nömrəli avtomobil iddiaçıdadır və cavabdehin müraciəti əsasında Abşeron rayon Polis Şöbəsində araşdırma aparılır. İddiaçı tərəfindən cavabdehə hazırki tarixə kimi heç bir ödəniş edilməmişdir. Eyni zamanda iddiaçının ərizəsində ilkin ödəniş kimi qeyd etdiyi “Mersedes BENZ E 220 CDİ” markalı, AZ ** VK *** dövlət qeydiyyat nömrəli avtomobil cavabdehdə deyildir və harda olması ilə bağlı da hər hansı bir məlumatı yoxdur.

60. İddiaçı isə apellyasiya baxışı zamanı cavabdehin müraciəti əsasında Abşeron rayon Polis Şöbəsində araşdırma aparıldığnı və mübahisəli ”Mersedes Benz VİANO CDİ” markalı, AZ ** ZV *** dövlət qeydiyyat nömrəli avtomobilin iddiaçıda olduğunu bildirmişdir.

61. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı-Cavabdeh qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür.

62. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.

63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2(009)- 1386/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar