Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7046/2021 17.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-2202/2021 saylı, 17 may 2021ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh-yə sürücü vəzifəsinə qəbul edilməsi və əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq yanvar 2020-ci il tarixdən aprel 2020-ci il tarixə kimi hər ayda 600 (altı)yüz manat verilməklə, cəmi 2400 manat pulun əmək haqqı, habelə 01.10.2020-ci ildən 01.03.2021-ci il tarixə kimi hər ayda 500 (beş yüz) manat olmaqla cəmi 2500 (iki min beş yüz) manatın, ümumilikdə isə 4900 (dörd min doqquz yüz) manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 25 avqust 2019-cu ildə Sahil qəsəbəsində yerləşən Cavabdeh-nin direktorunun köməkçisi Samir adlı şəxs tərəfindən işə qəbul olunmuşdur. Əmək haqqı olaraq 600 manat (altı yüz) razılaşdırılmış, fəhlə daşımaq üçün FORD markalı mikro avtobus sürmüş, 25.12.2019-cu ilə kimi həmin işi yerinə yetirmişdir. Bu müddətdə ona rəhbərlik tərəfindən heç bir xəbərdarlıq edilməmişdir. Samir ilin sonunda yol vərəqəsini yazıb ona verərək, “07 yanvar 2020-ci ildə işə çıxıb fəaliyyətini davam etdirərsən” demişdir. İddiaçı 07.01.2020-ci ildə işə çıxmaq üçün cəhd göstərmiş, lakin Samir ona müxtəlif bəhanələr gətirmiş və onu işə qaytaracağını demişdir. İddiaçı aprel 2020-ci ilə kimi Samirin onu aldatdığını və usta Sahiblə birlikdə ona qarşı qərəzli plan qurduqlarını öyrənmişdir. Ona görə də iddiaçı direktora aprel ayının axırlarında müraciət etmiş və onu aldadaraq işindən uzaqlaşdırdıqlarını və onun yerinə başqasını sürücü olaraq gətirdiklərini bildirmişdir. Beləliklə direktorun köməkliyi ilə o işə qayıtmış və onunla əmək müqaviləsi bağlanmışdır. Tərəflər əmək haqqı olaraq 500 (beş yüz) manata razılaşmış və 01.10.2020-ci ilə kimi iddiaçı orda işləmişdir. İddiaçı ilə əmək müqaviləsi 5 ay müddətinə bağlanmışdır. Direktor ona oktyabr 2020-ci ildən işin olmayacağını və olan zaman onu çağıracağını bildirmişdir. İddiaçı qeyd olunan vaxtdan özünə iş axtarır, lakin tapa bilmir. Ona işlədiyi 5 ay müddət üçün əmək haqqı olaraq 144 manat karta pul köçürülmüş, iddiaçı işdən çıxmaqla bağlı isə heç bir ərizə yazmamışdır. Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-2202/2021 saylı, 17 may 2021ci il tarixli qətnaməsilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsasaslandırmaqla birinci instansiya məhkəməsinin işi hərtərəfli və obyektiv araşdırmadığı irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək əlavə olaraq bildirdi ki, hazırda başqa yerdə işləyir və cavabdehə qarşı işə bərpa tələbi yoxdur, lakin əmək haqqısının ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, eyni zamanda vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir Apellyasiya baxışı zamanı iddiaçı, cavabdeh şirkətdə işə bərpa olunmaq niyyətinin olmamasını və başqa işinin olmasını bildirərək, iddia tələbinin “işə bərpa” hissəsindən imtina etmiş, Bakı Apellyasiya Məhkəməsinin 17 iyul 2021-ci il tarixli qərardadı ilə təmin edilərək, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya qeyd edir ki, iddiaçı tələbinin – işə bərpa hissəsindən imtina etdiyindən və həmin imtina qəbul edildiyindən hazırki qətnamə iddia tələbinin rədd edilən - əmək haqqının verilməsi hissəsində yoxlanılır. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək aşağıdaki nəticəyə gəlir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci bəndinə əsasən Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Hazırda apellyasiya baxışının predmeti iddia tələbinin - əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq yanvar 2020-ci il tarixdən aprel 2020-ci il tarixə kimi hər ayda 600 (altı)yüz manat verilməklə, cəmi 2400 manat pulun əmək haqqı, habelə 01.10.2020-ci ildən 01.03.2021-ci il tarixə kimi hər ayda 500 (beş yüz) manat olmaqla cəmi 2500 (iki min beş yüz) manatın, ümumilikdə isə 4900 (dörd min doqquz yüz) manatın cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsi təşkil edir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı 26.08.2019-cu il tarixdə 77/K nömrəli əmrlə "xxxx" MMC-də sürücü vəzifəsinə qəbul edilmişdir. İddiaçı tərəfindən yazılmış və imzalanmış "xxxx" MMC-yə ünvanlanmış ərizəsi ilə tutduğu vəzifəsindən 07.01.2020-ci il tarixdən azad olunmasını xahiş etmişdir. 07.01.2020-ci il tarixdə 107/K nömrəli Əmək Məcəlləsinin 75.2-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra İddiaçı 30.04.2020-ci il tarixli ərizə ilə "xxxx" MMC-yə müraciət edərək onu müvafiq işlə təmin edilməsini xahiş etmişdir. 30.04.2020-ci il tarixdə 152/K nömrəli əmrlə "xxxx" MMC-də sürücü vəzifəsinə qəbul edilmişdir. 30.09.2020-ci il tarixdə 222/K nömrəli əmri ilə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək və sair vəzifələrin icra edilməsi işçinin əsas vəzifələrindəndir. Həmin Məcəllənin 154-cü maddəsinin 1-ci hissəsinə görə əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək Məcəlləsinin 169-cu maddəsinə görə boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. Həmin Məcəllənin 178-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur... Kollegiya qeyd edir ki, iddiaçı yanvar 2020-ci il tarixdən aprel 2020-ci il tarixədək əmək haqqının ona verilməsini tələb etsə də iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ilk olaraq 07.01.2020-ci il tarixdə ərizə yazaraq tutduğu vəzifəsindən azad edilməsini xahiş etmiş, 30.04.2020-ci il tarixdə isə ərizə ilə cavabdehə müraciət edərək, müvafiq işlə təmin edilməsini xahiş etmişdir ki, iddiaçı qeyd etdiyi dövr, yəni yanvar 2020-ci il tarixdən aprel 2020-ci il tarixə qədər cavabdeh təşkilatda işləmədiyindən həmin dövrə görə də hər hansı əmək haqqının tələb edilməsi əsassız olmuşdur. Bundan başqa iddiaçı - 01.10.2020-ci ildən 01.03.2021-ci il tarixə kimi hər ayda 500 (beş yüz) manat olmaqla cəmi 2500 (iki min beş yüz) manatın cavabdehdən alınaraq ona verilməsini tələb etsə də işin faktiki hallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 30.09.2020-ci il tarixli, 222/K saylı əmrlə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam verilmişdir ki, iddiaçı həmin dövrdən sonra üçün əmək haqqı tələb edir, bu isə əmək qanunvericiliyinin yuxarıda qeyd olunan normalarına əsasən ziddiyyət təşkil edir. Beləliklə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri apellyasiya baxışının predmeti hissəsində qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-2202/2021 saylı, 17 may 2021ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7046/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7046/2021
17.07.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver