Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7048/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızının (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nərimanov Rayon İcra Hakimiyyəti cəlb edilməklə kompensasiyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-48/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı, (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nərimanov Rayon İcra Hakimiyyəti cəlb edilməklə) iddia ərizəsi və iddianın həcminin artırılması barədə ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdeh Rahatlığın Məkanı- Gold” MMC-nin üzərinə iddiaçıya məxsus olmuş ünvan 1 ünvanında yerləşmiş, ümumi sahəsi 42,1 kv.m. ibarət olan qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsinin nəticəsində tamamilə məhv edildiyindən söküntü ərazidə cavabdehə məxsus inşa edilmiş çoxmərtəbəli binanın yerin səviyyəsindən aşağı olmayaraq 1-ci mərtəbədə 62,1 kv.m. az olmadan (əlavə 20 kv.m.) qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi, həmin qeyri-yaşayış sahəsi ilə bağlı müvafiq müqavilənin bağlanılması və digər zəruri sənədlərin tərtib olunması öhdəliyinin qoyulması, (bu mümkün olmadıqda isə sökülmüş qeyri-yaşayış sahəsinin real bazar dəyərini nəzərə almaqla (hər bir kv.m. üçün 3500 manat nəzərə almaqla) 217350 (iki yüz on yeddi min üç yüz əlli) manat), eləcə də əldən çıxmış fayda qismində 20000 (iyirmi min) manat, ödənilməli olan kirayə haqqı 32500 (otuz ikin min beş yüz) manat, qanunsuz hərəkətlər nəticəsində iddiaçıya vurulmuş mənəvi ziyan qismində 12000 (on iki min) manat, qeyri-yaşayış sahəsində saxlanılmış 5000 (beş min) manat pul, daşınar əşyaların əvəzi qismində 2000 (iki min) manat, əmlakın qiymətləndirilməsi üçün rəyə görə ödənilmiş 300 (üç yüz) manat, ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsasları ondan ibarət olmuşdur ki, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli binanın birinci mərtəbəsində ümumlikdə 41,2 kv.m. ibarət olan qeyri-yaşayış sahəsi var idi. Həmin qeyri-yaşayış sahəsi üzrə xüsusi mülkiyyət hüququ da dövlət qeydiyyatına alınaraq iddiaçıya çıxarış da verilmişdir. Məlumdur ki, AR Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallalıı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 86 nömrəli, 25 fevral 2016- cı il tarixli Qərar qəbul olunmuş və həmin Qərara əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xəlai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallalıı, Xəzər rayonlarının ərazisində abadlıqquruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi daşıyırdı. Bununla bağlı qərarda göstərilən dövlət proqramının bir qisminin həyata keçirilməsi ilə əlaqədar cavabdeh "xxxx" MMC-yə müvafiq işlərin görülməsi tapşırılmışdır. Lakin cavabdeh bu qərarın icrası ilə əlaqədar iddiaçınınn qanunla qorunan mülkiyyət hüquqlarını kobud surətdə pozmuş, ona məxsus olan daşınmaz əmlakını qanunsuz olaraq sökərək məhv etmişdir. Bu cür mötəbər və vacib olan Dövlət əhəmiyyətli “Pilot” lahiyəsinin icrasını həyata keçirən cavabdeh dövlətiin qanunlarına zidd olan fəaliyyətlə məşğul olaraq iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını məhv edərək, kompensasiya və əvəzləşdirməni təklif etmədən ona həvalə edilən işlərin həyata keçirilməsinə başlamışdır. Bu da yolverilməzdir, çünki mövcud olan qanunvericiliyə əsasən dövlət ehtiyacları üçün sökülməli olan əmlaka görə birmənalı olaraq kompensasiyanın ödənilməsi və sökülmüş əmlakın əvəziəşdirilməsi yolu ilə həyata keçirilməlidir. Ancaq dövlət proqramının icrası ilə əlaqədar cavabdeh tərəfindən üzərinə götürələn öhdəliklər qərəzli olaraq tam həcmdə yerinə yetirilməmiş və iddiaçının mülkiyyət hüquqlarının kobud surətdə pozulmasına gətirib çıxarmışdır. Qeyd edir ki, “pilot” layihəsinin icrasına cavabdehə icazə verən orqan, yəni Nərimanov Rayon İcra Hakimiyyəti də öz vəzifələrin icrasına lazımınca yerinə yetirməmiş və bu səbəbdən də cavabdeh tərəfindən yol verilən qanun pozuntulara şərait yaratmışdır. Ancaq göründüyü kimi, cavabdehin həyata keçirdiyi işlərin nəticəsində, iddiaçının hüquqları kobud surətdə pozulmuşdur. Baxmayaraq ki, 2016-cı ilin sonlarında dövlət proqramının icrasına başlanılsa da, iddiaçıya məxsus olan daşınmaz əmlakın sökülməsi ilə bağlı hər hansı bir rəsmi xəbərdarlıq və onun əvəzləşdirilməsi ilə əlaqədar təklif cavabdeh və ya Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən irəli sürülməmişdir. Nəticə etibarı ilə yaranmış məsələnin həlli ilə əlaqədar iddiaçı ilk növbədə həm Nərimanov rayon İcra Hakimiyyətinə, həm də cavabdehə həm yazılı, həm də şifahi qaydada müraciət etmişdir. Müraciətə cavab olaraq Rayon İcra Hakimiyyəti tərəfindən bildirilmişdir ki, qeyriyaşayış sahə AR Nazirlər Kabinetinin qərarı əsasında sökülmüşdür. Daha sonra, söküntü işləri aparan cavabdeh "Rahatlığın Məkanı-Gold” MMC-yə müraciət olunmuş və uzun mübahisələrdən və danışıqlardan sonra inşa edilmiş bina kompleksinin daxilində olan təxmini yerin təkindən 5 metr dərinlikdə yerləşən lazımsız və heç bir şey üçün yaramayan zirzəmi təklif olunmuşdur. Təbii ki, dövlət əhəmiyyətli layihənin icrası zamanı qanunsuz sökülən əmlakın məhv olunmasının nəticəsində böyük gecikmələrlə (yəni, bina 2016-cı ildə sökülmüşdür) qanunla iddiaçıya çatası olan əmlak təklif olunsa da, bu iddiaçını qane etməmiş və bu səbəbdən də o, təklif olunan əmlakdan imtina etmişdir. Vaxtılə iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsi binanın əlverişli hissədə və ümumlikdə 1,2 metr dərinlikdə yerləşmişdir. O, həmin əmlakdan səmərəli istifadə edərək müxtəlif dövrlərdə bundan mənfəət də götürə bilmişdir. Hətta orada müxtəlif daşınar əmlak və pul vəsaiti də saxlanılmış və qanunsuz söküntü işləri aparıldıqda ona məxsus olan əmlak və pul talan olunmuşdur. Bundan başqa sökülmüş əmlak üçün qanunda nəzərdə tutulmuş kirayə haqqı da cavabdeh tərəfindən bu günə kimi ödənilməmişdir. Cavabdeh yüksək templərlə inşa etdiyi binanın bütün boş sahələrin satışı ilə məşğuldur. Cavabdehin məntiqinə görə onun tərəfindən iddiaçıya təklif edilən zirzəmi onu qane etmir və onun maraqlarına da cavab vermir, eləcə də onun əvvəlki vəziyyətini daha da pisləşdirir. İddiaçıya məxsus olan daşınmaz əmlakın sökülməsindən 2 ildən artıq vaxt keçməsinə baxmayaraq istifadəsindən məhrum olunmuş əmlak üçün nəzərdə tutulmuş kirayə haqqı da bu günə qədər ödənilməyib. Bu da təxmini aylıq 700 manat təşkil edir və bu günə qədər 21000 manata yaxın pul vəsaiti təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-48/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşmiş və sökülmüş ümumi sahəsi 42,1 kv.m. ibarət olan zirzəminin ərazisində "xxxx" MMC-nə məxsus inşa edilmiş çoxmərtəbəli binada 42,1 kv.m-dan ibarət olan zirzəmi, bu mümkün olmadıqda isə onun dəyəri kimi 45000 manat məbləğində kompensasiyanın "xxxx" MMC tərəfindən İddiaçı verilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək, iddianın qismən təmin olunmuş hissəsində dəyişiklik edilərək, iddiasının tam həcmdə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia tələbinin dəlilləri ilə əsaslandırılmaqla yanaşı göstərmişdir ki, irəli sürdüyü iddia tələblərini qismən təmin edərək birinci instansiya məhkəməsi onun pozulmuş hüquqlarını tam bərpa etməsinin əvəzinə onları pozmuşdur. Hesab edir ki, bu qətnamə iddianın təmin olunmamış hissəsində tamamilə ləğv olunmalı, iddianın qismən təmin olunması hissəsində isə dəyişdirilərək, yeni qətnamə qəbul olunmalıdır. Birinci instansiya məhkəməsi qətnaməni yetərincə əsaslandırmamış və iddianın nəyə görə qismən təmin etdiyini də əsaslandırmamışdır. Bu da yolverilməzdir. Hesab edir ki, məhkəmə işin hallarını ümumiyyətlə nəzərə almamışdır. Bundan başqa işdə digər qiymətəndirmə şikrətinin rəyi var və bu rəyə əsasən isə əmlakının sökülməsinə görə bazar qiymətinin müəyyənləşdirilməsi mümkün olmasa da, onun yerləşdiyi ərazi üzrə hər kv.m qiymətinə əsasən bazar qiyməti müəyyənləşdirilmişdir. Lakin Məhkəmə ümumiyyətlə sübutların qiymətləndirilməsini keçirməmiş, işdə olan bütün sübutları araşdırmamış, birinin digərinə üstünlük vermişdir. Həmçinin iddianın “cavabdehin inşa etdirdiyi binanın yerin səviyyəsinin aşağı olmadan 1-ci mərtəbədə ümumlikdə 62,1 kv.m. sahəsindən az olmadan (əlavə 20 kv.m.) qeyri-yaşayış sahəsinin təhvil verilməsi, təhvil verilməsi ilə əlaqədar müvafiq müqavilənin bağlanılması və digər zəruri sənədlərin tərtib olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində” də təmin olunmamışdır. Halbuki, mövcud “pilot” layihəsinin icrası ilə bağlı paytaxtın digər rayonlarında, məsələn Nəsimi rayonunda sökülmüş əmlakın əvəzləşdirilməsi zamanı əlavə olaraq 20 kv.m sahəsi verilirdi. Bu da artıq müəyyənləşdirilmiş qayda və təcrübədir. Amma işə baxan hakim yəqin ki, bu dövlət proqramın rayonun sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədinin daşıdığını unutmuşdur ya da ümumiyyətlə bundan bixəbər olmuşdur. Ümumiyyətlə işə baxan hakim nəzərə almamışdır ki, əmlakı sökülməmişdən öncə cavabdehlə arasında müvafiq müqavilə imzalanmalı idi və razılıq əldə edildikdən sonra daşınmaz əmlakın yerləşdiyi bina sökülə bilərdi. Halbuki, cavabdeh tərəfindən bina sökülməmişdən öncə hər hansı bir təklif, razılıq və ya xəbərdarlıq belə göndərilməmişdir. Məhkəmə işində də buna aid bir sübut belə yoxdur. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iş üzrə iddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamə - iddianın qismən təmin edilən, eləcə də iddianın rədd edilməsi hissəsində mübahisələndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət kimi 18.11.2009-cu il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 26.08.2019-cu il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 3 ünvanında yerləşən binanın zirzəmisindı yerləşmiş və hal-hazırda sökülmüş olan qeyri-yaşayış sahəsinin hazırkı dövrə olan bazar qiyməti 39153 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin Texniki Pasportundan görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hüquq subyekti İddiaçıdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 05.11.2020-ci il tarixli QXM 350/M saylı rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin real bazar qiyməti 45000 manat təşkil edir. İş materialları ilə müəyyən edilir ki. iddiaçıya məxsus daşınmaz əmlak - ünvan 1 ünvanında yerləşmiş ümumi sahəsi 42,1 kv.m. ibarət olan qeyri-yaşayış sahəsi cavabdeh "xxxx" MMC tərəfindən həmin ünvanda yeni hündürmərtəbəli binanın tinşa edilməsi məqsədi ilə aparılan işlər nəticəsində sökülmüşdür. Hazırda iddiaçı tələbində cavabdeh Rahatlığın Məkanı-Gold” MMC-nin üzərinə iddiaçıya məxsus olmuş ünvan 1 ünvanında yerləşmiş, ümumi sahəsi 42,1 kv.m. ibarət olan qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsinin nəticəsində tamamilə məhv edildiyindən söküntü ərazidə cavabdehə məxsus inşa edilmiş çoxmərtəbəli binanın yerin səviyyəsindən aşağı olmayaraq 1-ci mərtəbədə 62,1 kv.m. az olmadan (əlavə 20 kv.m.) qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsini xahiş etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, sökülmüş tikili ünvan 1 ünvanında yerləşmiş və təyinatı zirzəmi olmuşdur. İddiaçı isə həmin zirzəminin sahibkarlıq məqsədləri üçün istifadə etməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sökülmüş zirzəminin əvəzində inşa ediləcək binadan qeyri-yaşayış sahəsinin tələb edilməsinin əsassız olması barədə düzgün qənaətə gəlmişdir. Həmçinin iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin iddia tələbinin - əlavə 20 kv.metr qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi hissəsinin araşdırılmadığını göstərsə də, Nərimanov Rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış 12 oktyabr 2016-cı il tarixli müqavilənin 2.3-cü bəndindən görünür ki, "xxxx" MMC-nin - binaların tikintisi üçün müvafiq ərazidə yerıləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin sahəsindən 20% artıq sahəsi olan, tam təmirli razılaşdırılmış mərtəblərdə mənzil sahəsi ilə təmin etmək barədə öhdəlik götürmüşdür. Göründüyü kimi qeyd olunan müqavilədə əlavə sahə verilməsi yalnız mənzillərə aid edilmişdir. Sökülmüş daşınmaz əmlak isə zirzəmi olmuşdur. Bundan başqa iddiaçı - qeyri-yaşayış sahəsi ilə bağlı müvafiq müqavilənin bağlanılması və digər zəruri sənədlərin tərtib olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması, (bu mümkün olmadıqda isə sökülmüş qeyri-yaşayış sahəsinin real bazar dəyərini nəzərə almaqla (hər bir kv.m. üçün 3500 manat nəzərə almaqla) 217350 (iki yüz on yeddi min üç yüz əlli) manat vəsaitin tutularaq İddiaçı ödənilməsini tələb etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 26.08.2019-cu il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 3 ünvanında yerləşən binanın zirzəmisində yerləşmiş və hal-hazırda sökülmüş olan qeyriyaşayış sahəsinin hazırkı dövrə olan bazar qiyməti 39153 manat təşkil edir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 05.11.2020-ci il tarixli QXM 350/M saylı rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin real bazar qiyməti 45000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş “X1”-nin 30.01.2020-ci il tarixli 154 saylı rəyindən görünür ki, ünvan 3 ünvanında əvvəllər mövcud olmuş, hazırda sökülmüş qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazi üzrə bir kvadrat metrinin bazar qiyməti ilə təqribi dəyəri 3500 manat müəyyən edilir. Apellyasiya baxışı zamanı İddiaçı məxsus olmuş ünvan 1 ünvanında yerləşmiş və sökülmüş ümumi sahəsi 42,1 kv.m. ibarət olan zirzəminin ərazi üzrə qeyri-yaşayış sahəsinin qiymətləri əsas götürülməklə qiymətinin hesablanması üçün iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş LP-144/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən müəyyən edilir ki, iddiaçıya məxsus olmuş daşınmaz əmlakın hazırki bazar (likvid) qiyməti – 42100 manat – 44200 manat manat təşkil etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddia tələbini – iddiaçıya "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli binada 42,1 kv.m-dan ibarət olan zirzəminin verilməsi vəzifəsinin cavabdehin üzərinə goyulması məzmununda təmin etməklə haqlı olmuşdur. Həmçinin qeyri yaşayış sahəsi – zirzəminin verilməsi mümkün olmadıqda isə cavabdeh tərəfindən iddiaçıya verilə biləcək pul kompensasiyasının məbləğinin də 45000 manat müəyyən edilməsi yuxarıda sadalanan işin halları ilə uyğunluq təşkil etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən-öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Bundan başqa iddiaçı - əldən çıxmış fayda qismində 20000 (iyirmi min) manat, ödənilməli olan kirayə haqqı 32500 (otuz ikin min beş yüz) manat, qeyri-yaşayış sahəsində saxlanılmış 5000 (beş min) manat pul, daşınar əşyaların əvəzi qismində 2000 (iki min) manat vəsaiti tələb etsə də bu barədə hər hansı mötəbər sübutu birinci instansiya, eləcə də apellyasiya baxışında təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi hissəsində düzgün nəticəyə gəlmişdir, iddia tələbləri təmin edilməyən hissədə əsassız olmuşdur, həmçinin apellyasiya şikayətinin dəlilləri işin qeyd olunan halları ilə qarşılıqlı olaraq yoxlanılsa da öz təsdiqini tapmamışdır. Belə olan halda apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır, qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-48/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsi İddiaçı aid hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7048/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7048/2021
13.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver