Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7050/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh1 ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Bakı şəhəri Cavabdeh2, Cavabdeh3 MMC (hazırki adı "xxxx" MMC) və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinə dair protokolun və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli 2(005)-2192/2020 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Bakı şəhəri Cavabdeh2, Cavabdeh3 MMC (hazırki adı "xxxx" MMC) və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 34-də yerləşən 38-ci mənzilə dair 02.08.2017-ci il tarixdə keçirilmiş hərracın qanunsuz hesab edilməsi, həmin hərracın nəticələrinə dair 11 nömrəli protokolun və Cavabdeh1 ASC-nin adına verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 34-də yerləşən 38-ci mənzil mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Cavabdehlərdən Cavabdeh1 ASC ilə aralarında kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinin təminatı kimi həmin mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə borcları ödəyə bilmədiyinə görə Cavabdeh1 ASC ona və arvadı X2 qarşı müqavilənin ləğv edilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, onun açıq hərracdan satılması və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 05.07.2016-cı il tarixli 2(004)-7897/2016 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 34-də yerləşən 38-ci mənzil hərrac vasitəsilə Cavabdeh1 ASC-yə satılmış, bankın adına RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Hərracda onun iştirakı təmin edilməmişdir, ümumiyyətlə hərracın keçirilməsi barədə ona hər hansı bir məlumat verilməmişdir. Mənzilin hərrac vasitəsilə banka satılmasından bu yaxınlarda xəbər tutmuşdur. “Hərracın yekunu barədə protokolun surətindən ona məlum olmuşdur ki, Bakı şəhəri Cavabdeh2 sifarişi əsasında Cavabdeh3 tərəfindən mübahisəli mənzil birinci dəfə 83000 manat ilkin satış qiyməti ilə, ikinci dəfə isə 70550 manat ilkin satış qiyməti ilə açıq hərraca çıxarılmış, lakin hər iki hərrac baş tutmamışdır. Hərracın yekunları barədə 02.08.2017-ci il tarixli, 11 nömrəli protokola əsasən mənzil üçüncü hərracda 52912 manata Banka satılmışdır. Sonradan daşınmaz əmlakın dövlət reyestrində mənzilə xüsusi mülkiyyət hüququ Bankın adına qeydiyyatdan keçmiş və müvafiq çıxarış verilmişdir. Mənzilin mülkiyyətçisi və ipoteka müqaviləsi üzrə ipoteka qoyan olduğu halda, keçirilmiş hər üç hərrac barədə hərracın təşkilatçısı tərəfindən ona bildiriş göndərilməmiş və heç bir məlumat verilməmiş, hərracda iştirak etmək hüququndan məhrum edilmişdir. Keçirilmiş qanunsuz hərracın yekununda mənzil bazar dəyərindən 2 dəfə aşağı qiymətə Banka satılmışdır. Hərracın təşkilatçısı birinci və ikinci hərrac barədə ona, yəni mənzilin mülkiyyətçisinə və ipoteka qoyana məlumat verməmiş, hərracların vaxtı, yeri, forması, keçirilmə qaydası barədə onu (ipoteka qoyanı) ən geci 30 gün qabaqcadan xəbərdar etməmiş, ona yazılı bildiriş göndərməmiş, hərrac onun iştirakı olmadan keçirilmişdir. Bundan başqa hərracın təşkilatçısı qanunda nəzərdə tutulmadığı halda üçüncü hərracı keçirmiş və bu hərrac barədə də ona məlumat verməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli 2(005)- 2192/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30.08.2017-ci il tarixli 2(102)-5956/17 saylı qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyul 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış 25 sentyabr 2014cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı Cavabdeh1 ASC-nin xeyrinə 25 sentyabr 2014-cü il tarixli 14011-1039/470285 saylı kredit müqaviləsi üzrə əsas borc qismində 35.508,20 manat, faiz borcu qismində 5.475,16 manat, penya qismində 100 manat, sənədlərin surətlərinin notariat qaydasında təsdiqlənməsinə çəkilmiş xərcin əvəzi qismində 64 manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 29 manat, cəmi 41.176,36 manat 36 məbləğində pul vəsaitinin tutulması, tutmanın X2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov (keçmiş Talıblı) küçəsində yerləşən 34 saylı evin, ümumi sahəsi 64.2 kvadrat metr, yaşayış sahəsi 26.9 kvadrat metr olan 38 saylı mənzilinə yönəldilməsi, mənzilinin ilkin satış qiyməti 83.000 manat məbləğində müəyyən edilməsi, mənzilin açıq hərracdan satılması, mənzilinin açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına İddiaçı "xxxx" ASC-yə olan borcunun ödənilməsi, "xxxx" ASC-nin iddiasının qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 27 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 iyul 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin 17.08.2021-ci il tarixli sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən hərrac sənədlərinin təsdiq edilmiş surəti təqdim edilmişdir. Həmin sənədlərdən aşağıdakılar müəyyən edilir. Cavabdeh3 MMC-nin açıq hərracın keçirilməsinə dair 10.04.2017-ci il tarixli 04/5 nömrəli bildirişindən görünür ki, açıq auksion formasında hərracın keçirilməsi 08.05.2017ci il tarixə təyin edilmişdir. Daşınmaz əmlakın ilkin satış qiyməti 83000 manatdır. Cavabdeh3 MMC-nin açıq hərracın keçirilməsinə dair 20.05.2017-ci il tarixli 04/5-1 nömrəli bildirişindən görünür ki, açıq auksion formasında hərracın keçirilməsi 19.06.2017ci il tarixə təyin edilmişdir. Daşınmaz əmlakın ilkin satış qiyməti 83000 manat, 15% endirimlə satış qiyməti 70550 manatdır. Müvafiq poçt qəbzlərinin surətindən görünür ki, qeyd edilən bildirişlər ipoteka qoyan X1 ünvanı üzrə göndərilmiş, birincisi “bu ünvanda yaşamır” qeydi ilə, digəri isə “imtina edilib” qeydi ilə geri qaytarılmışdır. “Kaspi” qəzetinin surətlərindən görünür ki, mübahisəli daşınmaz əmlakın açıq hərracdan satılması barədə elanlar verilmişdir. Hərracın yekunları barədə 02.08.2017-ci il tarixli protokoldan görünür ki, X2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 34-də yerləşən 38 saylı mənzil ilkin satış qiyməti 83000 manat məbləğində, təkrar satış qiyməti 70550 manat olmaqla Cavabdeh3 MMC tərəfindən hərraca çıxarılmış, lakin hər iki hərrac baş tutmamış, buna görə təkrar hərrac qiymətindən 25 faiz aşağı qiymətlə tələbkar Cavabdeh1 ASC-yə təklif olunmuş və 52912,50 manata sonuncu tərəfindən əldə edilmişdir. Hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi ilə bağlı iddiaçının qeyd etdiklərinə münasibətdə Kollegiya qeyd edir ki, hərrac keçirilərkən hərracın keçirilməsi qaydalarının və normativ hüquqi aktların tələblərinin pozulması halları aşkar olunmamışdır. Sözügedən hərracın nəticələri haqqında protokolu etibarsız hesab etmək üçün əsas yoxdur. Mübahisəli hüquq münasibətlərinin əmələ gəldiyi vaxt qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5, 43.7 və 43.8-ci maddələrində müəyyən olunmuş qaydalara görə, ilkin hərrac baş tutmadıqda təkrar hərrac keçirilir və hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərrac baş tutmamış elan edildikdə isə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Hərracın nəticələri haqqında protokoldan isə görünür ki, mənzil təkrar hərracdan satış qiyməti 25 faiz endirilməklə Cavabdeh1 ASC tərəfindən 52912,50 manata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Məcəllənin 416-cı maddəsinə əsasən hərracın keçirilməsi qaydaları pozularsa maraqlı şəxslərin iddiası üzrə məhkəmə tərəfindən həmin hərrac etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Tərəflər arasında mülki hüquq münastbətləri yarandığı vax qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Qanunun 42.6-cı maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. İş materiallarında olan qəbzlərdən görünür ki, bildirişlər göndərilmiş, birincisi “bu ünvanda yaşamır” qeydi ilə, digəri isə “imtina edilib” qeydi ilə geri qaytarılmışdır. Həmin bildirişlərin sonuncuya çatmamasının məsuliyyətini hərrac təşkilatçısı daşımamalıdır. «Borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair mülki işin yekunlaşması həmin iş üzrə icra sənədənin verilməsinə və nəticədə borc öhdəliyini təmin etmiş mənzilin açıq hərracdan satışa çıxarılmasına səbəb olması iddiaçıya qabaqcadan məlum olmuşdur və o özü də ən azı mənzilinin talehinə biganə qalmamaqla icra prosesi və hərracların təşkili və keçirilməsi ilə yaxından maraqlana bilərdi. Ona görə də kollegiyanın gəldiyi nəticə ondan ibarətdir ki, hərracın keçirilməsi barədə iddiaçının məlumatı olmuşdur. Bu qənaətə gələrkən kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Kollegiya hesab edir ki, göstərilən səbəblərdən bu halla bağlı hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan Kollegiyası qeyd edir ki, əksi sübut edilməyincə, mübahisələndirən hərracın nəticələri haqqında protokolun həqiqiliyi prezumpsiyası qəbul edilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, bununla bağlı qeyd edilənlər də əsassızdır. Beləliklə, hərracın keçirilməsində qanunların pozulmasını iddia edən iddiaçı öz tələbini əsaslandıra və sübuta yetirə bilməmişlər. Halbuki, Azərbaycan Respublikası MPMnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi “çıxarışın etibarsız hesab edilməsi” hissəsində iddianı da, hərracın yekunları barədə protokol qanuni və əsaslı sayıldığından, təmin etməməkdə haqlı olmuşdur. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2192/2020 saylı iş üzrə 02 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7050/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7050/2021
20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver