Məhkəmə qərarları › İş №2(103)-7055/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7055/2021

06.08.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7055/2021 06.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı, onun vəkili Vəkil1, cavabehlər Cavabdeh2 və Cavabdeh5, cavabdeh-iddiaçı Cavabdeh1 vəkilləri və nümayəndələri Vəkil2 və Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2 İsban qızı, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlk iddia ərizəsində tələb olunub ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal- 1 küçəsi, ev № 6-da yerləşən 96 №-li mənzilə (bundan sonra – mənzil) dair satıcı Cavabdeh1 ilə alıcı İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Qarşılıqlı iddia ərizəsində tələb olunub ki, İddiaçı və onun ailə üzvləri - Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 mənzildən istifadə hüquqlarına xitam verilməklə onlar mənzildən çıxarılsın. Qətnamə ilə qət olunub ki, ilk iddia təmin olunsun, mənzilə dair satıcı Cavabdeh1 ilə alıcı İddiaçı arasında alqı-satqı müqaviləsi 18.03.1996-cı il tarixdə bağlanmış hesab edilsin, qarşılıqlı iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və qarşılıqlı iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən cavabdeh-iddiaçı Cavabdeh1 vəkilləri və nümayəndələri Vəkil2 və Vəkil3 apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçı-cavabdeh İddiaçı, onun vəkili Vəkil1, cavabehlər Cavabdeh2 və Cavabdeh5 apellyasiya şikayətinin əssassız olduğunu bildirdilər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mənzil üzərində Cavabdeh1 (satıcının) mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb. O, 18.06.1996-cı ildə Rəhbər Ələsəgərov (alıcı) ilə mənzilin alqı-satqısı barədə razılaşıb. Razılığa əsasən satıcı mənzili alıcıya verib, alıcı isə mənzilin dəyəri kimi 5.100 ABŞ dolları məbləğində piulu satıcıya ödəyib. Satıcı bu barədə qəbz (iş v. 75) tərtib edərək alıcıya verib, habelə mənzilə dair qeydiyyat vəsiqəsini (iş v. 13) və etibarnaməni (iş v. 76) alıcıya verib. Bundan sonra alıcı ailə üzvləri ilə birlikdə mənzildə yaşamağa başlayıb, hal-hazıra kimi orada yaşayır. Lakin satıcı əqdi notariat qaydasnda təsdiq etdirməkdən boyun qaçırır. Ona görə də məhkəmə 11.09.1964-cü ildə qəbul edilmiş və mübahisəli hüquq münasibətinin yarandığı zaman (1996-cı ildə) qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü maddəsinin 2-ci hissəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ilk iddianı təmin edib, yəni alqı-satqı müqaviləsini bağlanmış hesab edib, qarşılıqlı iddianı isə rədd edib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni qətnamədə lazımi qaydada əsaslandırıb. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. İddia müddəti ilə bağlı məhkəmə qeyd edir ki, hazırda qüvvədə olan Mülki Məcəllənin 384.0.4-cü maddəsinə görə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir. Hazırkı tələb “mülkiyyətçinin hüququnun pozulmasının aradan qaldırılması barədə” tələb hesab olunur, çünki alıcı 18.06.1996-cı ildən (mənzilin dəyərini satıcıya ödədiyi vaxtdan) mülkiyyətçiyə bərabər tutulur. Onun irəli sürüdyü iddia (alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi) mahiyyətcə mülkiyyət hüququnun müdafiəsi barədə iddia sayılır. Mülki Məcəllənin 384.0.4-cü maddəsinin göstərişinin geriyə şamil edilməsi mümkündür, buna Mülki Məcəllənin 7-ci maddəsi imkan verir. Geriyə şamiledilmə ilə bağlı oxşar mövqe Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27.12.2001-ci il tarixli qərarında da əks olunub. Beləliklə, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar