Məhkəmə qərarları › İş №2(103)-7058/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7058/2021

16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7058/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul tələbinə dair” ilkin, "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(005)-11/2021 saylı qətnaməsindən "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən alqı-satqı müqaviləsi üzrə ödənilmiş 42,222 manat, mənzilin təmirinin əvəzi qismində 28,000 manat, əldən çıxmış fayda qismində 23,896 manat, qiymətləndirilmə xərcinə görə 100 manat və dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pul vəsaitinin onun xeyrinə məcburi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin xeyrinə dəymiş ziyana görə 39600 və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 39630 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ASC ilə arasında bağlanmış 19 may 2007-ci il tarixli 3467 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh-nin Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595-də inşa etdiyi 7 nömrəli binanın 1-ci blokunda yerləşən ümumi sahəsi 92.06 kv.metr olan 90 nömrəli mənzilin dəyərinin 180 ay müddətində yəni 2022-ci ilə qədər ödənilməsi şərti ilə alıcıya satılması barədə razılığa gəlinmiş, ASC 3467 saylı alqı-satqı müqaviləsində göstərilən mənzili 09 avqust 2010-cu il tarixli aktla ona təhvil vermişdir. Lakin o həmin mənzildə təmir işləri apardığına görə yalnız 2014-cü ildə ailəsi ilə ora köçmüşdür, alqı-satqı müqaviləsinə uyğun olaraq 19 may 2007ci il tarixdən 2014-ü ilin 3-cü rübünə qədər mütəmadi olaraq ayda 600.95 manat olmaqla mənzilin dəyəri olan 108,170.5 manat məbləğində puldan 42,222 manatını ödəmişdir. Təəssüf ki, özündən asılı olmayan səbəblərdən 2014-ü ilin ortalarında Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə aldığı qəlpə yaraları və bədənində qalmış qəlpələrlə əlaqədar səhhətində yenidən problemlər yarandığına görə işləyə bilməmiş müalicə olunmağa başlamış və bu səbəbdən mənzilə görə aylıq ödənişləri gecikdirmişdir. Cavabdeh isə müqavilənin 180 ay müddətində qüvvədə olduğuna yəni 2022-ci ildə müddətin bitəcəyinə baxmayaraq, mənzilə görə ödənişlərin gecikdirildiyini əsas tutaraq 2015-ci ilin yanvar ayında ASC ilə arasında bağlanmış 19 may 2007-ci il tarixli, 3467 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi və Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595-də yerləşən 7 nömrəli binanın 90 nömrəli mənzilinin boşaldılaraq ona təhvil verilməsi barədə Sabunçu Rayon Məhkəməsində iddia qaldırmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 mart 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən həmin iş üzrə Sabunçu Rayon Məhkəməsinin 10 mart 2015-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamələrinin Ali Məhkəmədə 2 dəfə ləğv olunduğuna və baxılması üçün yenidən həmin məhkəməyə qaytarılmasına baxmayaraq, sonuncu dəfə cavabdeh 16 yanvar 2018-ci ildə Ali Məhkəmənin Mülki Kollegiyasında onun xeyrinə qərar qəbul edilməsinə nail olmuşdur. O xəstəliyinin qismən müalicəsindən sonra yenidən işləməyə başladıqdan sonra 22 sentyabr 2015-ci il və 13 aprel 2016-cı il tarixlərdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə müraciət edərək, Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə aldığı qəlpə yaraları və bədənində qalmış qəlpələrlə əlaqədar səhhətində problem yarandığına görə müalicə olunduğunu, ailə üzvlərindən yalnız özünün işlədiyini, 3 azyaşlı körpə uşağının olduğunu nəzərə alaraq bu səbəbdən gecikdirilmiş aylıq ödənişlərə görə 10,000 manat məbləğində pulun qəbul edilməsini, aylıq ödənişlərin isə köhnə cədvələ və yaxud yeni cədvəl tərtib etməklə ödənilməsinə şərait yaradılmasını xahiş etmişdir. Cavabdeh isə 16.11.2015-ci il tarixli məktubla xahişinin təmin edilməsindən imtina etmiş, digər məktubuna cavab belə verməmişdir. Hazırda Cavabdeh Açıq Səhmdar Cəmiyyəti mübahisəli mənzilin boşaldılaraq ona təhvil verilməsini tələb etsə də, onun 2014-cü ilin ortalarına qədər ödədiyi mənzilin dəyəri olan 42,222 manatı qaytarmaqdan imtina edir. Bundan başqa 19 may 2007-ci il tarixli, 3467 saylı alqı-satqı müqaviləsində də müqavilənin icrasından imtina edildiyi hallarda əsas ödənişin qaytarılması nəzərdə tutulmuşdur. Bundan başqa mənzilin təmiri üçün çəkdiyi xərclər də cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, “X4” Qiymətləndirmə şirkətinin mənzildə görülmüş təmir işlərinin qiymətləndirilməsinə görə 30 may 2018-ci il tarixinə aşınma nəzərə alınmaqla təmirin qalıq dəyəri 28,000 manat müəyyən edilmişdir. Tərəfindən mənzilə görə ödənilmiş (42,222 manat + təmirə görə ödənilmiş 28,000 manat) = cəmi 70,222 manata bərabər olub. ASC bağlanmış 19 may 2007-ci il tarixli, 3467 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi ilə əlaqədar 2015-ci ilin yanvar ayında məhkəməyə müraciət etmişdir. Həmin vaxtdan 41 ay keçdiyinə görə o həmin pul vəsaitini ən kiçik əmanət faizi ilə yəni 10% lə banka qoysa idi onda əmanət üzrə o 23,896 manat əldə edərdi. Buna görə də əldən çıxmış fayda qismində 23,896 manat məbləğində pul vəsaiti də cavabdeh tərəfindən ödənilməlidir. Hazırda 5 nəfər ailə üzvündən 3 nəfəri azyaşlı uşaqlardır. Onların yaşamaq üçün heç bir yerdə yaşayış sahəsi olmadığına görə cavabdeh tərəfindən bütün çəkilmiş xərclər qaytarıldıqdan sonra o, yaşayış yeri almalı yalnız o halda mənzildən çıxarılmalıdır. "xxxx" ASC-nin qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Akkorda məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595-də yerləşən bina 7, blok 1, 2 otaqdan ibarət, ümumi sahəsi 92.06 kv.metr olan 90 saylı (hazırki nömrəsi 106) mənzilin alınmasına dair Akkordla 19 may 2007-ci il tarixli, 3467 nömrəli alqı-satqı müqaviləsi bağlamışdır. İddiaçı müqavilə əsasında aldığı mənzilin pulunu ödəmədiyinə, müqavilə üzrə öhdəliklərini pozduğuna görə "xxxx" ASC ona qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair” iddia qaldırmış, Sabunçu Rayon Məhkəməsinin 10 mart 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı apellyasiya və kassasiya şikayətləri təmin olunmamışdır. İddiaçı 2007-ci ildən Akkorda məxsus mənzili almış, razılaşdırmadan və mənzilin pulunu vaxtlıvaxtında ödəmədiyi halda mənzili təmir edərək orada yaşamağa başlamışdır. İddiaçı bu 11 ildə kirayə yaşamış olsaydı, hər ay kirayə mənzilə minimum 300 manat kirayə haqqı ödəməklə 11 ildə (132 ay) 39600 manat kirayə haqqı ödəməli idi. Deməli Akkord mənzili İddiaçı və ya başqa bir şəxsə kirayəyə versəydi 11 ilə ən azı 39600 manat qazanc əldə edə bilərdi. Göründüyü kimi İddiaçı qeyd olunan Akkorda məxsus mənzildə əsassız yaşaması ilə Akkorda maddi ziyan dəymişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(005)- 11/2021 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, "xxxx" ASC-dən alqı-satqı müqaviləsi üzrə ödənilmiş 42,222 manat, mənzildə aparılmış təmirin dəyəri olaraq 14512,2 manat, qiymətləndirmə xərcinə görə ödənilmiş 100 manat məbləğində pul cəmi 56834,2 manat məbləğində pul, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı verilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı 24000 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun "xxxx" ASCnin xeyrinə tutulması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri bərabər qaydada "xxxx" ASC-dən 100 manat və İddiaçı 100 manat olmaqla, cəmi 200 manat məbləğində pulun tutulub Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən "xxxx" ASC tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın təmin olunmaması hissəsində ləğv edilməsi və ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın isə tam təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçının müqavilə üzrə öhdəsinə götürdüyü vəzifələrini əhəmiyyətli dərəcədə pozması üzündən ləğv edildiyi üçün mənzilə görə cavabdehə ödədiyi pul məbləği geri qaytarılmamalıdır, belə ki, Mülki Məcəllənin 424.4-cü maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Bundan başqa, iddiaçı mənzili təmir edərkən cavabdehlə hər hansı razılaşma bağlanmayıb mənzilin təmirini öz riski ilə həyata keçirmişdir. İddiaçı mənzilin pulunu ödəmədiyi üçün mülkiyyətçi hesab olunmur və eyni zamanda vicdanlı sahib də hesab oluna bilməz. İddiaçının çəkdiyi məsrəflər gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonraya deyil, onun mənzildən istifadə etdiyi vaxta aid olduğu üçün iddiaçı əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilməz. İddiaçı mənzili 2007-ci ildə almış və həmin vaxtdan da təmir edib orada yaşamağa başlamış və bu gün də yaşayır. Məhkəmə kollegiyasının iclasında ASC-nin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 19.05.2007-ci il tarixli, 3467 saylı mənzilin alqısatqı müqaviləsinə əsasən satıcı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595-də inşa edilən 7 nömrəli binanın 1-ci blokunda yerləşən ümumi sahəsi 92.06 kv.metr olan 90 nömrəli mənzilini alıcı İddiaçı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 108170,5 manat məbləğində müəyyən olunur və alıcı mənzilin qiymətini hər ay 600,95 manat məbləğində ödəniş etməklə 180 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 09.08.2010-cu il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri Rüstəm Mustafayev, Mənzil Komissiyasının üzvü Davud Əhmədzadə və İddiaçı arasında bağlanmış akta əsasən, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595-də inşa edilən 7 nömrəli binanın 1-ci blokunda yerləşən ümumi sahəsi 92.06 kv.metr olan 90 nömrəli mənzilini təhvil verilmişdir. X4 MMC-nin 30 may 2018-ci il tarixli, 917 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595-də inşa edilən 7 nömrəli binanın 1-ci blokunda yerləşən ümumi sahəsi 92.06 kv.metr olan 90 nömrəli mənzilində görülmüş təmir işlərinin 30 may 2018-ci il tarixinə aşınma nəzərə alınmaqla qalıq dəyəri 28000 manat təşkil edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-371/15 nömrəli iş üzrə 10 mart 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh İddiaçı arasında bağlanmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595-də ASC tərəfindən inşa edilniş 7 nömrəli binanın 1-ci blokunda ümumi sahəsi 92.6 kv.metr olan iki otaqlı 90 (hazırda 106) nömrəli mənzilə dair 19.05.2007-ci il tarixdə bağlanmış müqavilə ləğv olunmuş və həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)- 7124/2017 nömrəli iş üzrə 02 avqust 2017-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 mart 2015-ci il tarixli 2(008)-371/2015 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-300/2018 nömrəli, 16 yanvar 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı Əlifirqan oğlunun kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-7124/2017 nömrəli iş üzrə 02 avqust 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 19.03.2020-ci il tarixli, 20628 saylı ekspert rəyi ilə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595-də inşa edilən 7 nömrəli binanın 1-ci blokunda yerləşən ümumi sahəsi 92.06 kv.metr olan 90 nömrəli mənzili üzrə aparılmış təmir işlərinin bazar qiymətlərinə uyğun təqribi qiymətinin 29183 manat məbləğində olduğu müəyyən edilir. Məhkəmənin 04.06.2020-ci il tarixli qəraradına əsəsən mülki iş üzrə məhkəmə əlavə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 28.12.2020-ci il tarixli, 10/1307 saylı ekspert rəyi ilə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, məhəllə 2595-də inşa edilən 7 nömrəli binanın 1-ci blokunda yerləşən 90 nömrəli mənzildə İddiaçı tərəfindən aparılmış tikinti-təmir işlərinin hal-hazırki bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 29183,0 manat və 2013-2014-cü illər üçün 24187,0 manat məbləğində müəyyən olunmuşdur. Eyni zamanda ekspert tərəfindən qeyd olunur ki, 2007-ci il üçün aparılmış tikinti-təmir işləri zamanı istifadə olunmuş tikinti materiallarının dəyəri barədə məlumat olmadığı üçün həmin dövrdə aparılmış tikinti işlərinin dəyərini müəyyən etmək mümkün olmadı. Continental MMC-nin 13 iyun 2019-cu il tarixli 405K saylı arayışına əsasən “Uğur-2” yaşayış komleksində mənzillərin aylıq kirayə haqqı barəsində bizdə məlumat yoxdur. Amma həmin kompleksdə ortalama həmin kv-da olan mənzillərin aylıq kirayə haqqı təmirindən və əşyalarından asılı olaraq 300-400 AZN arasında dəyişir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmişdir ki, 19.05.2007-ci il tarixli, 3467 saylı mənzilin alqı-satqı müqaviləsi üzrə ümumilikdə 42.222 manat məbləğində pul ödənilmişdir. İddiaçı hazırda da həmin mənzildə yaşayır. Həmçinin tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş və mənzilin İddiaçı tərəfindən boşaldılaraq "xxxx" ASC-yə təhvil verilməsi qət edilmişdir. Belə olan halda iddiaçı həmin ödənilmiş məbləği tələb etməkdə haqlı olmuşdur. Kollegiya apelyasiya şikayətinin müqavilə iddiaçının onun şərtlərini əhəmiyyətli dərəcədə pozması üzündən ləğv edildiyi üçün ödənilmiş pulun geri qaytarılması barədə tələbin əsassız olması barədə dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdehin həmin etirazının əsası kimi istinad etdiyi Mülki Məcəllənin 424.4-cü maddəsinə görə, tərəflərin müqavilənin ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməməsi o halda baş verir ki, həmin Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməsin. Tərəflərin bağladıqları 19.05.2007-ci il tarixli alqı-satqı müqaviləsinin 5.8-ci bəndində isə nəzərdə tutulmuşdur ki, alıcı tərəfindən müqavilənin icrasından imtina edilməsi hallarında ilkin ödəniş istisna olmaqla, ödənilmiş məbləğin əsas hissəsi yalnız mənzil satıldıqdan sonra alıcıya qaytarılır. Göründüyü kimi, müqavilə ilə ödənilmiş məbləğin qaytarılması şərtini tərəflər özləri razılaşdırmışlar, ilkin ödəniş isə olunmamışdır. Eyni zamanda iddiaçı 19.05.2007-ci il tarixli, 3467 saylı mənzilin alqı-satqı müqaviləsinə əsaslanaraq və onun müqavilə üzrə müəyyən edilmiş dəyərini ödəmək niyyətində olaraq, həmin mənzildə yaşamaq məqsədi ilə onu təmir etmiş və bunun üçün vəsait sərf etmişdir və hazırda da təmirə çəkilmiş xərclərin əvəzini tələb etmişdir ki, məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı mənzili “X2 Korporasiyası” ASC ilə aralarında hər hansı müqavilə bağlamaqla və "xxxx" ASC-nin sifarişi əsasında və məhz "xxxx" ASC üçün təmir etməmişdir, mənzil “X2 Korporasiyası” ASC-yə təhvil verildikdən sonra cəmiyyət həmin mənzilin hər hansı digər alıcıya satılması üçün tam hüquqlu olacaqdır və bu zaman mənzilin qiyməti müəyyən edilərkən təbii ki, onun təmirli olması da nəzərə alınacaq və həmin münasibətlərdən “X2 Korporasiyası” ASC faydalanacaqdır. Buna görə də məhkəmə haqlı olaraq köhnəlmə nəzərə alınmaqla mənzilin təmirinə sərf olunmuş məbləğin 14512,2 manat olmaqla, cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir. Tərəflərin bir birinə maddi zərər vurması mübahisəsizdir, belə ki, "xxxx" ASC İddiaçı tərəfindən mənzilə görə ümumilikdə ödənilmiş məbləğdən ötən dövr ərzində faydalanmış, eyni zamanda, İddiaçı tərəfindən tələb olunan məbləğdə ödənişin edilməməsi nəticəsində maddi ziyana uğramışdır. Bununla bağlı da nəticədə tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş, mənzilin boşaldılması və "xxxx" ASCyə təhvil verilməsi qət edilmiş, həmçinin də məhkəmə "xxxx" ASC-dən İddiaçı xeyrinə pul tutulmalı olması qənaətinə gəlmişdir. Lakin ilk iddiaçı 180 ay ərzində hər ay 600,95 manat məbləğində ödəniş etmək barədə “X2 Korporasiyası” ASC qarşısında öhdəlik götürsə də, öhdəliklərini lazımi qaydada icra etməmişdir. Mənzili təmir etdiyi 2013-2014-cü il tarixdən, bugünədək də həmin mənzildə yaşayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı mənzili 2007-ci ildə almış olsa da, 2013-cü ildən yaşamağa başlamışdır, buna görə də məhkəmə mənzilin kirayə haqqı məbləğini əsas götürməklə iddiaçının həmin mübahisəli mənzili təmir edərək köçməsi və orada yaşadığı 2013-cü il tarixindən, qarşılıqlı iddia ilə müraciət olunduğu 2018-ci il tarixini əhatə edən dövr üçün ASC-yə dəymiş zərəri hesablamışdır. Kollegiya hesab edir ki, məhkəmə işin müəyyən edilmiş hallarına əsasən düzgün nəticəyə gəlmişdir. ASC-nin apelyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-11/2021 saylı iş üzrə 01 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar