Məhkəmə qərarları › İş №2(103)-7059/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7059/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7059/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh oğluna qarşı “pul tələbinə dair” 2(005)-3387/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh oğlundan onun xeyrinə 18 500 (on səkkiz min beş yüz) manat məbləğində borcun, 10000 (on min) manat məbləğində maddi zərərin və məhkəmə üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində 38p nömrəli binada yerləşən obyekti icarə əsasında götürüb ticarətlə məşğul olmaq niyyətində olmuş, bu məqsədlə Cavabdeh ilə danışıq aparıb həmin obyektin 13 aylıq icarə pulunu - 19500 manatı 05 noyabr 2019-cu il tarixdə Cavabdeh məxsus ofisdə ona ödəmişdir. Həmin obyektdən ümumiyyətlə istifadə etməmiş və pulu verdikdən bir neçə gün sonra ona məlum olmuşdur ki, Cavabdeh onun pulunu dələduzluq yolu ilə ələ keçirmişdir və həmin obyekti aptek kimi başqa bir şəxsə icarəyə vermişdir. Cavabdeh onun etibarını qazanmaq üçün notarial təsdiqi olmayan ödənilən pulun məbləğini, obyektin yerləşdiyi yeri əks etdirən və öz imzası ilə təsdiq etdiyi icarə müqaviləsi hazırlamışdır. Dəfələrlə Cavabdeh ilə əlaqə saxlamağa çalışsa da pulu ələ keçirdikdən sonra ümumiyyətlə onunla əlaqəni kəsmişdir. Bir neçə dəfə onun Röyal adlı köməkçisi ilə (tel: *** *** ** **) bu mövzu ilə əlaqədar görüşmüş və ona Cavabdeh şikayət edəcəyini bildirsə də, Cavabdeh köməkçisi adlandırdığı Röyal vasitəsilə onun 1000 (min) manat pulunu geri qaytarsa da, qalan pulu geri qaytarmaqdan imtina etmiş, Röyal vasitəsilə ona bildirmişdir ki, hara istəyirsə gedib şikayət etsin, pulunu qaytarmayacağam. Bundan sonra o, məcbur qalıb pulunun qaytarılması və Cavabdeh cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna ərizə ilə müraciət etmiş, ərizəsi Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı, polis kapitanı Nəriman Əzizov tərəfindən araşdırılaraq 25.07.2020-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və ona mülki qaydada məhkəməyə müraciət etməsinin məqsədəmüvafıq olması bildirilmişdir. 24-cü PŞ-də aparılan araşdırma zamanı izahatı alınmış Cavabdeh niyyətinin qabaqcadan İddiaçı pulunu mənimsəmək məqsədi deyil, ona obyekt icarəyə vermək olduğunu bildirmiş və ona olan 18500 (on səkkiz min beş yüz) manat pul borcunu hissə-hissə qaytarmağa söz vermişdir. Lakin borcludan pul vəsaitini ala bilmədiyi üçün məhkəmə müdaxiləsi zərurəti yaranmış və bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh oğlundan 18500 (on səkkiz min beş yüz) manat məbləğində pulun və 15 (on beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı oğlunun xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçıdan icarə haqqını alaraq obyekti başqa bir şəxsə icarəyə verməsi ilə bağlı məhkəməyə iddaçı tərəfindən sübut təqdim edilməmişdir. Bu dəlil, yalnız öz təsdiqini tapmayan izahat-söz kimi verilmişdir. Cavabdeh izahatları ilə təsdiq olunur ki, iddiaçı ilə cavabdehin arasında olan icarə müqaviləsindən irəli gələn öhdəliklər Cavabdeh təqsiri üzündən pozulmamışdır. Cavabdeh öz öhdəliyini icra etmişdir. O, İddiaçı heç bir maneə yaratmamışdır, icarəyə verilən obyekti iddiaçının istifadəsinə vermişdir, iddiaçı obyektdən istifadə etmiş, heç bir səbəb olmadan özü obyekti işlətməkdən, icarə müansibəllərini davam etdirməkdən imtina etmişdir. Cavabdehin iddiaçıya sözügedən obyekti verməkdən imtina edib-etmədiyi, həmin obyektin iddiaçı tərəfindən başqa bir şəxsə aptek kimi icarəyə verilib-verilmədiyi, başqa şəxsə icarəyə verilibsə hansı tarixdən verildiyi müəyyən edilməlidir. Bundan sonra hansı tərəfin təqsirli olmasına hüquqi qiymət verilməlidir. Həmçinin, icarə müqaviləsini tərəflər ləğv edib-etməmələri, icarə münasibətlərinə xitam verilib-verilməməsi kimi məsələlər də müəyyən edilməmişdir. Hazırki işdə kirayəçi İddiaçı kirayə haqqını ödədikdən sonra obyektdən bir həftə istifadə edərək sonradan özü istifadə hüququnu həyata keçirməkdən imtina edib, bu səbəbdən onun icarə haqqı kimi ödədiyi 19.500 manat pul məbləği hüquqi müstəvidə nəzərdən keçirildikdə İddiaçı qaytarılmalı deyil. Apellyasiya baxışı zamanı iddiaçının təmsilçisi apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının təmsilçisini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilir ki, 01.01.2020-ci il tarixdə tərəflər arasında Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində 38p nömrəli binada yerləşən qeyri yaşayış sahəsinin 2 il müddətinə İddiaçı icarəyə verilməsi barədə razılıq əldə edilmiş, buna görə X3 tərəfindən Cavabdeh 01.01.2021-ci il tarixədək icarə haqqı olaraq 19500 (on doqquz min beş yüz) manat pul ödənilmişdir. Lakin bundan qısa müddət sonra tərəflər arasında əldə edilmiş icarə haqqında razılıq gerçəkləşməmiş, icarə münasibətlərinin yaranması baş tutmamışdır. X1 ödədiyi pulun geri qaytarılmadığı üçün verdiyi şikayət əsasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində aparılmış araşdırmanın nəticəsinə görə 25.07.2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarın surətindən görünür ki, Cavabdeh Əkbər oğlu verdiyi izahatında 19500 manat məbləğin öz ehtiyacına sərf etdiyini və onun pulunu qaytaracağını bildirmişdir. Oxşar məzmunlu izahat verən X2 da həmin izahatda göstərilən xüsusatları təsdiqləmişdir. Cavabdeh Əkbər oğlunun məhkəməyə təqdim etdiyi 02.11.2020-ci il tarixli ərizəsindən görünür ki, o, İddiaçı 18500 manat məbləğində pulu qaytara bilmədiyini qeyd etmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericlik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən, 18500 manat məbləğində pulun tutulması hissəsində təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Cavabdehin tərəflər arasında icarə müqaviləsinin ləğv edilmədiyi, icarə münasibətlərinin davam etdiyi və iddiaçının icarəyə götürdüyü qeyri yaşayış sahəsindən istifadə etmədiyi üçün cavabdehin icarə haqqını qaytarmalı olmadığı barədə dəlili əsaslı sayıla bilməz. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən tərəflər arasında qeyd edilən qeyri-yaşayış sahəsinin icarəsi haqqında razılıq əldə edilsə də, qısa müddət sonra həmin razılıq gerçəkləşməmiş, icarə münasibətlərinin yaranması baş tutmamışdır. Cavabdeh Əkbər oğlu birinci instansiya məhkəməsində işə baxılan zaman verdiyi izahatında iddianı qismən qəbul etdiyini, iddiaçıya olan 18500 manat borcunu hissə-hissə qaytaracağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(005)- 3387/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar