Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-706/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), X1 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Emin Rzayevin, Cavabdehin nümayəndəsi və vəkili Ümman Salehzadənin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi və s.” tələbinə dair 2(006)- 2254/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən 100 saylı mənzildən istifadə hüququna xitam verilməsi və Cavabdeh məxsus cehiz əşyaları: yataq, mətbəx və qonaq otağı mebel dəsti; 1 ədəd divan; 1 ədəd televizor; 1 ədəd soyuducu; 1 ədəd plataryuyan maşın; 1 ədəd dəhliz şkafı; 1 ədəd xalça; 1 ədəd qızdırıcı soba; 1 ədəd ətçəkən maşın; 1 ədəd ütü; 2 ədəd çılçıraq; qab-qacaq; 2 ədəd pərdənin ünvan 1 ünvanında yerləşən 100 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxx 2017-ci il tarixdə “xxxx” MMC ilə iddiaçı arasında ünvan 1 ünvanında yerləşən 100 saylı mənzilin alqı-satqısı haqqında 50/176 saylı müqavilə imzalanmışdır. Mənzilin tam dəyəri xx xxx 2017-ci il tarixdə ödənilmişdir. İddiaçı ilə cavabdeh xx.xx.2017-ci il tarixdə nikah bağlamışlar. Nikahdan övlad dünyaya gəlməmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(008)-1219/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə köçürmə tələbinə dair iddiası təmin edilmiş və Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsində yerləşən 192 saylı evin 100 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Məhkəmənin qeyd edilən qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Məhkəmə qeyd olunan qətnaməsində iddiaçı ilə cavabdehin nikah münasibətlərində olmasına əsaslanaraq cavabdehin mənzilə köçürmə tələbinə dair iddiasını təmin etmişdir. Bundan sonra iddiaçı ilə cavabdehin nikahı xx xxxxxx 2019-cu il tarixdə pozulmuşdur. Uzun müddətdir iddiaçı ilə cavabdeh arasında heç bir ailə münasibəti yoxdur və birbirilərindən ayrı yaşayaraq birgə təsərrüfat aparmırlar. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsi iddiaçının mənzildən istifadə hüquqlarını pozur. Hesab edir ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən 100 saylı mənzildən istifadə hüququna xitam verilməlidir. Bundan başqa, ona məxsus ünvan 1 ünvanında yerləşən 100 saylı mənzildə cavabdehə məxsus cehiz əşyaları mövcuddur və cavabdeh həmin əşyaları götürməkdən imtina edir. Nəticədə, qeyd olunan hal onun mülkiyyət hüquqlarını pozur, o, mənzildən maneəsiz şəkildə istifadə edə və özünə məxsus bir çox əşyanı həmin mənzilə yerləşdirə bilmir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ünvan 1 ünvanında yerləşən 100 saylı mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən 100 saylı mənzildən Cavabdeh məxsus yataq, mətbəx və qonaq otağı mebel dəsti; 1 ədəd divan; 1 ədəd televizor; 1 ədəd soyuducu; 1 ədəd plataryuyan maşın; 1 ədəd dəhliz şkafı; 1 ədəd xalça; 1 ədəd qızdırıcı soba; 1 ədəd ətçəkən maşın; 1 ədəd ütü; 2 ədəd çılçıraq; qabqacaq; 2 ədəd pərdə olmaqla həmin əşyaların siyahıya alınmaqla çıxarılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin mübahisələndirilən hissəsində ləğv edilməsini və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 2017-ci il tarixdə onlar nikaha daxil olmuşlar və həmin mənzilə köçərək yaşamışdır. Cehiz əşyaları da həmin mənzilə yerləşdirilib. Sonradan münasibətləri pozulmuş, iddiaçı onu mənzilə buraxmamışdır. O, məhkəməyə müarciət etmiş və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(008)-1219/2019 saylı qətnaməsi ilə mübahisəli mənzilə köçürülməsi qət edilmişdir. İddiaçı ona qarşı məhkəmədə nikahın pozulması ilə bağlı iddia qaldırmış və məhkəmənin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulnuşdur. İddiaçının məhkəmənin qətnaməsindən verdiyi apellyasiya şikayətinə baxılmış və şikayət təmin edilməmişdir. Məhkəmənin xx xxxxx 2019-cu il tarixli qətnaməsi hüquqi qüvvəsini almış və icraya yönəlmişdir. İcra məmuru uzun müddət onun hüquqlarını pozub qətnaməni icrasız saxlasa da qətnamə xx xxxx 2020-ci il tarixdə icra olunmuş və mübahisəli mənzilə köçürülmüşdür. O, artıq mübahisəli mənzilə köçürülmüşdür, orada yaşayır, onun məhkəmə qətnaməsinə əsasən mənzildə yaşamaq hüququ yaranıb, mübahisəli mənzillə bağlı yaşayış hüququ məhkəmə qətnaməsindən irəli gələn hüquqdur. Məhkəmənin xx xxxxx 2019-cu il tarixli qətnaməsilə onun mübahisəli mənzilə köçürülməklə mənzildən istifadə hüququ yaranır. Həmin qətnamənin icra məmurunun hərəkətsizliyi ucbatından icra olunmaması onun məhkəmə qətnaməsilə əmələ gəlmiş mübahisəli mənzilə dair istifadə hüququnun xitamına səbəb olmur. Məhkəmə hesab edir ki, qətnamə nikah dövründə çıxarılıb, nikah pozuldusa qətnamədən əmələ gələn hüquq da itir. Bu belə deyil, nə qədər ki, həmin qətnamə ləğv edilməyib, onun mənzildən istifadə hüququ var. Apellyasiya baxışı zamanı cavabdehin təmsilçisi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçının təmsilçisi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə qətnamənin iddianın təmin olunmasına dair hissəninin qanuniliyi və əsaslılığı apellyasiya baxışını predmetidir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, 50/176 saylı, xx xxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, satıcı “xxxx” MMC alıcı İddiaçı mənzilin dəyərinə uyğun olaraq Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 yaşayış massivi ünvanında inşa edilən 3 girişli 19 mərtəbəli yaşayış binasının, 1-ci blok, 18-ci mərtəbəsindən, ümumi sahəsi 58 kvadrat metr (konstruksiya və hörgü altı sahə daxil – 64,2 kvadrat metr), 1 otaqlı, 100 saylı mənzili alıcıya təhvil verməyi öhdəsinə götürür və İddiaçı əldə etdiyi mənzilin dəyərini bü müqavilənin şərtlərinə uyğun “xxxx” MMC-yə ödəməyi öhdəsinə götürür. “xxxx” MMC-nin xx xxxx 2019-cu il tarixli, 18/19 saylı arayışından görünür ki, ünvan 1, mənzil 100 ünvanında yaşayan İddiaçı ilə “xxxx” MMC arasında xx.xx.2017-ci il tarixində 50/176 saylı mənzil alqı-satqı müqaviləsi bağlanmışdır. “xxxx” MMC tərəfindən tərtib edilmiş xx xxx 2017-ci il tarixli, 50/423 saylı maliyyə arayışı və xx xxx 2017-ci il tarixli arayışdan görünür ki, “xxxx” MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 yaşayış massivi ünvanında inşa edilən 3 girişli 19 mərtəbəli yaşayış binasının, 1-ci blok, 18-ci mərtəbəsindən, ümumi sahəsi 58 kvadrat metr (konstruksiya və hörgü altı sahə daxil – 64,2 kvadrat metr), 1 otaqlı, 100 saylı mənzilin tam dəyəri 49.300 manat İddiaçı tərəfindən ödənilmişdir. Bakı şəhəri 1 saylı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə verilmiş AZ-T seriyalı, 007719 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh xx xxxxxxx 2017-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3321 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfındən 24 dekabr 2019-cu tarixdə verilmiş AZ-İ seriyalı 343310 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxx 2019-cu il tarixdə 449 nömrə ilə qeyd edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-1219/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh iddia tələbi təmin edilmiş, onun Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsində yerləşən 192 saylı evin 100 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericilik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxx 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Cavabdeh mübahisəli mənzilə xx xxxxxxx 2017-ci ildən köçdüyündən bu münasibətlərdən yaranan mübahisəyə hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki Məcəllənin 157.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 100 saylı mənzilin qanuni sahibidir. O, həmin mənzili cavabdehlə rəsmi nikaha daxil olmamışdan əvvəl əldə etmişdir. Tərəflər arasında olan nikah münasibətlərinə xx xxxxxx 2019-cu ildə xitam verilmişdir. Belə olan halda, Cavabdeh mübahisəli mənzildən istifadə hüququ rəsmi nikah münasibətlərinə daxil olması ilə yaranmış və o, ailə münasibətlərində olduğu müddətdə də həmin mənzildən istifadə hüququnu realizə etmişdir. Cavabdeh mübahisə predmeti olan mənzilə gəlin köçməklə iddiaçının ailə üzvü kimi həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmiş, lakin hazırda tərəflər arasında olmuş ailə münasibətlərinə rəsmi xitam verildiyindən cavabdeh həmin əmlakdan istifadə hüququnu itirmişdir. Kollegiya, cavabdehin mübahisə predmeti təşkil edən mənzildən istifadə hüququnun onun rəsmi nikah münasibətlərinə girməsi ilə yarandığını və bu hüququna həmin nikah münasibətlərinin pozulması ilə də xitam verildiyini, onun iddiaçının ailə üzvü artıq sayılmadığını və eyni zamanda tərəflər arasında mübahisəli mənzildən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığını, həmçinin Cavabdeh mənzil ehtiyacının təmin olunması üçün mübahisəli mənzildən başqa heç bir imkan və vəsaitinin olmamasının iş materialları ilə müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cavabdehin Mənzil Məcəlləsinin 30.1-cü maddəsinə əsasən ünvan 1 ünvanında yerləşən 100 saylı mənzilə yaranmış istifadə hüququnu itirmişdir. Bununla yanaşı, cavabdehin ünvan 1 ünvanında yerləşən 100 saylı mənzilə istifadə hüququnu itirdiyi müəyyən edildiyindən, mövcud olmayan hüquqa isə xitam vermək mümkün olmadığından, cavabdehin mənzildən istifadə hüququnun olmadığı müəyyən edilməsi barədə birinci instasniya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Kollegiya hesab edir ki, cavabdehin ünvan 1 ünvanında yerləşən 100 saylı mənzilə köçürülməsi barədə qanuni qüvvəsini almış məhkəmə aktının olmasına baxmayaraq, mübahisənin faktiki əsasını təşkil edən halların tərkibi dəyişildiyindən, bu isə tərəflər üçün yeni hüquqlar və vəzifələrin əmələ gəlməsinə əsas olduğundan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, hüquqların pozulması, ziyanın vurulması, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. Hazırki işdə tərəflər üçün yeni hüquqlar və vəzifələrin əmələ gəlməsinə əsas olan hal onların arasındakı nikahın pozulmuş olmasıdır. Həmçinin kollegiya hazırda cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə etməsinin hüquqi əsasının olmaması müəyyən edildiyindən hesab edir ki o, əşyaları ilə birlikdə mübahisəli mənzildən çıxarılması barədə birinci instasniya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Beləliklə, iddiaçının əmlakın mülkiyyətçisi olması, onun həmin əmlak üzərində faktiki sahiblikdən məhrum olması mübahisələndirilməyən hallardır. Habelə, cavabdehin mübahisəli mənzildə yaşamasına hüquqi əsas ola biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Qeyd edilməlidir ki, cavabdehin iddiaçıya məxsus evdə yaşamasına iddiaçının razılığı olması onun həmin mənzillə bağlı hər hansı hüququnun olmasına dəlalət etmir. Göründüyü kimi, iddianın qismən təmin edilməsi barədə birinci instasniya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-2254/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-706/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-706/2021
16.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver