Məhkəmə qərarları › İş №2(103)-7065/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7065/2023

19.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7065/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X4 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “özbaşına tikilinin sökülməsi və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-816/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiаçı “X4 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 39 T 415045.00 m B 4476583.00 m C koordinatları üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin AZ02AİİB**********001246711 nömrəli hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki: “X4 Kompani S.A” Şirkəti Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış xx.xx.2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikasə Prezidentinin xx.xx.2005-ci il tarixli, 875 saylı sərəncamına əsasən ARDNŞə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabili qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qeyd olunan Saziş qanun statusu əldə etmişdir. Həmin Qanunun 4-cü bəndinə əsasən Saziş qanun statusu alır və qüvvədə olan və eləcə də, gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. “X4 Kompani S.A” Şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədi ilə Nümayəndəlik yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X4 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyin sərəncamına verir. Həmin sazişin 2.1-ci maddəsinə əsasən ARDNŞ “X4 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə Sazişə 2-ci əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan sahə başa düşülür. Yuxarıda qeyd olunanlardan görünür ki, “X4 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüququmuz mövcuddur. Son illər istifadəmizdə olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən zəbt edilməsi, özbaşına olaraq tikinti aparılması bizim qanunla qorunan hüquqlarımızı pozur və mənafelərimizə toxunur. Həmin şəxslərə qanunsuz hərəkətlərinin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi, həmin sahələrin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq etsək də, cavabdehlər bizim haqlı tələblərimizə əhəmiyyət verməyərək tikintini davam etdirirlər. “X4 Kompani S.A” Şirkətinin qanuni istifadəsində olan əraziyə baxış keçirilərkən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 39 T 415045.00 m B 4476583.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına olaraq tikinti işlərinin aparılması aşkarlanmışdır. Araşdırma nəticəsində cavabdeh nə torpaq sahəsinə, nə də tikiliyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Şirkətin qarşısında yaxın müddət ərzində neft-qaz hasilatının maksimum səviyyəyə qaldırılması məsələsi qoyulmuş və buna uyğun proqram hazırlanmışdır. Həmin proqrama köhnə quyuların istismara qaytarılması, yeni quyuların qazılması məsələləri daxil edilmişdir. Lakin yuxarıda qeyd edilənlərlə bağlı hal-hazırda həmin proqramın yerinə yetirilməsində müəyyən çətinliklərlə üzləşirik. Mədən ərazilərində gedən hər hansı qanunsuz tikinti neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir. Yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda keçiriləcək geoloji-texniki tədbirlərin həyata keçirilməsi mümkün olmur”.

3. Suraxanı Rayon Məhkəməsinin 2(010)-816/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Səlimə Miriyeva) ilə iddiаçı “X4 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dаir iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, 50 (əlli) manat məbləğində ekspertiza xərcinin iddiaçı “X4 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilməsi qərara alınmışdır.

4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyini qeyd etmiş, bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı şirkət bu iddianı bundan öncə də qaldırmış, 2019-cu ildə bununla bağlı qətnamə qəbul edilmişdir ki, iddia düzgün cavabdehə qarşı qoyulmamışdır. Hesab edir ki, hazırkı işlə həmin iş eyni əsaslıdır, işə xitam verilməlidir. Düzdür, 2019-cu ildə iddia qaldırılanda sökülməsi tələb edilən tikili, layihədə 3 rəqəmi ilə işarə olunan tikili, hazırkı iddiada isə layihədə ön cərgədə 7 rəqəmi ilə qeyd edilən yardımçı otaqlardır. Hesab edir ki, tikililər ayrı-ayrı olsa da, iddia eyni torpaq sahəsi ilə bağlı olduğundan iş üzrə icraata xitam verilməlidir.

8. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

9. 27.05.2022-ci il tarixli, 33 nömrəli aktın surətindən görünür ki, 415045.07; 4476583.14 koordinatı üzrə nümayəndəliyin 1 saylı neft-qaz çıxarma sexinin ərazisində olan Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi ünvanında Cavabdeh tərəfindən sahədə təxminən 65 m2 ölçüdə daş konstruksiyalı fərdi yaşayış evinin tikintisi aşkar edilmişdir.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 5045/2019 nömrəli qətnaməsindən görünür ki, iddiaçı “X4 Kompani S.A” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməmiş, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10.4 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

11. Bakı şəhər X3 İcraiyyə Komitəsi tərəfindən qəbul edilmiş xx.xx.1990-cı il tarixli, 3/127 nömrəli qərarın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər X3 İcraiyyə Komitəsi qərara almışdır ki, Neft Sənayesi Nazirliyi “Azərneft” birliyinin layların neft verməsinin artırılması və quyuların əsaslı təmir təmir idarəsinin xahişini nəzərə alaraq (31.08.89-cu il tarixli, 01/416 №-li məktuba əsasən) bu idarənin tərkibində yaradılmış “Aqro” kooperativinə kənd məhsulları becərilməsi üçün Orconikidze rayonunun 1-ci mədən ərazisində torpaq sahəsu ayrılmasına icazə verilsin.

12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/2871 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşunun Təşkili şöbəsinin mütəxəssisi Səfər Əliyevin mütəxəssis rəyində qeyd edilir ki, iddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi Cavabdeh faktiki istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi 39 T 415045.00 m B 4476583.00 m C koordinatları verilmiş torpaq sahəsinin daxilində tikililər mövcuddur. Mütəxəssis rəyində qeyd edilir ki, elektron kadastr məlumat bazasına əsasən həmin tikililər qeydiyyatdan keçməmişdir. Baxış zamanı təqdim edilmiş tikililər Bakı şəhər X2 İcraiyyə Komitəsinin 1990-cı il tarixli, 3/127 nömrəli qararından çıxarışa, xx.xx.1991-ci il tarixdə təsdiq edilmiş tikinti pasportunda və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə xx.xx.2000-ci il tarixdə razılaşdırılmış eskiz layihəsində qeyd olunanlara əsasən “Aqro” kooperativ müəssisəsinin istifadəsindədir. Mütəxəssis rəyində qeyd edilir ki, həmin torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən “X4 Kompani S.A” Şirkətinin istifadəsində olmaqla dövlət mülkiyyətindədir. Tətbiq edilən maddi hüquq normaları:

13. Azərbaycan Respublikasinin Konstitusiyası Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

15. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini idiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

16. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

17. İddiaçı “X4 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün istifadələrinə verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi, 39 T 415045.00 m B 4476583.00 m C koordinatları üzrə yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına tikili tikildiyini iddia edərək, həmin tikilinin sökülməsini və torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılmasını tələb etmişdir.

18. Ekspert rəyində həmin koordinatlarda yerləşən tikililərin “Aqro” kooperativinin istifadəsində olduğu müəyyən olunmuşdur.

19. Belə ki, mülki iş materiallarında olan Bakı şəhər X1 İcraiyyə Komitəsinin 1990-cı il tarixli, 3/127 nömrəli qərarından çıxarışa, xx.xx.1991-ci il tarixdə təsdiq edilmiş tikinti pasportunda və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə xx.xx.2000-ci il tarixdə razılaşdırılmış eskiz layihəsində qeyd olunanlara əsasən həmin koordinatlar üzərində tikilmiş tikililər “Aqro” kooperativ müəssisəsinin istifadəsindədir.

20. Rayon məhkəməsində işə baxılarkən Cavabdeh mübahisəli ünvanda sədri olduğu “Aqro” kooperativinə məxsus tikililərin olduğunu qəbul etmişdir. Buna baxmayaraq, iddiaçı Şirkət iş üzrə Cavabdeh “Aqro” kooperativ müəssisəsi ilə əvəzlənməsinə razılıq verməmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi cavabdehin əvəz edilməsinə etiraz etdiklərini bildirmişdir.

21. Nəticədə iddia tələbi əsl olmayan cavabdehə irəli sürülməsi əsası ilə təmin edilməmişdir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd edilən normaların mahiyyətindən və həmin fəslin sistematik təhlilindən də görünür ki, həmin normada nəzərdə tutulmuş qaydalar ancaq birinci instansiyada işə baxan məhkəmələrdə aparılan icraat zamanı tətbiq oluna bilər və iddiaçı da ona verilən bu hüquqdan (özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməsi) birinci instansiya məhkəməsində istifadə etməlidir. Əks yanaşma, yəni iddiaçının bu hüququndan apellyasiya instansiyasında da istifadə etməsi əsl olan cavabdehin məhkəmə müdafiəsinə olan hüquqlarının (üçpilləli məhkəmə sistemində birinci instansiya məhkəməsində iştirak etmək hüququndan məhrum edilməsi) məhdudlaşdırılması olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit olunmuş - hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə də zidd olardı. Görünüyü kimi, mülki iş materiallarında olan Bakı şəhər X1 İcraiyyə Komitəsinin 1990-cı il tarixli, 3/127 nömrəli qərarından çıxarışa, xx.xx.1991-ci il tarixdə təsdiq edilmiş tikinti pasportunda və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə xx.xx.2000-ci il tarixdə razılaşdırılmış eskiz layihəsində qeyd olunanlara əsasən həmin koordinatlar üzərində tikilmiş tikililər “Aqro” kooperativ müəssisəsinin istifadəsində olduğundan, iddiaçının nümayəndəsi rayon məhkəməsində cavabdehin əvəz edilməsinə etiraz etdiyindən, rayon məhkəməsi iddia tələbini əsl olmayan cavabdehə qarşı irəli sürülməsi əsası ilə təmin etməməkdə haqlı olmuşdur. Bu baxımdan, apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir.

23. Məhkəmə kollegiyası cavabdeh tərəfin iddiaçı şirkətin bu iddianı bundan öncə də qaldırması, 2019-cu ildə bununla bağlı qətnamə qəbul edilməsi, həmin qətnamənin hazırda qüvvədə omasını əsas gətirməklə hazırkı iş üzrə icraata xitam verilməsi barədə qeyd etdikləri üzrə bildirir ki, məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf özü də 2019-cu ildə iddia qaldırılanda sökülməsi tələb edilən tikilinin, “Aqro” kooperativinə aid torpaq sahəsinin esgiz -layihəsində “3” rəqəmi ilə işarə olunan tikilinin olduğunu, hazırkı iddiada isə sökülməsi istənilən tikilinin həmin esgiz-layihədə ön cərgədə “7” rəqəmi ilə qeyd edilən tamamilə başqa bir tikilinin- yardımçı otaqların olduğunu təsdiq etmişdir. Belə olan halda məlum olur ki, torpaq sahəsi eyni olsa da, iddiaçının 2019-cu ildə sökülməsi tələb edilən tikililərlə, hazırda sökülməsini tələb etdiyi tikililər tam fərqli tikililər olduğundan, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 5045/2019 nömrəli qətnaməsinə əsasən hazırkı tələb üzrə icraata xitam verilməli olması barədə cavabdeh tərəfin bildirdikləri əsassızdır. Nəticə:

24. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

26. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiаçı “X4 Kompani S.A” Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Suraxanı Rayon Məhkəməsinin 2(010)-816/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Kamran Əkbərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar