Məhkəmə qərarları › İş №2(103)-7067/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7067/2021

30.07.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7067/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 aprel 2021-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün, cavabdeh MMC-nin vəkili (nümayəndəsi) X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, MMC tərəfindən verilmiş 11.02.2021-ci il tarixli, 2021-035 nömrəli əmrin ləğv edilərək, onun əvvəlki vəzifəsinə - həmin MMC-yə nəzarətçi kimi işə bərpa olunması və işdən azad olunduğu gündən hazıradək ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 04.03.2016-cı il tarixdə cavabdeh MMC-yə nəzarətçi vəzifəsinə qəbul olunmuşdur. İşlədiyi dövr ərzində iddiaçı heç bir tənbeh almamış, işini layiqincə icra etmiş və işində daim məsuliyyətli olmuşdur. Buna baxmayaraq iddiaçıya heç bir xəbərdarlıq verilmədən iddiaçı tutduğu vəzifədən cavabdeh azad edilmişdir. İddiaçı İİ qrup əlildir, iş qabiliyyətlidir. Onun həyat yoldaşı 2003-cü ildə vəfat etmişdir. Bir övladı var. Övladı İİ Qarabağ döyüşlərinin iştirakçısıdır və hazırda da vətənin müdafiəsindədir; Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Kəlbəcərin işğaldan azad edilməsi medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Nazirlər Kabinetinin bir başa göstərişləri var ki, COVİD -19 pandemiyası dövründə işçilərin ixtisar edilməsi işdən çıxarılması hallarına yol verilməsin. Cavabdeh heç bir səbəb, əsas olmadan 1 ay öncədən iddiaçıya işdən çıxarılma barədə xəbərdarlıq etmədən iddiaçını əsassız və qanunsuz olaraq işdən azad etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 23.04.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh MMC-nin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış 04.03.2016-cı il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı, 04.03.2016-cı il tarixdən 04.04.2016-cı il tarixədək MMC-də Nəzarət Şöbəsinin nəzarətçisi vəzifəsinə işə qəbul edilmişdir. 12.11.2020-ci il tarixdə iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış “Əmək müqaviləsinə 5 saylı əlavədən” görünür ki, tərəflər arasında bağlanmış “Əmək müqaviləsinin” müddəti 12.11.2020-ci il tarixdən 11.02.2021-ci il tarixədək uzadılmışdır. Cavabdeh MMC-nin 2021-035 nömrəli, 11.02.2021-ci il tarixli əmrindən görünür ki, MMC-də Nəzarət Şöbəsinin nəzarətçisi vəzifəsində çalışan iddiaçı ilə bağlanmış 04.03.2016-cı il tarixli 2016-019 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) və həmin məcəllənin 73-cü maddəsinin qaydalarına riayət edilməklə 11.02.2021-ci il tarixdən etibarən xitam verilmişdir. Son-haqq hesab: istifadə edilməmiş 16 gün əmək məzuniyyətinə qanunla nəzərdə tutulmuş kompensasiya verilməsi əmr olunmuşdur. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinə görə, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 43.1-ci maddəsinə görə, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Məcəllənin 45-ci maddəsinin 1-ci hissəsinə görə, müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə görə, əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması ilə xitam verilə bilər. Məcəllənin 70-ci maddəsinin 1-ci hissəsinə görə, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Məcəllənin 73-cü maddəsinin İ hissəsinə görə, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçının iddiası əsaslı deyil. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh MMC 12.11.2020-ci il tarixli 2016-019 saylı əmək müqaviləsinə 5 saylı əlavəyə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətini 11.02.2021-ci il tarixədək uzatmış, lakin bundan sonra yenidən əmək müqaviləsinin müddətinin uzadılmasını arzu etməmiş, iddiaçı ilə əmək münasibətlərinin davam etdirməmiş və əmək müqaviləsinin müddətinin bitdiyi gün 11.02.2021-ci il tarixdə cavabdeh MMC onunla iddiaçı arasında olan əmək münasibətlərinə xitam vermişdir. Hazırki iş üzrə tərəflər sərbəst surətdə əmək müqaviləsinin şərtləri ilə razılaşaraq müddətli əmək müqaviləsi bağlamışlar. Bu baxımdan hesab edilməlidir ki, Rayon Məhkəməsi iddianı əsassız hesab edərək təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə də, apellyasiya araşdırmasının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 aprel 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar