Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7067/2022 14.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, İddiaçı, onun vəkili X2 və cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2601/2022 saylı, 11 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2010-cu il tarixli, 51 nömrəli əmri ilə Samux rayon Qırmızı Samux kənd orta məktəbin direktoru vəzifəsinə işə qəbul edilmişdir.
2. Azərbaycan Respublikası Təhsil Nazirinin K-161 nömrəli, xx.xx.2022-ci il tarixli əmri ilə, Samux rayonu Qaraağacı qəsəbə tam orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən suiistifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsi, eləcə də iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiaçı barəsində verdiyi əmək müqaviləsinin ləğv edilməsi barədə 18 fevral 2022-ci il tarixli K-161 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının, həmçinin iddiaçının bülletendə olduğu dövr üzrə ödənilməli olan əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Tələbdə göstərilir ki, 1990-cı ildən Samux rayon Qırmızı Samux kənd orta məktəbində müəllim, 2010-cu ildən isə həmin məktəbin direktoru vəzifəsində işləyir. Samux rayon təhsil şöbəsinə təzə təyin olunmuş müdir Nurlana Həsənova və onun müavini Vüsal Cəfərov ilk işə başladığı gündən ona qarşı qərəzli mövqe tutmuşlar. Belə ki, ona 7-8 ştatlı işçini və 3-4 nəfər texniki işçini hər hansı bir səbəblə işdən azad etməsini tələb etmişlər. Onların ailəsinin və yeganə dolanacaq yerlərinin məktəb olduğunu bildirərək bunu edə bilməyəcəyini bildirmişdir. 15 sentyabr 2021-ci ildə iddiaçını otaqlarına çağıraraq işçiləri işdən azad etməsə, onu peşman edəcəklərini bildirib pis söyüşlərlə onu təhqir etmişlər. Münaqişədən sonra iddiaçıda ürək xəstəliyi əmələ gəlmişdir. Elə bu vaxtlardan da əmək qabiliyyətini müvəqqəti itirmiş və əmək qabiliyyətinin olmamasına görə işə çıxmamışdır. Gəncə şəhəri Kardioloji xəstəxananın ******* nömrəli “X3 Kartasından Çıxarış” dan bu öz təsdiqini tapır. Lakin 19 yanvar 2022-ci ildə Samux rayon Təhsil şöbəsinin müdiri Nurlana Həsənova teleqram göndərmişdir ki, iddiaçını işdən çıxardırlar, o, isə cavab olaraq xəstə olduğunu bildirmişdir. 21 yanvar 2022-ci ildə bir də eyni məzmunlu teleqram vurulmuşdur, 23 yanvar 2022-ci ildə isə teleqram gəldi ki, artıq o, işdən çıxarılmışdır. 25 yanvar 2022-ci ildə isə iddiaçının evinə polis işçiləri ilə təhsil şöbəsinin işçiləri gəlib onu zorla məktəbə aparıb möhürü təhvil təslim etdirmişlər. İddiaçı 06 dekabr 2021-ci ildən 01 mart 2022-ci ilə qədər əmək qabiliyyətinin olmamasına görə işdən azad edilmişdir. İddiaçının işdən çıxarılması barədə əmr 18 fevral 2022-ci ildə verilmiş və 21 fevral 2022-ci ildə əmək müqaviləsinə xitam verilmişdir ki, bu da Samux rayon Təhsil şöbəsinin müdiri Nurlana Həsənovanın ona qarşı qərəzli mövqedə olması müəyyən olunur. Bununla bağlı, Təhsil Nazirliyi 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə əvvəl müraciət etmiş və ona xx.xx.2021-ci il tarixli məktubla cavab verilmişdir ki, araşdırma aparılmış və müvafiq sənədlər (izahatlar və. s) təhlil edilərkən RTŞ müdiri X1 qəsəbə tam orta məktəbinə və ona qərəzli mövqe tutması, sağlam mənəvi mühitin yaradılması üzrə iş aparılmaması müəyyən edilmişdir. Bununla bağlı da Təhsil Nazirliyinə rəsmi məktub göndərilmişdir. Beləliklə də onun rəsmi qaydada işdən azad olunduğu və xəstə olduğu zaman işdən çıxarılmasının da qərəzli olması müəyyən olunur ki, bu da əmək qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar sadalanmışdır. Onlardan biri də məhz əmək qabiliyyətini müvəqqəti itirən işçilərdir ki, onların bu müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 31 yanvar 2022-ci il tarixli ******* nömrəli “Əmək qabiliyyətinin olmaması vərəqəsi”ndən göründür ki, iddiaçı sonuncu dəfə 31 yanvar 2022-ci ildən 01 mart 2022-ci ilə qədər işdən azad edilmişdir. Həmin sənəd mübahisələndirilməmiş və hal-hazırda da qüvvədədir. Göründüyü kimi, əmək qanunvericiliyi yuxarıda sadalanan normaları işçinin işdən azad edilməsinin imperativ şərtlərini müəyyən etmişdir. Ancaq eyni zamanda burada istisnalar da öz əksini tapmışdır ki, onun işdən çıxarılması da məhz bu istisnalara daxildir. Çünki, o, işə öz xəstəliyi ilə əlaqədar çıxa bilməmişdir ki, bu da rəsmi sənədlərlə müəyyən olunur. Samux rayon Təhsil şöbəsinin Həmkarlar təşkilatının onun barəsində qəbul etdiyi qərar və keçirdiyi iclas qanunsuz və əsassızdır. Çünki, 21 yanvar 2022-ci ildə o, xəstəliyi ilə əlaqədar işdən azad edilmiş və iclasda iştirak etməsi də mümkünsüz idi(Samux rayon Mərkəzi Xəstəxanasının 05 yanvar 2022-ci il tarixli 634159 nömrəli Əmək Qabiliyyətinin olmaması barədə sənəd). Həmçinin həmin tarixə müvafiq həmkarlar təşkilatının sədri səlahiyyətsiz olmuş, qərəzli və onun iştirakı olmadan müvafiq razılıq verilməsi barədə qərar qəbul edilmişdir. Cavabdehlə mübahisənin mediasiya qaydasında məhkəmədən kənar qaydada həll edilməsi mümkün olmamışdır.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2601/2022 saylı, 11 avqust 2022-ci il tarixli qətnaməsi (hakim Aytən Novruzova) ilə iddia tələbi təmin edilərək Azərbaycan Respublikasının Təhsil Nazirliyinin K-161 nömrəli, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilmə barədə əmrinin İddiaçı münasibətdə ləğv edilməsi; İddiaçı Samux rayon Qaraağaclı qəsəbə tam orta məktəbin direktoru vəzifəsinə bərpa edilməsi; xx.xx.2022-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının, bülletendə olduğu dövr üzrə ödənilməli olan əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə işəgötürənin K-161 nömrəli, xx.xx.2022-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. Belə ki, Təhsil Nazirliyinin K-161 nömrəli, xx.xx.2022-ci il tarixli əmrində, Samux Rayon Təhsil X5 təşkilatının xx.xx.2022-ci il tarixində keçirilən iclasın 03 №-li Protokolundan çıxarışda İddiaçı öz vəzifələrinin icrası zamanı ciddi pozuntulara yol verdiyi göstərilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək səhhəti ilə əlaqədar əmək qabiliyyətli olmamış və göstərilən müddət aralığında işdən azad edilmişdir, xx.xx.2022-ci il tarixdən işə başlamalı olması göstərilmişdir. İddiaçı fəaliyyətində pozuntular aşkar edilsə də, onunla bağlanmış əmək müqaviləsinə onun bülletendə olduğu dövrdə, yəni əmək qabiliyyətini müvəqqəti itirdiyi müddətdə xitam verilməsi qanunsuzdur, əmək qanunvericiliyinin tələblərinə ziddir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmamasını xahiş edir.
8. Apellyasiya şikayətində göstərir ki, Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, K-161 nömrəli əmrinə əsasən, Samux rayonu, Qarağacı qəsəbə tam orta məktəbinin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci mddəsinin “ç” bəndi ilə ləğv edilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası kimi həmin məktəbdə aparılmış yoxlama və aşkar olunan ciddi qanun pozuntuları olmuşdur. Yoxlama zamanı məktəbin fəaliyyətində bir sıra nöqsanlar aşkar edilmiş və bu səbəblə müvafiq akt tərtib edilmişdir. Akta əsasən yoxlama zamanı direktor iş yerində olmamış, işə gəlməməyinin səbəbləri barədə iş yerinə məlumat verməmiş, direktorun 8-ci və 10-cu siniflərdə ingilis dili fənni üzrə dərs saatları olsa da, həmin dərslər tədris edilməmiş, məktəb sənədləri yoxlamaya təqdim olunmamış, bir neçə işçi işdə olmamış, lakin onlara əmək haqqı ödənilmişdir. İşə baxan məhkəmə iddia tələbini təmin etməklə maddi və prosessual hüquq normalarının tətbiqində pozuntuya yol vermişdir. Belə ki, məhkəmə işəgötürən tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinin qanunsuz hesab edərək həmin Məcəllənin 79-cu maddəsinə əsaslanaraq iddia tələbini təmin etmişdir. Bununla da məhkəmə maddi və prosessual hüquq normalarını tətbiqində pozuntuya yol vermişdir. Məhkəmə Əmək Məcəlləsinin 79.1-ci maddəsinə istinad edərkən iddiaçının Təhsil nazirinin adına yazdığı ərizəni nəzərə almamış və həmin ərizəyə heç bir hüquqi münasibət bildirməmişdir. Eyni zamanda, iddiaçı əmək qabiliyyitənin itirilməsi barədə işəgötürənə heç bir məlumat verməmişdir. İş materiallarına əlavə olunmuş sübutlara hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi yalnız iddiaçının təqdim etdiyi bülletenlə kifayətlənmiş və təqdim olunan sübutlara əhəmiyyət verməmişdir. Məhkəməyə təqdim olunmuş bülletenlərin həqiqiliyini şübhə altına alan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Ağentliyinin 11 aprel 2022-ci il tarixli, RNŞ/1- 2-2022-8330 saylı məktubunda qeyd edilir ki, bülletenin yazılması qanunvericiliyin tələblərinə cavab vermədiyindən xəstəxananın Poliklinika şöbəsinin həkimlərinə və vəzifəli şəxslərinə müxtəlif intizam tənbehləri tətbiq edilmişdir.
b) İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətinə etiraz ərizəsində cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
10. Məhkəmə iclasında İddiaçı və onun vəkili X4 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 3. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Maddə 12 «c» bəndi. Əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70 “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 79.1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Maddə 187.4. İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən, qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
18. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Əmək Məcəlləsinin yuxarıda göstərilən normalarının dispozisiya şərtləri ilə uzlaşır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığı üçün iddia haqlı sayılır və birinci instansiya məhkəməsi də iş üzrə düzgün nəticəyə gəlmişdir.
19. Belə ki, iddiaçının əmək müqaviləsinin ləğv edildiyi 18 fevral 2022-ci il tarixdə əmək qabiliyyətini müvəqqəti itirməsi işin mübahisəsiz halıdır, yəni bu fakt hər hansı bir formada nə cavabdeh, nədə digər şəxslər tərəfindən mübahisələndirilməyib və tibb müəssisəsinin verdiyi həmin rəsmi sənəd bu gün də qüvvəsini itirməyib. Ona görə də iddiaçının direktor olduğu məktəbdə aparılmış yoxlama və aşkar olunan ciddi qanun pozuntuları həqiqi olsa belə Təhsil Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə mübahisələndirilən əmr verilə bilməzdi. Başqa sözlə, yalnız bu əsas, yəni iddiaçının əmək qabiliyyətini müvəqqəti itirməsi kifayət edirdi ki, cavabdeh tərəfindən iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsin. Çünki, Əmək Məcəlləsinin 79-cu maddəsində əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsində nəzərdə tutulmuş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan edilmişdir.
20. Ona görə də birinci instansiya məhkəməsi işəgötürən tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinin qanunsuz hesab edərək həmin Məcəllənin 79-cu maddəsinə əsaslanaraq iddia tələbini təmin etməklə maddi və prosessual hüquq normalarını tətbiqində pozuntuya yol verməyib, əksinə iddianı təmin etməsəydi pozuntuya yol vermiş olardı.
21. Apellyasiya baxışı zamanı da iddiaçı əmək qabiliyyətinin itirilməsi barədə Samux rayon Təhsil Şöbəsinə dəfələrlə məlumat verdiyini göstərdi, bu halların həqiqi olmaması belə yuxarıda qeyd olunan səbəbə görə iddianın rədd edilməsi üçün əsas ola bilməzdi.
22. Şikayətdə göstərilən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Ağentliyinin 11 aprel 2022-ci il tarixli, RNŞ/1-2-2022-8330 saylı məktubunda bülletenin yazılması qanunvericiliyin tələblərinə cavab vermədiyindən xəstəxananın Poliklinika şöbəsinin həkimlərinə və vəzifəli şəxslərinə müxtəlif intizam tənbehləri tətbiq edilməsinin bildirilməsi dəlili də iddianın əsassızlığına dəlalət etmir. Yəni, əmək qabiliyyətinin olmaması vərəqəsini tibb müəssisəsinin səlahiyyətli şəxslərinin düzgün yazmamasının iddiaçının əmək qabiliyyətini müvəqqəti itirməsinə heç bir aidiyyəti yoxdur. Çünki, həmin vərəqin düzgün tərtib edilməməsi iddiaçının həmin dövrdə xəstə olmasını inkar etmir. Əgər belə bir hal olsaydı, yəqin ki, Agentlik qeyd olunan məktubunda bu hala da münasibət bildirərdi, ancaq bildirməyib. Deməli, iddiaçının mübahisələndirilən əmrin verildiyi tarixdə əmək qabiliyyətini müvəqqəti itirməsi halı da Agentlik tərəfindən inkar olunmur.
23. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2601/2022 saylı, 11 avqust 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2601/2022 saylı, 11 avqust 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.