Məhkəmə qərarları › İş №2(103)-707/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-707/2021

01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-707/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızının (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Şahsoltan oğlunun vəkili Vəkil2 iştirakı ilə İddiaçı Şahsoltan oğlunun cavabdehlər “X20” MMC-yə və Böyüktaş Nafizə qarşı “müqavilənin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin təhvil verilməsi, maddi və mənəvi zərərin tutulması” barədə ilkin, iddiaçı Böyüktaş Nafizin cavabdeh İddiaçı Şahsoltan oğluna qarşı “pulun tutulması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-231/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı Şahsoltan oğlunun nümayəndəsi, vəkili Vəkil2 və Böyüktaş Nafiz tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Şahsoltan oğlunun cavabdehlər “X20” MMC-yə və Böyüktaş Nafizə qarşı iddia ərizəsi və sonradan iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iddia ərizəsi verilən günə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 4B ünvanında yerləşən qeyri-yaşayış sahəsindən istiifadəyə görə icarə haqqı olaraq 12.000 manat maddi zərərin, aylıq 2.000 manat hesablanmaqla qətnamə çıxan günə əlavə olaraq ona vurulmuş maddi zərərin, 50.000 manat məbləğində mənəvi zərərin Böyüktaş Nafizdən tutularaq ona ödənilməsi, onunla “X20” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin həmin müqavilənin şərtlərinin pozulması səbəbindən ləğv edilməsi, mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 4B ünvanında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Şahsoltan oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 4B ünvanında yerləşən qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış verilmişdir. O, xx xxxxxx 2019-cu il tarixdə türk vətəndaşı Böyüktaş Nafizlə icarə müqaviləsi bağlamış və Böyüktaş Nafiz onun mülkiyətçisi olduğu qeyri-yaşayış sahəsinin icarəyə verilən 50 kv.m hissəsindən simit evi kimi iştifadə edəcəyini vəd vermişdir. Onlar aylıq icarə haqqının 500 manat olmasına dair razılaşmışlar. Lakin 4 ay keçməsinə baxmayaraq, Böyüktaş Nafiz ona icarə haqqını ödəməmişdir. Bu hal da ona müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ vermişdir. Müqaviləyə əsasən icarəçi müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəliklərini pozduqda və ya ödəniş etmədikdə icarəyə verənin müqavilənin icrasından birtərəfli qaydada imtina etmək hüququ vardır. Cavabdeh tərəfindən müqavilədən irəli gələn öhdəliklərin icra olunmaması müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına dəlalət edir. O, həmçinin müqavilənin icrasından birtərəfli qaydada imtina etməklə onun ləğv edilməsi barədə bildirişi cavabdehə ünvanlamış, lakin bunun heç bir nəticəsi olmamışdır. İddiaçı Böyüktaş Nafizin cavabdeh İddiaçı Şahsoltan oğluna qarşı qarşılıqlı iddia ərizəsi və sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Şahsoltan oğlundan onun kafedə qalan əmlaklarının dəyəri olan 12.945 manat məbləğində pulun, kafedə qalan 1.000 manat məbləğində pulun, ona əvvəlcədən ödədiyi 6.000 manat pulun və onun yaxınları tərəfindən Türkiyədən göndərilən 10.000 ABŞ dolları məbləğində icarə haqqlarının, simit evə aşmağa icazə verməməsi səbəbindən ona vurduğu 15.000 manat məbləğində ziyanın, 100.000 manat məbləğində əldən çıxmış faydanın, cəmi 123.945 manat və 10.000 ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-231/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Qətnamədən İddiaçı Şahsoltan oğlunun vəkili Vəkil2 apellyasiya şikayəti verərək onun ləğv, ilkin iddia tələbinin isə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini ilkin iddia ərizəsinin məmununa uyğun əsaslandırmış, şikayətində əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi 03.1.2019-cu il tarixli icra müqaviləsinin tərəflərin razılığı ilə ləğv olunmasını qeyd etsə də, həmin müqavilə ləğv olunmamış və qüvvədədir. Qətnamədən həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Böyüktaş Nafiz də apellyasiya şikayəti verərək onun ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının vəkili özləri tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir, izahatında əlavə olaraq bildirmişdir ki, əmlakın əvvəl bir hissəsinə dair, sonra isə digər hissəsinə dair 2 fərqli icarə müqaviləsi bağlanmışdır. Ümumi 110 kv.m sahə ilə müqavilə bağlanıb. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış ilkin iddia üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayətləri təmin olunmamalı, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X9 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, türk dostu İbrahim adlı şəxs onu Böyüktaş Nafizlə tanış edərək, ona köməklik göstərilməsini xahiş etmişdir. Böyüktaş Nafiz də ona simit evi açmaq istədiyini bildirmiş və bu məsələdə ona köməklik etməyi xahiş etmişdir. O, və Fateh adlı şəxs ona köməklik etmişlər. Nəticədə Böyüktaş Nafiz İddiaçı Şahsoltan oğlunun mülkiyyətində olan qeyri-yaşayış sahəsini bəyənmiş və aralarında olan razılığa əsasən Böyüktaş Nafiz həmin yeri icarəyə götürmüşdür. Onunla İddiaçı Şahsoltan oğlu arasında olan bəzi münasibətlərdən məlumatlıdır. Belə ki, o və onun bir qohumu Böyüktaş Nafizin icarəyə götürdüyü qeyri-yaşayış sahəsində divar kağızı çəkmişdilər. Lakin 11 gün işlədikdən sonra Böyüktaş Nafiz ona cəmi 50 manat pul vermişdir. Sonradan Böyüktaş Nafiz onu yenə də işləməyə çaxırsa da, o, getməmişdir. Böyüktaş Nafizə göndərilən pul barədə də məlumatı var, həmin pul Böyüktaş Nafizin şəriki Fateh adlı şəxs tərəfindən Böyüktaş Nafizə göndərilmişdir. Lakin həmin pul İddiaçı Şahsoltan oğlunun adına göndərmiş və həmin pulu Böyüktaş Nafiz şəxsən qəbul etmişdir. Böyüktaş Nafiz qeyriyaşayış sahəsi üçün avadanlıqlar gətirmişdir, lakin sonradan onları satmışdır. Qeyriyaşayış sahəsində olan stol və stulu Böyüktaş Nafiz almamışdır. O, özü də Böyüktaş Nafizin hərəkətlərindən şikayətçi olmuşdur. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X10 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı Şahsoltan oğlunun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin əvvəllər icarədarı olub. Sonradan o, KəmaləNərmin şadlıq sarayının daxilində olan restoranı icarəyə götürmüş, həmin sahəni isə Türk icarəyə götürmuşdür. Həmin sahədə Kəmalə adlı aşbaz və Güllü adlı bir qadın işləmiş, orada ofisiant olmamışdır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X12 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, həm İddiaçı Şahsoltan oğlunu, hə də Böyüktaş Nafizi tanıyır. Böyüktaş Nafizin İddiaçı Şahsoltan oğlu arasında olan münasibətlərdən məlumatı var və həmin münasibətlər çərçivəsində Böyüktaş Nafizin İddiaçı Şahsoltan oğluna borcu yaranmışdır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X6 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Böyüktaş Nafizin kafe kimi istifadə etdiyi qeyri-yaşayış sahəsində 3 ay müddətində qabyuyan kimi işləyib və işlədiyi müddət ərzində hər gün üçün Böyüktaş Nafiz ona əmək haqqı olaraq 20 manat pul ödəmişdir. Ondan başqa orada Səməngül və Jalə adlı şəxslər və kababçı da işləmişdir. Səməngülə və Jaləyə də Böyüktaş Nafiz tərəfindən əmək haqqı olaraq günlük 20 manat pul ödənilmişdir. O, həmin sahəyə işləməyə gələndə sahə boş olmuşdur. İlk olaraq həmin yer Böyüktaş Nafiz tərəfindən simit evi kimi işlədilməli idi, o da, şirniyyatçı olmalı idi. Bu məqsədlə Böyüktaş Nafiz tərəfindən həmin yerə müvafiq avadanlıq da gətirilmişdir. Lakin İddiaçı Şahsoltan oğlu bu avadanlıqalrın işlədilməsi üçün tələb edilən işıq cəryanının olmadığını bildirmiş və həmin yeri smit evi kimi sitifadə etməyə imkan verməmişdir. Bu səbəbdən Böyüktaş Nafiz gətirdiyi avadanlığı ucuz qiymətə satmaq məcburiyyətində qalmış və icarəyə götürdüyü yeri kafe kimi istifadə etməyə başlamışdır. Həmin sahəyə bütün avadanlıqlar, o cümlədən 10 qazan, çəngəl, qaşıq, boşqab, 70 ədəd stol, soyuducu Böyüktaş Nafiz tərəfindən alınmışdır. Həmin avadanlıqların alınması üçün X11 Böyüktaş Nafizlə birlikdə o da getmişdir, Böyüktaş Nafiz tərəfindən 2.000 manat və 2.700 manat pulun verilməsini də görmüşdür. O, Böyüktaş Nafizlə İddiaçı Şahsoltan oğlu arasında icarə haqqı ilə bağlı razılaşma və Böyüktaş Nafizin İddiaçı Şahsoltan oğluna ödədiyi pullar barədə məlumatlıdır. Belə ki, onların arasında olan razılaşmaya görə Böyüktaş Nafiz icarə haqqı olaraq hər ay 500 manat ödəməli idi və bu məqsədlə əvvəlcədən İddiaçı Şahsoltan oğluna icarə haqqı olaraq 3.000 manat və sonradan da 3.000 manat pul ödəmişdir. Sonradan İddiaçı Şahsoltan oğlu Böyüktaş Nafizi həmin kafeyə buraxmamışdır və nəticədə onun 1.000 manat pulu da kassada qalmışdır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X13 digər şahid X3 fərqli olaraq icarə haqqı məbləğini bilmədiyini, aşbaz və xadimə vəzifəsində işlədiyini bildirmiş, digər məsələlərlə bağlı şahid X5 ifadəsinə uyğun ifadə vermişdir. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, həmin qeyri-yaşayış sahəsində 4 ay aşbaz kimi fəaliyyət göstərmiş və orada işləyən digər işçilər Laləzər və Jalə kimi günə 20 manat məbləğində əmək haqqı almışdır. Orada işləyən kababçının adı və aldığı əmək haqqını xatırlamır. Böyüktaş Nafiz tərəfindən 10 ədəd qazan alındığını görmüşdür. Böyüktaş Nafiz kafe üçün lazım olan digər avadanlıqları da almışdır. Lakin onları dəqiq xatırlamır. Belə ki, özünü yaxşı hiss etmir və ona hazırda ifadə vermək çətindir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 8ci mikrorayon, X17 küçəsi, 4B ünvanında yerləşən ümumi sahəsi 97,6 kv.m. olan qeyriyaşayış sahəsi İddiaçı Şahsoltan oğlunun mülkiyyətində olmuşdur. Həmin sahənin 60 kv.m. hissəsinin icarəyə verilməsi ilə bağlı İddiaçı Şahsoltan oğlu ilə Böyüktaş Nafiz arasında xx.xx.2019-cu il tarixdə icarə müqaviləsi bağlanmışdır. Sonradan həmin sahənin 50 kv.m. hissəsinin icarəyə verilməsi ilə bağlı İddiaçı Şahsoltan oğlu ilə “X20” MMC (qanuni təmsilçi qismində Böyüktaş Nafiz imzalamışdır) arasında icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən aylıq icarə haqqı qismində 500 manat, icarə müddəti isə xx.xx.2029-cu il tarixədək müəyyən edilmişdir. Sonradan İddiaçı Şahsoltan oğlu xx.xx.2019-cu il tarixdə Böyüktaş Nafizə rəsmi məktubla müraciət edərək, müqavilə öhdəliklərinin onun tərəfindən yerinə yetirilmədiyi üçün aralarında bağlanmış müqavilənin xx.xx.2019-cu il tarixinə qədər bir tərəfli qaydada xitam verilməsi barədə ona məlumat vermişdir. Bundan sonra tərəflər arasında məhkəmə mübahisəsi başlamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-4669/2019 saylı qərardadı ilə həmin qeyri-yaşayış sahəsindən istifadə Böyüktaş Nafizə qadağan edilmişdir və bundan sonra Böyüktaş Nafiz qeyd edilən əmlakdan istifadə edə bilməmişdir (baxmayaraq ki, sonradan qeyd edilən qərardad ləğv edilmişdir). İddiaçı Şahsoltan oğlu icarə müqaviləsində icarə haqqı qismində 500 manat göstərilməsinə baxmayaraq, öz aralarında icarə haqqının 2.000 manat olmasına dair razılıq əldə etdiklərini, lakin icarə haqqı qismində ona hər hansı məbləğdə icarə haqqının ödənilmədiyini bildirir və 6 ay üçün ayda 2.000 manat olmaqla 12.000 manat zərər məbləğinin, həmçinin, aylıq 2.000 manatdan hesablanmaqla, qətnamə qəbul edilən günə vurulmuş maddi zərərin və 50.000 manat məbləğində mənəvi zərərin Böyüktaş Nafizdən tutulmasını, eyni zamanda, “X20” MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsini və qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsini tələb edir. Cavabdehlər “X20” MMC və Böyüktaş Nafiz iddianı qəbul etmir, icarə haqqı qismində ümumilikdə 6.000 manat və 10.000 ABŞ dolları ödədiyini bildirir, lakin bu halı sübuta yetirə bilmir. İcarə haqqı qismində ödənilməsi iddia edilən 10.000 ABŞ dolları Türkiyədən köçürmə yolu ilə başqabaşqa şəxslər tərəfindən göndərilmişdir. İddiaçı Şahsoltan oğlu bu məbləği Böyüktaş Nafizin xahişi ilə öz adına göndərilməsinə razılıq verdiyini və daxil olanda da Böyüktaş Nafizin özü tərəfindən qəbul edildiyini bildirir. Eyni zamanda, Böyüktaş Nafiz İddiaçı Şahsoltan oğluna qarşı qarşılıqlı iddia ilə müraciət edir və İddiaçı Şahsoltan oğlu ilə icarə müqaviləsi bağlamasına və müqavilənin şərtlərinə əsasən həmin yeri simit evi kimi işlədilməsi barədə razılığa gəlməsinə baxmayaraq, İddiaçı Şahsoltan oğlunun ona həmin yerdə işləməyə imkan vermədiyini və nəticədə maddi ziyana uğradığını iddia edir və İddiaçı Şahsoltan oğlundan orada qalan əmlakının dəyəri olaraq 12.945 manat pulun, kassada qalan 1.000 manat pulun, icarə haqqı qismində əvvəldən ödədiyi 6.000 manat və 10.000 ABŞ dolları məbləğində pulun, 15.000 manat maddi ziyanın (simit hazırlamaq üçün aldığı sonradan satmaq məcburiyyətində qaldığı əmlakın dəyərini) və 100.000 manat əldən çıxmış faydanın tutulmasını tələb edir. İddiaçı Şahsoltan oğlu qarşılıqlı iddianı qəbul etmir. Məhkəmə araşdırılması dövründə, mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçisi dəyişmiş və həmin əmlaka dair xx.xx.2020-ci il tarixdə X1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır və hazırda əmlak onun mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündü. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Kollegiya ilkin iddia üzrə iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, ilk öncə İddiaçı Şahsoltan oğlu ilə Böyüktaş Nafiz arasında mübahisəli sahənin 60 kv.m. hissəsinin icarəyə verilməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə icarə müqaviləsi bağlanmışdır. Lakin bundan 18 gün sonra, yəni xx.xx.2019-cu il tarixdə İddiaçı Şahsoltan oğlu ilə “X20” MMC arasında həmin sahənin 50 kv.m. hissəsinin icarəyə verilməsi ilə bağlı icarə müqaviləsi bağlanmış və həmin müqavilə cəmiyyətin qanuni təmsilçisi olan Böyüktaş Nafiz tərəfindən imzalanmışdır. Həmin əmlakın ümumi sahəsi 97,6 kv.m. təşkil edir. İkinci müqavilə ilə icarəyə verilmiş 50 kv.m. sahə ilk müqavilədə göstərilmiş 60 kv.m. sahənin tərkib hissəsidir. Başqa sözlə, ikinci müqavilə ilə demək olar ki, “X20” MMC-yə eyni sahə icarəyə verilmişdir. Bununla da tərəflər hüquqi nəticə etibarı ilə xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilənin ləğv edilməsi ilə bağlı ümumi razılığa gəlmişdilər. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə ilə bağlı qeyd olunmalıdır ki, İddiaçı Şahsoltan oğlu icarə haqqı qismində hər hansı məbləğin ona ödənilmədiyini və bu səbəbdən 2019-cu ilin aprel ayında məktubla müraciət edərək, müqaviləyə birtərəfli qaydada xitam verilməsi barədə “X20” MMC-ni məlumatlandırmışdır. Qarşı tərəf icarə haqqı qismində 6.000 manat və 10.000 ABŞ dolları məbləğində pulun ödənilməsini bildirsə də, bu halı sübuta yetirə bilmir. Eyni zamanda, həmin sahəni simit hazırlamaq məqsədi ilə icarəyə götürdüyünü, lakin nəticədə ona bu imkanın yaradılmadığını və bir müddət həmin yeri kafe kimi işlətmək məcburiyyətində qaldığını qeyd edir. “X20” MMC bu əmlakdan 2019-cu ilin iyun ayının əvvəlindən istifadə edə bilmir. Mübahisəli əmlak artıq İddiaçı Şahsoltan oğlunun mülkiyyətində də deyil və 2020-ci ilin yanvar ayından etibarən həmin əmlakın mülkiyyətçisi X2r. Buna görə də kollegiya birinci instansiya məhkəməsinin İddiaçı Şahsoltan oğlu artıq 2019-cu ilin aprel-may aylarında xx.xx.2019-cu il tarixli müqavilənin icrasından bir tərəfli qaydada imtina etməsi və həmin vaxt qeyd edilən müqaviləyə artıq bir tərəfli qaydada xitam verilməsi barədə gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, kollegiya ümumi sahəsi 97,6 kv.m. olan əmlaka dair ümumi sahəsi 110 kv.m-i ehtiva edən iki fərqli icarə müqaviləsinin bağlandığını inandırıcı hesab etmir. Həmçinin kollegiya qeyd edir ki, İddiaçı Şahsoltan oğlu hazırda mülkiyyətçi olmadığından əmlakın təhvil verilməsini hüquqi baxımdan tələb edə bilməz. Artıq o, belə bir tələbi irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Həmçinin kollegiya xüsusilə vurğulayır ki, İddiaçı Şahsoltan oğlu və Böyüktaş Nafiz biri-birinə qarşı həmin tələblərlə müraciət etmək üçün subyektiv hüquqa malik deyillər. Belə ki, artıq müəyyən edildiyi kimi, xx xxxxxx 2019-cu il tarixli icarə müqaviləsindən irəli gələn münasibətlər İddiaçı Şahsoltan oğlu ilə “X20” MMC arasında yaranmışdır. Böyüktaş Nafiz isə həmin müqaviləni “X20” MMC-nin qanuni təmsilçisi qismində imzalamışdır. Başqa sözlə, Böyüktaş Nafiz həmin müqavilə üzrə müstəqil tərəf kimi çıxış etməmiş və bu şəxslərin qarşılıqlı öhdəlikləri yaranmamışdır. Bu səbəbdən kollegiya hər iki iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddiaçının, mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsinin bu cür statusa malik olduğu, mübahisəsi gedən sahənin iddiaçının mülkiyyətinə verildiyi müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu mənada kollegiyanın qənaətinə görə, hər iki iddia tələbi hüququ olmayan şəxslər tərəfindən verildiyinə, həmin şəxsdə subyektiv hüququn elementi, yəni başqa şəxsdən tələb etmək hüququ yaranmadığına görə, birinci instansiya məhkəməsi iddia hər iki tələblərini təmin etməməkdə haqlı olmuşdur. Kollegiya onu da qeyd edir ki, hər iki iddia üzrə iddiaçıların subyektiv hüquqlarının olmadığı qənaətinə gəlindiyindən, onların irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də apellyasiya şikayətinin təmin olunması mümkün deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-231/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar