Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-707/2022 03.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, İddiaçı cavabdehlər 3 saylı Bakı ASAN Xidmət Mərkəzinə, Cavabdeh2, Cavabdeh1 qarşı "qanun üzrə vərəsəlik hüququnun tanınması" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 23.08.2021-ci il tarixli, 2(001)-561/2021-012 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, 3 saylı Bakı ASAN Xidmət mərkəzinə qarşı ünvan 1 saylı evin 3a saylı mənzilinə vərəsəlik hüququnun tanınmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının mərhum əri X4 qardaşlarıdır. Q.A.Orucov 03.03.2020-ci il tarixdə ölmüşdür. Mübahisənin aid olduğu ünvan 1 ünvanda yerləşən yaşayış evinin 3a saylı mənzili mülkiyyət hüquqları əsasında son olaraq əri mərhum Q.A.Orucova məxsus olmuşdur. Mərhum Q.A.Orucovla nikahları 26.07.1997-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 352 sayla qeyd edilmişdir. Həmin vaxtdan ölən günə kimi onlar birgə yaşamış, birgə təsərrüfat aparmışlar. Əri Q.A.Orucov Qarabağ müharibəsi veteranı olmaqla İİ qrup əlil olmuşdur. O, özü də İ qrup əlildir. Ərinin müharibə veteranı olduğu nəzərə alınaraq, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 769 saylı 08.08.1998-ci il tarixli sərəncamına əsasən ona ünvan 1 saylı evdə yerləşən sahəsi 12,35 m2 olan 14 saylı bir otaqlı mənzil verilmişdir. Bir müddət həmin mənzildə yaşadıqdan sonra Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 306 saylı 01.05.2001-ci il tarixli sərəncamına əsasən, məhz onun İ qrup əlil olması nəzərə alınaraq, ünvan 1 saylı evdə yerləşən sahəsi 27,5 m2 olan 3a saylı iki otaqlı xidməti mənzil onlara ayırılmış və mənzilə dair orderə hər ikisinin adı qeyd edilmişdir. Order veriləndən sonra onlar həmin mənzilə köçmüş, daha sonra əlavə tikintilər inşa edərək, mənzilin sahəsini 64,08 m2-ə çartdırmışlar. Mənzilin təmirinə onlar bir yerdə xərc çəkmişlər. Mənzilə mülkiyyət hüququ onun icazəsi ilə mərhum Q.A.Orucovun adına 25.07.2006-cı il tarixdə qeydiyyata alınmış və bu barədə onun adına çıxarış verilmişdir. 2001-ci ildən onlara ayrılan 3a saylı mənzildə Q.A.Orucovla onun öldüyü günə kimi birgə yaşamış, birgə təsərrüfat aparmışdır, ərinin ölümündən sonra o, həmin mənzildə tək yaşayır. Əri öləndən sonra onun dəfnini və yas mərasimlərini, məzar daşını o, öz xərci ilə təşkil etmişdir. Mənzillə bağlı bütün kommunal xərcləri o, ödəyir. Mənzil şəraitlərini daha da yaxşılaşdırmaq üçün, İ qrup əlil kimi ayrıca mənzil almaq məqsədi ilə onlar öz aralarında boşanmanı rəsmiləşdirmək qərarına gəlmiş və bununla bağlı müraciətləri 1 saylı ASAN Xidmət mərkəzində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 01.10.2014-cü il tarixdə 56 nömrə ilə qeyd edilmiş və nikahın pozulması haqqında onlara şəhadətnamə verilmişdir. Lakin bu rəsmiləşdirmə formal xarakter daşımış, onlar ər-arvad olaraq bir ünvanda yaşamaqda və birgə təsərrüfat aparmaqda davam etmişlər. Bunu bütün qohum və tanışları bilmişdir. Birgə nikah və sonradan da birgə yaşayışdan övladları olmamışdır. Cavabdeh1 təxminən 22 ildir ki, Rusiya Federasiyasında yaşayır. Mərhum ərinin qardaşları ilə münasibəti yaxşı olmamışdır. Formal boşanmanı bilən Cavabdeh2 və Cavabdeh1 bundan istifadə edərək 3a saylı mənzilə mərhumun qardaşı olaraq miras əmlaka paylarının tanınması üçün müraciət etmiş, 3 saylı ASAN Xidmət mərkəzi də onların müraciətini qəbul etmişdir. Bununla miras əmlakla bağlı mübahisə olduğu əsasdan vərəsəlik şəhadətnaməsinin notariat qaydada alınması mümkün deyildir. Ona görə də ünvan 1 saylı evin 3a saylı mənzilinə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş edir. Daha sonra İddiaçı iddia tələblərini dəqiqləşdirərək ünvan 1 saylı evin 3a saylı mənzilinin 03.03.2020-ci il tarixdə vəfat etmiş mərhum X8 ilə əldə edilmiş birgə əmlak hesab edilməklə 2/3 hissəsinə payının müəyyən olunmasına, mənzilin yaxşılaşdırılmasına sərf olunmuş 30.000 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.08.2021-ci il tarixli, 2(001)-561/2021 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada təmir xərclərinə görə 14623,75 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 14653,75 manatın İddiaçı xeyrinə tutulması, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ekspertiza tədqiqatının dəyərinə görə 100 manatın dövlət nəfinə tutulması qət edilmiş, iddia ərizəsi qalan hissədə təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.08.2021-ci il tarixli, 2(001)-561/2021 nömrəli qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxmış, məhkəmənin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmamışdır. Mübahisəli mənzil iddiaçının mərhum ərinin adına reyestrdən qeydiyyatdan keçsə də, 01.05.2001-ci il tarixli 035471 saylı orderi əsasında Q.A.Orucov ilə İddiaçı birgə ayrılmışdır. Sonuncunun adına qeydiyyata alınması da iddiaçının razılığı əsasında həyata keçirilmişdir. Həmin razılığı da məhz həyat yoldaşı olduğu üçün vermişdir. Göründüyü kimi mənzilin kökündə belə ½ pay hüququ durur. Mənzilin təmirinə və yaxşılaşdırılmasına sərf edilən 30.000 manat onun özünə aid olmuşdur və bununla bağlı önəmli dəlillər təqdim etmişdir. Lakin məhkəmə xərcləri onun mərhum əri ilə birgə çəkdiyi qənaətinə gəlmiş və bərabər hissəyə bölmüşdür. Məhz məhkəmə burada iş üzrə eyni şəxslər arasında, eyni əmlakla bağlı münasibətlərdə ziddiyyətli çıxış etmişdir. Belə ki, məhkəmə mənzilin yaxşılaşdırılmasına çəkilən iddiaçıya məxsus 30.000 manat məbləği, artıq nikahları pozulmuş şəxslə yarıya bölgüsü ilə çıxış edirsə, onda ən azından mənzili də eyni qənaətlə yarı bölməli idi. Məhkəmə araşdırması zamanı adı çəkilən mübahisəli mənzilin iddiaçı ilə mərhum əri Qaçay Orucovla birgə yaşayışdan əldə edilməsi və hazırkı formada mövcudluğunun isə yalnız iddiaçının vəsaiti hesabına başa gəldiyi, həmçinin nikahın rəsmi xitamından sonra onların ər-arvad münasibətlərinin davam etməsi müəyyən edilmişdir. Bu hallar işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, tam aydınlaşdırılması təmin edilməmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. İddiaçı əlavə olaraq göstərdi ki, onunla mərhum ərinə əvvəlcə birotaqlı mənzil verilmişdir. Lakin həmin mənzil dar olduğu və onun mənzilə daxil olmasında çətinlik olduğu üçün onlar əlaqədar orqanlara müracət edərək onun əlilliyi ilə əlaqədar fiziki məhdudiyyətləri nəzərə alınmaqla, evə rahat daxil ola bilməsi üçün 1-ci mərtəbədə yerləşən mənzil verilməsini xahiş etmişlər. Bundan sonra onlara əlillər üçün inşa edilmiş 82 mənzilli binada hazırkı iki otaqlı mənzil təklif edilmişdir. Dövlət tərəfindən əlillər üçün inşa edilən mənzillər onlara tam təmirli vəziyətdə təhvil verilsə də, onlara bildirmişlər ki, bu mənzilin əlillərə təhvil verilməsi nəzərdə tutulmadığından təmirsizdir, bu səbəbdən mənzilin təmirini özləri həyata keçirməlidirlər. Bu halı həm də o təsdiq edir ki, qeyd edilən binada əlillərə verilmiş mənzillər 1-82 sıra sayı ilə nömrələnmişdir, onların mənzili isə əslində 83cü mənzil olmaqla, sonradan ona 3A sıra nömrəsi verilmişdir. Həmin vaxt onun mərhum əri Qaçay Orucov İİ qrup Qarabağ müharibəsi əlili kimi təqaüd alırdı və işləmirdi, təqaüdü isə sıravi əsgər kimi aldığından məbləği az idi, onların zəruri ehtiyaclarına belə bəs etmirdi. Onun özü isə həmin vaxt İ qrup əlil kimi daha yüksək məbləğdə təqaüd alırdı, bununla yanaşı qeyri-hökümət təşkilatında çalışmaqla, həmin dövr üçün yüksək əmək haqqı alırdı. Bundan başqa, onun özünə aid olan topladığı vəsaiti də var idi. Həmin vaxt onların maddi imkanı mənzili birdəfəyə təmir etməyə imkan verməsə də, qərara gəlmişlər ki, həmin mənzil iki otaqlı olduğu və yaşayış sahəsi daha böyük olduğu üçün, üstəlik birinci mərtəbədə yerləşdiyi üçün onu qəbul edib öz imkanları hesabına hissə-hissə təmir etsinlər. Mənzili aldıqdan sonra o, özünə aid olan pul vəsaitini, habelə təqaüdünü və əmək haqqını təmir işlərinə sərf etmişdir. Mənzilin təmiri uzun müddət davam etmiş və hissəhissə həyata keçirilmişdir. Onun daimi iş yeri olduğundan, təmir işlərini başa çatdırmaq üçün banklardan ayrı-ayrı vaxtlarda kreditlər götürmüş və həmin pulla təmir işlərini bir neçə ildən sonra tam başa çatdıra bilmişlər. Mərhum əri X10 C və bir sıra yanaşı xəstəliklərdən əziyyət çəkmiş və 2010-cu ildən başlayaraq onun vəziyyəti tədricən ağırlaşmağa başlamışdır. Həm mərhum ərinin, həm də özünün müalicəsi ilə bağlı xərcləri çatdıra bilmədiklərindən qərara gəlmişlər ki, nikahlarını pozsunlar və o, yenidən ev növbəsinə dayansın. Onlar belə də etmiş, 2014-cü ilin oktyabr ayında nikahları formal olaraq pozulmuş, o, yenidən ev növbəsinə dayanmış və bir müddət sonra dövlət tərəfindən ona əlil kimi birotaqlı mənzil verilmişdir. Həmin mənzili o, 42.000 manata satmış, bu pulun 30.000 manat hissəsini özünün və mərhum ərinin Azərbaycandan kənarda müalicə və əməliyyatlarına (yoldaşının yaralı ayağının amputasiyası və onun iki əlinin tunel kapral sindromu əməliyyatı) sərf etmişlər. Sonradan, yəni 2016-2108-ci illərdə onlar mərhum əri ilə faktiki olaraq birgə yaşadıqları müddətdə mübahisəli mənzili yenidən təmir etmiş, mənzilə bitişik əlavə tikili inşa etməklə ümumi yaşayış sahəsini genişləndirmiş, onun əlil arabası ilə küçədən evə rahat girib-çıxa bilməsi üçün qaldırıcı qurğu da düzəltdirmişlər. Mərhum əri ilə boşanmalarının formal olmasından cavabdehlər də xəbərdar olmuşdur. Son aylar yoldaşının səhhətinin çox pisləşdiyini görüb yenidən nikaha daxil olmaq üçün ASAN Xidmətə müraciət etmişlər. Lakin onlara nikaha daxil olmamışdan əvvəl qan analizi vermək lazım olduğunu bildirmişlər. Onlar da hər ikisi qan analizi vermişlər, lakin analizin cavabını aldıqları gün onun yoldaşı dünyasını dəyişmişdir və bu səbəbdən nikahlarını yenidən rəsmiləşdirə bilməmişlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həm mübahisəli mənzilin 2/3 hissəsinə payının müəyyən edilməsini, həm də həmin mənzilin yaxşılaşdırılmasına çəkilmiş 30.000 manat xərcin cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Yəni, iddia tələbi faktiki olaraq iki hissədən ibarət olmaqla, biri digəri ilə əlaqəlidir və iddianın birinci hissəsinin təmin edilməsi onun ikinci hissəsini əhəmiyyətsiz edir. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, hazırkı iddia tələbi bölünməzdir. Ona görə də, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini yalnız iddianın təmin edilmədiyi hissəsində mübahisələndirsə də, iddia tələbi bölünməz olduğundan, hazırkı apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon VVAQ şöbəsi tərəfindən verilmiş 26.07.1997-ci il tarixli № Vİİ-JQ № 342912 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 ilə İddiaçı 26.07.1997-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 352 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Orucova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 01.05.2001-ci il tarixli 306 saylı sərəncamının təsdiq olunmuş surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məktubla Bakı şəhəri Binəqədi RİH-nə müraciət edərək Nazirliyin Kollegiyasının 11.02.1998-ci iltarixli 4-9 saylı qərarı ilə 1997-ci ildə nazirliyin sifarişi ilə 6-cı mik, M.Kazımovski küçəsində istifadəyə verilmiş 81 mənzilli 16a saylı yaşayış binasındakı 1 otaqlı sahəsi 12,35 m2 olan 14 saylı mənzil İİ qrup Qarabağ əlili X6 ayrılmış və ona order verilmişdir. Q.A.Orucov nazirliyə müraciət edərək həmin mənzildə İ qrup əlil həyat yoldaşının əlil arabasında hərəkət etməsinin çətin olduğunu bildirib həmin binada xidməti otaq kimi nəzərdə tutulan sahəsi 27,5 m2 olan 2 otağın onlara ayrılmasını xahiş etmiş, Nazirliyin yığıncağında 2 saylı protokolla Kazımovski küçəsi 16a saylı evin sahəsi 27,5 m2 olan 2 otaqlı 3a saylı mənzilinin xidməti mənzil kimi Q.A.Orucova verilməsi və həmin mənzilə order yazılması qərara alınmışdır. Qeyd olunanlara əsasən Q.A. Orucova mənzil verilməsi haqqında 08.08.98-ci il tarixli 769 saylı sərəncam və 040227 saylı order etibarsız hesab edilmiş, Q.A.Orucovun adına verilmiş Kazımovski küçəsi 16a saylı evin sahəsi 27,5 m2 olan 2 otaqlı 3A saylı mənzilinə xidməti order verilməsi, orderdə X4 və İddiaçı adının yazılması qərara alınmışdır. İş materiallarında olan 01.05.2001-ci il tarixli 035471 saylı orderin surətindən müəyyən olunur ki, ünvan 1 saylı evin 3A saylı mənzili Q.A.Orucova həyat yoldaşı İddiaçı ilə birlikdə ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* saylı 25.07.2006-cı il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 1 saylı evin 3a saylı mənzili tam mülkiyyət hüququ ilə X4 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 131 nömrəli reyestr kitabının 11945 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestiri Xidmətinin 1saylı Bakı Ərazi İdarəsinin 14.10.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, ünvan 1 saylı evin 3a saylı mənzili 25.01.2006-cı il tarixli 10 nömrəli Forma2 arayışına, ******* nömrəli 02.05.2001-ci il tarixli orderə, X1 və X3 razılıq ərizələrinə əsasən 25.07.2006-cı il tarixdə X4 adına ilkin qeydiyyatdan keçmiş və hazırda adınadır. İş materiallarında olan 1 saylı Bakı ASAN Xidmət mərkəzi tərəfindən verilmiş 01.10.2014-cü il tarixli AZ-İ № 200340 saylı nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, X8 ilə X5 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 01.10.2014-cü il tarixdə 56 saylı qeyd aparılmış, nikah pozulduqdan sonra arvada Salamova soyadı verilmişdir. İş materiallarında olan 3 saylı Bakı ASAN Xidmət mərkəzi tərəfindən verilmiş 10.03.2020-ci il tarixli AZ-İİ № 078675 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 03.03.2020-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 10.03.2020-ci il tarixdə 552 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon MKTB 79 saylı MKİS-nin 314 saylı 10.08.2020-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı ünvan 1 saylı evin 3a saylı mənzilində 28.06.2001-ci il tarixdən qeydiyyatdadır, mərhum X8 həmin mənzildə 28.06.2001-ci il tarixdən ölümünədək qeydiyyatda olmuş və birgə yaşamışlar. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon MKTB 79 saylı MKİS-nin 116 saylı 11.03.2020-ci il tarixli arayışının surətindən müəyyən olunur ki, mərhum X8 ünvan 1 saylı evin 3a saylı mənzilində 28.06.2001-ci il tarixdən qeydiyyatda olmuş, dəfn mərasiminin xərcini h\y İddiaçı çəkmişdir. İş materiallarında olan 000288 saylı 20.02.2017-ci il tarixli vəsiqənin surətindən müəyyən olunur ki, İddiaçı İ qrup əlildir. 3 saylı ASAN Xidmət mərkəzində notariat ofisinin 30.09.2020-ci il tarixli 1077 saylı məktubuna əlavə olunan vərəsəlik işinin surətindən müəyyən olunur ki, mərhum X4 vərəsələrinin müraciəti əsasında 3 saylı ASAN Xidmət mərkəzində notariat ofisində 12.06.2020-ci il tarixdə V-191 reyestrli vərəsəlik işi açılmışdır. İş materiallarında olan Bank VTB (Azərbaycan) ASC-nin 14.10.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Bank VTB (Azərbaycan) ASC ilə bağladığı 05.05.2014cü il tarixli 124343-CNS4277 saylı nəğd pul krediti müqaviləsi üzrə İddiaçı 36 ay müddətinə, illik 20% olmaqla 6540 ABŞ dolları, 02.10.2015-ci il tarixli 124343 CNS-19162 saylı nəğd pul krediti müqaviləsi üzrə 36 ay müddətinə, illik 29% olmaqla 6800 manat, 29.09.2014-cü il tarixli 124343 CNS-10695 saylı nəğd pul krediti müqaviləsi üzrə 36 ay müddətinə, illik 24% olmaqla 360.000 rubl kredit vəsaiti verilmiş, bu müqavilələr üzrə öhdəliklər tam icra olunmuşdur. Bank VTB (Azərbaycan) ASC ilə İddiaçı arasında bağlanan 30.07.2018-ci il tarixli 124343-1-31332 saylı nəğd kredit müqaviləsi üzrə 36 ay müddətinə, illik 22% olmaqla verilən 5.000 manat kredit üzrə öhdəliyin icrası davam edir. İş materiallarında olan X2 09.03.2021-ci il tarixli 14 saylı rəyindən müəyyən olunur ki, ünvan 1 saylı evin 3a saylı mənzilində aparılan yenidənqurma və təmir işlərinə 30230 manat sərf olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11.06.2021-ci il tarixli 10/3985 saylı rəyindən müəyyən olunur ki, ünvan 1 saylı evin 3a saylı mənzili üzrə yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 29247,5 manat məbləğində müəyyən edilir. Birinci instansiya məhkəməsi işin araşdırılan hallarına əsaslanaraq belə hesab etmişdir ki, ünvan 1 saylı evin 3a saylı mənzilinə X4 mülkiyyət hüququnun əvəzsiz əqd əsasında yaranması və həmin mənzil nikah dövründə deyil, İddiaçı ilə Q.A.Orucovun nikahının pozulmasından sonra əsaslı təmir edilməsi müəyyən olunduğundan İddiaçı ünvan 1 saylı evin 3a saylı mənzilinin 03.03.2020-ci il tarixdə vəfat etmiş mərhum X8 ilə əldə edilmiş birgə əmlak hesab edilməklə 2/3 hissəsinə payının müəyyən olunmasına dair iddia tələbləri hüquqi əsası olmadığından təmin edilə bilməz. Bununla yanaşı, ünvan 1 saylı evin 3a saylı mənzilinin 2016-2018-ci illərdə təmir olunması, bu mənzildə daimi olaraq İddiaçı və mərhum Q.A.Orucovun yaşaması müəyyən olunduğundan məhkəmə hesab etmişdir ki, təmirə çəkilən xərclərə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11.06.2021-ci il tarixli 10/3985 saylı rəyi ilə müəyyən olunan məbləğin yarısı, yəni 14623,75 manatı, mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etmələri baradə ərizə verməklə mirası qəbul etmələrini təsdiq edən, məhrum Q.A.Orucovun vərəsələri olan cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırki mübahisənin həllinə dair mövqeyi ilə razılaşmır. Belə ki, işin araşdırılan halları ilə müəyyən edilir ki, İddiaçı mərhum Qaçay Orucovla birgə nikahda olduqları müddətdə, yəni 2001-ci ildə mübahisəli mənzil onlara təhvil verildikdən sonra həmin mənzilin təmirini birlikdə həyata keçirmiş, tamamilə təmirsiz olan mənzili təmir edib yaşayışa yararlı vəziyyətə gətirmiş və bundan sonra həmin mənzildə birlikdə yaşamışlar. Bu isə onu deməyə əsas verir ki, iddiaçı mübahisəli mənzilin əsaslı şəkildə yaxşılaşdırılmasında və həmin mənzilin əmtəə dəyərini artıran yenidənqurma işlərinin həyata keçirilməsində həm öz vəsaiti, həm də birgə nikahda əldə etdikləri vəsaiti xərcləməklə iştirak etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. İşin müəyyən edilən hallarına və qeyd edilən qanun normalarına əsasən belə nəticəyə gəlmək olur ki, İddiaçı ünvan 1 saylı evin 3a saylı mənzilin mülkiyyətçisi olmuş keçmiş əri Qaçay Orucovla birgə nikahda olduğu və onunla birgə təsərrüfat apardığı müddətdə həmin mənzilin əsaslı şəkildə yaxşılaşdırılmasında həm şəxsi vəsaiti, həm də mərhum əri ilə birgə vəsaitləri hesabına yaxından iştirak etməklə, mülkiyyətçi X8 ilə bərabər həmin mənzilə mülkiyyət hüququ əldə etmişdir, buna görə də mübahisəli mənzil onların brgə nikahda olduqları müddətdə əldə etdikləri birgə mülkiyyət hesab edilməlidir. İddiaçı həmin mənzil üzərində onun payının 2/3 hissədə müəyyən edilməsini iddia etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.1-ci maddəsinə əsasən birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Kollegiya iddiaçının mənzilin əsaslı təmirində iştirak dərəcəsini, onun birinci qrup əlil olmaqla əlil arabasında hərəkət etmək məcburiyyətində qalması və mübahisəli mənzilin təmirinin məhz onun bu fiziki məhdudiyyəti nəzərə alınmaqla həyata keçirilməsini (o cümlədən, iddiaçının mənzilə giriş-çıxışının asanlaşdırılması üçün xüsusi qaldırıcı qurğunun quraşdırılması, mənzilin ayrı-ayrı hissələrinin, mənzildə olan əşyaların ölçülərinin onun istifadəsi üçün uyğunlaşdırılması və s.) kimi diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, iddiaçının mübahisəli mənzilin 2/3 hissəsinə payının müəyyən edilməsinə dair iddiası əsaslı olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mübahisəli mənzilin yaxşılaşdırılmasına sərf olunmuş 30.000 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsində əsassız olmuşdur. Belə ki, məhz İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmuş keçmiş əri X8 ilə birgə nikahda olduğu müddətdə mənzilinin əsaslı yaxşılaşdırılmasında iştirak etməsi, bu məqsədlə həm şəxsi, həm də mərhum əri ilə birlikdə qazandığı pul vəsaitini sərf etməsi onun həmin mənzilin birgə mülkiyyətçisi hesab edilməsi və həmin mənzilin 2/3 hissəsinə payının müəyyən edilməsini mümkün etmişdir. Bundan başqa, iddiaçı mərhum Qaçay Orucov ilə nikahları pozulduqdan sonra mübahisəli mənzildə birgə yaşadıqları müddətdə, yəni 2016-2018-ci illərdə həmin mənzildə təmir işləri aparıldığını, bu işlərin onunla mərhum Qaçay Orucovun birgə vəsaitləri hesabına, Cavabdeh2 və onun dəvət etdiyi ustalar tərəfindən həyata keçirildiyini bildirmişdir. Buna baxmayaraq, iddiaçı 2/3 hissəsi ona məxsus olan mənzilin təmir işlərinə çəkilmiş xərcləri mənzilin digər 1/3 hissənin mülkiyyətçisinin vərəsələrindən onun xeyrinə tutulmasını iddia etmişdir. Kollegiya hesab edir ki, qeyd edilən vəziyyətdə mənzilin təmirinə xərclənmiş pul vəsaitinin mübahisəli mənzilin digər mülkiyyətçisinin vərəsələrindən geri tələb edilməsinə dair tələbin hüquqi əsası mövcud olmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş və maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə mübahisənin həlli ilə bağlı səhv nəticəyə gəlmişdir, ona görə də qətnamə ləğv edilməklə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsin əsasən məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.08.2021-ci il tarixli, 2(001)-561/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. ünvan 1 saylı evin 3a saylı mənzilinə İddiaçı 2/3 hissədə pay hüququ müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manat pul iddiaçıdan 50 manat, cavabdehlərdən müştərək qaydada 50 manat olmaqla dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-707/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-707/2022
03.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver