Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-707/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X5 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, iddiаçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2985/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı satış qiyməti 8.800 manat olan avtomobili almaq məqsədilə ilkin ödəniş olaraq 4.800 manat pul ödəmiş, qalan ödənişi onun əvəzinə Cavabdeh etmişdir. İddiaçı ondan alınmış avtomobilə görə ödədiyi pulun geri qaytarılmasını xahiş edir, cavabdeh isə iddiaçının 4.800 manat məbləğində pulu avtomobili aldığı şəxsə verdiyini (iş v. 28), ona cəmi 1.500 manat ödəniş etdyini, daha sonra ödənişlər edilmədiyi üçün avtomobili başqa şəxsə satdığını izahatlarında etiraf edir, bununla belə avtomobil etibarnaməsiz idarə olunduğundan onun adına yazılmış 1.400 manat məbləğində inzibati cəriməni iddiaçının əvəzinə ödədiyini, təmiri üçün əlavə 3.000-4.000 manat vəsait lazım olduğunu bildirir.
2. AR DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli nəqliyyat vasitələri barədə məumatların kompüter çıxarışına əsasən **-MX-*** dövlət qeydiyyat nişanlı, “Mersedes Benz E230” minik markalı avtomobil xx.xx.2020-ci il tarixdə X3 adına qeydiyyatdan keçmiş, xx.xx.2023cü il tarixdə qeydiyyatdan çıxmış, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-cı il tarixədək avtomobilə dair X1 adına etibarnamə verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1995-ci il buraxılışlı «Mercedes Benz» E230 markalı **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt avtomobil bazarından alarkən cavabdehə verdiyi 4.800 manat pulu və 3 ayın 1.600 manat faiz pulunu cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, o, 2021-ci ildə Sumqayıt avtomobil bazarında Sənan adlı şəxsin satdığı «Mercedes Benz E230» markalı **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobili bəyənmiş, onunla həmin avtomobili 8.800 manata almağa razılaşmış, lakin yanında 4.800 manat olduğundan, bazarda olan şəxslərin məsləhəti ilə bazarda borca pul verən şəxs kimi tanınmış cavabdehə müraciət edərək ondan 4.500 manat borc pul götürmüşdür. Cavabdehlə aralarında razılaşmaya əsasən, o, bir il ərzində hər ay 550 manat ödəməklə borcu cavabdehə qaytarmalı idi və cavabdeh də ona hər ay avtomobili idarə etmək üçün 1 aylıq etibarnamə verməli idi. Onun tərəfindən faiz olaraq cavabdehə cəmi 1.600 manat pul verilmişdir. Lakin 3 aydan sonra yeni etibarnamə istəyəndə cavabdeh etibarnaməni verməmiş və onunla razılaşmayaraq avtomobili götürüb aparmışdır. Odur ki, cavabdeh maşını ondan aldığından ondan avtomobili alarkən ödədiyi 4.800 manatı və faiz olaraq ödədiyi 1.600 manat pulu tələb edir.
5. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, onun tərəfindən iddiaçıya faizə pul verilməmiş, 4500 manat borc pul verilmişdir. 4800 manat pulu isə iddiaçı maşını aldığı şəxsə vermişdir. Maşın alınarkən onun tərəfindən iddiaçının kürəkəninə maşını idarə etmək üçün etibarnamə verilmişdir. Borcdan iddiaçı tərəfindən ona 1.500 manat geri qaytarılmışdır. İddiaçı qalan borcu ödəmədiyindən ona yeni etibarnamə verməmişdir. Maşın etibarnaməsiz idarə olunduğundan onun adına 1.400 manat məbləğində inzibati cərimə yazılmışdır. İddiaçıdan həmin cərimənin ödənilməsini tələb etdikdə iddiaçı tərəfindən həmin cərimə ödənilməmişdir. Odur ki, Xaçmaz Rayon Yol Polisi İdarəsinə müraciət edərək avtomobilin etibarnaməsiz idarə olunması barədə məlumat vermişdir. xx.xx.2021-ci il tarixdə Xaçmaz Rayon Yol Polis Xidmətinin duracağından maşının cərimələrini ödəyərək götürmüşdür. Bu barədə iddiaçıya məlumat vermişdir ki, maşın ondadır, ona olan borcunu ödəsin, maşını aparsın. Maşını duracaqdan götürərkən maşın yararsız vəziyyətdə olmuş və onun təmiri üçün 3.000-4.000 manat vəsait lazım idi. O, heç kimin hüquqlarını pozmamış, əksinə iddiaçı onun etibarından sui istifadə etmişdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2985/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 6.300 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən maşın geri alındığından iddiaçı haqlı olaraq ona qarşı maşına görə ödədiyi pulun geyri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən hesab etmişdir ki, iddia qismən təsdiq edildiyindən maşına görə ödənilmiş 4.800 manat pul və cavabdehə ödənilmiş 1.500 manat pulun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
8. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2985/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki mülki işdə iddiaçının qeyd etdiyi kimi ona 4.800 manat pul verməsi müəyyən olunmur və iddiaçı bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfədən də izahatında göstərdiyi kimi iddiaçı ondan 4.500 manat borc pul almış həmin puldan 1.500 manat qaytarmışdır. Yəni, cavabdehin iddiaçının hesabına hər hansı əmlak əldə etməsinin müəyyən edilməməsinə baxmayaraq, məhkəmə cavabdehə ödənilməmiş pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etməklə maddi hüquq normalarını pozmuşdur. İddiaçı avtomobilin alınması ilə bağlı 4.800 manat pulun məhz ona verməsini təsdiq edən sübutlar məhkəməyə təqdim etməmişdir. Bununla belə, iddiaçının məhkəmə iclasında verdiyi izahatdan göründüyü kimi bazarda Sənan adlı şəxsin satdığı «Mercedes Benz» E230 markalı **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobili bəyənmiş, onunla həmin avtomobili 8.800 manata almağa razılaşmış, lakin yanında 4.800 manat olduğundan, bazarda olan şəxslərin məsləhəti ilə bazarda borca pul verən şəxs kimi tanınmış ona müraciət edərək ondan 4.500 manat borc pul götürmüş, həmin borca görə cavabdehə faiz olaraq 1.600 manat pul ödəmişdir. O da oxşar məzmunlu ifadə verərək iddiaçının ondan aldığı borc puldan 1.500 manat qaytarmasını bildirmişdir. Məhkəmə də qətnaməsində iddiaçının ona olan borcundan 1.500 manat ödəməsini etiraf etməsini əsas götürərək, qaytarılmış borcun yenidən ondan tutulmalı olması barədə əsassız nəticəyə gəlmişdir. Göründüyü kimi iddiaçı özü də etiraf etmişdir ki, avtomobilə görə 4.800 manatı avtomobili satan Sənan adlı şəxsə vermiş, ondan həmin avtomobili almaq üçün çatışmayan 4.500 manat hissəsini borc almışdır. Lakin, birinci istansiya məhkəməsi tərəfindən hazırki mülki işə baxılarkən qeyd olunan məsələlər araşdırılmamış, məhkəmə tərəfindən Sənan adlı şəxsin şahid qismində çağırılıb dindirilməsinə təşəbbüs belə göstərilməmiş, nəticədə iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırılmış və heç bir sübut təqdim edilməmiş iddia tələbi üzrəiddianın təmin edilməsi barədə qətnamə qəbul edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12.İştirak etdiyi məhkəmə iclasında Cavabdeh apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2020-ci ilin sentyabr ayının ya 20-i ya da 21 i tarixində həmin maşını iddiaçıya satmış, daha sonra sentyabr ayının 29-da Vətən müharibəsinə getmişdir. O, maşını Sənan adlı şəxsdən alıb iddiaçıya satmışdır. İddiaçının təqribi 4.000 ya da 4.500 manata pulu var idi. O, iddiaçıya maşını 10.000 manata satmağı təklif etmiş və o da buna razılaşıb. Faizə pul vermir. İddiaçı ilkin ödənişi etmiş, daha sonra aylar üzrə cəmi 1.500 manat ödədi, sonda 4500 manat ona borcu qaldı. Maşın iddiaçının oğlu tərəfindən idarə olunurdu. O, sentyabr ayında müharibəyə getmiş, o, müharibədə olduğu dövrdə bir ay kartına ödəniş oldu. Daha sonra sənədlərə baxdı və gördü ki, ödənişlər qalıbdır, Nazan xanıma zəng vuraraq ödənişlərin qaldığı barədə məlumat vermişdir. Daha sonra qırğın-dava ilə Xaçmaza gedərək iddiaçıdan cəmi 1.500 manat pul almışdır. Bundan sonra ödənişlər olmadıqdan sonra o, Xaçmaz Rayon Polis İdarəsinə gedərək rəsmi şəkildə müraciət etmişdir ki, maşın həm nömrəsiz idarə olunur, eyni zamanda maşının cərimələri də onun adına yüklənir. Bundan sonra maşın dayanacağa yerləşdirildi. O, maşını götürməyə gedəndə maşının cərimələri olduğu barədə ona məlumat verildi. Bununla bağlı protokollar onda vardır. Maşının təqribi 1.980 manat cərimə borcu var idi, həmin cərimələr onun tərəfindən ödənildi. Müqavilədəki məbləğlər qaralanıbdır. Belə bir müqavilə mövcuddur, lakin məbləğlər qaralanıbdır. İddiaçı ilkin ödəniş olaraq təqribi ya 4.000 ya da 4.500 manat pul ödəmişdir. İddiaçı 3 aya isə cəmi 1.500 manat pul ödəmişdir. Maşın hal-hazırda onun tərəfindən başqa adama satılmışdır. Maşın satılan zaman onun nömrəsi də dəyişilmişdir. 13.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, Sumqayıt bazarına gələrək maşın almaq istəyirdi. Orada Sənan adında oğlanın maşını onun xoşuna gəldi. O, kürəkəni ilə maşın bazarına gəlmişdir. Həmin maşını təqribi 9.000 manata danışdı. Sənan ondan nə qədər pulu olduğunu soruşdu, o, 4.800 manat pulu olduğunu bildirdi. Sənan ona maşın bazarında Əşrəf adında oğlan olduğunu, faizlə pul verdiyini bildirdi. Onlar Əşrəfin yanına maşının sahibi ilə birlikdə danışığa gəlmişdir. Əvvəlcə onlar razılaşdı ki, 45-50 faizlə pul verir. O, 6 yetim saxladığını, pulun çox olmamasını bildirdi. Onlar maşının qeydiyyata alındığı yerə gəldi, orada 8 saat qaldı. O, Əşrəfə pulu verdi, aralarında bu barədə yazılı şəkildə razılaşma oldu. O, ona 4500 manat pul verdi, lakin o həmin pulun 500 manatının şirinlik olduğunu bildirdi. Daha sonra cavabdeh onun oğluna 1 aylıq etibarnamə verdi, o, iki ayın ödənişini həyata keçirdi. Etibarnamənin müddəti bitdiyinə görə oğlu maşını sürə bilmirdi. O, cavabdehə zəng vurdu, cavabdeh Qarabağda olduğunu gələndə danışacağını bildirdi. Cavabdeh gələndə o, etibarnamə verməsini bildirdi ki, oğlu işləsin və pulu ödəsin. Cavabdeh bildirdi ki, o, etibarnamə vermir, ya maşını ya da pulu ödə. O, bank vasitəsilə 550 manat pulu cavabdehə ödədi. Cavabdeh ona etibarnamə vermədi, daha sonra maşının motoru xarab oldu. O, maşının motoruna təqribi min neçə manat pul ödədi. Maşına 200 manata radiator, 100 manata akkumlyator aldı, karobka yığdırdı. Maşın 1995-ci ilin maşını idi. Oğlu maşını ustadan gətirən zaman polislər maşını oğlunun əlindən aldılar. Məmmədova Ayseli və Vəliyev Babanı tanımır. O, maşını Sənandan almışdır. Əşrəf maşını onun əvəzindən aldı və pulun qalan hissəsini o, faizlə ödəməli idi. 4.800 manat bir, 1.800 manat isə ayrıca onun tərəfindən cavabdehə ödənilmişdir.
14. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə cavadehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 16.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 17.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 18.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş edilir. Həmçnin nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnamə ilə iddia qismən təmin edilmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsinin yoxlanılması, həmçinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünün apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
19.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. 20.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
21.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 22.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 23.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri). 24.Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun (89.1-ci və 89.2-ci maddələr).
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
25.386.1 maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədənəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsasolmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 27.1091.2-ci maddəsinə görə, əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cürvarlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermis sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 28.1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə onaqaytarmalıdır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
29.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir.
30. Belə ki, İddiaçı satış qiyməti 8.800 manat olan avtomobili almaq məqsədilə ilkin ödəniş olaraq 4.800 manat pul ödəmiş, qalan ödənişi onun əvəzinə Cavabdeh etmişdir. İddiaçı ondan alınmış avtomobilə görə ödədiyi pulun geri qaytarılmasını xahiş edir, cavabdeh isə iddiaçının 4.800 manat məbləğində pulu avtomobili aldığı şəxsə verdiyini (iş v. 28), ona cəmi 1.500 manat ödəniş etdyini, daha sonra ödənişlər edilmədiyi üçün avtomobili başqa şəxsə satdığını izahatlarında etiraf edir, bununla belə avtomobil etibarnaməsiz idarə olunduğundan onun adına yazılmış 1.400 manat məbləğində inzibati cəriməni iddiaçının əvəzinə ödədiyini, təmiri üçün əlavə 3.000-4.000 manat vəsait lazım olduğunu bildirir. 31.Göründüyü kimi iddiaçının avtomobil əldə etmək məqsədilə ilkin ödəniş olaraq 4.800 manat pul ödədiyi, həmin avtomobilin razılaşmalarına görə əslində Cavabdeh vasitəli sahibliyinə keçdiyini, iddiaçı tərəfindən ödənişlər tam edilmədiyi üçün avtomobili başqa şəxsə satdığı işin müəyyən edilmiş hallarıdır. Belə olan halda kollegiya, tərəflər arasında etibarlı müqavilə münasibətlərinin yaranmadığını nəzərə alaraq, mübahisənin əsassız varlanma haqqında normalara əsasən həll edilməli olması barədə qənaətə gəlir. Belə ki, tərəflər arasında mövcud olmuş razılaşmaya əsasən cavabdeh müvafiq məbləğ müqabilində avtomobili iddiaçının sahibliyinə və istifadəsinə verməli idi. Hal-hazırda avtomobil cavabdeh tərəfindən geri alındığından cavabdeh iddiaçının hesabına ödədiyi 6.300 (4.800+1.500) manat məbləğində əsassız varlanmışdır. Ona görə də, Cavabdeh əldə etdiklərini iddiaçıya qaytarmalıdır. İddiaçı ödədiyi pulun daha yüksək məbləğdə, yəni 1.500 yox 1.600 manat məbləğidnə olduğunu bildirsə də, bununla bağlı məhkəməyə heç bir tutarlı sübut təqdim etməmişdir. 32.Qeyd edilməlidir ki, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün məhkəmə tərəfindən iş üzrə aşağıdakı üç şərt müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi, həmin əmlakı iddiaçının əmlakı hesabına əldə edilməsi və bu əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsasdır. Baxılan işdə də qeyd olunan maddələrin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunur. Belə ki, əsassız varlanmaya əsasən “varlanmış” borclunun hüquqi əsas olmadan artmış əmlakın əvvəlki vəziyyətə qaytarılmasını tələb etmək hüququna yalnız həmin əmlakdan məhrum olan şəxs malikdir və bu iddia üzrə cavabdehlik daşıyan şəxs məhrum olan kreditorun hesabına heç bir hüquqi əsas olmadan varlanmış şəxsdir. 33.Yuxarıda göstərilənlərə əsasən müəyyən edildiyi kimi birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə istinad etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir. 34.Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Beləliklə də tərəflər arasında yaranması ehtimal edilən münasibətlərin hüquqi dəyərləndirilməsi Mülki Məcəllənin 1091-ci və 1092.1-ci maddələri ilə bağlı müddəalarının tələbləri daxilində aparılmalıdır. 35.Beləliklə də məhkəmə kollegiyası, tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranması əsasları baxımından hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2985/2023 nömrəli, 21 sentyabr 2023cü il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməklə 6.300 (4.800+1.500) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. 36.MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 37.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2985/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 6.300 manat və dövlət rüsumu kimi ödənilmiş 90 manatın 88 manatı, cəmi 6.388 (altı min üç yüz səksən səkkiz) manat manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia digər hissədə rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova