Məhkəmə qərarları › İş №2(103)-7075/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7075/2021

21.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7075/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağagül qızına qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli 2(001)-3731/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağagül qızına qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3/33 nömrəli evin 35 nömrəli mənzilinə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli 2(001)- 3731/2020 saylı qətnaməsi ilə (hakim İlkin Əliyev) Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3/33 nömrəli evin 35 nömrəli mənzilinə istifadə hüququnun itirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. İddiaçı, qeyd edilən qətnamədən apelyasiya şikayəti verərək, onun iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddianın Cavabdeh2 Ağagül qızına münasibətdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı Apellyasiya Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(103)-2455/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddia ərizəsinin təmin edilməmiş hissəsində ləğv edilmiş, həmin hissədə işin icraatına işə məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmiş, iddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(102)- 3223/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. Yeni apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi iddiadan imtina barədə 21.09.2021-ci il tarixli ərizə təqdim edərək, cavabdehlər tərəfindən istifadə hüquqlarının itirilməsi tələb olunan əmlakın artıq boşaldıldığını, mənzilin bank tərəfindən üçüncü şəxsə satıldığını, iddiadan imtinanın nəticələrinin onlara aydın olduğunu bildirmiş, bu səbəbdən də qətnamənin ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh iddiadan imtina ilə əlaqədar iş üzrə icraata xitam verilməsinə etiraz etmədi. Məhkəmə kollegiyası, iddiadan imtina barədə ərizəni nəzərdən keçirərək, hesab edir ki, qətnamə ləğv olunmalı, iddiadan imtina olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 52-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki işlərin başlanması məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini və bu imtinanın məhkəmə tərəfindən qəbul ediləcəyi təqdirdə iş üzrə icraatın xitam edilməsinin əsası kimi nəzərdə tutmuşdur. Baxılan işdən görünür ki, iddiaçının iddia tələbindən imtina etməsi barədə iradə ifadəsi yazılı formada tərtib edərək məhkəməyə təqdim etdiyi ərizədə əks olunmuşdur və onun iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. MPM-in 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. MPM-in 391-ci maddəsinə əsasən, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli 2(001)-3731/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağagül qızına qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə icraata, iddiadan imtina olunması ilə əlaqədar xitam verilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar