Məhkəmə qərarları › İş №2(103)-7078/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7078/2021

13.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7078/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil2, cavabdehin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi İlk-Peşə İxtisas Təhsil Müəssisəsi 8 saylı Bakı Peşə Liseyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27.11.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi barədə 17.07.2019-cu il tarixli, 142 №-li əmr ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə - 8 saylı Bakı Peşə Liseyinin biologiya müəllimi vəzifəsinə bərpa edilsin və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının vəkili isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı ilə olan əmək müqaviləsinə işəgötürənin 17.07.2019-cu il tarixli, 142 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib. Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə görə bu əsasla əmək müqaviləsinin ləğv edilməsi üçün həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalıdır. Lakin işəgötürən həmkarlar ittifaqı təşkilatının razılığını almayıb. Belə ki, həmkarlar ittifaqı təşkilatının 12.07.2019-cu il tarixli qərarı (cild 1, iş v. 28) iki bənddən ibarətdir. 1-ci bənddə qeyd olunub ki, iddiaçının davranışı əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsinə şərait yaradır. 2-ci bənddə isə qeyd olunub ki, təklif olunur ki, əmək müqaviləsinə yenidən baxılsın. Qərar birmənalı olmalıdır, çünki Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsindən görünür ki, həmkarlar ittifaqı təşkilatının vəzifəsi əsaslandırılmış yazılı qərar qəbul etməkdir. Qərarda ümumiyyətlə “razılıq” sözü olmadığına görə o, əsaslandırılmış razılıq kimi qiymətləndirilə bilməz. Müvafiq olaraq belə qərara əsasən əmək müqaviləsi ləğv edilə bilməz. Bundan başqa, həmkarlar ittifaqı təşkilatının protokoldan görünür ki, qeyd olunan məsələyə həmkarlar ittifaqı təşkilatının 10 nəfərdən ibarət Şura üzvlərinin yağıncağında baxılıb. İşçi həmkarlar ittifaqı təşkilatına ona görə üzv olur ki, əmək müqaviləsinin ləğvi zamanı öz həmkarları tərəfindən müdafiə olunsun. Ona görə də bu məsələyə Şura üzvlərinin yığıncağında deyil, həmkarlar ittifaqı təşkilatının bütün üzvlərinin yığıncağında baxılmalı idi. Beləliklə, əmək müqaviləsi həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan ləğv edildiyinə görə bu barədə olan əmr qanunsuzdur. Ona görə də məhkəmə Əmək Məcəlləsinin 300-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Qaradağ Rayon Məhkəməsinin 27.11.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar