Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7078/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 BOKT ASC-yə qarşı iş üzrə (Açar sözlər: hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 BOKT ASC-yə qarşı “hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2249/2022 saylı 18 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 07 dekabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-890/2011 saylı xx.xx.2011-ci tarixli icra vərəqəsinə əsasən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-127/2011 nömrəli 16 mart 2011-ci il tarixli qətnaməsinin qismən - iddianın cavabdehlərin mənzildən çıxarılmasının rədd edilməsi hissəsində ləğv edilməsi, ipoteka qoyulmuş mənzildə yaşayanların həmin mənzildən çıxarılması hissəsində iddianın qismən təmin edilməsi, Gəncə şəhəri G.Zeynalov küçəsi 34 nömrəli və Gəncə şəhəri A.Babayev kuçəsı 31 nömrəli mənzillər satıldıqdan sonra bir ay müddətində X3 və İddiaçı həmin mənzildən çıxarılması, ipotekaya qoyulmuş Gəncə şəhəri G.Zeynalov küçəsi 34 nömrəli və Gəncə şəhəri A.Babayev küçəsi 31 nömrəli mənzillər, 20 CK- 341 nömrə nişanlı, “Ford Transit 80S” markalı və **-CC-*** nömrə nişanlı “Qaz 31105-120” markalı avtomobillərin açıq hərracdan satılması, qətnamənin cavabdeh İddiaçı "xxxx" ASC-nin xeyrinə 18/08 nömrəli kredit müqaviləsinə edilmiş, 17 noyabr 2009-cu il tarixil 01 nömrəli əlavə və dəyişikliklərə əsasən, 35.408,20 manat əsas kredit borcu, 218.93 manat faiz borcu, 5.000 manat dəbbə pulu olmaqla, cəmi 58627,19 manat 75a/09 nömrəli kredit müqaviləsi üzrə 5127,52 ABŞ dolları əsas borc, 3293,46 ABŞ dolları faiz borcu, cəmi 8421,08 ABŞ dolları, 2009-cu il tarixli 73a/09 nömrəli kredit müqaviləsi üzrə 6149,97 ABŞ dolları əsas kredit borcu, 3.293,46 ABŞ dolları faiz borcu, cəmi 10085,97 ABŞ dolları milli manat ekvivalentində pul, 2009-cu il tarixli 73a/09 kredit müqaviləsi üzrə 6.149,97 ABŞ dolları əsas kredit borcu, 3.936 ABŞ dolları faiz borcu, cəmi 11.085,97 ABŞ dolları milli manat ekvivalentində pul, 2009-cu il 16 fevral tarixli kredit müqaviləsi üzrə 4.979,66 ABŞ dolları əsas, 3000 ABŞ dolları faiz borcu, cəmi 8313.03 ABŞ dolları milli manat ekvivalentində pul, ümumilikdə 87979,53 ABŞ dolları, hüquqi yardıma görə 500 manat və 30 dövlət rüsumunun cavabdeh İddiaçının xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh X1 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, General Zeynalov küçəsi 34 saylı və Gəncə şəhəri, Kəpəz rayonu, A.Babayev küçəsi 31 saylı fərdi yaşayış evlərinə yönəldilməsi, Gəncə şəhəri, Kəpəz rayonu, General Zeynalov küçəsi 34 saylı evin ilkin satış qiymətinin 140.000 manat, Gəncə şəhəri, Kəpəz rayonu, Adil Babayev küçəsi 31 saylı evin ilkin satış qiymətinin 57.000 manat məbləğində müəyyən edilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı məxsus **-CK-*** dövlət nömrə nişanlı, 1996-cı buraxılış ili olan, albalı rəngli «FORD TRAN.SİT SOS» markalı və 20-CC931 dövləf nömrə nişanlı 2005-ci buraxılış ili olan, QAZ-31 105-120 markalı avtomobilllərə yönəldilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə edilən vəsaitlərin qalan hissəsinin ipoteka qoyanlara qaytarılması hissəsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
2. Hərrac Təşkilatının xx.xx.2019-cu il tarixli, 23/06 nömrəli Hərracın yekunları barədə protokoluna əsasən Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-890/2011 saylı, xx.xx.2011-ci tarixli icra vərəqəsi, Gəncə şəhəri üzrə İcra İdarəsinin 10110/15 saylı, xx.xx.2015-ci il tarixli sifariş məktubuna və Cavabdeh2 Bank Olmayan Kredit X4 Cəmiyyətinin müvafiq məktubunun icrası ilə bağlı keçirilmiş hərrac üzrə X2 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 119000 manat satış qiyməti ilə Cavabdeh2 Bank Olmayan Kredit X4 Cəmiyyətinə satılmışdır.
3. Hərrac Təşkilatının xx.xx.2019-cu il tarixli, 23/07 nömrəli Hərracın yekunları barədə protokoluna əsasən Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-890/2011 saylı, xx.xx.2011-ci tarixli icra vərəqəsi, Gəncə şəhəri üzrə İcra İdarəsinin 10110/15 saylı, xx.xx.2015-ci il tarixli sifariş məktubuna və Cavabdeh2 Bank Olmayan Kredit X4 Cəmiyyətinin müvafiq məktubunun icrasına əsasən keçirilmiş hərrac üzrə X2 məxsus ünvan 2ən fərdi yaşayış evi 48450 manat satış qiyməti ilə Cavabdeh2 Bank Olmayan Kredit X4 Cəmiyyətinə satılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair verilmiş 18 mart 2019-cu il tarixli 23/06 nömrəli hərracın yekunları barədə protokolun, ünvan 2ən fərdi yaşayış evinə dair verilmiş 18 mart 2019-cu il tarixli 23/07 nömrəli hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC ilə arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi məhrum anasına məxsus və hazırda yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini və ünvan 2ən fərdi yaşayış evini banka girov qoymuş, krediti bir müddət ödədikdən sonra inflyasiya səbəbindən ödəmələrdə müəyyən müddət ərzində gecikmələr yaransa da, sonradan borcunu hissə-hissə ödəyəcəyi barədə bankla razılığa gəlmişdir. Bundan sonra bir müddət yenə borcunu hissə-hissə ödəməyə başlamış, lakin bu günlərdə məlum olmuşdur ki, girov qoyulmuş hər iki ev hərrac vasitəsilə bankın adına keçib. Hazırda ipoteka predmeti olan hər iki fərdi yaşayış evi Cavabdeh2 Bank Olmayan Kredit təşkilatının adınadır. Bütün bunlardan yalnız bu günlərdə xəbər tutub. Hesab edir ki, sözügedən fərdi yaşayış evlərinə dair hərraclar qanunvericiliyin tələblərinin kobud surətdə pozulması ilə keçirilmişdir.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 18 avqust 2022-ci il tarixli 2(005)-2249/2022 saylı qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia təmin edilməmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-890/2011 saylı, xx.xx.2011-ci tarixli icra vərəqəsi və Gəncə şəhəri üzrə İcra İdarəsinin 10110/15 saylı, xx.xx.2015-ci il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. İddiaçı ona qarşı belə bir icra vərəqəsinin mövcudluğu barədə məlumatlı olmuş və əmlakı ilə bağlı icra məmuru tərəfindən görülmüş icra tədbirlərindən xəbərsiz olması inandırıcı deyil. Göründüyü kimi, iddiaçı xx.xx.2022ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracı mübahisələndirmişdir. Mübahisəli hərracların nəticələri barədə protokolun 2019-cu ildə bağlandığını nəzərə aldıqda görünür ki, ötən 3 il ərzində əqdlərin etibarsızlığının mübahisələndirilməsi üçün bir illik kəsici müddət ötürülmüşdür.
8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 354.2, 375.2, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 mart 2020-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apelyasiya şikayətində iddia ərizəsində qeyd olunanlar sadalanmaqla, göstərilmişdir ki, hər iki evin hərrac vasitəsi ilə bankın adına keçdiyini bildiyi zaman iddia qaldırmışdır.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən, işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.
15. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.
16. Maddə 416. Hərracın keçirilməsi qaydaları pozularsa maraqlı şəxslərin iddiası üzrə məhkəmə tərəfindən həmin hərrac etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
17. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
26. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. İddiaçının tələbi əsassızdır.
27. İddiaçı hərracın keçirilməsindən məlumatlı olmadığına istinad etmişdir.
28. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçı mübahisələndirdiyi hərracın yekunlarına dair ehtimal olunan hüquqlarının pozulmasından xəbərdar olmamasını bildirsə də, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-890/2011 saylı, xx.xx.2011-ci tarixli icra vərəqəsindən məlumatlı olmuş, həmin icra vərəqəsinin icrası ilə bağlı keçirilmiş hərraclardan, özünün də qeyd etdiyi kimi, “bu günlərdə” məlumatlı olması barədə iddia tələbinin dəlili inandırıcı olmamışdır.
29. Kollegiyanın sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən hərrac iclərinə dair müvafiq sənədlər göndərilmişdir. Açıq hərracın keçirilməsinə dair bildirişlərdən görünür ki, hər iki ipoteka predmetinə dair birinci hərrac xx.xx.2015-ci il tarixə, saat 11:00-a təyin edilmiş, ikinci hərrac xx.xx.2015-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Hərraclar baş tutmamış və təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir.
30. Eyni zamanda Gəncə şəhəri üzrə İcra İdarəsindən müvafiq icra sənədi üzrə materiallar sorğuya cavab olaraq göndərilmişdir. Müəyyən edilir ki, "xxxx" MMC-yə icra vərəqəsinin icrası ilə bağlı evlərin açıq hərrac yolu ilə satılmasına sərəncam verilməsi barədə sifariş məktubu göndərilmiş, “açıq hərracın keçirilməsinə dair” qeyd edilən bildirişlər əlavə edilmişdir.
31. Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda göstərilmişdir ki, Gəncə Apelyasiya Məhkəməsinin borclular İddiaçı və X3 barəsində olan 2(104)-890/2011 saylı xx.xx.2011-ci il tarixli icra sənədi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən icra olunması üçün Sizə göndərilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 2(104)- 2607/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən “ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakların ipotekasına xitam verilməsi tələbinə dair” iddia təmin edilməmişdir. Odur ki, hərracın davam etdirilməsi xahiş edilmişdir.
32. Göründüyü kimi hərracın nəticələrini mübahisələndirməmişdən əvvəl iddiaçı “ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakların ipotekasına xitam verilməsi” barədə iddia qaldırmış və həmin vaxt hərracın keçirilməsi dayandırılmışdır. Həmin iddia rədd edildikdən sonra hərracın keçirilməsi davam etdirilmiş və əmlaklar satılmışdır.
33. Belə olan halda iddiaçının hərracın keçirilməsi barədə məlumatının olmamasına dair qeyd etdikləri təkzib olunur, ipotekaya xitam verilməsi barədə iddiaya baxıldığı zaman həmin əmlaklar barəsində hərrac prosesindən məlumatının olmaması ağlabatan və inandırıcı hesab edilə bilməz.
34. Kollegiya hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, mübahisəli hərracların nəticələri barədə protokolun 2019-cu ildə bağlandığını nəzərə aldıqda iddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ötən 3 il ərzində əqdlərin etibarsızlığının mübahisələndirilməsi üçün Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş bir illik kəsici müddəti ötürmüşdür.
35. Apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
36. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2249/2022 saylı iş üzrə 18 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.