Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-708/2022 10.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının nümayəndəsi Yusif Məmmədovun iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 10.09.2020-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, 22.07.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə “Hoffmann SİAC-24/HR” kondisionerin qiymətinin ödənilməmiş hissəsi kimi 1.563,6 manat, kondisionerin qiymətinin ödənilməsinin gecikdirilməsinə görə cərimə kimi 156,4 manat, cəmi 1.720 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, 1.563,6 manat, cərimə kimi 156,4 manat, cəmi 1.720 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırıb ki, iddiaçı kondisioneri quraşdırmaq öhdəliyini öz üzərinə götürmüş, lakin kondisioner quraşdırılmadığına görə ondan istifadə edə bilməmiş, bu səbəbdən də kondisionerin qiymətini ödəməmişdir. 2020ci ilin oktyabar ayının sonlarında kondisioneri öz şəxsi vəsaiti hesabına quraşdırmışdır. Bundan sonra kondisionerin pulunu ödəmək istədikdə ona bildirmişlər ki, cəriməsi var, onu da ödəməlidir. O, cərimə hesablanmasına etiraz etmişdir, çünki kondisioner quraşdırılmadığına görə onun qiymətini vaxtında ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Yusif Məmmədov bildirdi ki, cavabdeh apellyasiya şikayəti verməklə vaxtı uzadır. İddiaçının cavabdehin qarşısında kondisionerin quraşdırılması ilə bağlı müqavilə öhdəliyi yoxdur. İddiaçı şifahi olaraq cavabdehə təklif edib ki, kondisioneri quraşdıra bilər. Cavabdeh razılaşıb, buna görə 70 manat əlavə ödəniş edib. Lakin iyul ayı olduğuna görə müştəri çox olub, iddiaçı cavabdehə bildirib ki, özü kondisioneri quraşdırsın, iddiaçı quraşdırma xərcini ödəyər. Hazırda tələb olunan məbləğdən 70 manatın, yəni kondisionerin quraşdırılması xərcinin çıxılmasına etiraz etmir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı (satıcı) ilə cavabdehin (alıcının) arasında “Hoffmann SİAC-24/HR” markalı kondisionerə dair 22.07.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə uyöun olaraq iddiaçı kondisioneri cavabdehə vermiş, cavabdeh isə kondisionerin qiymətini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı kondisioneri quraşdırmaq öhdəliyini də üzərinə götürmüş, buna görə cavabdeh 70 manat əlavə ödəniş etmiş, lakin iddiaçı kondisioneri quraşdırmamışdır. Ona görə də iddiaçının tələb etdiyi 1.563,6 manatdan 70 manat çıxılmalı, cavabdehdən 1.493,6 manat tutulmalıdır. Cərimə kimi 156,4 manat tutulması barədə tələb təmin oluna bilməz. Çünki iddiaçı kondisionerin quraşdırılmasına görə cavabdehdən 70 manat ödəniş qəbul etməklə kondisioneri quraşdırmaq öhdəliyini üzərinə götürüb. İddiaçı bu öhdəliyi yerinə yetirmədiyinə görə cavabdeh kondisionerin qiymətinin ödənilməsini yubadıb. Mülki Məcəllənin 562.1-ci maddəsinə görə əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər (ləngitmə hüququ). Beləliklə, məhkəmə Mülki Məcəllənin 389, 425 və 567-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tutulmalı olan pulun məbləğinə aid hissədə dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə müqavilə üzrə 1.493,6 manat pul, habelə dövlət rüzumunun əvəzi kimi 30 manat tutulmalıdır. Cərimə tutulmasından imtina edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 10.09.2020-ci il tarixli qətnaməsi tutulmalı olan pulun məbləğinə aid hissədə dəyişdirilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 1.493,6 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 1.523,6 (min beş yüz iyirmi üç tam onda altı) manat tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-708/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-708/2022
10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver