Məhkəmə qərarları › İş №2(103)-7080/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7080/2022

26.10.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7080/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsin qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: müqavilələrin hüquqi qüvvəsinin cavabdeh tərəfindən tanınması və torpaq sahəsi ilə əlaqədar arxiv arayışının və eskiz planının verilməsinin təmin edilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1384/2022 saylı 04 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan Abşeron rayonu Buzovna tərəvəzçilik südçülük sovxozu ilə Hacıyev Uzeyir Əliabbas oğlu arasında bağlanmış 1985-1986-ci illərə aid “tərəvəz istehsalatına dair” podrat müqavilələrinin surətindən görünür ki, həmin müqavilələr, Uzeyir Hacıyev Əliabbas oğlu tərəfindən, ona müvəqqəti təhkim olunmuş torpaq sahəsinin hər hektarından müqavilədə göstərilən miqdarda keyfiyyətli tərəvəz məhsulu əldə edib sovxoza təhvil verməsi barədə öhdəlik götürməsi haqqında bağlanılmışdır.

2. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli 2(003)-4495/2021 saylı qətnaməsindən görünür ki, ərizəçi İddiaçı ölüm faktının müəyyən edilməsi və şəxsin ölmüş elan edilməsinə dair ərizəsi təmin edilərək 1884-cü il təvəllüdlü Mirzə Bala Hacı Bala oğlunun xx.xx.1959-cu il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi, 1843-cü il təvəllüdlü Hacı Bala Ağa Məmməd oğlunun ölmüş elan edilməsi və hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gün 1843-cü il təvəllüdlü Hacı Bala Ağa Məmməd oğlunun ölüm günü hesab edilməsi qət edilmişdir.

3. İş materiallarında olan Bakı şəhəri 7 saylı Notariat ofisinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, tərəfindən Hacı Bala Ağa Məmməd oğlundan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciətlə əlaqədar olaraq hazırda mərhumun nəticəsi İddiaçı qanun üzrə vərəsəsi olması barədə məlumat Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə bildirilərək Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində yerləşən (Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli TA-00066-2021 saylı Arxiv arayışına əsasən 756 kv.sajina torpaq sahəsi) faktiki istifadədə olan 0.71 ha torpaq sahəsinə dair çıxarış verilməsi xahiş olunmuşdur.

4. İş materiallarında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, onun müraciətinə cavab olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir.

5. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin Nümayəndə ünvanladığı xx.xx.2021-ci il tarixli arxiv arayışdan görünür ki, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi üzrə Buzovna kəndinin 1886-cı il dair kameral siyahısında Hacı Bala Ağa Məmməd oğlu-43 yaş, onun oğlanları Hacı Baba Hacı Bala oğlu – 7 yaş, Mirzə Bala Hacı Bala oğlu- 2 yaş, adlı şəxslərin adları qeyd olunmuş və onların Buzovna kəndində 756 kv.sajina bərabər olan torpaqda üzüm sahəsi olmuşdur. Ailə 5 rubl 30 qəpik dəyərində dövlət vergisi və torpaq rüsumu ödəmişdir.

6. İş materiallarında olan AZ-İ 843842 nömrli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Hacıyev Əliabbas Mirzəbala oğlu xx.xx.1981-ci il tarixdə ölmüşdür.

7. İş materiallarında olan xx.xx.2008-ci, xx.xx.2009-cu, xx.xx.2009-cu, xx.xx.2009-cu, xx.xx.2010-cu, xx.xx.2010-cu il tarixli yerli (bələdiyyə) vergilərin və ödənişlərin qəbulu üçün qəbzlərin surətlərindən görünür ki, Nümayəndə tərəfindən Buzovna Bələdiyyəsinin hesabına ödənişlər aparılmışdır.

8. İş materiallarında olan xx.xx.2013-cü il tarixli əhalidən vergilərin qəbulu üçün qəbzlərin surətlərindən görünür ki, Nümayəndə tərəfindən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin KTM-nin hesabına 55 manat, 33 manat məbləğlərində torpaq vergisi ödənilmişdir.

9. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı müəssisəsinin Nümayəndə Üzeir oğluna ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, sonuncunun müraciətinə cavab olaraq bildirilmişdir ki, Hacıyev Uzeir Əliabbas oğlunun adına Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin arxiv qovluğunda torpaq sahəsinin ayrılması barəsində heç bir məlumat aşkar edilməmiş, Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli fərmanına uyğun olaraq yalnız ARPİİ-nin Kənd Təsərrüfatı Müəssisəsinin arxiv qovluğunda adları eynilik təşkil etdiyi halda ƏMDX- yanında DƏDRX-in 1 saylı Bakı Şəhər Ərazi idarəsinə təqdim etmək üçün arxiv arayış və yerləşmə sxemi təqdim edilir. Belə ki, tərəfindən təqdim olunan müqavilə və milli arxiv arayışa əsasən tərəflər arasında (yəni atası ilə müəssisənin arasında bağlanılan müqavilə) müəssiəsənin balansında olan əkilib-becərilən torpaqların əmək haqqlarının ödənişi üçüniş həcminin smeta müqaviləsidir. Nəzərinizə çatdırmaq istəyirik ki, təqdim olunan digər milli arxiv arayışında isə adları qeyd olunan vətəndaşlara fərdi mənzil tikintisi məqsədilə torpaq sa əsinin ayrlması haqqında heç bir məlumat aşkar edilməmişdir. Qeyd olunan nəzərə alaraq bildirilmişdir ki, yalnız torpaq sahəsinin ayrlmasına dair əmrdən çıxarışda və sərəncamdan çıxarışda müəssisənin arxiv qovluğunda olan ad ilə eynilik zərurəti olarsa, plan cizgi və arayışın verilməsi mümkündür.

10. Məhkəmənin sorğusuna Buzovna Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli cavab məktubundan görünür ki, Buzovna Tərəvəzçilik Südçülük sovxozu ərazisi (Malik Musayev küçəsi) Buzovna Bələdiyyəsinin balansında deyil. İddiaçı istifadəsində olan Buzovna qəsəbəsi, Buzovna tərəvəzçilik sovxozu ərazisində (Malik Musayev küçəsi) yerləşən torpaq sahəsi uzun illər İddiaçı ulu babasının istifadəsində olmuş, daha sonra isə İddiaçı həmin torpaq sahəsindən istifadə etmişdir. Göstərilənlər Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin məktubu və qəsəbə sakinlərinin notariat qaydasında təsdiq olunmuş ərizələri ilə də tam təsdiq olunmuşdur. Hacıyev Üzeyir Əliabbas oğlu Buzovna Bələdiyyəsi yarandığı tarixdən 2012-ci ilə qədər istifadəsində olan torpaq sahəsinə dair torpaq vergisi vermiş, daha sonra isə həmin vergilər Buzovna Tərəvəzçilik Südçülük sovxozuna ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi ilə əlaqədar Buzovna Tərəvəzçilik Südçülük sovxozu ilə 1985-ci il tarixində bağlanmış müqavilələrin hüquqi qüvvəsinin cavabdeh tərəfindən tanınması və ona qeyd olunan torpaq sahəsi ilə əlaqədar arxiv arayışının və torpaq sahəsinin eskiz planın cavabdeh tərəfindən verilməsinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun ulu babasına məxsus olan Buzovna qəsəbəsində yerləşən torpaqları SSRİ yarandıqdan sonra Buzovna qəsəbəsində fəaliyyət göstərən Tərəvəzçilik Südçülük sovxozunun sərəncamına verilmişdir. Daha 1985ci ildə o Buzovna Tərəvəzçilik Südçülük sovxozu ilə müqavilə bağlayaraq, ailə briqadası yaratmaqla, həmin torpaq sahəsini istifadəsinə götürmüşdür və dövlətə əkilən məhsulun planı və vergisini ödəmişdir. İlkin olaraq ona 2.5 ha torpaq sahəsi ayrılmışdır. Daha sonra Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra o, ulu babasına məxsus olmuş və müqavilə əsasında onun istifadəsində olan torpaq sahəsini özəlləşdirməyə çalışsada, lakin Buzovna Tərəvəzçilik Südçülük sovxozu və digər inzibati orqanlar tərəfindən ona süni maneələr yaradılmağa başlanılmışdır. Torpaq sahəsinin əksər hissəsi Buzovna Tərəvəzçilik Südçülük sovxozu tərəfindən qanunsuz üsullarla başqa şəxslərin istifadəsinə və mülkiyyətinə verilmişdir. 03 dekabr 2013-cu il tarixdə ona məxsus təsərrüfat evini və hasarını sökərək torpağının qalan hissəsini də zəbt etmək istəmişlər. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və aidiyyatı orqanlara şikayət ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayətinə baxılıb araşdırılması haqqında göstəriş verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi həmin torpaqların və sökülmüş tikilinin onlara aid olduğunu aydınlaşdırmış və onlara dəymiş ziyanın tam bərpa edilməsi qənaətinə gəlmişdir. Buzovna Tərəvəzçilik Südçülük sovxozunun vəzifəli şəxsləri tərəfindən torpaq sahəsinin bir hissəsi qanunsuz özgəninkiləşdirildikdən sonra, hazırda onun istifadəsində cəmi 0.71 ha torpaq sahəsi qalmışdır. Ulu babasına məxsus olmuş torpağı özəlləşdirmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinə müraciətinə cavab olaraq bildirilmişdir ki, torpağı özəlləşdirmək üçün Arxiv arayışı və Eskiz planı olmalıdır. Bununla əlaqədar Abşeron rayon Arxiv İdarəsinə verdiyi ərizəyə cavab olaraq xx.xx.2016-ci il tarixli məktubla ona bildirilmişdir ki, Buzovna Südçülük-Tərəvəzçilik sovxozunun sənədləri saxlanılması üçün Abşeron rayon Dövlət Arxiv İdarəsinə təhvil verilməmişdir. Bundan sonra torpağın özəlləşdirilməsi üçün İqtisadi inzibati məhkəməsinə müraciət etmiş və ona bildirilmişdir ki, Abşeron rayon Dövlət Arxiv İdarəsinin verdiyi rəsmi cavab və ərizə ilə Azərbaycan Respublikası Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinə müraciət etməlidir. O, məhkəmənin qərarına uyğun olaraq, xx.xx.2017-ci il tarixində Abşeron rayon Arxiv İdarəsinin cavabını əlavə etməklə Azərbaycan Respublikası Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinə ərizə ilə müraciət etmişdir. Müraciətinə cavab olaraq xx.xx.2017-ci il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli 4 saylı Qərarına uyğun arayışların verilməsi ilə bağlı xidmət haqqını ödədiyi halda torpağın özəlləşdirilməsi mümkündür. Lakin arxiv arayışının və torpaq sahəsinin eskiz planının təqdim edilməsi zəruri olmuşdur. Bununla əlaqədar hazırda Buzovna Tərəvəzçilik Südçülük sovxozunun ərazisinin idarəçisi olan cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi müraciət etmişdir. Lakin cavabdehin 06 may 2021-ci il tarixli 103 nömrəli məktubu ilə guya ona torpaq sahəsinin ayırlması ilə bağlı arxiv qovluğunda məlumatın aşkar edilmədiyi bildirilmiş, arxiv arayışının və torpaq sahəsinin eskiz planın təqdim edilməsindən imtina edilmişdir. Halbuki onda torpaq sahəsinin ayrılması ilə bağlı Buzovna Tərəvəzçilik Südçülük sovxozu ilə bağlanmış müqavilələrin əsli mövcuddur. Göründüyü kimi cavabdeh mülki hüquqlarından sui istifadə edərək, ona maddi ziyan vurulmasına səbəb olur, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına süni maneələr yaradır. Buzovna Tərəvəzçilik Südçülük sovxozu müqavilə əsasında torpağı onun istifadəsinə versə də, hazırda həmin müqavilələr məhkəmə qərarı ilə və ya digər hüquqi yollarla ləğv edilməsə də, cavabdeh həmin müqavilələrin hüquqi qüvvəsini tanımaqdan qanunsuz olaraq imtina edir..

13. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək göstərmişdir ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən “Tərəvəzçilik südçülük” sovxozu Azərbaycan Respubilkası Prezidentinin 1 avqust 1992-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin 2000-ci il 1 noyabr tarıxlı 45 saylı Sərəncamı ilə “Tərəvəzçilik-südçülük” sovxozu ləğv edilmiş və onun bazasında İşlər İdarəsının tabeliyində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış “Kənd Təsərrufatı Müəssisəsi” yaradılmışdır. İddiaçının təqdim etdiyi 1985-1986-ci illərə aid olan Abşeron rayonu Buzovna tərəvəzçilik-südçülük sovxozunun təsərrufat məhsulun istehsalına dair podrat müqaviləsində qeyd olunmuşdur ki, müvəqqəti təhkim olunmuş torpaq sahəsindən tərəvəz məhsulu əldə edib sovxoza təhvil verilməlidir. Eyni zamanda, arxiv sənədlərinə əsasən Haciyev Üzeir Əliabbas oğluna fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsinin ayrılması haqqında məlumat aşkar olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarıxlı Fərmanının 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Kənd Təsərrufatı Müəssisəsi” tərəfindən vətəndaşın fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsinin ayrılması ilə bağlı təqdim etdiyi sənədlər və göstərdiyi ərazi arxıv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi halda arxiv arayışı və plan-cizgi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək üçün vətəndaşa verilməsi nəzərdə tutulur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı iddiası əsassız olduğundan iddianın rədd edilməsini xahiş etmişdir.

14. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1384/2022 saylı 04 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Sabit Bəhrəmzadə) iddianın təmin edilməməsi qət edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.5-ci bəndinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

19. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

20. Maddə 752.1 podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1384/2022 saylı 04 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbinin ilk öncə qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

31. İş üzrə tədqiq edilmiş hallarından müəyyən edilir ki, iddiaçı ilə Abşeron rayonu Buzovna tərəvəzçilik südçülük sovxozu (hazırda isə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı müəssisəsi ) ilə İddiaçı arasında podrat müqavilələri bağlanılmış və həmin müqavilələrə əsasən sonuncu, ona sovxoz tərəfindən müvəqqəti təhkim olunmuş torpaq sahəsinin hər hektarından müqavilədə göstərilən miqdarda keyfiyyətli tərəvəz məhsulu əldə edib sovxoza təhvil verməsi barədə öhdəlik götürmüşdür.

32. İddia tələbinin əsasını isə həmin müqavilələr əsasında sovxoz tərəfindən iddiaçının mülkiyyətinə (sahibliyinə) torpaq sahəsi verilməsi, hazırda isə həmin müqavilələr Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı müəssisəsi tərəfindən qəbul olunmayaraq, istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsi üçün müvafiq arxiv arayışının və torpaq sahəsinin eskiz planının verilməməsi təşkil edir.

33. İşin mübahisəli halı isə 1985-1986-ci illərə aid olan Abşeron rayonu Buzovna tərəvəzçilik-südçülük sovxozunun təsərrufat məhsulun istehsalına dair podrat müqaviləsi əsasında iddiaçıya müvəqqəti təhkim olunmuş torpaq sahəsindən tərəvəz məhsulu əldə edib sovxoza təhvil verilməsindən ibarət olmaqla, ona fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsinin ayrılmamasından ibarətdir.

34. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarışıdır.

35. Qeyd olunan qanunvericilik normalarının tələblərini nəzərə alaraq məhkəmə iddia tələbinin Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi ilə əlaqədar Buzovna Tərəvəzçilik Südçülük sovxozu ilə 1985-ci il tarixində bağlanmış müqavilələrin hüquqi qüvvəsinin cavabdeh tərəfindən tanınmasına dair hissəsinda haqlı olaraq hesab etmişdir ki, tələb əsassızdır və təmin edilməməlidir.

36. Belə ki, həmin müqavilələr podrat müqaviləsi olmaqla 1985 və 1986-cı illərə dair iddiaçıya sovxoz tərəfindən müvəqqəti təhkim olunmuş torpaq sahəsində keyfiyyətli tərəvəz məhsulunun əldə edilib sovxoza təhvil verilməsindən ibarətdir və həmin müqavilələr qeyd olunan illərə aid olmaqla cavabdeh Müəssisə tərəfindən inkar edilmir. Odur ki, 1985 və 1986-cı illərə dair bağlanılmış podrat müqavilələrinin (torpaq sahəsinin onun sahibliyinə ayrılması məqsədilə) hüquqi qüvvəsinin tanınması tələbi əsassızdır və təmin edilə bilməz.

37. Məhkəmə, iddia tələbinin torpaq sahəsi ilə əlaqədar arxiv arayışının və torpaq sahəsinin eskiz planın cavabdeh tərəfindən verilməsinin təmin edilməsi hissəsinə münasibətdə də haqlı olaraq qeyd etmişdir ki, iddiaçının qeyd olunan tələblə bağlı iddia irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməsi mümkün deyildir.

38. Belə ki, arxiv arayışının və torpaq sahəsinin eskiz planın verilməsi üçün nəzərdə tutulmuş torpaq sahəsinin iddiaçıya verilməsi işin halları ilə müəyyən olunmur və bu barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına əsasən müvafiq sənədlər (qərar, əmr, çıxarış) iddiaçı tərəfindən də təqdim edilməmişdir

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1384/2022 saylı 04 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar