Məhkəmə qərarları › İş №2(103)-7085/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7085/2020

14.10.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7085/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi və vəkili X9 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-622/2019 saylı, xx xxxx 2019cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən Bakı şəhəri, Həsənoğlu küçəsi, 851-ci məhəllə, 100A ünvanında yerləşən mənzilin boşaldılaraq onun əməli istifadəsinə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələblərinin rədd olunması və qarşılıqlı iddia tələblərinin təmin edilərək ünvan 2 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasındakı ümumi sahəsi 168 kv.m olan 4 otaqlı, 100A saylı mənzilin pay qismində əvəzli qaydada ona verilməsinə (satılmasına) dair onunla X17 arasında xx.xx.2005-ci il tarixli müqavilənin bağlanması və mənzilin dəyərinin tam məbləğdə ödənilməsi faktının təsdiq edilməsi, mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması və mənzilə dair bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin ona qaytarılması vəzifəsinin cavabdeh İddiaçı üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-622/2019 saylı, xx xxxx 2019cu il tarixli qətnaməsi ilə hər iki iddia tələbi rədd edilmişdir. Apellyasiya şikayətləri və onların dəlilləri: İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, mərhum atası X17 (xx.xx.2016-cı il tarixdə vəfat etmişdir) tərəfindən Bakı şəhəri, Həsənoğlu küçəsi, 851-ci məhəllədə çox mərtəbəli yaşayış binası inşa edilmişdir. İş üzrə Cavabdeh atası tərəfindən inşa edilmiş Bakı şəhəri Həsənoğlu küçəsi, 851-ci məhəllədə çox mərtəbəli binada 100 saylı mənzildə yaşayır. Həmçinin, cavabdeh həmin binada yaşadığı mənzillə qonşu olan 100A saylı mənzili isə özbaşına olaraq zəbt etmişdir. Dəfələrlə tərəfindən mənzilin boşaldılıb əməli istifadəsinə verilməsinə dair yazılı və şifahi xəbərdarlıqlar olunsa da, cavabdeh buna heç bir məhəl qoymamış və mənzili təhvil verməkdən müxtəlif bəhanələr gətirərək imtina etmişdir. Halbuki, cavabdehin mübahisəli mənzilə dair heç bir hüququ yoxdur. Eyni zamanda, iddiaçının hazırkı iddia tələbi ilə bağlı subyektiv hüququnun olmaması barədə nəticəyə gəlmiş məhkəmə həmin yaşayış binasının onun mərhum atası tərəfindən inşa edilməsini nəzərə almamışdır. Bundan başqa cavabdehin qarşılıqlı iddia tələbi ilə bağlı xx.xx.2014-cü il tarixli, 103 saylı arayış onun mərhum atası Ş.Hüseynov həbsdə olarkən qohumları Ə.Bayramov tərəfindən Cavabdeh şifahi sözləri əsasında 100 saylı mənzilə münasibətdə verilmişdir. Cavabdehin 100A saylı mənzilə heç bir aidiyyəti yoxdur. Həmin arayış cavabdehə verilərəkən o, heç bir yazılı sənəd təqdim etməmişdir. Bu səbəbdən, qətnamənin qismən, ilkin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, rayon məhkəməsi ilkin iddia tələbini rədd etməkdə haqlı olsa da qarşılıqlı iddia tələbi ilə bağlı kifayət qədər mötəbər sübutların təqdim edilməməsinə əsaslanmaqla qarşılıqlı iddia tələbini təmin etməyərək iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, həmin mənzilin ona məxsus olması ilə bağlı kifayət qədər əsaslı sübutlar məhkəməyə təqdim edilmişdir. Həmin mənzilə dair mərhum Ş.Hüseynovla xx.xx.2005-ci il tarixdə alqısatqı müqaviləsi bağlamış, həmin vaxt mənzilin dəyərini tam ödəmiş, o vaxtdan da həmin mənzildə yaşamışdır. Bunu təsdiq edən şahidlər də vardır. Həmçinin mənzilin su, elektrik, qaz təchizatı da elə mənzil alınan 2005-ci il tarixdə onun adına rəsmiləşdirilmişdir. Göstərilənlərə əsasən, qətnamənin qarşılıqlı iddia tələbinə dair hissədə ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, həmin mənzili mərhum Ş.Hüseynovun sağlığında xx.xx.2005-ci ildə alqısatqı müqaviləsi əsasında 28.875 ABŞ dolları ödəməklə əldə etmişdir, Ş.Hüseynov öldükdən sonra həmin məzilin yerləşdiyi bina hazırkı iş üzrə iddiaçının, yəni İddiaçı idarəsinə keçmişdir. İddiaçı order almaq adı ilə onu aldadaraq həmin mənzilə dair müqaviləni ondan almış və sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən, hazırda o, mənzilə dair çıxarış almaq üçün müqaviləni və maliyyə arayışını təqdim edə bilmir. Onun qarşılıqlı iddia tələbini verməkdə məqsədi mənzilə dair reyestrdən çıxarış almaq üçün maliyyə arayışı və alqı-satqı müqaviləsinin təqdim edilməsi vəzifəsinin İddiaçı üzərinə qoyulmasıdır. Bu səbəbdən də, öz apellyasiya şikayətinin təmin edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilərək, mənzilə dair reyestrdən çıxarış almaq üçün maliyyə arayışı və alqı-satqı müqaviləsinin təqdim edilməsi vəzifəsinin İddiaçı üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini və iddiaçının apellyasiya şikayətinin isə əsassız olduğu üçün təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili S.Əfəndiyev apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilərək, mənzilə dair reyestrdən çıxarış almaq üçün maliyyə arayışı və alqı-satqı müqaviləsinin təqdim edilməsi vəzifəsinin İddiaçı üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini və iddiaçının apellyasiya şikayətinin isə əsassız olduğu üçün təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Qanun üzrə vərəsəlik hüququ xx.xx.2017-ci il tarixli haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə vəfat etmiş X8 vərəsəsidir. Miras əmlak ünvan 3 ünvanında yerləşən “xxxxx” MTK-da mərhum X10 (VÖEN 150286227) məxsus paydan ibarətdir. İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixli xəbərdarlıqdan görünür ki, Bakı şəhəri, Həsənoğlu küçəsi, 851-ci məhəllədə çox mərtəbəli binada 100A nömrəli mənzilin 3 gün müddətinə boşaldılaraq onun istifadəsinə verilməsi barədə müvafiq tədbirlər görülməsi, əks təqdirdə hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatı tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 007260 nömrəli orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 2, 5-ci giriş, 10-cu mərtəbədə yerləşən 4 otaqdan ibarət 84.9 kv.m sahəsi olan 100 nömrəli mənzildə Cavabdeh (ailə tərkibi CavabdehƏ özü 1 nəfər) yaşamaq hüququ vardır. Mədaxil qəbzlərindən görünür ki, **********0100A kodlu abonent Cavabdeh tərəfindən ünvan 6, 100A nömrəli mənzildə istifadə olunan elektrik enerjisi üçün ayrı-ayrı vaxtlarda ödənişlər edilmişdir. “xxxxx” MTK-nın nəzdində MKXT tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 103 nömrəli arayışdan görünür ki, ünvan 2, 100A nömrəli mənzil (mansard) Cavabdeh məxsusdur və qeydiyyatda heç kim yoxdur. ünvan 4 mənzil 100A ünvanına “xxxxxx” ASC-nin su təchizatı sistemindən xx.xx.2014-cü il tarixli, 11442003 nömrəli müqavilədən görünür ki, istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, tənzimlənməsi və axıdılması ilə əlaqədar “xxxxxx” ASC-nin Nərimanov Rayon Su Kanal İdarəsi iləCavabdeh arasında müqavilə bağlanmışdır. Fiziki şəxs X17 xx.xx.2003-cü il tarixli, 048 nömrəli müqavilədən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış binasının 5-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 165 kv.m olan 100A nömrəli mənzili X18 verməyi, sonuncu isə müqavilə üzrə mənzilin dəyəri olan 37950 ABŞ dolları ödəməyi öhdələrinə götürmüşdülər “X42” tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş və İddiaçı tərəfinən imza və möhürlə təsdiqlənmiş maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 10 ünvanında yerləşən “X42” yaşayış binası X10 məxsusdur. Bu binanın 5-ci giriş, 11-ci mərtəbəsində ümumi sahəsi 165 kv.m olan 4 otaqlı 100A saylı mənzilin pay dəyəri payçı X24 tərəfindən tam ödənilmiş və sonuncunun “X42”ə borcu yoxdur; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)- 146/2018 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X14 cavabdeh İddiaçı qarşı, üçüncü şəxs Cavabdeh cəlb edilməklə, evin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmçinin, həmin qətnamədən görünür ki, X24 ilə X17 arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 048 nömrəli müqavilənin etibarlı olmaması nəticəsinə gəlinmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)- 146/2018 nömrəli xüsusi qərardadından görünür ki, iddiaçı X14 cavabdeh İddiaçı qarşı, üçüncü şəxs Cavabdeh cəlb edilməklə, evin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə iddiaçı X14 hərəkətlərində cinayət tərkibinin olub-olmamasının və həmin şəxsin məsuliyyətə cəlb olunması məqsədilə iş üzrə xüsusi qərardadın çıxarılaraq Bakı şəhəri Nərimanov Rayon Prokuroruna xəbər verilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov RPİ-nin baş müstəntiqi, polis mayoru Pərviz Məmmədov tərəfindən xx.xx.2018-ci il tarixdə qəbul olunmuş (cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında) qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-146/2018 nömrəli xüsusi qərardadı əsasında toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və istintaq aparılması üçün icraata qəbul edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov RPİ-nin baş müstəntiqi, polis kapitanı X27 tərəfindən xx.xx.2018-ci il tarixdə qəbul olunmuş (cinayət işi üzrə icraata xitam verilməsi haqqında) qərardan görünür ki, X8 əməlində hər hansı bir cinayətin, o cümlədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci və 320.2-ci maddəsinin tərkibi olmadığından xx.xx.2018-ci il tarixdə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi, X24 və İddiaçı əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanmasının rədd edilməsi, Cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllədə inşa edilən 10 saylı, çoxmərtəbəli yaşayış binasının 5-ci blok, 11-ci mərtəbədə 4 otaqdan ibarət 165 kv.m sahəsi olan 100A saylı mənzilin və həmin evin üst mərtəbəsində yerləşən mansardın zəbt edilməsi sübuta yetirilmədiyindən işin həmin hissəsi üzrə cinayət işinin başlanmasının rədd edilməsi,həmçinin Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllədə inşa edilən 10 saylı, çoxmərtəbəli yaşayış binasının 5-ci blok, 11-ci mərtəbədə 4 otaqdan ibarət 165 kv.m sahəsi olan 100A saylı mənzil və həmin evin üst mərtəbəsində yerləşən mansardla bağlı Cavabdeh, X24 və İddiaçı arasında baş vermiş mübahisənin mülki xarakterli olduğundan həmin məsələnin həlli ilə bağlı məhkəməyə mülki iddia qaydasında müraciət etmək hüquqlarının izah edilməsi qərara alınmışdır. Bakı şəhər Prokurorunun müavini, baş ədliyyə müşaviri Mehman Qocayev tərəfindən xx.xx.2019-cu il tarixdə qəbul olunmuş (cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsi barədə) qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Bakı şəhəri Nərimanov RPİ-nin baş müstəntiqi, polis kapitanı X27 tərəfindən qəbul olunmuş xx.xx.2018-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarının ləğv edilməsi, cinayət işinin istintaqın davam etdirilməsi üçün Nərimanov RPİnin İstintaq Şöbəsinə göndərilməsi qərara alınmışdır. X19 (şəxsiyyət vəsiqəsi AZE 0760971) xx.xx.2019-cu il tarixli yazılı izahatından görünür ki, o, iddiaçı və cavabdehi tanıyır. İddiaçı iddiasını tam əsassız sayır, hesab edir ki, İddiaçı əslində Cavabdeh ilə aralarında olan başqa mübahisələrlə bağlı ona təzyiq etmək üçün bu cür əsassız iddiadan istifadə etmişdir. Həmçinin qeyd edir ki, o, təxminən 15 ildən artıqdır ki, qeyd olunan binada yaşayır və Cavabdeh həmin binanın 100 və 100A saylı mənzillərinin sahibi olmasını təsdiq edir. X11 (şəxsiyyət vəsiqəsi AZE 14258000) xx.xx.2019- cu il tarixli yazılı izahatından görünür ki, o 2001-ci ildən ailəsi ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 10 saylı binada yerləşən 94 saylı mənzildə yaşayır, iddiaçı və cavabdehi tanıyır. Son zamanlar onların arasında ziddiyyətli münasibətlərin olmasını görmüş, mübahisəli mənzillərə dair kimsə tərəfindən tələb irəli sürüldüyünün şahidi olmuşdur. Həmçinin qeyd edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 10 saylı binada yerləşən 100 saylı və 100A saylı mansard tipli mənzillərin sahibi kimi Cavabdeh tanımışdır. Mülki iş üzrə şahid qismində ifadə vermiş X20 (şəxsiyyət vəsiqəsi AZE 07438313) xx.xx.2019-cu il tarixli yazılı izahatından görünür ki, o 2008-ci ildən ailəsi ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 10 saylı binada yerləşən 98 saylı mənzildə yaşayır, iddiaçı və cavabdehi tanıyır. O, bildirir ki, İddiaçı iddiası tam əsassızdır. Həmçinin qeyd edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 10 saylı binada yerləşən 100 saylı və 100A saylı mansard tipli mənzillərin sahibi kimi Cavabdeh tanımışdır. X4 (şəxsiyyət vəsiqəsi AZE 09919516) xx.xx.2019-cu il tarixli yazılı izahatından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 10 saylı binada yerləşən 99 və 99A saylı mənzillər onun ailəsinə məxsusdur və onlar 2004-cü ildən ailəsi ilə birlikdə orada yaşayır, həmin vaxtdan Cavabdeh şəxsən tanıyır. Həmçinin qeyd edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 10 saylı binada yerləşən 100 saylı və 100A saylı mansard tipli mənzillər Cavabdeh məxsusdur. Həmin mənzillər onun mərhum əri Rüstəmov Rövşən Nəcəf oğlunun sağlığında 2005-ci ildə binanın sahibi X6 alınmışdır. O, hər iki mənzilin, o cümlədən 100A saylı mənzilin X8 adından Cavabdeh satılması barədə müqaviləni öz gözü ilə görmüşdür. X1 (şəxsiyyət vəsiqəsi AA 0102298) xx.xx.2019-cu il tarixli yazılı izahatından görünür ki, o, 2005-ci ildən ailəsi ilə birlikdə Bakı şəhəri,Nərimanov rayonu, Həsənoğlu küçəsi, 10 saylı binada yerləşən 97 saylı mənzildə yaşayır, iddiaçı və cavabdehi tanıyır. Həmin binada yerləşən 100 və 100A saylı mənzillərin sahibi Cavabdehdır, həmin mənzilləri onun mərhum əri 2005-ci ildə almış, 100A saylı mənzildən Cavabdeh əri Rüstəmov Rövşən Nəcəf oğlu ofis kimi istifadə etmişdir. Qeyd edir ki, Cavabdeh həmin mənzillərdən istifadəsi daima İddiaçı və mərhum atası X8 gözü qarşısında olmuşdur. Bu tələb iddiaçı ilə cavabdeh arasında münasibətlər pozulduqdan sonra ortaya çıxmışdır. X3 xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, o, 2009-cu il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 10 saylı binanın komendantı təyin olunmuşdur. 2009-cu ilə qədər həmin binada 100A saylı mənzilin kim tərəfindən qanunsuz zəbt olunması ilə bağlı heç bir məlumatı olmamış, lakin binanın təsisçisi fiziki şəxs X8 həmin mansard tipli mənzili 2003-cü ildə X2 barədə məlumat almışdır. 2003-cü ildən sonra həmin mənzilin kiməsə satılması qanuna ziddir. Lakin buna baxmayaraq 2014-cü ildə Cavabdeh onu aldadaraq daimi yaşamaq üçün yox, müvəqqəti yaşamaq üçün qaz, su və elektrik enerjisindən istifadə etmək və nəzarət olunması üçün ondan arayış almış, o, verdiyi həmin arayış barədə fiziki şəxs X10 heç bir məlumat verməmişdir. X28, X29, X22, X16, X23, X5, və X25 tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli aktdan görünür ki, aktı imza edən şəxslər həmin aktı tərtib edirlər ondan ötrü ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 10 saylı binada yerləşən 100 və 100A saylı mənzillər həqiqətən Cavabdeh məxsusdur. O, həmin mənzilləri 2005-ci ildə rəsmi alqı-satqı müqaviləsi əsasında binanın mərhum sahibi X6 almışdır. Cavabdeh həmin mənzillərdə təmir işləri aparmış və öz ailəsi ilə birlikdə orada yaşamışdır. Onlar İddiaçı iddiasını tam əsassız sayırlar. Mülki işdə olan xx.xx.2005-ci il tarixli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, fiziki şəxs X17 Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllədə inşa edilən çoxmərtəbəli yaşayış binasının 5-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 165 kv.m olan 100 nömrəli mənzili izolə olunmuş 4 otaqdan ibarət olub bir pay kimi Cavabdeh verməyi, sonuncu isə müqavilə üzrə mənzilin dəyəri olan 57.750 ABŞ dolları pulu (manat ekvivalenti ilə) ödəməyi öhdələrinə götürmüşdülər. “xxxxx” MTK tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 10 ünvanında yerləşən kooperativ yaşayış binası “xxxxx” MTK-ya məxsusdur. Bu binanın 5-ci giriş, 10-cu mərtəbəsində ümumi sahəsi 140,8 kv.m, yaşayış sahəsi 84,9 kv.m olan 4 otaqlı 100 saylı mənzilin pay dəyəri payçı Cavabdeh tərəfindən tam ödənilmişdir və sonuncunun “xxxxx” MTK-ya borcu yoxdur. “xxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 1 nömrəli arayışdangörünür ki, adı çəkilən şirkət tərəfindən servis xidməti göstərilən ünvan 6 ünvanında yerləşən 100 və 100A nömrəli mənzillərdə xx.xx.2014-cü il tarixdən müvafiq olaraq 002668 və 002669 abunə kodu üzrə Cavabdeh “xxxxxxxxxxx” MMC-nin abunəçisidir. “xxxxxx” ASC-nin Nərimanov Rayon Sukanal İdarəsi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli, 01/01-3/01-372 nömrəli məktubdan görünür ki, ünvan 6 ünvanında yerləşən 100A nömrəli mənzilin yerləşdiyi “xxxxx” MTK ilə onu təmsil edən fiziki şəxs X8 müraciəti əsasında xx.xx.2016-cı il tarixdə 091224 nömrəli müqavilə bağlanaraq 49748925 nömrəli sayğac quraşdırılmışdır. Sakinlərlə fərdi qaydada müqavilə bağlanması və kodlaşması üçün MTK tərəfindən müraciət olunmadığından orada yaşayan sakinlərlə, həmçinin Cavabdeh ilə fərdi qaydada müqavilə olmamışdır. “xxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli, 5-01/05-06/791 nömrəli məktubundan görünür ki, ünvan 6 ünvanında yerləşən 100A nömrəli mənzilə abonent Cavabdeh müraciəti və Nərimanov RETSİ-nin əməkdaşları tərəfindən yazılan Ə/XM-225 saylı xidməti məlumat əsasında xx.xx.2008-ci il tarixdə kod (**********0100A) açılmış və xx.xx.2009-cu il tarixdə Sayğacquraşdırma və uçota nəzarət idarəsi tərəfindən sayğac quraşdırılmışdır. Həmin mənzil əvvəl 100 saylı evə quraşdırılmış elektrik sayğacından qidalanırdı. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçı qətnaməni ilkin iddia tələbinə aid hissədə mübahisələndirdiyindən, Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının və cavabdehin ayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnaməqismən- qarşılıqlı iddia tələbi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia tələbi təmin edilməli, iddiaçının apellyasiya şikayəti isə əsassız olduğu üçün təmin edilməməlidir. Cavabdeh qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasındakı ümumi sahəsi 168 kv.m olan 4 otaqlı, 100A saylı mənzilin pay qismində əvəzli qaydada ona verilməsinə (satılmasına) dair onunla X17 arasında xx.xx.2005-ci il tarixli müqavilənin bağlanması faktının təsdiq edilməsi, həmin mənzilin dəyərinin tam məbləğdə ödənilməsi faktının təsdiq edilməsi, mənzil üzərində sahiblik və istifadə hüququnun tanınması, mənzilə dair bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin ona qaytarılması vəzifəsinin cavabdeh İddiaçı üzərinə qoyulması barədə qətnamə qəbul edlməsini xahiş etmişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Hazırkı halda Cavabdeh öz iddia tələbi ilə bağlı 1) “xxxxx” MTK-nın nəzdində MKXT tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 103 nömrəli arayışı; 2) həmin mənzil üçün mənzil-kommunal xidməti ilə bağlı ödəniş qəbzlərini; və 3) şahid ifadələrini təqdim etmişdir. “xxxxx” MTK-nın nəzdində MKXT tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 103 nömrəli arayışdan görünür ki, ünvan 2, 100A nömrəli mansard Cavabdeh məxsusdur və qeydiyyatda heç kim yoxdur. Rayon məhkəməsi həmin arayışa dair qeyd etmişdir ki, həmin sənəd Cavabdeh mübahisəli əmlaka dair qanuni sahiblik, istifadə hüquqlarının müəyyən edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası bununla razılaşmır və qeyd edir ki, iddiaçı öz iddia tələbi ilə bağlı qeyd edilən arayışla yanaşı sübut kimi şahid ifadələrini və mənzil-kommunal xidməti ilə bağlı ödəniş qəbzlərini də təqdim etmişdir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya bildirir ki, qeyd edilən arayışla yanaşı sübut kimi təqdim edilən şahid ifadələri və mənzil-kommunal xidməti ilə bağlı ödəniş qəbzləri kifayət qədər əsaslı sübut olmaqla yanaşı təkzibedilməzliklə bağlı tələblərə cavab verdiyi üçün arayışın həqiqiliyi şübhə doğurmur. Bundan əlavə, iddiaçı öz apellyasiya şikayətində həmin arayışın atası Ş.Hüseynov həbsdə olarkən qohumları Ə.Bayramov tərəfindən Cavabdeh şifahi sözləri əsasında 100 saylı mənzilə münasibətdə verilmişdir. Cavabdehin 100A saylı mənzilə heç bir aidiyyəti yoxdur. Həmin arayış cavabdehə verilərəkən o, heç bir yazılı sənəd təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin həmin dəlili ilə bağlı heç bir əsaslı sübut təqdim etmədiyindən onun bu dəlili tamamilə əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiyanın araşdırmaları nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh mənzilin qanuni sahibi və istifadəçisidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» xx xxxxxxx 2010-cu il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Eyni zamanda, məhkəmə kollegiyasının iclasında Cavabdeh və onunnümayəndəsi və vəkili S.Əfəndiyev qarşılıqlı iddianı mənzilə dair reyestrdən çıxarış almaq üçün maliyyə arayışı və alqı-satqı müqaviləsinin verilməsi vəzifəsinin İddiaçı üzərinə qoyulması məqsədi ilə verdiklərini qeyd etdilər. Məhkəmə kollegiyasının araşdırmaları nəticəsində aşağıdakılar müəyyən olunmuşdur: -Cavabdeh ünvan 2, 100A nömrəli mansard tipli mənzili həmin binanın tikintisini həyata keçirən fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məğul olan Ş.Hüseynovdan xx.xx.2005-ci ildə alqı-satqı müqaviləsi bağlayaraq əldə etmiş, -mənzilin dəyərini tam ödəmiş, -mənzili təmir etdikdən sonra həmin mənzilə köçərək orada yaşamış, -mənzil-kommunal xərcləri (işıq, qaz və sair) ödəmiş, -həmin mənzilə dair bağlanmış müqavilə və maliyyə arayışı orderin verilməsi bəhanəsi ilə Cavabdeh alınaraq geri qaytarılmamışdır. Beləliklə, həmin mənzilin Cavabdeh qanuni sahiblik və istifadəsində oduğu müəyyən edildiyindən qarşılıqlı iddia təmin edilməli, ünvan 2, 100A nömrəli mansard tipli mənzilə dair Cavabdeh sahiblik və istifadə hüququ tanınmaqla həmin mənzilin dövlət reyestrində müvafiq qaydada qeydə alınması üçün zəruri olan sənədlərin (tərəflər arasında bağlanmış müqavilə və maliyyə arayışının) verilməsi vəzifəsi Ş.Hüseynovun varisi kimi İddiaçı həvalə olunmalıdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə isə qeyd edir ki, rayon məhkəməsi ilkin iddia tələbini rədd edərkən, mahiyyət etibarı ilə düzgün nəticəyə gəlmişdir. Hazırkı halda qarşılıqlı iddia tələbinin əsaslı olması və təmin edilməsi iddiaçının apellyasiya şikayətinin təmin edilməsini istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilən Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, eləcə də maddi və prosessual hüquq normaları pozulduğundan cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən- qarşılıqlı iddia tələbi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, ünvan 2, 100A nömrəli mansard tipli mənzilə dair Cavabdeh sahiblik və istifadə hüququ tanınmaqla həmin mənzilin dövlət reyestində müvafiq qaydada qeydə alınması üçün zəruri olan sənədlərin (tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi və maliyyə arayışının) verilməsi vəzifəsi X8 varisi kimi İddiaçı üzərinə qoyulmalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş tərəflərin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-622/2019 saylı, xx xxxx 2019cu il tarixli qətnaməsi ilkin iddiaya münasibətdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-622/2019 saylı, xx xxxx 2019cu il tarixli qətnaməsi qismən-qarşılıqlı iddia tələbi hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin və qarşılıqlı iddia tələbi təmin edilsin. ünvan 2, 100A nömrəli mansard tipli mənzilə dair Cavabdeh sahiblik və istifadə hüququ tanınmaqla həmin mənzilin dövlət reyestrində müvafiq qaydada qeydə alınması üçün zəruri olan sənədlərin (tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi və maliyyə arayışının) verilməsi vəzifəsi X8 varisi kimi İddiaçı üzərinə qoyulsun. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar