Məhkəmə qərarları › İş №2(103)-7087/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7087/2023

21.11.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7087/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa, əmək haqqının tam şəkildə ödənilməsi və iş vaxtından artıq işlənmiş iş saatlarının əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(007)-13/2023 nömrəli qərardadından iddiaçının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa, əmək haqqının tam şəkildə ödənilməsi və iş vaxtından artıq işlənmiş iş saatlarının əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işə bərpa olunması, aylıq əmək haqqlarının tam şəkildə ödənilməsi və iş vaxtından artıq işlədiyi iş saatlarının əvəzinin ödənilməsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(007)-13/2023 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və işə mahiyyəti üzrə baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, proses isə çəkişmə prinsipinin təmin edilməsi yolu ilə həyata keçirilməli olduğundan iddia ərizəsi baxılmamış saxlanılmalı, habelə tərəflərə məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməklə qərardadın ləğvi barədə vəsatət vermək hüquqlarının olması izah edilməlidir. Kollegiya qeyd edir ki, məhkəmənin qənaəti düzgün olmamışdır. Göründüyü kimi hazırki iddia ərizəsi xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olmuş, məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə mülki iş baxılmamış saxlanılmış, daha sonra xx.xx.2019-cu il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş və xx.xx.2019-cu il tarixə təyin edilmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə (həmin məhkəmə iclasında iddiaçı iştirak etmişdir) iş üzrə mütəxəssis rəyi alınması qərara alınmış və rəy alınanadək iş üzrə icraat dayandırılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək, işin dayandırılmasından 3 ildən artıq müddətin keçməsinə baxmayaraq iş üzrə icraatın təzələnməməsini və yekun qərarın çıxarılmamasını göstərərk, iş üzrə icraatın təzələnməsini və işə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. ƏƏSMN yanında X2 Xidmətinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən mülki iş materiallarının əsli məhkəməyə geri qaytarılmış, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İddiaçı bir daha 0 7.06.2023-cü il tarixdə ərizə ilə müraciət edərək, məhkəmə iclasının təyin olunmasının təmin edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmənin hazırki halda bu normaya istinad edərək iddia ərizəsini baxılmamış saxlaması əsaslı və qanuni olmamışdır. Belə ki, hazırki iş məhkəmənin icraatına 2019-cu ildə daxil olmuş, 2019-cu il tarixli qərardadla iş üzrə icraat dayandırılmış, iddiaçı özü də həmin məhkəmə prosesində iştirak etmişdir. Bu qədər müddət ərzində məhkəmə tərəfindən hər hansı hərəkət edilməmiş, iddiaçı işə baxılmasında maraqlı olmuş və icraatın təzələnməsi barədə ərizə ilə də müraciət etmişdir. Məhkəmə tərəfindən isə bu hallar, yəni iş üzrə daha əvvəl məhkəmə prosesinin keçirilmiş olması, mütəxəssi rəyi alınması üçün iş üzrə icraatın dayandırılması və s. nəzərə alınmamışdır. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, mübahisələndirilən qərardad ləğv edilməli və işə mahiyyəti üzrə baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(007)-13/2023 nömrəli qərardadı ləğv edilsin və işə mahiyyəti üzrə baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar