Məhkəmə qərarları › İş №2(103)-709/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-709/2024

21.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-709/2024 21.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh X2 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “işə bərpa” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “qanunsuz əmrin ləğvi, işə bərpa edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması və sair” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5998/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə cavabdeh şirkət arasında 23 noyabr 2022-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, iddiaçı Cavabdeh MMC-də pərakəndə satış departamentində “kassir” vəzifəsində işə qəbul edilmişdir.

2. Cavabdeh təşkilatda pərakəndə satış departamentində “kassir” vəzifəsində çalışan İddiaçı xırda pul olmadığını bildirərək müştəriyə məhsulu satmaqdan imtina etmiş, bu səbəbdən Cavabdeh MMC tərəfindən 03 may 2023-cü il tarixli 133T saylı əmrlə iddiaçıya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. İş materiallarında olan 19 may 2023-cü il tarixli aktdan görünür ki, iddiaçı 17 may 2023-cü il tarixdən heç bir üzrlü səbəb göstərmədən bütün iş günləri işə gəlməmişdir.

3. 31 may 2023-cü il tarixli 1973 saylı əmrdən görünür ki, Cavabdeh MMC-də pərakəndə satış departamentində “kassir” vəzifəsində çalışan İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndi ilə xitam verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxarılmağı barədə verilmiş qanunsuz əmrin ləğv edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi və tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunmağı öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı 23 noyabr 2020-ci il tarixində Cavabdeh MMC-nin “Bayıl” filialına işə qəbul olmuş, uzun müddət “Bayıl” filialında işləmişdir. 2023-cü ilin may ayında iddiaçını “Yasamal Mida” filialına göndərmişlər. Lakin iddiaçı Bayıl qəsəbəsində yaşayır, yolu uzaq olur, həmçinin 2-ci qrup əlilliyi var, iddiaçı "Bazarstore” MMC-nin ofisinə yaxınlaşıb müdriyyətə bunu bildirmişdir və xahiş etmişdir ki, onu evinə yaxın olan filiallarından birinə göndərsinlər. Müdriyyət ona bildirmişdir ki, əvvəl işlədiyi filiala, yəni “Bayıl” filialına işə qayıda bilər. İddiaçı xəzinədarlığa zəng edib bildirmişdir ki, müdriyyət onu həmin filiala işləməyə göndərir, onlar da məlumat vermişlər ki, səhəri günü saat 11:00-da işə çıxsın. İddiaçı işə çıxıb bir saat işlədikdən sonra filialın müdir müavini ona yaxınlaşaraq sual vermişdir ki, “sən burda neyləyirsən, səni bura kim göndərib?”, sonra da iddiaçıya “sən burda işləməməlisən” demiş və onu işləməyə qoymamışdır. İddiaçı baş ofisə müdriyyətə müraciət etmək üçün getmiş, lakin müdir iş yerində olmamış, iddiaçıya onun nömrəsini vermişlər, iddiaçı sonuncuyla əlaqə saxlaya bilməmişdir. Bir daha ofisə yaxınlaşmış, dəfələrlə zəng etsə də zənginə cavab verən olmamışdır. Yenə ofisə yaxınlaşarkan xahiş etmişdir ki, onun adından müdriyyətə məlumat versinlər, onu "Bayıl” filialinda müdir müavini işləməyə qoymamışdır, iddiaçıya bildirmişlər ki, məlumatı müdriyyətə çatdıracaqlar. İddiaçı Cavabdeh MMC-nin müdriyyətindən cavab gözlədiyi müddətdə öyrənmişdir ki, qeydiyyatda olduğu ünvana "Bazarstore” MMC məktub göndərib. Lakin Cavabdeh MMC-nin məlumatı olmuşdur ki, iddiaçı başqa ünvanda yaşayır, ona baxmayaraq məktubu qeydiyyatda olduğu ünvana göndərmişlər. Məktubda qeyd olunmuşdur ki, işə gəlməməyinin səbəbini 2 iş günü ərzində yazılı şəkildə onlara bildirməyini xahiş etmişlər. Lakin iddiaçı qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün vaxtında məktubu ala bilməmişəmdir. Məktubu əldə etdikdən sonra iddiaçı Cavabdeh MMCnin ofisinə yaxınlaşmışdır və ona bildirmişlər ki artıq onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib. Cavabdeh MMCnin ofisinə dəfələrlə müraciət etsə də, iddiaçıya onlara yazılı şəkildə ərizə yazib verməsi deyilməmişdir ki, hansı səbəbdən o, “Yasamal Mida” filialında işləmək istəmir. Bu məsələ ilə bağlı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş və iddiaçıya məlumat vermişlər ki, müraciətə baxılacaq və iddiaçıya cavab telefon nömrəsinə zəng edilərək bildiriləcək. İddiaçıya zəng edərək bildirmişlər ki, bu məsələ ilə bağlı o, Mediasiya Şurasına müraciət etməlidir. İddiaçı yuxarıda qeyd olunanlara əsasən, işdən çıxarılmağını tamamilə qanunsuz və əsassız hesab edir.

6. Cavabdeh MMC tərəfindən iddia tələbinə yazılı etiraz daxil olaraq göstərilmişdir ki, İddiaçı xx.xx.2023- cü il tarixində Cavabdeh MMC-nin Bakı şəhəri, X7 küç. 74 ünvanında yerləşən mağazasında işlədiyi zaman kassaya alış-veriş edərək yaxınlaşan müştəriyə kassada pul vəsaitlərinin olmasına baxmayaraq müştəriyə “xırda olmadığını” bildirmiş və müştəri malı almadan mağazanı tərk etmişdir. Həmin hallar mağaza müdiri tərəfindən araşdırılmış və işçinin yazdığı izahat və müvafiq araşdırmaya uyğun olaraq işçiyə intizam tənbehi olaraq tənbeh tətbiq edilmişdir. Göstərilən hallara əsasən işçi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin bütün tələblərinə işəgötürən tərəfindən tam şəkildə riayət edilmişdir. Bu səbəbdən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5998/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 31 may 2023-cü il tarixli əmrin ləğv edilməsi və İddiaçı Cavabdeh MMC-də tutduğu pərakəndə satış departamentində “kassir” vəzifəsinə bərpa edilməsi, Cavabdeh MMC tərəfindən məcburi buraxılmış iş günləri üçün əmək haqqının hesablanıb İddiaçı ödənilməsi, Cavabdeh MMC-dən 100 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim X4)

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, işçinin iş yerinin dəyişdirilməsinin qanuni əsası mövcud olmalı və onu tənzimləyən sənədlər olmalı idi. İşçiyə iş yerinin dəyişdirilməsi barədə məlumatların şifahi qaydada bildirilməsi yolverilməzdir. Nə qədər ki, müqavilə əsasında iddiaçının iş yerinin hara olması (ünvan baxımından) dəqiqliyi ilə bildirilməmiş, daha sonra Bayıl filialından başqa filialı keçirilməsi hər hansı daxili əmrə və ya göstərişə əsaslanmadığından cavabdehin məhz bu əsasla işçi ilə müqaviləyə xitam verməsi qanunauyğun deyildir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməli və 31 may 2023-cü il tarixli əmr ləğv edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdeh təşkilatda iş fəaliyyətini davam etdirmək niyyətində deyildir. O, sadəcə onun barəsində tətbiq edilmiş Əmək Məcəlləsinin 70-ci maddənin ç bəndinə əsasən onunla müqaviləyə xitam verilməsinə etiraz etdiyini bildirmişdir. Məhkəmə tərəfindən tərəflərə mübahisəni məhkəmədənkənar barışıq yolu ilə həll edilməsi təklif edilmiş, lakin cavabdeh tərəf buna razılıq verməmişdir. İddiaçı işə bərpa olunmasına və məcburi işburaxmaya görə vəsaiti tələb etmişdir. Odur ki, istinad olunan əmr ləğv edildiyindən iddiaçı sonuncu tutduğu vəzifəyə bərpa olunmalı, məcburi işburaxma müddətinə görə ona əmək haqqı ödənilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü, 68-ci, 70-ci, 83-cü, 87-ci, 154-cü, 158-ci, 172-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 119.1-ci, 124.1-ci maddələrinə və Avropa Məhkəməsinin qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2023cü il tarixindən etibarən ard-arda 13 gün ərzində heç bir üzrlü səbəb olmadan bütün iş günləri işə gəlməkdən yayınmışdır. Bu halın aydınlaşdırılması ilə bağlı işçiyə rəsmi qaydada xx.xx.2023-cü il tarixində müraciət edilmiş, lakin müvafiq məktub işçi tərəfindən qəbul edirərək heç bir üzrlü səbəb göstərilməmiş və işə gəlməməklə bağlı pozuntu davam etdirilmişdir. İddiaçı işə gəlməməsi ilə bağlı üzürlü səbəblərinin olmadığını və ya işə gəlməməsi ilə bağlı hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. İşəgötürən tərəfindən əmək qanunvericiliyinə uyğun olaraq işçinin əmək müqaviləsinə qanuni əsaslarla xitam verilmişdir. Görünüyü kimi, birinci instansiya məhkəməsi yuxarıda göstərdikləri halları nəzərə almamış kifayət qədər əsaslandırıcı olmayan və işin hallarını əks etdirməyən qətnamə qəbul edilmişdir. Məhkəmə iddiaçının yol verdiyi nöqsanların həqiqətən mövcud olduğunu qeyd etsə də, həmin pozuntulara hüquqi don geydirərək, əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “a" bəndinə əsasən ləğv edilməsinə mütənasib olmadığını qeyd etmişdir Halbuki məhkəmə iş materiallarında bu barədə sübutlar mövcud olsa da, iddiaçıya daha əvvəl də yol verdiyi əmək vəzifələrinin pozuntusuna görə tətbiq edilən intizam tənbeh tədbiri də mövcuddur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında cavabehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək əlavə olaraq göstərmişdir ki, iddiaçı iddia ərizəsində ona məlumat çatdırılmadığını bildirsə də, iddia ərizəsindəki ünvanda yaşayır və onlar da məhz həmin ünvana məlumat göndərmişlər. Əgər başqa bir ünvanda yaşasaydı belə bu barədə onlara məlumat verməli idi. İddiaçı işə getməkdən imtina edib. Əmək müqaviləsinin formasında faktiki ünvan kimi meyar yoxdur. Birinci instansiya məhkəməsinin qətnaməsində isə əmək müqaviləsinin formasına düzgün qiymət verilməmişdir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini, biinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, ona sonuncu gün Mida filialına getməyi bildirdilər. O, Mida filialına gedəndə ona heç adres belə deyilməmişdi. Özü gedib tapmışdır. Həmin filial onun evinə çox uzaqdı. Nə maddi baxımdan, nə də vaxt baxımından onu qane etmirdi. Buna görə rəhbərliyə şikayətini bildirmişdir. Yaxın filialda yer olmasına baxmayaraq onu ora təyin etmədilər. Baş ofisdən Murad bəyə demişdir ki, ora ona uyğun deyil. Hələlik öz filialında işləməyini bildirdi. Xəzinədarlıqdan məlumat verdilər ki, 11-də işə getsin. O, da 11-də Bayıl filialına getmiş və müdir ona bildirmişdir ki, bura gəlməli deyildir. Ondan qabaq heç bir qərar və ya məktub verilməmiş və ona göndərilməmişdir. Bayıla getdikdə isə orada onlara elə göstərişin verilmədiyini bildirdilər. Sonra çıxıb getmiş məlumatın gəlməsini gözləmiş, gəlmədiyi üçün sonradan şikayət vermişdir. Ona məktub göndərsələr də, faktiki yaşayış ünvanını bildikləri halda, qəsdən qeydiyyatda olduğu ona məxsus evə göndərmişlər ki, məktub çatmasın. Bundan əlavə onun müştərilərlə problemi olmamışdır. Bütün kassalarda xırda pul problemi yaranır. Bununla bağlı onun səhvi yoxdur. Töhmətə gəldikdə isə şifahi olaraq bildirmişdilər ki, yalnız bonusu kəsiləcək. Rəsmi töhmət verilməmişdir. İzahatının sonunda şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 3-cü maddəsinin 9-cu hissəsinə əsasən əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu; 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 76-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər; 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən cavabdehin apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh MMC-yə qarşı “qanunsuz əmrin ləğvi, işə bərpa edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması və sair” tələbinə dair iddiası təmin edilməməlidir.

21. Məhkəmə kollegiyası iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əsasını nəzərə alıb, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd etməyi zəruri hesab edir ki, əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Eyni zamanda, qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsini ləğv etməyi qadağan edir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilmişdir. Həmin maddədə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin altı əsası nəzərdə tutulmuşdur. Bu əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması isə xüsusi şərt olaraq qeyd edilmişdir. Başqa sözlə, işəgötürən bu barədə əmrdə işçinin təqsirli davranışının nədə ifadə olunmasını (nədən ibarət olmasını) habelə əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyini mütləq şəkildə göstərməli və bu lazımi sənədlərlə təsdiq olunmalıdır. Məcəllənin məhz 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsaslarla əmək müqaviləsinin ləğv edilməsinin mümkünlüyü (qanunauyğunluğu), həmçinin konkret şərtlərin (1. işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir. 2. İşçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı. 3. İşçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir.) mövcudluğundan asılı edilmişdir. Belə ki, bu şərtlərin mövcud olmaması bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsini birmənalı şəkildə istisna edir.

22. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən işçinin iş yerinin dəyişdirilməsinin qanuni əsasının mövcud olmasını tənzimləyə biləcək sənədlərin olmadığına, işçiyə iş yerinin dəyişdirilməsi barədə məlumatların şifahi qaydada bildirilməsinin yolverilməzliyinə, müqavilə əsasında iddiaçının iş yerinin hara olması (ünvan baxımından) dəqiqliyi ilə bildirilmədiyinə və onun Bayıl filialından başqa filiala keçirilməsi hər hansı daxili əmrə və ya göstərişə əsaslanmadığına istinad edərək cavabdehin işçi ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verməsini qanunauyğun hesab etməmişdir.

23. Lakin məhkəmə kollegiyası birinci instansiya məhəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır. Belə ki, işin faktiki hallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı xx.xx.2022-ci il tarixində Cavabdeh MMC ilə əmək müqaviləsi bağlayaraq, Cəmiyyətin Pərakəndə satış departamentində kassir vəzifəsi üzrə işə qəbul edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixindən etıbarən ardıcıl olaraq 13 gün ərzində heç bir üzrlü səbəb olmadan bütün iş günləri işə gəlməkdən yayınmışdır. Bu halın aydınlaşdırılması ilə bağlı işçiyə rəsmi qaydada xx.xx.2023-cü il tarixində müraciət edilmiş, lakin müvafiq məktub rəsmi qeydiyyatda olduğu ünvandan qəbul edirərək heç bir üzrlü səbəb göstərilməmiş və işə gəlməməsi ilə bağlı pozuntu davam etdirilmişdir. İşçinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qanunvericilikə müəyyən edilmiş qaydada müəssisənin Həmkarlar İttifaqı təşkilatına müraciət olunmuş və müvafiq razılıq alındıqdan sonra işəgötürənin xx.xx.2023cü il tarixli, 1973 K nömrəli əmri ilə xitam verilmişdir.

24. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən əmək qanunvericiliyində nəzərdə tutulmuş prosedur qaydalarına tam əməl olunmuş və həmin Məcəllənin 300.1-ci maddəsinin tələblərinin pozulmasına yol verilməmişdir. Başqa sözlə, əmək müqaviləsinin tərəflərin qarşılıqlı razılığı əsasında bağlanılmasını və müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edildiyini nəzərə alaraq, əmək münasibətlərinin davam etdiyi müddətdə və əmək münasibətlərinə xitam verilərkən işəgötürən tərəfindən qanunvericiliyin və işçinin hər hansı hüquqları pozulmamışdır.

25. Məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndində işçinin işə gəlməməsinin üzrlü səbəbləri konkret olaraq öz təsdiqini tapmışdır. Həmin maddəyə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi isə ləğv olunarkən cavabdehin Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinə əsaslanması (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün günü işə gəlməməsi) ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu barədə Cavabdeh MMC tərəfindən işçiyə rəsmi qaydada xx.xx.2023-cü il tarixdə müraciət edilməsinə baxmayaraq İddiaçı tərəfindən 13 gün müddətində işə gəlməməsinə dair hər hansı bir üzrlü səbəbin olması ilə bağlı sənəd Cəmiyyətə təqdim edilməmişdir.

26. Cavabdeh MMC tərəfindən iddiaçıya rəsmi qaydada xx.xx.2023-cü il tarixdə edilən müraciətin sonuncunun faktiki yaşadığı ünvana deyil, rəsmi qeydiyyatda olduğu ünvana göndərilməsi səbəbindən iddiaçının məlumatının olmamasına dair arqumentə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının səbəb kimi göstərdiyi hal əsassızdır. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvanla, cavabdehin həmin müraciəti göndərdiyi ünvan eynidir, başqa sözlə, cavabdehə məlum olan iddiaçının qeydiyyat ünvanı olmuşdur. İddiaçının isə faktiki yaşadığı ünvan barəsində cavabdehə məlumat vermədiyi təqdirdə həmin ünvandan sonuncunun məlumatı ola bilməzdi. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı qeydiyyatda olduğu ünvanda deyil, məhz başqa ünvanda yaşamasını bildirsə də, hətta apellyasiya şikayətində də, ünvan kimi başqa ünvan qeyd etməmiş, həmin qeydiyyatda ünvan qeyd edilmişdir. O cümlədən qeyd edilməlidir ki, işçinin əmək müqaviləsində iş yerinin məhz hansı mağazada olmasının göstərilməməsi hazırki iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, işçi uzun müddətdir, həmin cavabdeh qurumda çalışmış və bununla bağlı hər hansı etirazı da olmamışdır. Hazırki halda məsələ iddiaçının iş yerinin hara olması deyil, özünün işləmək üçün əvvəldən müəyyən edilmiş iş yerinə belə 13 gün ərzində gəlməməsi, o cümlədən işə buraxılmadığı halda həmin günlər ərzində rəsmi qaydada hər hansı bir məlumat verməklə iş yerində onun işə buraxılmaması və işə gəlməməyinin səbəbinin onun işə buraxılmaması ilə bağlı olması barədə məlumatları işəgötürənə verilməməsidir. Baş ofisdən isə ona hər hansı iş yerinə getmədən onlardan xəbər gözləməsi barədə hər hansı məsul şəxsin ona bildirməsi isə sübuta yetirilmir.

27. Belə olan halda yuxarıda qeyd edilənlər İddiaçı işdən azad olunması barədə əmrin ləğv edilməsi, işə bərpa olunması, məcburi işburaxmaya görə hesablanmış pulun ödənilməsi barədə iddiasının əsassız olması barədə qənaətə gəlməyə kifayət qədər əsas verir.

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5998/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5998/2023 nömrəli, 05 oktyabr 2023cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh MMC-yə qarşı “qanunsuz əmrin ləğvi, işə bərpa edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması və sair” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar