Məhkəmə qərarları › İş №2(103)-709/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-709/2025

06.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-709/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmək münasibətlərindən irəli gələn kompensasiyanın və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 sentyabr 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçı X5 özünün və vəkili (nümayəndəsi) Vəkil, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, tərcüməçi Bağırova-Yəhyayeva Günay qızının iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh QSC-də qanuni işlədiyi 23 il müddətində 12 saatın ödənilməyən 1 saat əmək haqqının ortalama 8.000 manat kompensasiyanın; növbədə işlədiyi zaman ayağından aldığı xəsarətə görə 11.000 manat və 2019, 2020, 2021-ci illərdə fərqli aylarda xəstəliyə görə məcburi olaraq işi buraxmış, buna dair xəstəlik vərəqələrinə görə ödənilməyən pul məbləğinə görə 10.000 manat kompensasiyanın; “Aviasiya təhlükəsizliyi xidməti personalının geyim formasının təsviri və geyim forması ilə təchiz edilməsi Qaydasının” təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 45 nömrəli qərara əsasən ona təqdim edilməmiş geyim formasına görə 6 il müddətdə 8.000 manat kompensasiyanın; 2019, 2020, 2021 və 2022ci illərdə məzuniyyətə buraxılmadığı üçün 8.000 manat kompensasiyanın, qanunla müəyyən edilmiş iş saatları yazılmadığı üçün və maliyyə idarəsi əmək haqqını düzgün hesablamayıb və əmək haqqını düzgün ödəmədikləri üçün 12.000 manat kompensasiyanın; 100.000 manat mənəvi zərərin və məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya təşkilatına ödənilmiş müraciətə görə ödənilmiş 50 manat məbləğində pulun cavabdeh QSC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.2001-ci il tarixdən Heydər Əliyev adına Beynəlxalq Hava limanında hal hazıradək Yanğından Mühafizə Xidmətində işləyir. İddiaçı işlədiyi dövrdə bir sıra qanunsuzluqlarla üzləşmişdir. Belə ki, iddiaçı, növbədə işləyir və hər növbə 12 saat davam edir, lakin buna baxmayaraq onlara 11 saatın əmək haqqı ödənilir, bu qanunsuz hal 23 ildir ki, davam edir. İddiaçı artıq saatlarda növbələrə çıxmışdır, amma işlədiyi artıq növbələrə görə əmək haqqı və ya ortalama 8.000 manat kompensasiya ödənilməmişdir. Növbədə işlədiyi zaman iddiaçı ayağından xəsarət almışdır, lakin buna baxmayaraq işlədiyi idarədə xəsarəti ilə bağlı ona akt təqdim edilməmiş və buna dair 11.000 manat məbləğində müavinət iddiaçıya ödənilməmişdir. İddiaçı, birinci Qarabağ müharibəsinin iştırakçısıdır və veteran statusuna malikdir. Müharibə zamanı yaralar almışdır. İşlədiyi dövrdə müəyyən müalicələr almaq zərurətində olmuşdur. 2019, 2020, 2021-ci illərdə fərqli aylarda xəstəliyə görə məcburi olaraq işi buraxmış, buna dair xəstəlik vərəqələri almışdır. Lakin bununla bağlı iddiaçıya hansı bir ödəniş edilməmişdir. Həmin odənişlər edilmədiyi üçün bu onun pensiyasına da təsir etmişdir. İddiaçının iş rejimi növbəlidir, lakin qanunla müəyyən edilmiş iş saatları yazılmamışdır və maliyyə idarəsi əmək haqqını düzgün hesablamamış və əmək haqqını düzgün ödəməmişdir. Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 45 nömrəli qərara əsasən geyim forması müəyyən edilmişdir, lakin buna baxmayaraq iddiaçıya və digər əməkdaşlara geyim forması təqdim edilməmiş, geyim formasına görə 6 il müddətdə, cəmi 8.000 manat məbləğində kompensasiya ödənilməmişdir. 2019, 2020, 2021 və 2022-ci illərdə rəsmi olaraq məzuniyyətlə bağlı müraciət etmiş, lakin ona nə məzuniyyət, nə də hər hansı bir kompensasiya ödənilməmişdir. xx.xx.2023-cü il tarixdə ərizə ilə QSC-yə müraciət etmişdir ki, ona növbəti, yəni 2022- 2023-cü il tarixdə düşən əmək məzuniyyətini versinlər. Lakin QSC öz əməllərini gizlətmək üçün ona 2018-2019-cu il üçün düşən əmək məzuniyyətini vermişlər. Ərizəsində göstərdiyi hallar nəzərə alınmamış və 2022-2023-cü il tarix üçün əmək məzuniyyəti verilməmişdir. Dəfələrlə ərizələrlə rəhbərliyə müraciət etmiş, lakin müsbət həllini tapmamış, ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Bunlardan başqa nəzərə alınmalıdır ki, cavabdeh QSC-nin bu kimi hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər dəymişdir. Buna görə də iddiaçı hesab edir ki, ona dəymiş mənəvi zərərin əvəzi olaraq 100.000 manat QSC-dən onun xeyrinə tutulmalıdır. b) cavabdehin iddiaya dair mövqeyi barədə məlumat

3. Cavabdeh QSC-in nümayəndəsi Mətləb Hüseynov iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, iddiaçının 2019-2021-ci illər ərzində təqdim etdiyi xəstəlik vərəqələrinə görə gəlir vergisi və digər ayırmalar çıxılmaqla iddiaçıya 3.293,56 manat hesablanaraq ödənilmişdir. İddiaçının 2019-2022-ci iş illərində istifadə edilməmiş məzuniyyətlərə görə ödənişin məbləği gəlir vergisi və digər ayırmalar çıxılmaqla ələ ödəniş üçün 4.093,65 manat hesablanmışdır. Vəsait ona ərizə ilə məzuniyyətə çıxmaq və ya istifadə etmədiyi məzuniyyətlərin əvəzində pul kompensasiyası almaq istəyini bəyan etdikdə ödəniləcəkdir. İddiaçı bu günə qədər belə bir müraciət etməyib. İddiaçı ona təqdim edilmiş geyim formasını özü qəbul etməkdən imtina etmiş və imtinaya görə cavabdeh QSC-nin verdiyi əmrə əsasən intizam məsuliyyətinə cəlb edilmişdir. Bundan başqa özünün fərdi qaydada 8.000 manat dəyərində geyim forması tikdirməsi haqqında məhkəməyə heç bir sübut təqdim etməmişdir. Nazirlər Kabinetinin “Aviasiya təhlükəsizliyi xidməti personalının geyim formasının təsviri və geyim forması ilə təchiz edilməsi Qaydasının” təsdiq edilməsi barədə xx.xx.2014cü il tarixli 45 №-li qərarında təqdim edilməmiş geyim formasına görə kompensasiyanın ödənişi nəzərdə tutulmamışdır. Bundan başqa qeyd edilməlidir ki, Nazirlər Kabinetinin həmin qərarında geyim formasının verilmə dövriliyi də daxil olmaqla təqdim edilməmiş geyim formasına görə kompensasiyanın ödənişi nəzərdə tutulmamışdır. Bu cür ödəniş nəzərdə tutulmuş olsaydı belə iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən iddia müddətini ötürmüşdür. İddia ərizəsinin növbədə olarkən almış olduğu xəsarətlə və həmçinin iş vaxtından artıq işləməsinə görə əmək haqqının düzgün hesablanması hissəsinə gəldikdə isə bildirir ki, bu məsələ ilə əlaqədar iddiaçının müraciəti əsasında X8 Xidmətinin Bakı Şəhər İdarəsi müvafiq araşdırma aparmış və xx.xx.2022-ci il tarixli **********0 №-li məktub ilə ərizəçiyə belə halların olduğunu təkzib edən cavab vermişdir. Verilmiş cavabdan iddiaçı İdarənin yuxarı orqanına və ya aidiyyatı üzrə məhkəməyə şikayət verməmişdir. Bundan başqa, iddiaçının 2019-2022-ci iş illərinə görə istifadə edilməmiş məzuniyyətlərə görə 8.000 manat kompensasiyanın ödənilməsi tələbi ilə bağlı bildirir ki, iş üzrə materiallardan göründüyü kimi iddiaçı işəgötürənə məzuniyyət üçün müraciət edərkən müvafiq iş illərinin ardıcıllığını gözləmək istəmir. Bu hal Əmək Məcəlləsində aşağıdakı kimi tənzimlənir: 138-ci maddənin (məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması) 4-cü hissəsinə əsasən, əmək məzuniyyətlərinin verilməsinin düzgünlüyünün təmin olunması məqsədi ilə məzuniyyətlərin uçotu işçilərin iş illəri üzrə aparılmalıdır. Göründüyü kimi Əmək Məcəlləsinin həmin maddəsi işçiyə əmək məzuniyyəti verilərkən ardıcıllığın qorunmasını nəzərdə tutur. İstifadə edilməmiş məzuniyyətlərə görə 8.000 manat kompensasiyanın ödənilməsi tələbi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası xx.xx.1994-cü il tarixdə X4 “Ödənişli məzuniyyətlər haqqında Konvensiyasına qoşulmuşdur. Həmin Konvensiyanın 12-ci maddəsinə əsasən, bu Konvensiyanın 3-cü maddəsinin 3-cü hissəsi ilə müəyyən olunmuş minimum illik məzuniyyət hüququndan imtina və ya bu məzuniyyətin kompensasiya edilməsi qarşılığında və ya milli şərtlərə əsasən hər hansı digər şəkildə istifadə edilməməsi barədə razılaşmalar etibarsızdır, hüquqi qüvvəsi yoxdur və qadanğandır. Göründüyü kimi, Konvensiya hər hansı ödəniş müqabilində məzuniyyətdən imtinanı və ya məzuniyyətin ödənişlə (pulla) əvəzləşdirilməsini qadağan edir. Təqdim edilməmiş geyim formasına görə 8.000 kompensasiya ilə bağlı bildirir ki, Əmək Məcəlləsinin 296-cı maddəsi fərdi əmək mübahisələrinin həllində iddia müddətlərini tənzimləyir. Həmin maddənin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçının müharibə veteranı olması səbəbi ilə ona əmək məzuniyyətinin onun üçün əlverişli olan vaxtda verilməsini tələb etməsi ilə əlaqədar bildirir ki, Əmək Məcəlləsinin 133cü maddəsinin 3-cü hissəsindən də (Aşağıdakı işçilərə əmək məzuniyyəti arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər:) göründüyü kimi həmin hissə imperativ norma deyil. Yəni, məcəllə işəgötürənin üzərinə belə bir vəzifə qoymur. İddiaçıya 100.000 manat mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə münasibətdə bildirir ki, Mülki Məcəllənin 2-ci maddəsinin 3-cü bəndinə əsasən, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Bu mübahisə əmək münasibətlərindən yaranan mübahisə olduğu üçün mənəvi zərərə münasibətdə Əmək Məcəlləsi tətbiq edilməlidir. Əmək Məcəlləsinin 290-cı maddisinin 3-cü hissəsinə əsasən, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Həmin maddənin “qeyd” hissəsində işçiyə vurulmuş mənəvi ziyana aşağıdakı kimi anlayış verilir: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İşəgötürən tərəfindən işçiyə (iddiaçıya) qarşı Əmək Məcəlləsinin 290-cı maddəsinin “qeyd” hissəsində sadalanan əməllərdən heç birinə yol verilmədiyi üçün mənəvi zərərdən söhbət gedə bilməz. Göründüyü kimi iddia tam həcmdə əsassızdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, 2019-2022-ci illər üzrə istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya hesablanaraq cavabdeh QSC-dən iddiaçınin xeyrinə tutulmasını, 50 manat mediasiya xərcinin və 10 manat kargüzarlıq xərcinin cavabdeh QSC-dən iddiaçının xeyrinə tutulmasını, iddianın qalan hissəsinin təmin edilməməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinin “iddiaçının işlədiyi 23 il müddətində 12 saatın ödənilməyən 1 saat əmək haqqının ortalama 8.000 manat kompensasiyanın ödənilməsi barədə” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının bu məsələ ilə əlaqədar etdiyi müraciətə əsasən X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən müvafiq araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli **********0 №-li məktubu ilə iddiaçıya belə halların olduğunu təkzib edən cavab verilmişdir. Həmçinin müəyyən edilir ki, həmin İdarə tərəfindən verilmiş cavabdan iddiaçı tərəfindən İdarənin yuxarı orqanına və ya aidiyyatı üzrə məhkəməyə şikayət verilməmişdir. Bu səbəbdən də, bu tələb əsaslı hesab edilərək, təmin edilə bilməz. İddia ərizəsinin “iş zaman iddiaçının ayağından aldığı xəsarətə görə 11.000 manat ödənilməsi barədə” hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, iddiaçı, növbədə işlədiyi zaman ayağından xəsarət almasına baxmayaraq aldığı xəsarət ilə bağlı QSC tərəfindən ona akt təqdim edilməməsi və buna dair hər hansı bir müavinət ödənilməməsini iddia edir. Lakin müəyyən edilir ki, iddiaçı, xəsarətlə əlaqədar xx.xx.2013-cü il tarixdə gecə X11 müraciət etmiş və bildirmişdir ki, ayağı burxulub. Göründüyü kimi, iddiaçı, xəsarətin iş vaxtı növbədə olarkən almasını göstərməmiş və bu hal tibbi sənədlərdə də öz əksini tapmamışdır. İddiaçı məhz xx.xx.2013-cü il tarixdə, saat 01:00-da aldığı xəsarətin iş yerində olması və bununla bağlı, yəni xəsarətlə bağlı akt və müavinət üçün işəgötürənə müraciət etməsinə dair heç bir sübut təqdim etməmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda da iddiaçının Xidmətin Bakı şəhər İdarəsinə verdiyi izahatında iş yerində xəsarət almasını təsdiq edən hər hansı sənəd təqdim edə bilmədiyini qeyd etmişdir. Daha sonra QSC tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 112 nömrəli arayışda iddiaçının ADC-nin struktur bölmələrində əmək fəaliyyətində olan dövrdə heç bir xəsarət almadığı qeyd edilmişdir. Buna görə bu tələb də əsaslı hesab edilərək, təmin edilə bilməz. İddia tələbinin “2019-2021-ci illərdə fərqli aylarda xəstəliyə görə iddiaçının məcburi olaraq işi buraxması, buna dair xəstəlik vərəqələrinə əsasən ona ödənilməyən pul məbləğinə görə 10.000 manat kompensasiyanın QSC-dən tutulması barədə” hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı iddiaçının qeyd edilən illərə aid təqdim etdiyi xəstəlik vərəqələrinə görə gəlir vergisi və digər ayırmalar çıxılmaqla 3.293 manat 56 qəpik hesablanaraq ödənilməsi müəyyən edilmişdir. Bu səbəbdən də, qeyd edilən bu tələb əsaslı hesab edilə bilməz. İddia tələbinin “iddiaçıya təqdim edilməmiş geyim formasına görə 6 il müddətində 8.000 manat kompensasiyanın ödənilməsi barədə” hissəsi də əsaslı deyil. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı, QSC-nın ona təqdim etdiyi geyim formasını özü qəbul etməkdən imtina etmiş və bu səbəbdən də QSC tərəfindən intizam məsuliyyətinə cəlb etmişdir. İddiaçının verdiyi məlumatdan müəyyən edilir ki, o, həmin intizam məsuliyyətinə cəlb edilməsini nə məhkəmə qaydasında, nə də ki, məhkəmədən kənar qaydada mübahisələndirməmişdir Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Aviasiya təhlükəsizliyi xidməti personalının geyim formasının təsviri və geyim forması ilə təchiz edilməsi Qaydasının təsdiq edilməsi barədə” xx.xx.2014-cü il tarixli, 45 №-li qərarında təqdim edilməmiş geyim formasına görə kompensasiyanın ödənişi nəzərdə tutulmamışdır. Rayon Məhkəməsi iddia tələbinin “qanunla müəyyən edilmiş iş saatları yazılmadığı üçün, QSC-nin Maliyyə İdarəsi əmək haqqını düzgün hesablamadığı və əmək haqqını düzgün ödəmədiyi üçün 12.000 manat məbləğin kompensasiyanın QSC-dən tutularaq iddiaçıya ödənilməməsi barədə” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, X8 Xidmətinin Bakı Şəhər İdarəsinin X8 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda bu məsələ ilə də bağlı göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 103cü maddəsinin 4 və 5-ci hissələrinin tələbləri əsasında aparılmış araşdırmanın nəticəsi ilə müəyyən edilmişdir ki, QSC-nin rəhbərliyi tərəfindən Xidmətin Bakı Şəhər İdarəsinə təqdim olunmuş sənədlərə baxış keçirilərkən iddiaçının iş vaxtından artıq iş saatlarına cəlb edilməsi müəyyən edilməmişdir və əmək haqqının müəssisə ilə aralarında bağlanılmış əmək müqaviləsində müəyyən edilmiş əmək haqqına uyğun olaraq hesablanıb ödənilmişdir. Buna görə bu tələb əsaslı hesab edilə bilməz. İddia tələbinin “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı 100.000 manat məbləğində pulun cavabdeh QSC-dən iddiaçının xeyrinə tutulması barədə” hissəsi ilə bağlı qeyd edilməlidir ki, işəgötürən - QSC tərəfindən işçiyə - iddiaçıya münasibətdə Əmək Məcəlləsinin 290-cı maddəsinin “qeyd” hissəsində sadalanan hərəkətlərdən hər hansı birinə yol verilməsi işin araşdırılmış halları ilə müəyyən edilmir. Bu tələb də sübuta yetmədiyi üçün təmin edilə bilməz. İddia tələbinin yalnız bir hissəsi, yəni “2019-2022-ci illər ərzində iddiaçının məzuniyyətə buraxılmadığı üçün QSC tərəfindən iddiaçıya kompensasiyanın ödənilməsi barədə” hissəsi əsaslıdır. Belə ki, cavabdeh QSC tərəfindən verilmiş etirazdan və məhkəməyə təqdim edilmiş sənədlərdə iddiaçının 2019-2022-ci iş illərində istifadə edilməmiş məzuniyyətlərə görə ödənişin məbləği gəlir vergisi və digər ayırmalar çıxılmaqla ələ ödəniş üçün 4.093 manat 65 qəpik hesablanmasını göstərməklə yanaşı məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli 715 saylı arayışdan aydın görünür ki, iddiaçının 2019-2022-ci illər üzrə istifadə edilməmiş 188 məzuniyyət günləri mövcuddur. d) apellyasiya şikayəti və apellyasiya şikayətinə etiraz barədə məlumat

6. İş üzrə iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

7. Əsasları iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.

8. Cavabdeh QSC tərəfindən apellyasiya şikayətinə qarşı etiraz verilmişdir.

9. Əsasları iddia tələbinə qarşı verilmiş etirazın əsasları ilə eynilik təşkil edən bu etirazda əlavə olaraq qeyd edilir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qanuni və əsaslıdır. Buna görə də, qətnamə dəyişdirilmdən saxlanılmalıdır. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

10. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və iddia ərizəsinin, habelə apellyasiya şikayətin məzmununa uyğun izahat verdilər.

11. Cavabdeh QSC-nin nümayəndəsi apellyasiya baxışında iştirak edərək, şikayətin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. f) apellyasiya baxışının hədləri barədə məlumat

12. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, cavabdeh QSC qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirməmişdir.

13. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı isə qətnamənin tam ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan müəyyən edilir ki, o da iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmir.

14. Bunları nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

16. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni iddianın “xəstəliklə bağlı kompensasiyanın QSC tərəfindən iddiaçıya ödənilməsi barədə hissəsinin” təmin edilməməsi hissəsində ləğv edilməli, həmin tələbin qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməli, apellyasiya baxışının qalan hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

17. Belə ki, iddiaçının 2019-2022-ci iş illərdə istifadə edilməmiş məzuniyyətlərə görə 8.000 manat məbləğində kompensasiyanın ödənilməsi tələbi ilə bağlı qeyd edilməlidir ki, iş üzrə materiallardan göründüyü kimi iddiaçı işəgötürənə - cavabdeh QSC-yə məzuniyyət üçün müraciət edərkən müvafiq iş illərinin ardıcıllığını gözləməmişdir.

18. Bu tələblə bağlı Məhkəmə bildirir ki, Əmək Məcəlləsinin 138-ci maddəsinin 4-cü hissəsi bu kimi halı aşağıdakı kimi tənzimləyir: əmək məzuniyyətlərinin verilməsinin düzgünlüyünün təmin olunması məqsədi ilə məzuniyyətlərin uçotu işçilərin iş illəri üzrə aparılmalıdır.

19. Göründüyü kimi Əmək Məcəlləsinin həmin maddəsi işçiyə əmək məzuniyyəti verilərkən ardıcıllığın qorunmasını nəzərdə tutur.

20. İddiaçının müharibə veteranı olması səbəbi ilə ona əmək məzuniyyətinin onun üçün əlverişli olan vaxtda verilməsini tələb etməsi ilə əlaqədar qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 133-cü maddəsinin 3-cü hissəsi bu məsələni aşağıdakı kimi tənzimləyir: 14 yaşınadək iki və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınlara, 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma, hərbi qulluqçunun arvadına (ərinə), əlilliyi olan şəxslərə, müharibə veteranlarına, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı radioaktiv şüalanmaya məruz qalaraq sağlamlığı pozulmuş və ya şüalanma xəstəliyinə düçar olmuş şəxslərə, yaşı 18-dən aşağı olan işçilərə, işləməklə yanaşı təhsil alan şəxslərə, bu Məcəllənin 120-ci maddəsində göstərilən Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərə əmək məzuniyyəti onların arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər.

21. Göründüyü kimi, qeyd edilən maddi norma imperativ norma xarakterini daşımır və işəgötürənin üzərinə belə bir vəzifəni mütləq qoymur.

22. Bundan başqa qeyd olunmalıdır ki, Azərbaycan Respublikası xx.xx.1994-cü il tarixdə qoşulduğu “X4 “Ödənişli məzuniyyətlər haqqında” Konvensiyasının” 12-ci maddəsinə görə, bu Konvensiyanın 3-cü maddəsinin 3-cü hissəsi ilə müəyyən olunmuş minimum illik məzuniyyət hüququndan imtina və ya bu məzuniyyətin kompensasiya edilməsi qarşılığında və ya milli şərtlərə əsasən hər hansı digər şəkildə istifadə edilməməsi barədə razılaşmalar etibarsızdır, hüquqi qüvvəsi yoxdur və qadanğandır.

23. Göründüyü kimi, qeyd edilən Konvensiya hər hansı ödəniş müqabilində məzuniyyətdən imtinanı və ya məzuniyyətin ödənişlə (pulla) əvəzləşdirilməsini qadağan edir.

24. Buna görə də qəbul edilməlidir ki, Rayon Məhkəməsi müzakirə edilən bu tələbi təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə dair dəlili əsassızdır.

25. İddianın “iddiaçının işlədiyi dövrdə ona xüsusi geyim formasının verilməməsinə görə 8.000 manat məbləğində kompensasiyanın QSC-dən tutularaq iddiaçıya ödənilməsi barədə” hissəsi ilə bağlı qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə görə, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Aviasiya təhlükəsizliyi xidməti personalının geyim formasının təsviri və geyim forması ilə təchiz edilməsi Qaydasının təsdiq edilməsi barədə” xx.xx.2014-cü il tarixli, 45 №-li qərarında geyim formasının verilmə dövriliyi də daxil olmaqla təqdim edilməmiş geyim formasına görə kompensasiyanın ödənişi nəzərdə tutulmamışdır.

27. Məhkəmə bildirir ki, həmin qərarda bu kimi ödəniş nəzərdə tutulmuş olsaydı belə, iddiaçı, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş 1 illik müddətini ötürmüş, cavabdeh QSC isə iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir.

28. Odur ki, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi müzakirə edilən bu tələbi təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə dair dəlili də əsassızdır.

29. İddia ərizəsinin “iş zaman iddiaçının ayağından aldığı xəsarətə görə 11.000 manat ödənilməsi barədə” hissəsinin əsaslılığı ilə bağlı Məhkəmə qeyd edir ki, iddiaçının iddiasına görə, o, iş başında olduğu zaman ayağından xəsarət almış, buna baxmayaraq aldığı xəsarət ilə bağlı QSC tərəfindən ona akt təqdim edilməməsi və buna dair hər hansı bir müavinət ödənilməmişdir.

30. Apellyasiya baxışının nəticəsi ilə müəyyən edilir ki, müzakirə edilən bu tələb əsassızıdır. Belə ki, iddiaçı, xəsarətlə əlaqədar xx.xx.2013-cü il tarixdə gecə X11 müraciət etmiş və bildirmişdir ki, ayağı burxulub.

31. İddiaçı bu tələbinin əsaslı olmasını sübut etmək üçün şahidlərini təqdim etmişdir.

32. İddiaçının Rayon Məhkəməsinə təqdim etdiyi şahid X9 Rayon Məhkəməsinə verdiyi ifadədə bildirmişdir ki, o, 2007-ci ildən 2019-cu ilə qədər Heydər Əliyev adına aeroportun Yanğın Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsində işlədiyi dövrdə iddiaçı təlimatçı vəzifəsində işləyirdi. Bu hadisə gecə baş vermişdir və baş verən kimi məruzə olunmamışdır. O evdə olmuş və səhər ona hadisə ilə bağlı məlumat verərək bildirmişlər ki, iş növbəsində iddiaçının ayağı burxulmuş, lakin sınıq olmadığı üçün iddiaçını xəstəxanaya aparmamışlar. İddiaçının iş vaxtı ayağı burxulub və müraciət edib ki, bu hadisəni aktlaşdırın, onlar isə bundan imtina etmişdir.

33. İddiaçının Rayon Məhkəməsinə təqdim etdiyi şahid X6 Rayon Məhkəməsinə verdiyi ifadədə bildirmişdir ki, o, 2008-ci ildən 2022-ci ilə kimi cavabdeh təşkilatda Yanğından mühafizə Xidmətinin növbə rəisi vəzifəsində işləmişdir. İddiaçı işdə olarkən ayağı burxulmuşdur. Onun ayağının hansı formada burxulmasını dəqiq bilmir. İddiaçı özü ona zəng edərək bu barədə məlumat vermişdir. O öz müavini Afəri Əhmədova və təlimatçı Namiq Ağayevi kömək üçün iddiaçının yanına göndərmişdir. Sonra təcili tibbi yardım çağırılmışdır. Hadisədən sonra polis də gəlmişdir. İddiaçını Sabunçu qəsəbəsində yerləşən xəstəxanaya aparmışlar. Xəstəxanada iddiaçının ayağına baxılmış və sonra işə iddiaçı geri qayıtmışdır. Hadisə ilə bağlı iddiaçı bülleten açılmamışdır. Həmçinin onun da bildirir ki, cavabdeh tərəf iddiaçıya demişdir ki, əgər ona forma verilməsə formanın pulu ona kompensasiya kimi veriləcəkdir. İddiaçıya işə formasız gəldiyi üçün töhmət verilmişdir. İddiaçı isə bildirmişdir ki, ona forma verilmədiyi üçün o işə formasız gəlir.

34. İddiaçının şahidlərinin Rayon Məhkəməsinə verdikləri ifadələrin etibarlı sübut kimi qəbul edilməsi məsələsi ilə bağlı Məhkəmə qeyd edir ki, həmin şahidlərin ifadələrində qeyd edilən xüsusatlar iş üzrə təqdim edilmiş digər sübutlar və bir-biri ilə ziddiyyət təşkil edir. Buna görə də, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi şahid ifadələrinə tənqidi yanaşaraq onları etibarlı sübut kimi qəbul etməməkdə haqlı olmuşdur.

35. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı, məhz xx.xx.2013-cü il tarixdə, saat 01:00-da aldığı xəsarətin iş yerində olması və bununla bağlı ona müvafiq aktın və müavinətin ödənilməsi üçün cavabdeh QSC-yə müraciət etməsini təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir.

36. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Məhkəmə bildirir ki, sübuta söykənməyən tələb əsaslı hesab edilə bilməz.

38. Həmçinin X8 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli “müraciətin təmin edilməməsi barədə” məktubundan görünür ki, iddiaçının Xidmətin Bakı şəhər İdarəsinə verdiyi izahatında iş yerində xəsarət almasını təsdiq edən hər hansı sənəd təqdim edə bilməmişdir. QSC tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 112 nömrəli arayışda isə qeyd edilmişdir ki, iddiaçı, QSC-nin struktur bölmələrində işlədiyi zaman, yəni əmək fəaliyyətində olan dövrdə heç bir xəsarət almamışdır.

39. İşin hallarından müəyyən edilir ki, iddiaçı, həmin İdarənin qeyd edilən mövqeyini İdarənin yuxarı orqanında və ya aidiyyəti üzrə məhkəmədə mübahisələndirməmişdir.

40. Buna görə də qəbul edilməlidir ki, Rayon Məhkəməsi müzakirə edilən bu tələbi də təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə dair dəlili əsassızdır.

41. İddia tələbinin “iddiaçının işlədiyi 23 il müddətində 12 saatın ödənilməyən 1 saat əmək haqqının ortalama 8.000 manat kompensasiyanın ödənilməsi barədə” hissəsinin əsaslığı ilə bağlı Məhkəmə qeyd edir ki, iddiaçının bu məsələ ilə əlaqədar etdiyi müraciətə əsasən X8 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən müvafiq araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli “müraciətin təmin edilməməsi barədə” məktubundan görünür ki, iddiaçının müraciəti ilə əlaqədar aparılmış araşdırma zamanı qeyd edilən hal öz təsdiqini tapmamışdır.

42. Yuxarıda artıq qeyd edildiyi kimi, işin hallarından müəyyən edilir ki, iddiaçı, həmin İdarənin qeyd edilən mövqeyini İdarənin yuxarı orqanında və ya aidiyyəti üzrə məhkəmədə mübahisələndirməmişdir.

43. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı, bu tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir.

44. Bu səbəbdən qəbul edilməlidir ki, Rayon Məhkəməsi bu tələbi təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə dair dəlili də əsassızdır.

45. Məhkəmə, iddianın “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı 100.000 manat məbləğində pulun cavabdeh QSC-dən iddiaçının xeyrinə tutulması barədə” hissəsini də əsassız olan tələb kimi qiymətləndirir və hesab edir ki, Rayon Məhkəməsi bu tələbi təmin etməməkdə haqlı olmuşdur.

46. Belə ki, Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinə görə, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir.

47. Həmin maddənin “Qeyd” hissəsində isə göstərilir ki, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.

48. Lakin işin hallarından müəyyən edilir ki, cavabdeh QSC tərəfindən onun işçisi olan iddiaçıya münasibətdə Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş hərəkətlərdən hər hansına yol verməmişdir.

49. Buna görə də qəbul edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən və bu tələbin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsinə aid dəlili əsassızdır.

50. Məhkəmə iddianın “xəstəliklə bağlı kompensasiyanın QSC tərəfindən iddiaçıya ödənilməsi barədə” hissəsinin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni səhv və işin hallarına uyğun olmayan kimi qəbul edir.

51. Belə ki, işdə olan sənədlər əsasən işin müəyyən edilir ki, iddiaçı xəstəliklə bağlı 10.000 manat kompensasiyanın ödənilməsini tələb etmiş, iddiaçının 2019-2021-ci illər ərzində iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim etdiyi xəstəlik vərəqələrinə görə gəlir vergisi və digər ayırmalar çıxılmaqla cavabdeh QSC tərəfindən iddiaçıya 3.293,56 manat ödənilmişdir.

52. İşə baxmış Rayon Məhkəməsi cavabdeh QSC tərəfindən iddiaçıya ödənilmiş məbləğin düzgün hesablanıb-hesablanmamasını, iddiaçıya ödənilməli olan məbləğin tam ödənilib-ödənilməməsini araşdırmaq məqsədi ilə iş üzrə müvafiq ekspertiza təyin etməmişdir.

53. Bunu və apellyasiya şikayətinin dəlillərini nəzərə almış Məhkəmə apellyasiya icraatı zamanı qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Auditorlar Palatasının auditorlarına həvalə etmişdir.

54. Qərardad icra edilməsi üçün Azərbaycan Respublikası Auditorlar Palatasına göndərilmişdir.

55. Azərbaycan Respublikası Auditorlar Palatasının göstərişinə əsasən qərardadı icra etmiş "xxxx" MMC tərəfindən Məhkəməyə verilmiş audit hesabatında qeyd edilmişdir ki, iddiaçının cavabdeh QSC-də işlədiyi dövrdə (2019-2021 illər üzrə) xəstəlik vərəqəsi ilə bağlı ona ödənilməmiş kompensasiyanın məbləği 228,64 manat və artıq ödənilmiş kompensasiyanın məbləği 123,67 manat təşkil edir.

56. Bunu nəzərə alan Məhkəmə bildirir ki, sadə riyazi hesabla nəticəsində müəyyən edilir ki, xəstəlik vərəqəsi ilə bağlı cavabdeh QSC tərəfindən iddiaçıya (228,64-123,67=) 104,97 manat məbləğində pul ödənilməmişdir.

57. Göründüyü kimi, apellyasiya şikayətinin Rayon Məhkəməsinin müzakirə edilən bu tələbin təmin edilməməsinə aid dəlili qismən əsaslıdır. Rayon Məhkəməsi qeyd edilən bu tələbi tam həcmdə rədd etməklə səhv və işin halına uyğun olmayan nəticəyə gəlmişdir. h) apellyasiyanın nəticəsi

58. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni iddianın “xəstəliklə bağlı kompensasiyanın QSC tərəfindən iddiaçıya ödənilməsi barədə” hissəsinin təmin edilməməsi barədə hissədə səhvdir. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili qismən əsaslıdır.

59. Apellyasiya baxışının predmeti olan qalan hissədə isə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı, bu nəticəyə aid apellyaisya şikayətinin dəlilləri isə əsassızıdır.

60. Buna görə də, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi, apellyasiya baxışının predmeti olan səhv hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddianın “xəstəliklə bağlı kompensasiyanın QSC tərəfindən iddiaçıya ödənilməsi barədə” hissəsi qismən təmin edilməli, 104,97 manat məbləğində pulun cavabdeh QSC-dən tutularaq iddiaçıya ödənilməsi qət edilməli, bu iddianın qalan hissəsi təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi, apellyasiya baxışının predmetini təşkil edən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

61. Məhkəmə həmçinin qeyd edir ki, "xxxx" MMC tərəfindən Məhkəməyə verilmiş audit hesabatına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “Hesab-fakturada” qeyd edilir ki, auditor tərəfindən aparılmış tədqiqatın xərcinin dəyərini 6.550 manat təşkil edir.

62. "xxxx" MMC bu xərcin qeyd edilən məbləğdə müəyyən edilməsini Azərbaycan Respublikasının X3 356/1 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə əsaslandırır.

63. Məhkəmə yuxarıda göstərilən “Hesab-fakturada” qeyd edilən məbləğ ilə razılaşmır və bunu onunla izah edir ki, Azərbaycan Respublikasının X3 356/1 saylı, xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, (1.) X3 xx.xx.2022-ci il tarixli, 348/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin minimum hədləri”nin “İzahlı qeydlər”inin 4-cü bəndi aşağıdakı redaksiyada verilsin: “4. Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları üzrə müqavilə qiymətinin minimum həddi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla müəyyən edilir”. (2.) Sədrin müşaviri F.Qarayevə və Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Q.Əhmədova tapşırılsın ki, üç gün müddətində bu qərarın və dəyişiklik edilmiş “Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin minimum hədləri”nin mətnlərinin Palatanın internet səhifəsində və “Auditorun şəxsi kabineti” sistemində yerləşdirilməsi təmin edilsin.

64. İnternet resurslarından əldə olunmuş məlumatlardan görünür ki, məhkəmə orqanlarının qərarları əsasında aparılan audit xidmətlərinin xərcləri “Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin minimum hədlərində” müəyyən edilməmişdir. Buna görə də Məhkəmə hesab edir ki, iş üzrə auditor tərəfindən aparılmış tədqiqatın xərci 500 manat müəyyən edilməlidir.

65. Bundan başqa Məhkəmə qeyd edir ki, MPM-in tələblərinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107.). Ekspertlərə və mütəxəssislərə verilməli olan məbləğ işə baxılması ilə əlaqədar məsrəflərə daxildir (maddə 115.0.1.). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1.).

66. Odur ki, qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iş üzrə auditor tərəfindən aparılmış tədqiqatın xərci 500 manat cavabdeh "xxxx" QSC-dən tutularaq "xxxx" MMC-yə ödənilməlidir.

67. Beləliklə göstərilənləri nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhər Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 sentyabr 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni iddianın “xəstəliklə bağlı kompensasiyanın QSC tərəfindən iddiaçıya ödənilməsi barədə” hissəsinin təmin edilməməsi hissəsində ləğv edilsin və həmin tələbin həll edilməsi ilə bağlı iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı irəli sürdüyü iddia tələbinin “xəstəliklə bağlı kompensasiyanın QSC tərəfindən iddiaçıya ödənilməsi barədə” hissəsi qismən təmin edilsin. 2019-2021-ci illər üzrə xəstəlik vərəqələrinə görə ödənilməmiş 104 (yüz dörd) manat 97 (doxsan yeddi) qəpik məbləğində pul cavabdeh "xxxx" QSC-dən tutularaq İddiaçı ödənilsin. İş üzrə auditor tərəfindən aparılmış tədqiqatın xərci olaraq 500 (beş yüz) manat cavabdeh "xxxx" QSC-dən tutularaq "xxxx" MMC-yə ödənilsin. Apellyasiya baxışının predmeti olan qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Cavabdeh "xxxx" QSC hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar