Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7092/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X5rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi və vurulmuş mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(001)-1506/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı xx.xx.2005-ci il tarixdə 6 saylı Bakı Peşə Liseyinə istehsalat təlim ustası vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2011-ci il tarixdən etibarən isə həmin liseyin ixtisas fənn müəllimi vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatlar ixtisar edildikdə) ixtisası üzrə yetərli dərs yükü təsdiqlənmədiyi üçün xitam verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X5rşı iddia ərizəsi ilə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 103 saylı əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi, məcburi işburaxmaya görə aylıq əmək haqqının hesablanıb cavabdeh tərəfindən ona ödənilməsi, işdən qanunsuz olaraq azad olunması nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq 1.000 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 103 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış “Əmək müqaviləsinə” xitam verilmişdir. Halbuki, iddiaçı 10 ilə yaxın müddətdir ki, avtomobil fənnini tədris edir, yüksək göstəriciləri də iddiaçı məhz bu fənn üzrə əldə etmişdir və diaqnostik qiymətləndirmənin nəticələrinə görə iddiaçıdan aşağı bal toplayan müəllimlər hazırda da “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X7 işləyirlər. Bundan başqa nəzərə alınmalıdır ki, həmin ştat vahidi ixtisar olunmamışdır və hazırda da mövcuddur. Avtomobil fənnini isə hazırda rəsm müəllimi tədris edir. Cavabdeh “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X10 iddiaya qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı ilə müddətli əmək müqaviləsi qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə uyğun tərtib edilmiş və həmin müqaviləyə də əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilmişdir. İddiaçı işə qəbul edilərkən və tutduğu vəzifədən azad edilərkən əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Digər tərəfdən əmək müqaviləsinə xitam verilməsi barədə əmr xx.xx.2020ci il tarixdə qəbul edilməsinə baxmayaraq, iddiaçı həmin əmri əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq, 1 ay ərzində mübahisələndirməmiş və hazırki iddianı yalnız 2020-ci ilin dekabr ayında irəli sürməklə iddia müddətini üzürsüz səbəbdən pozmuşdur. Göstərilənlərin nəzərə alınmasını və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi prosesində əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilmədiyindən, habelə iddiaçı tərəfindən iddia müddəti üzrsüz səbəbdən buraxıldığından, iddia müddətinin buraxılmasının iddia tələbinin rədd edilməsi üçün əsas olduğundan, iddianın rədd edilməsini xahiş etmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-1506-2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X8 “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 103 saylı əmrinin ləğv edilməsi, İddiaçı cavabdeh “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X9 müəllim vəzifəsinə işə bərpa edilməsi, iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X10 tərəfindən ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət etmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 70, 71, 78, 80, 296, 300-cü maddələri, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarı ilə əsaslandıraraq göstərmişdir ki, iddiaçı barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi nəinki əsaslandırılmamış, ümumiyyətlə əsaslandırma istiqamətində hər hansı addım atılmamış, əmrdə yazılmış “ixtisası üzrə yetərli dərs yükü təsdiqlənmədiyi üçün” cümləsi isə cavabdehin qeyd edilən 71-ci maddənin 3-cü hissəsinin tələblərinə əməl etməsi kimi qiymətləndirilə bilməz və əsaslandırma deyil, daha çox məlumat xarakteri daşıyır. Hər bir halda, mövcud vəziyyətə uyğun olaraq əmrdə əvvəlki illərlə müqayisədə dərs yükünün həcminin və qrupların sayının azalması, mövcud dərs yükünün digər müəllimlərlə iddiaçı arasında bölünməsinin qeyri mümkünlüyü və sair bu kimi məlumatlar (məsələlər) əks olunmalı idi. Lakin göründüyü kimi olunmamış və nəticə etibarı ilə əmr Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin tələblərinə əməl edilməməklə tərtib edilmişdir. Bu da öz növbəsində həmin əmrin ləğv edilməsi üçün əsas yaradır. Digər tərəfdən iddiaçı Həmkarlar İttifaqının üzvüdür. Əmək Məcəlləsinin 80-ci maddəsində də belə şəxslərin Məcəllənin 70-ci maddəsinin “b” hissəsi ilə əmək müqaviləsinə yalnız bu təşkilatın razılığı alınmaqla xitam verilməsinin mümkünlüyü imperativ qaydada təsbit edilmişdir. Bu baxımdan cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verməmişdən əvvəl məsələ ilə bağlı X2 rayon komitəsinə müraciət etməli və onun razılığını aldıqdan sonra hazırda mübahisələndirilən əmri qəbul etməli idi. Bununla belə, iddiaçı barəsində xx.xx.2020-ci il tarixli əmr rəsmiləşdirilərkən cavabdeh tərəfindən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri də pozulmuşdur. Bu halın mövcudluğu da həmin əmrin ləğv edilməsini şərtləndirir. İddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasının sübuta yetirilməsi üçün heç bir mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi mənəvi zərərin tutulması hissəsində rədd edilməlidir. Cavabdeh “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X10 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğuna görə ləğv olunmalıdır. Belə ki, iddiaçı, iddia tələbi ilə mübahisələndirdiyi əmrin ona məlum olduğu vaxtdan 2 ay sonra birinci instansiya məhkəməsinə müraciət etmişdir. Həmçinin, iddiaçının dərs dediyi fənn onun ixtisasına uyğun olmamışdır. Buna görə də onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan da görünür ki, iddiaçıya ixtisara düşməsi ilə bağlı məlumat verilmişdir. İşə baxmış birinci instansiya məhkəməsi işin bu hallarına qiymət verməmişdir, halbuki, iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X8 nümayəndəsi tərəfindən ərizə verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9231/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X8 apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 31 mart 2021-ci il tarixli qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdeh “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X5rşı “işə bərpa və sair tələbləri barədə” iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı və onun vəkili-nümayəndəsi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəmənin Mülki Kollegiyasının 2(103)-9231/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mahiyyəti üzrə araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-3011/2022 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9231/2021 nömrəli, 12 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv olunması, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı ilə birlikdə sonuncu iş günü işçiyə vermək işəgötürənin vəzifəsidir. Həmçinin, işçinin hüququnun pozulduğunu aşkar etdiyi gün, ona müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gündür ki, işçiyə münasibətdə 1 aylıq iddia müddətinin axımı da məhz həmin gündən başlanır. İş materiallarından qeyd edilən əmrin surətinin iddiaçıya təqdim edilməsi aşkar edilməmişdir. Əksinə, iddia ərizəsinə əlavə edilmiş və cavabdeh tərəfindən ATİAHİ Binəqədi rayon komitəsinə, komitə tərəfindən də iddiaçıya göndərilmiş məktublardan görünür ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə hansı əsaslarla xitam verilməsindən məlumatlı olmamış, məhz bu məsələyə aydınlıq gətirilməsi üçün ATİAHİ Binəqədi rayon komitəsinə müraciət etmişdir. Komitə də bu barədə məlumatsız olduğundan, cavabdehə sorğu ünvanlamışdır. Həmin sorğuya cavabında cavabdeh iddiaçının əmrlə tanış edilsə də, imzalamaqdan imtina etməsinə, həmin görüşün aktlaşdırılmasına istinad etmişdir. Lakin müvafiq, yəni xx.xx.2020-ci il tarixdə iddiaçının əmrin surətini qəbul etməkdən imtina etməsinə dair akt cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin, iddiaçı birinci instansiya məhkəməsindəki izahatı zamanı bildirmişdir ki, əmr ona təqdim edilməmiş, bir sıra sənədlər müraciətindən sonra, xx.xx.2020-ci il tarixdə ATİAHİ Binəqədi rayon komitəsi tərəfindən təqdim edilmiş, bundan bir neçə gün sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilən hal iş materialları ilə öz təsdiqini tapır. Belə ki, iş materiallarına əsasən, ATİAHİ Binəqədi rayon komitəsi tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixdə 3 vərəqdən ibarət məktub ünvanlanmış (səhifə 9), iddia ərizəsi isə xx.xx.2020-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur (səhifə 5). Göründüyü kimi, apellyasiya kollegiyası iddia müddətinin tətbiq edilməsində səhvə yol vermiş, bununla bağlı işin hallarını tam araşdırmamış, iddiaçının hüquqlarının pozulmasını bildiyi anı düzgün müəyyən etməmiş və müvafiq hüquq normalarını səhv tətbiq etmişdir Apellyasiya instansiya məhkəməsində ikinci icraat Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətininin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında öz nümayəndəsinin iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə məlumat vermədiyindən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin təmin olunmuş hissəsində yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: 11-ci maddəsinin “ə” bəndinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin aşağıdakı əsas hüquqlarındadır; 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər; 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür; 71-ci maddəsinin 3-ci hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır; 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan razılığı alınmaqla ləğv edilir; 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. [129] 80-ci maddəsinin 3-cü hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. 296-cı maddəsinin 2-ci hisəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1.Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İddiaçı xx.xx.2005-ci il tarixdə 6 saylı Bakı Peşə Liseyinə istehsalat təlim ustası vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2011-ci il tarixdən etibarən isə həmin liseyin ixtisas fənn müəllimi vəzifəsinə təyin edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə 6 nömrəli Bakı Peşə liseyi və 9 nömrəli Bakı Peşə Liseyi birləşdirilmiş və onların bazasında Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yaradılmışdır. Bununla əlaqədar iddiaçının ərizəsi əsasında onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” hissəsi ilə (müəssisə ləğv edildikdə) xitam verilmiş və iddiaçı cavabdehlə arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzə müəllim vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli əmrlə iddiaçıya Əmək Məcəlləsinin 70 maddəsinin “b” bəndinə əsasən ixtisar olunduğu barədə xəbərdarlıq edilmiş və xəbərdarlıq müddətinin xx.xx.2020-ci il tarixdə bitəcəyi barədə ona məlumat verilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatlar ixtisar edildikdə) ixtisası üzrə yetərli dərs yükü təsdiqlənmədiyi üçün xitam verilmişdir. Hazırda iddiaşı əsassız olaraq tutduğu vəzifədən Əmək Məcəlləsinin 70-ci maddəsini “b” hissəsi ilə azad edildiyini, 10 ilə yaxın müddətdir ki, həmin müəssisədə işlədiyini və avtomobil fənnini tədris etdiyini, müəllimlərin diaqnostik qiymətləndirilməsində yüksək bal topladığını, lakin ondan aşağı bal toplayan müəllimlərə dərs saatı verilsə də, ona verilmədiyini, o cümlədən dərs dediyi qrupların da ondan alınaraq başqa müəllimlərə verildiyini, onun tədris etdiyi fənnin hazırda rəsm müəllimi tərəfindən tədris edildiyini, nəticədə yalnız onun ixtisar edildiyini, hər hansı müsabiqədə iştirak etməsi tövsiyəsinin ona verilmədiyini və ümumilikdə barəsində əmr rəsmiləşdirilərkən əmək qanunvericiliyinin tələblərinin pozulduğunu, o cümlədən işdən azad olunması barədə əmrin ona müddət pozuntusu ilə verildiyini bildirir və barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsini, işə bərpa edilməsini, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini və bu proseslərdə ona vurulmuş maddi zərərin əvəzi olaraq 1.000 manat pulun tutulmasını tələb edir. İş materiallarından görünür ki, cavabdeh iddianı qəbul etməmiş, iddiaçının əmək qanunveiciliyinin tələblərinə uyğun olaraq tutduğu vəzifədən azad edildiyini, onun barəsində əmr rəsmiləşdirilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmadığını, habelə barəsində xx.xx.2020-ci il tarixdə əmr qəbul edilməsinə baxmayaraq, iddiaçının həmin əmri əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq, 1 ay ərzində mübahisələndirmədiyini və hazırki iddianı yalnız 2020-ci ilin dekabr ayında irəli sürməklə iddia müddətini üzürsüz səbəbdən pozduğunu qeyd etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddiaçının dərs dediyi fənn onun ixtisasına uyğun olmaması, buna görə də, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, iddiaçıya ixtisara düşməsi ilə bağlı məlumat verilməsi və iddia tələbi ilə mübahisələndirdiyi əmrin iddiaçıya məlum olduğu vaxtdan 2 ay sonra məhkəməyə müraciət etməsinə birinci instansiya məhkəməsinin işin bu hallarına qiymət verməməsindən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” cavabdeh “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X10 tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi zamanı qanunvericiliyin tələbləri pozulmasına dair birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, müəssisədə həmkarlar ittifaqı fəaliyyət göstərməsinə baxmayaraq, iddiaçının işdən çıxarılması məsələsi X1 iclasında müzakirə olunmamış, həmkarlar ittifaqının qərarı alınmamışdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, işəgötürən olan cavabdeh “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X8 işçisi olan iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin tələbinə riayət etməmiş, müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan razılığını almadığı üçün iddiaçının işdən çıxarılması qanunsuz olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ixtisara səbəb kimi iddiaçının dərs dediyi fənn onun ixtisasına uyğun olmamasına dair dəlilləri ilə bağlı hesab edir ki, birinci instansiya məhkəməsi araşdırma zamanı düzgün olaraq müəyyən edərək bu nəticəyə gəlmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə mövcud vəziyyətdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilə bilməzdi. Belə ki, iddiaçı artıq neçə ildir ki, eyni fənni tədris edir və onun ötən il bu fənni tədris etdiyi 2-ci kurs tələbələri, hazırda 3-cü kursdadır. Başqa sözlə, ən azı iddiaçı bu kurs üzrə öz fənnini tədris etməyə davam etdirə bilərdi. İddiaçının tədris etdiyi fənnin onu ixtisasına uyğun gəlməməsi barədə dəlillərdə əsassızdır. Hər bir halda, iddiaçı bu fənni birinci ildir ki, tədris etmir və cavabdehin bir neçə ildən sonra bu mövqeydən çıxış etməsi bir qədər anlaşılmazdır. Digər tərəfdən iddiaçı tutduğu vəzifədən azad edildikdən sonra ixtisas üzrə hər hansı yeni müəllimlə əmək müqaviləsi bağlanmamışdır. Burdan belə qənaətə gəlmək olur ki, iddiaçının tədris etdiyi fənni hazırda da qeyri ixtisas müəllimi tədris edir. Bundan əlavə “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X7 tələbələr var və tədris davam edir. Sadəcə olaraq qrupların sayı azalmışdır. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçı müəllimlərin diaqnostik qiymətləndirilməsindən də müvəffəqiyyətlə keçmiş və ümumilikdə 31 bal toplamışdır. Hazırda “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X4 az bal toplayan müəllimələr işləyir. Lakin buna baxmayaraq, həmin müəlimlərdən hər hansı biri deyil, məhz iddiaçı ixtisar edilmişdir. Halbuki, cavabdeh diaqnostik qiymətləndirmənin nəticələrini əsas götürülməli idi. Cavabdeh özü də bildirir ki, hər müəllim 1 ştat vahidi (720 saat) dərs yükü ilə təmin olunmalıdır. 720 saat dərs yükü olmadığı halda mövcud saatlar müəllimlər arasında ixtisasına uyğun və diaqnostik bal nəzərə alınmaqla bölünməlidir. Bu da iddiaçının ixtisar edilməsini deyil, müəllimlər arasında bərabərliyi təmin etməklə, iddiaçıya və digər müəllimlərə daha az həcmdə dərs yükünün verilməsini şərtləndirir. İş materiallarından cavabdeh tərəfin birinci instansiya məhkəməsinin müəyyən etdiyi bu halların təkzib edilməsini təsdiq edən hər hansı sübut növlərinin olması görünmür. Apellyasiya şikayətinin digər dəlili olan əmrin iddiaçıya məlum olduğu vaxtdan 2 ay sonra məhkəməyə müraciət etməsi ilə bağlı birinci instansiya məhkəməsi mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmamışdır və bu əsasla iddia rədd edilə bilməz. Belə ki, iddiaçı xx.xx.2020-ci il tarixli əmrlə tanış edilməli və bu əmrin surəti ona işəgötürən (cavabdeh) tərəfindən təqdim olunmalı idi. Təqdim olunmanın da sübutu olaraq iddiaçı tərəfindən aidiyyəti sənədlərdə əmrin qəbul edilməsini təsdiq edən imza edilməli idi. Lakin araşdırma zamanı qeyd edilən əmrin surətinin ona təqdim edilməsi aşkar edilməmişdir. Əksinə iddia ərizəsinə əlavə edilmiş və iddiaçı, habelə cavabdeh tərəfindən ATAHİ Binəqədi rayon komitəsinə, komitə tərəfindən də iddiaçıya göndərilmiş məktublardan görünür ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə hansı əsaslarla xitam verilməsindən məlumatlı deyil. Məhz bu məsələyə aydınlıq gətirilməsi üçün ATAHİ Binəqədi rayon komitəsinə müraciət etmişdir. Komitə də bu barədə məlumatsız olmuşdurdur (halbuki, artıq yuxarıda bildirildiyi ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri baxımından onun razılığı tələb olunurdu). Bu səbəbdən sorğu ilə cavabdehə müraciət etmiş və iddiaçı ilə bağlı aidiyyəti sənədlər cavabdeh tərəfindən ona təqdim edildikdə sonra, yalnız xx.xx.2020-ci il tarixdə iddiaçıya cavab məktubu ünvanlanmışdır. Hazırki iddia da məhkəməyə xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. Cavabdeh isə öz növbəsində əmrin surətinin xx.xx.2020-ci il tarixdən əvvəl iddiaçıya təqdim edilməsini təsdiq edən hər hansı sənəd təqdim edə bilmir. Bu səbəbdən hazırki mübahisəyə iddia müddəti tətbiq edilə bilməz. İş materiallarından iddiaçının bildirdiklərinə əsasən müəyyən olunur ki, o, xx.xx.2020-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini bilmişdir. Belə ki, iddiaçın özünün bildirdiyinə görə, xx.xx.2020-ci il tarixdə cavabdeh “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X8 kadrlar şöbəsindən onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq bildirmişlər ki, onunla bağlanmış “Əmək müqaviləsi” ləğv edilmiş və “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” X9 gəlib əmri və son-haqq hesabını götürməsini təklif etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə görə, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı ilə birlikdə sonuncu iş günü işçiyə vermək işəgötürənin vəzifəsidir. Həmçinin, işçinin hüququnun pozulduğunu aşkar etdiyi gün, ona müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gündür ki, işçiyə münasibətdə 1 aylıq iddia müddətinin axımı da məhz həmin gündən başlanır. Kollegiya qeyd edir ki, iş materiallarından qeyd edilən əmrin surətinin iddiaçıya təqdim edilməsi aşkar edilməmişdir. Kassasiya instansiyası məhkəməsinin qərarında göstərilmişdir ki, ATİAHİ Binəqədi rayon komitəsinə verilən sorğuya cavabında cavabdeh iddiaçının əmrlə tanış edilsə də, imzalamaqdan imtina etməsinə, həmin görüşün aktlaşdırılmasına istinad etsə də, müvafiq, yəni xx.xx.2020-ci il tarixdə iddiaçının əmrin surətini qəbul etməkdən imtina etməsinə dair akt cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının hüquqlarının pozulmasını bildiyi anı düzgün müəyyən etməsi ilə bağlı kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanlara əsasən hesab edir ki, iddiaçının əmrin ona təqdim edilməməsi, müraciətindən sonra, xx.xx.2020-ci il tarixdə ATİAHİ Binəqədi rayon komitəsi tərəfindən təqdim edilməsi, bundan bir neçə gün sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi kimi hallar iş materialları ilə öz təsdiqini tapır. Belə ki, iş materiallarına əsasən, ATİAHİ Binəqədi rayon komitəsi tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixdə 3 vərəqdən ibarət məktub ünvanlanmış (səhifə 9), iddia ərizəsi isə xx.xx.2020-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur (səhifə 5). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdikləri sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iclaslarında iştiraklarının təmin edilməsinə şərait yaradılsa da ( bildiriş göndərilməsi, numayəndə ilə telefon əlaqəsi) cavabdeh tərəf iştirak etməmiş və xx.xx.2020-ci il tarixdə iddiaçının əmrin surətini qəbul etməkdən imtina etməsinə dair aktla bağlı onların mövqeyi öyrənilməsi mümkünsüz olmuşdur. Kollegiya qeyd etməyi zəruri sayır ki, xx.xx.2020-ci il tarixdə iddiaçının əmrin surətini qəbul etməkdən imtina etməsinə dair akt apellyasiya instansiyası məhkəməsinə təqdim edildiyi halda belə həmin sənəd iddianın əsassız, apellyasiya şikayətinin isə əsaslı olmasına dəlalət etməyəcəkdi. Belə ki, qanunvericiliyin tələbərinə əsasən sübutlar birinci instansiya məhkəməsində verilir. Azərbaycan Respublikası MPM-nin 372.2-ci maddəsinə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna, mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsinə dair nəticəsini qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(001)- 1506/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov