Məhkəmə qərarları › İş №2(103)-7094/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7094/2020

18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7094/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Gürsoy Ayhan Mehmet oğlunun nümayəndəsi və vəkili Mirmehdizadə Rəşad Mehdi oğlunun iştiraklarıilə, İddiaçı Gürsoy Ayhan Mehmet oğlunun cavabdeh İsmayılov Bəybala Məmməd oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-142/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı nümayəndəsi və vəkili Rəşad Mirmehdizadə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Gürsoy Ayhan Mehmet oğlu cavabdeh İsmayılov Bəybala Məhəmməd oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 41.125 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı), eləcə də məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qətnaməsi ilə Gürsoy Ayhan Mehmet oğlunun iddia tələbi təmin olunmuş, cavabdeh Bəybala İsmayılovdan iddiaçı Ayhan Gürsoyun xeyrinə 109.000 ABŞ dollarının tutulması qət edilmişdir. Məhkəmənin xx xxxxxx 2010-cu il tarixli qətnaməsi qanuni qüvvəsini almış, icra olunması üçün Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. Qətnamə həmin tarixdən hal-hazırki vaxta qədər çox cüzi miqdarda 17.500 manat məbləğində icra olunmuşdur. Dəfələrlə müraciət edilməsinə baxmayaraq qətnamə icra olunmamışdır. Ödənilməmiş qalan 98.705 ABŞ dolları bu günə kimi ödənilməmişdir. Qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan 8 il 4 ay müddət keçmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-142/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, həmçinin iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində olan ekspertiza xərcinin Gürsoy Ayhan Mehmet oğlundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən A.Gürsoyapellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddiasının təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ekspertiza keçirərək ödənilməli faizin məbləğini hesablanmış, lakin əsassız olaraq iddia tələbini təmin etməmişdir. Apelyatorun məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikаyətin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki,şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Gürsoy Ayhan Mehmet oğlu İsmayılov Bəybala Məmməd oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və Məhkəmənin 2(004)-5554/2010 saylı xx.xx.2010-cu il tarixli qətnaməsi ilə A.Gürsoyun iddia tələbi təmin edilərək cavabdeh Bəybala İsmayılovdan iddiaçı Ayhan Gürsoyun xeyrinə 109.000 ABŞ dolları pulun tutulması qət edilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli arayışına əsasən müəyyən edilir ki, Məhkəmənin xx.xx.2010-cu il tarixli qətnaməsi xx xxxx 2011-ci il tarixdə öz qanuni qüvvəsini almışdır. İş materiallarında olan Yasamal Rayon İcra və Probasiya Şöbəsinin xx/xx-1892/17 saylı xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, icra sənədi üzrə borclu Bəybala İsmayılovun tələbkar Ayhan Gürsoya olan borcu 98.129,4 ABŞ dolları təşkil edir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 25052 saylı rəyinə əsasən müəyyən edilir ki, Bəybala İsmayılovun Ayhan Gürsoya olan borcu xx.xx.2018-ci il tarixə olan əsas borcu 98.705.00 ABŞ dolları, 36.274.09 ABŞ dolları, xx.xx.2019-cu il tarixə olan əsas borcu 98.705.00 ABŞ dolları, faiz borcu isə 69.782.38 ABŞ dolları təşkil edir. İddiaçı hazırki iş üzrə tələbini qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra edilməməsi ilə əsaslandıraraq tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445-ci maddələrinə istinad etmiş, birinci instansiya məhkəməsi iddia tələbinin əsassız olduğu nəticəsinə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə müvafiq əsaslandırma ilə nəticəsinin işin hallarına uyğun gəlməməsinə yol açmışdır. Yuxarıda qeyd olunduğu kimi, Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini xx.xx.2010-cu il tarixli qətnaməsi ilə cavabdeh Bəybala İsmayılovdan iddiaçının xeyrinə tutulmalı olan borcun 109.000 ABŞ dolları təşkil etdiyi müəyyən olunmuş, iddiaçının irəli sürdüyünə görə isə, həmin qətnamə cavabdeh tərəfindən hazıradək tam icra olunmamışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən isə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “...MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Mübahisə yarandığı halda, məsələ məhkəmə qaydasında həll olunarkən, tərəflərin hüquq və mənafelərinin daha səmərəli qorunması üçün, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə qətnaməsinin çıxarılmasından əvvəl borc məbləği ödənilibsə, məhkəmə öz qərarında faiz və maliyyə sanksiyası məbləğini dəqiq göstərməlidir. Həmçinin, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyanın hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Bu hal, Məcəllənin 449.4-cü maddəsində öz əksini tapmışdır. Belə ki, həmin normaya əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Bununla belə, MM-in 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni - tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür. Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün o, MMin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir”. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı hüquqi mövqeyi nəzərə almaqla kollegiya hesab edir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə tərəflər arasında yeni - tələbkar-borclu münasibətləri yaranmış və onların arasındakı müqavilə münasibətlərinin xitamı həmin qətnamənin icrasından asılı vəziyyətə düşmüşdür. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının sözügedən tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərdən keçirilə bilər; belə ki, həmin maddəyə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. İşin materiallarında da göründüyü kimi, tərəflər arasında öhdəlik münasibətləri yaranmış, cavabdeh öhdəliklərini vaxtında yerinə yetirmədiklərinə görə iddiaçı cavabdehə qarşı iddia qaldırmış, Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, həmin qətnamə ilə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pulun 109 000 ABŞ dolları təşkil etdiyi müəyyən olunmuş, bununla belə cavabdeh qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası qaydasında həmin borcun bir hissəsini ödəmiş, və onun xx.xx.2019-cu il tarixə ödənilməmiş 98705 ABŞ dolları borcu qalmışdır. Kollegiya hesab edir ki, cavabdeh tərəfindən qətnamənin icrası gecikdirildiyindən ondan gecikdirilmiş vaxt üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən iddiaçının iddia etdiyi gecikdirilmiş müddət olaraq 8 il 4 ay müddətinə illik 5% hesablanaraq iddiaçıya ödənilməlidir. Həmin müddət ərzində iddiaçıya hesablanmalı olan borc ekspert rəyində göstərildiyi kimi 36 274,09 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, məhkəmədə iddia qaldırmaq və apellyasiya şikayəti vermək üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumunun məbləğləri cavabdehə aid edilməli, birinci instansiya məhkəməsinin baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatnın dəyəri də cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-142/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh İsmayılov Bəybala Məmməd oğlundan 36 274,09 (otuz altı min iki yüz yetmiş dörd dollar 09 sent) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə), həmçinin iddiaçının ödədiyi dövlət rüsumlarının əvəzi olaraq 45 (qırx beş) manat iddiaçı Gürsoy Babək Mehmet oğlunun xeyrinə tutulsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində olan ekspertiza xərci cavabdeh İsmayılov Bəybala Məmməd oğlundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar