Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7099/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1, onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli 2(001)-3299/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli 2(001)- 3299/2020 saylı qətnaməsinə və həmin qətnamədə olan yanlışlığın aradan qaldırılması haqqında 22 fevral 2021-ci il tarixli 2(001)-3299/2020 saylı qərardada əsasən, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 yetkinlik yaşına çatmayan 02 oktyabr 2005-ci il təvəllüdlü X5, 17 iyul 2004-cü il təvəllüdlü X2, 12 iyun 2013-cü il təvəllüdlü X3 ilə birlikdə ünvan 1 ünvanından istifadə hüquqlarının itirilmiş hesab edilməsi qərara alınmışdır. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı QSC-nin mülkiyyətində olan evin ünvanı ünvan 2 halda, ünvan 1 ünvanında yaşayan şəxslərin, o cümlədən onun mənzildən istifadə hüququna xitam verilməklə pasport qeydiyyatından çıxarılmışlar. İddiaçı QSC tərəfindən məhkəməyə ərizə göndərilərək cavabdehlərin başqa oxşar ünvanda qeydiyyatda olduqları, onların qeydiyyatda olmadıqları, bankın mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi döngə 3-də yerləşən 8 saylı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi səhvən xahiş edildiyinə görə iddiadan imtina edildiyi bildirilmiş və hazırkı mülki işin icraatına xitam verilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, iddiadan imtina qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası qeyd olunan müddəaları rəhbər tutmaqla hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 191, 261, 370, 391, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı QSC-nin iddiadan imtinası qəbul edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli 2(001)- 3299/2020 saylı qətnaməsi və həmin qətnamədə olan yanlışlığın aradan qaldırılması haqqında 22 fevral 2021-ci il tarixli 2(001)-3299/2020 saylı qərardadı ləğv edilərək mülki işin icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə yazılı formada kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7099/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7099/2021
17.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver