Məhkəmə qərarları › İş №2(103)-71/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-71/2023

28.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-71/2023 28.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinin boşaldılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X4 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qaşrı “torpaq sahəsinin boşaldılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(008)-27/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə 28 mart 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, “Gülüstan” b/ynın 41 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2016cı il tarixdə qeydə alınmışdır.

2. Kürdəxanı Qəsəbə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 34 saylı məktubda göstərilmişdir ki, Kürdəxanı qəsəbə Nümayəndəliyinin inzibati ərazisində Bakı şəhəri, Həsənoğlu küçəsi, ev 21, mənzil 52 ünanında qeydiyyatda olan İddiaçı məxsus torpaq sahəsi və tikili mövcud deyil.

3. 20.07.2007-ci il tarixli torpaq icarə müqaviləsinə görə Kürdəxanı Bələdiyyəsi tərəfindən bağçılıq təyinatı üzrə 1200 kv.m torpaq sahəsi X1 icarəyə verilmişdir.

4. Kürdəxanı Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli məktubunda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı məxsus torpaq sahəsi onlar tərəfindən qeydiyyata alınmamış və vergi ödəyicisi olmamışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli 2-1(102)-263/15 saylı qərarı ilə müəyyən edilmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(82)-1559/2014 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı qanuni istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş torpaq sahəsindəki 0,05 ha sahəsi olan 41 saylı bağ sahəsinin onun adına daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və sair tələbinə dair iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli 2- 1(103)-1364/2014 qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi rəisi Ş.Şahvələdov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş Bakı Apellyasiya Məhkməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli 2-1(103)- 1364/2014 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(102)-7195/17 saylı qərarı ilə müəyyən edilmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3827/2017 saylı iş üzrə xx.xx.2017-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbi barədə iddia ərizəsinə dair olan mülki iş üzrə Cavabdehlər İddiaçı və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin planı və ölçüsü” barədə sənədin və çıxarışın ləğv olunmasına dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuş və qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlilkdə geri qaytarılaraq qarşılıqlı iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra həmin tələb üzrə ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmaması hüququ izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7682/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə cavabdehin nümayəndəsinin şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(008)-3827/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti təmin edilməmiş Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-7682/2017 saylı, iş üzrə 05 iyul 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, Gülüstan B/Y-nın 41 saylı bağ sahəsindən cavabdehin çıxarılmasına və bağ sahəsinin onun faktiki sahibliyinə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, uzun illərdir ki, elmi işçi kimi Azərbaycan Respublikasının Dövlət Neft Akademiyasında çalışır. Azərbaycan Respublikası Dövlət Neft Akademiyasının əməkdaşı kimi 1998-cı ildə Akademiyanın nəzdində fəaliyyət göstərən və Ləhiş bağ sahələri ərazisində yerləşən «Gülüstan» bağçılıq yoldaşlığına üzv qəbul olunmuş və 41 saylı bağ sahəsi ilə təmin olunmuşdur. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamından sonra qərara gəlmişdir ki, qanuni istifadəsində olan bağ sahəsini özəlləşdirsin. Lakin, bu sahədə çoxlu sayda bürokratik əngəllərlə üzləşdiyindən bağ sahəsinin özəlləşdirilməsi yubanmış, 2012-ci ildə növbəti dəfə bağ sahəsindən istifadə etmək istəyərkən ona məlum olmuş ki, bağ sahəsinin perimetri üzrə çəkdiyi daş hasar tanımadığı şəxslər tərəfindən uçurulubdur. Bununla belə, uzun sürən məhkəmə çəkişmələrindən sonra qanuni istifadəsində olan torpaq sahəsi dövlət qeydiyyatından keçirərək, mülkiyyət hüququna dair xx.xx.2016-cı il tarixli çıxarışla təmin olunmuşdur. Sabunçu Rayon Polis İdarəsinin 15-ci PB-də aparılmış araşdırma zamanı məlum olmuşdur ki, mülkiyyət hüququ ilə ona məxsus bağ sahəsini zəbt edən Sabunçu rayonu, Kürdəxanı qəsəbə sakini Cavabdeh Mirzəhüseyn oğlu adlı şəxsdir. Bu səbəbdən Cavabdeh Mirzəhüseyn oğlu və işin baxılması zamanı başqa şəxslər aşkar olunduğu halda həmin şəxslər də mülkiyyət hüququ ilə ona məxsus olan bağ sahəsindən çıxarılmalı və mülkiyyət hüququnun bərpası məqsədi ilə bağ sahəsi onun faktiki sahibliyinə və istifadəsinə verilməlidir.

9. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/1706 saylı rəyindən görünür ki, xx.xx.2016-cı il tarixli RX seriyalı çıxarış ilə X3 adına qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi Gülüstan b/y-nin 41 saylı bağ sahəsi Azərbaycan Neft və Kimya İnstitunun “Gülüstan-2 bağçılıq yoldaşlıq üzvlərinə ayrılmış torpaq sahəsinin hüdudları daxilindədir. Həmin bağ sahəsində yaşayış evi və köməkçi tikili mövcuddur. Torpaq sahəsinin yerləşdiyi ərazidə hüdudlarına müdaxilə olmuşdur. Hasara alınaraq içərisində yaşayış evi və köməkçi tikililər olan 2414 kv.m torpaq sahəsinin hüdudları daxilində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinə hüdudlarına müdaxilə olunmuş, torpaq sahəsində inşa edilmiş köməkçi tikili və yaşayış evinin bir hissəsi İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinə düşür.

10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 iyun 2021-ci il tarixli 2(008)-27/2021 saylı qətnaməsi ilə (hakim Adilə Paşayeva) Cavabdeh Mirzəhüseyn oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsi, Gülüstan b/y-nın 41 saylı bağ sahəsindən çıxarılması və bağ sahəsinin İddiaçı sahibliyinə verilməsi qət edilmişdir.

11. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsi, Gülüstan b/y-nın 41 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Həmin torpaq sahəsinə cavabdehlər tərəfindən müdaxilə edilmiş və iddiaçıya məxsus torpaq sahəsində tikili tikilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsinin mülkiyyətçisi iddiaçıdır və cavabdehlər həmin torpaq sahəsinə sahiblik edir. Lakin torpaq sahəsinə cavabdehlər tərəfindən edilən müdaxilə qanunsuzdur. Belə ki, cavabdehlər sözügedən torpaq sahəsinin onlara məxsus olduğunu iddia etsələr də, onların sözügedən torpağa dair mülkiyyəti hüququnun qeydiyyatdan keçdiyini təsdiq edən sənədi yoxdur. İddiaçının mülkiyyət hüquqları uzun məhkəmə araşdırmaları nəticəsində qeydiyyata alınmış, onun torpaq sahəsi üzərində mülkiyyətini təsdiq edən sənəd, yəni çıxarış hazırda qüvvədədir. Ona görə də, iddiaçının torpaq sahəsi üzərində mövcud olan hüquqlarının həyata keçirilməsi üçün Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsi, Gülüstan b/ynın 41 saylı bağ sahəsindən Cavabdeh Mirzəhüseyn oğlu çıxarılmalı və bağ sahəsi iddiaçının qanuni sahibliyinə geri qaytarılmalıdır.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasına, Mülki Məcəllənin 152.1, 157.2 və Mülki Prosessual Məcəllənin 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

14. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini, müəyyən edilmiş hallar və ya əlavə təqdim edilmiş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apelyasiya şikayətində göstərilmişdir ki, maddi və prosessual hüquq normaları pozulmuşdur. İddiaçıya 1989-cu ildə ayrılmış torpaq sahəsi Sabunçu rayonunun Nardaran Qəsəbəsinin inzibati ərazisində ayrılmış, lakin 24 ildən sonra Sabunçu rayonunun Kürdəxanı Qəsəbəsinin inzibati ərazisində “Torpaq sahəsinin planı və ölçüsünü” və onun əsasında dövlət reyestrində aparılmış qeydiyyatı əldə etmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

19. Maddə 13. İ hissə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

20. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Qətnamə tam yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

31. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsi, Gülüstan b/y-nın 41 saylı bağ sahəsinin iddiaçının mülkiyyətində olması mübahisəsizdir.

32. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza nəticəsində iddiaçıya məxsus torpaq sahəsinə müdaxilə olunduğu müəyyən edilmişdir.

33. Məhkəmə haqlı olaraq göstərmişdir ki, torpaq sahəsinə cavabdeh tərəfindən edilən müdaxilə qanunsuzdur. Cavabdeh sözügedən torpaq sahəsinin ona məxsus olduğunu iddia etsə də, onun sözügedən torpağa dair mülkiyyəti hüququnun qeydiyyatdan keçdiyini təsdiq edən sənədi yoxdur.

34. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-57/2022 saylı 30 avqust 2022-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs İddiaçı) qarşı “torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə iddia tələbinin mümkün sayılmaması barədə Bakı İnzibati Məhkəməsinin 21 fevral 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

35. İnzibati Kollegiyanın sözügedən qərardadından müəyyən edilir ki, həmin inzibati iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 21563 nömrəli ekspert rəyinə əsasən iddiaçı Cavabdeh naturada iddia etdiyi torpaq sahəsi Dövlət mülkiyyəti torpağıdır.

36. Həmin iş üzrə iddiaçı 20 iyul 2007-ci il tarixli Azərbaycan Respublikası Bakı şəhər Sabunçu rayon Kürdəxanı Bələdiyyənin “Torpağın İcarəyə verilməsinə dair” Qərarına və torpaq icarə müqaviləsinə əsasən X2 1200 kv.m torpaq sahəsinin ayrıldığını bildirsə də, ekspert rəyi ilə ayrılmış torpaq sahəsinin dövlət mülkiyyətində olduğu müəyyən edilmişdir.

37. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddiaçı Cavabdeh onun İddiaçı adına ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş və X7 kitabında xx.xx.2013-cü il tarixində 33388 nömrə ilə qeydiyyata alınmış “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsi barədə iddia irəli sürmək üçün subyektiv hüququ mövcud deyil.

38. Göründüyü kimi, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir, öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olmuşdur, onun məhrum olduğu əmlak naturada mövcuddur, cavabdehin faktiki sahibliyindədir, cavabdehin əşyaya sahiblik hüququ isə yoxdur.

39. Belə olan halda, Kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, cavabdehin hərəkətləri əmlakın mülkiyyətçisi olan iddiaçının mülkiyyət hüquqlarından sərbəst surətdə istifadə etməsinə məhdudiyyətlər yaradır.

40. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-27/2021 saylı iş üzrə 01 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar