Məhkəmə qərarları › İş №2(103)-71/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-71/2024

13.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-71/2024 13.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs X1 qızına qarşı mülki iş üzrə (Açar sözlər: «mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4402/2022 saylı, 16 iyun 2022-ci il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-824/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Ərizəçi ilə X1 qızı arasında xx.xx.2017-ci il tarixdə Yasamal rayon Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 36 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X3 anası X1 qızının yanında qalması və yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin Ərizəçi tutularaq X1 qızının xeyrinə ödənilməsi qət edilmişdir.

2. Hazırda ərizəçi Əliyev X6 Ellada Həsən qızı ilə xx.xx.2021-ci il tarixli mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsini tələb edir.

Birinci instansiya məhkəməsində icraat:

3. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixində Mediasiya tərəfindən bağlanmış barışıq sazişi təsdiq olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Ərizədə göstərilir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-824/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh X1 qızı arasında iddiaçı Ərizəçi arasında olan nikah pozulmuş və birgə nikahdan olan uşaq xx.xx.2017-ci təvəllüdlü X8 anasının himayəsinə verilmişdir. Lakin cavabdeh tərəfindən sözügedən tarixdən öncədən etibarən uşaqların fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirərək atası Ərizəçi ilə görüşə qəsdən imkan verilmir. Baxmayaraq ki, ata, uşaqın tərbiyəsinə, sağlamlığına, psixi, fiziki və mənəvi inkişafına zərər yetirə biləcək hər hansı mənfi cəhəti yoxdur cavabdeh övladı ilə ünsiyyətdə olmaq, tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna mane olmaqdadır. Bununla əlaqədar valideynlik və qohumluq hüququnun həyata keçirilməsi haqqında razılığa gəlmək üçün bu günə kimi etdiyi cəhdləri nəticə verməməkdədir. X2 Müraciət edilərək oğlu Əlizadə Fatehlə ünsiyyətinin təmin olunması Şura tərəfindən həftədə bir dəfə olmaqla Bazar günləri Saat 11:00-dan 17:00 dək təmin edilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən mediasiyya barışığına əməl edilməmiş və uşaqla ünsiyyəti təmin edilməmişdir. Cavabdeh tərəfindən bu cür haqsızlıq nəinki ona qarşı, hətta övladına qarşı olmuşdur ki, bu da uşağın psixoloji inkişafına təsir edir

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4402/2022 saylı, 16 iyun 2022ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir.

6. Birinci instansiya məhkəməsi iş üzrə yekun qənaətində göstərib ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, barışıq sazişi xx.xx.2021-ci il tarixdə bağlanmasına baxmayaraq ərizənin verildiyi tarixədək yəni xx.xx.2022-ci il tarixədək sazişin ikinci tərəfi barışıq sazişinin icrası üçün hər hansı bir hərəkət etməmişdir, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda, tərəflər arasında 27 avqust 2021-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Maraqlı şəxs (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayəti verərək sözügedən barışıq sazişini təsdiq edilməsi qanunvericiliyin tələblərinə uyğun olmadığından qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmiş və şikayətində göstərib ki, uşağın səhhətində problemlər var və bu hal mübahisəsizdir. Bir müddətdir ki, uşağın səhhətindəki problemlərlə bağlı uşağın müayinə və müalicəsi, müxtəlif məşğələlərə-kurslara və s. getməsi ilə əlaqədar qrafiklərdə müxtəlif dəyişikliklər olmuşdur. Həmin dəyişikliklərə əsasən barışıq sazişinin şərtlərinin dəyişməsi zərurəti yaranmışdır. Bununla bağlı Maraqlı şəxs tərəfindən Ərizəçi qarşı hazırkı “bağlanmış barışıq sazişinin şərtinin dəyişdirilməsi tələbi”nə dair Sabunçu Rayon Məhkəməsinə müraciət edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında Ərizəçi apellyasiya şikayətinə etiraz edərək əsassız olduğunu bildirdi və şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını edilməsini xahiş etdi.

9. Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə təqdim etdiyi ərizəsində işə onların iştirakı olmadan baxımasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 1.0.7. Barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 9.3 və 9.3.1. Barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifəsidir. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

15. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, ərizə təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

16. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

17. Ərizədəki tələbin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

18. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik maraqlı şəxsin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından ərizə haqlı sayılırdı.

19. Belə ki, mülki iş apellyasiya icraatında olarkən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6347/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qərardadı ilə hazırki mülki işin icraatı iddiaçı Maraqlı şəxs cavabdeh Ərizəçi qarşı bağlanmış barışıq sazişinin şərtinin dəyişdirilməsi tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır.

20. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-412/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsi ilə Maraqlı şəxs Ərizəçi qarşı sazişlə müəyyən edilmiş görüş vaxtının dəyişdirilməsi tələbinə dair ilkin, Ərizəçi Maraqlı şəxs qarşı uşaqla ünsiyyət vaxtının dəyişdirilməsi tələbinə dair qarşılıqlı iddiaları rədd edilmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6548 /2023 saylı, 29 noyabr 2023-cü il tarixli qətnaməsi ilə Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1232/2024 saylı, 08 aprel 2024-cü il tarixli qərarı ilə isə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Hazırki ərizədəki tələb mediasiya qaydasında bağlanılmış barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi ilə bağlı olub. Maraqlı şəxsin apellyasiya şikayətindəki dəlillər isə həqiqi olsa belə onlar qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməməsi üçün əsas ola bilməzdi. Çünki, “Mediasiya haqqında” Qanunda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Ərizəçi də barışıq sazişi maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə onun məcburi icrası üçün təsdiq edilməsinə görə məhkəməyə müraciət edib. Demək ki, həm barışıq sazişi imzalandığı, yəni xx.xx.2021-ci ildən başlayaraq, həm də “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsində da müəyyən edilmiş 10 gün müddətində maraqlı şəxs onu icra etmədiyinə görə ərizəçi məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

23. Göründüyü kimi, maraqlı şəxsin şikayətində göstərilən dəlillər hazırki icraatın predmeti ilə uzlaşmır və onlar barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün əsas ola bilməzdi. Çünki, məhkəmə “Mediasiya haqqında” Qanunun 3.3, 33.3 və 34.5-ci maddələrinə zidd olduqda və Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsində nəzərdə tutulmuş hallarda barışıq sazişini təsdiq etməkdən imtina edə bilərdi. Barışıq sazişi qanuna, o cümlədən əvvəlki cümlədə qeyd olunan normalara zidd olmadığından və həmin normada nəzərdə tutulan halar olmadığına görə onun təsdiq edilməsindən imtina üçün də əsas yaranmamışdır.

24. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4402/2022 saylı, 16 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4402/2022 saylı, 16 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar