Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-710/2021 09.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) “elektron əmək bazasındakı yalnışlığın düzəldilməsi, maddi və mənəvi zərər” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2057/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, “xxxx” MMC-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron əmək bazasında və MMC-nin müvafiq əmrindəki yanlışlığın əmək kitabçasına əsasən düzəldilməsinə, eyni zamanda ona vurulmuş maddi və mənəvi ziyan müqabilində “xxxx” MMC-dən xeyrinə 5000 (beş min) AZN tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2013-cü il tarixində Cavabdeh MMC şirkətində Dizayner vakansiyası üzrə işə qəbul olunmuşdur. xx.xx.2014-cü ildə isə öz ərizəsi əsasında əmək müqaviləsinə xitam verilmişdir. O nəşriyyatdan çıxdıqdan sonra bir müddət fərdi olaraq fotoqraflıqla məşğul olmuşdur. Sonradan rəsmi olaraq işə düzəlmək üçün müxtəlif şirkətlərə CV göndərmiş və işlə bağlı müsahibələrə çağrıldıqda ona əmək kitabçasıyla Sosial Müdafiə Nazirliyinin Online elektron əmək kitabçası bazasının tutuşmadığı bildirilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında online qeydiyyatdan keçib əmək müqaviləsini yoxlayarkən orda xitam səbəbi olaraq (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda) maddəsi ilə rastlaşmışdır. İddiaçı orda işlədiyi müddətdə icasəsiz olaraq 1 gün də olsun işdən qalmamışdır. Hamıdan tez gedib, işdən vaxtından gec çıxdığını bildirmişdir. Tenderlər zamanı sutkalarla evə getmədən gecə-gündüz orda qalmışdır. (Giriş-çıxış fərdi kartla olub və hamısı qeydiyyata alınıb). İşlədiyi müddətdə ona tapşırılan işləri zamanında və plandan artıq yerinə yetirmişdir. İşlədiyi dövrdə əmək funksiyasını yerinə yetirməməklə bağlı xəbərdarlıq, töhmət və s. almamışdır. Bu barədə iddiaçı akt və ya digər sənədlər imzalamamışdır. Cavabdeh MMC şirkətinə bu səhvlə bağlı məlumat verib bu səhvin aradan qaldırılmasını, əks halda hüquqlarını məhkəmə yolu ilə bərpa edəcəyini bildirmişdir. Ordan tərəfə deyilən şifahi cavabda bunun işçilərinin səhvi olduğu, heç cür əmri dəyişə bilməyəcəklərini bildirmişlər. “xxxx” MMC şirkətinin bu səhvi ucbatından o bir neçə ildir işə düzələ bilmir. Bu da eyni zamanda ona maddi və mənəvi ziyan vurmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2057/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Aytən Novruzova). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2057/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə təqdim edilən əmək kitabçasında qeydi əsas götürməyərək yalnız cavabdeh tərəfindən gətirilmiş şahidlərin ifadələrini əsas götürmüşdür. Həmin şahidlər cavabdehin işçiləridir. Əgər şahidlərin və cavabdehin dediyi kimidirsə, iddiaçının əmək kitabçasında cavabdeh tərəfindən öz ərizəsi ilə çıxarılması qeyd edilib və imza və möhür vurulmazdı. Bununlada tam aydın olur ki, məhkəmə qərərzlilik nümayiş etdirərək yalnız cavabdeh tərəfin formal ifadələrini sübut kimi qəbul etmişdir. Məhz iddiaçının təqdim etdiyi sübutlara qiymət verməməklə və heç bir istinad gətirməməklə məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1, 9,1, 77.1, və 106.1-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə işə birtərəfli, qərəzli yanaşmış, cavabdehin izahat və təqdim etdiyi sənədə əsaslanaraq qərar qəbul etmiş, heç bir sübuta söykənmədən iddiaçı tərəfindən təqdim edilmiş sübutlara qiymət vermədən qətnamə qəbul etmişdir. Bununla da mülki qanunvericiliyin tələblərini pozmuş, ədalətsiz mövqe nümayiş etdirmişdir. Cavabdeh tərəfindən iddiaçının hüquqlarının kobud şəkildə pozulması, aparılan danışıqlara baxmayaraq onların iddiaçının hüquqlarını bərpa etməməsi və onu başqa iş yerlərinə qanuni işindən və gəlirindən məhrum etməsi ciddi qanun pozuntusu olmaqla iddiaçıya mənəvi zərər vurulmasına gətirib çıxarmışdır. Buna görə də cavabdehdən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi də alınmalıdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Şirinov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs kollegiya iclasında iştirak etməmiş və bununla bağlı məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən üçüncü şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, xx.xx.2019-cu il tarixdə Asan-Sumqayıt tərəfindən verilmiş AA seriyalı, ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi məlumatınının surətinə əsasən xx.xx.1985-ci il tarixdə Azərbaycan Respublikası, Oğuz rayonunda anadan olmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır; E-sosial internet portalının elektron kabinetindən çıxarışdan görünür ki, İddiaçı hər ay 345.60 AZN əmək haqqı ödənilməklə Cavabdeh MMC-yə dizayner, poliqrafiya vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2014-cü il tarixdə “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudşəkildə pozduqda” səbəbi ilə müqavilsəinə xitam verilmişdir; İddiaçı Əsgər oğlunun ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı Əsgər oğlu xx.xx.2013-cü il tarixdə müddətli müqavilə əsasında Cavabdeh MMC-yə Dizayner vəzifəsinə işə qəbul edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xx xxxxxx 2014-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi) xitam verilmişdir; “Heron” şirkətinin xx.xx.2020-ci tarixli məktubundan görünür ki, İddiaçı iş təklifinə cavab olaraq, araşdırma zamanı təqdim etdilən Əmək kitabçası ilə Məşğulluq akt sistemində əks olunmuş məlumatların düz gəlmədiyi, Əmək kitabçasında öz xahişi əsasında işdən azad olunduğu göstərilsə də, Məşğulluq akt sistemində isə onun Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən çıxarıldığı göstərilmişdir. Bu hal şirkətin iş prinsiplərinə uyğun olmadığından, onunla əmək müqaviləsi bağlanılmasından imtina edilmişdir. Cavabdeh MMC-nin xx xxxxxx 2014-cü il tarixli, 54/1 saylı əmrinə əsasən texniki tərtibat təchizat sahəsinin dizayneri vəzifəsində işləyən İddiaçı xx.xx.2014-cü il tarixində heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlmədiyi, əmək funksiyalarını, nizam-intizam qaydalarını kobud şəkildə pozduğuna görə ona töhmət verilmişdir. Belə halların gələcəkdə təkrar olunduğu halda, işçi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin birtərəfli qaydada ləğv olunması qeyd edilmişdir; Cavabdeh MMC-nin kompyuter və texniki şöbənin müdiri T.Ş.Mehdiyev tərəfindən həmin şirkətin direktoru T.B.Axundova ünvanlanan təqdimatdan görünür ki, şöbənin işçisi dizayner İddiaçı xx.xx.2014-cü il tarixində bütün iş günü işə gəlməmiş, xx.xx.2014-cü il tarixində 13:29 radələrində iş yerində görünmüş və işə gəlməməsi barədə heç bir üzürlü sənəd təqdim etmədən bir saatdan sonra əmək fəaliyyətini davam etdirmədən iş yerini tərk edib getmişdir. Həmin hal xx.xx.2014, xx.xx.2014cü və xx.xx.2014-cü il tarixlərində də təkrar olunmuş və bütün bu günlərdə işçi işə gəlməmişdir. Bu səbəbdən istehsalat zərurəti ilə əlaqədar İddiaçı əmək fəaliyyətini açıq-aşkar davam etdirmək istəmədiyini nəzərə alaraq və əmək qanunvericiliyini kobud şəkildə pozduğundan onunla bağlanmış əmək müqaviləsinin bir tərəfli qaydada pozulmasının müzakirə etməsini xahiş etmişdir; Cavabdeh MMC-nin xx xxxxxx 2014-cü il tarixli, 55 saylı əmrinə əsasən dizayner vəzifəsində işləyən İddiaçı xx.xx.2014-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən müqaviləsinə xitam verilmişdir; Cavabdeh MMC-nin əməkdaşları: A.R.Rüstəmov, M.Q.Əsgərova, T.D.Şirinli, N.Ə.Səfərova, T.Ş.Mehdiyev, M.D.Cəlilova, E.Ə.Cavadova, S.N.Məmmədova və S.O.Quluzadə tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli aktla müəyyən olunur ki, texniki tərtibat təchizat sahəsinin dizayneri vəzifəsində işləyən İddiaçı xx.xx.2014-cü il tarixindən işə məsuliyyətsiz yanaşaraq, heç bir üzürlü səbəb olmadan, müdriyyətdən icazə almadan və məlumatlandırılmadan bütün iş günü işə gəlməmişdir. Eyni zamanda nəşriyyatın balansında olan şöbəyə məxsus Boxs 3.5 Hard disk aparatı özü ilə aparmışdır. Cavabdeh MMC-nin əməkdaşları: A.R.Rüstəmov, M.Q.Əsgərova, T.D.Şirinli, N.Ə.Səfərova, T.Ş.Mehdiyev, M.D.Cəlilova, E.Ə.Cavadova, S.N.Məmmədova və S.O.Quluzadə tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli aktla müəyyən olunur ki, texniki tərtibat təchizat sahəsinin dizayneri vəzifəsində işləyən İddiaçı xx.xx.2014-cü il tarixindən işə məsuliyyətsiz yanaşaraq, heç bir üzürlü səbəb olmadan, müdriyyətdən icazə almadan işə gecikərək saat 13:29-da işə gəlmiş, əmək fəaliyyətini davam etdirmədən bir saat sonra heç bir xəbərdarlıq etmədən iş yerini tərk edib getmişdir; Birinci instansiya məhkəməsində icraat zamanı iştirakı cavabdeh tərəfin vəsatəti əsasən təmin edilmiş şahid X2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, hazırda «Cavabdeh” MMC-nin kompyuter və texniki şöbənin müdiri kimi işləyir. İddiaçı ilə dostluq münasibətləri var. 5-6 il əvvəl Samir işdən çıxmışdır, Samir işə gəlmədiyi üçün təqdimat onun tərəfindən tərtib edilmişdir. İşdən çıxdıqdan sonra bir nəçə dəfə Samiri «Cavabdeh” MMC-də görmüşdür, lakin əmək kitabçasını görürüb- götürməməsindən xəbəri olmamışdır. Birinci instansiya məhkəməsində icraat zamanı iştirakı cavabdeh tərəfin vəsatəti əsasən təmin edilmiş şahid X4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Samirin işdən azad olunduğu vaxt kadrlar idarəsində işləyirdi, hazırda mühasib kimi «Cavabdeh” MMC-də çalışır. 2014-cü ildə Samir avqust aylarında bir neçə gün işə gəlmədi, işə məxsus elektron daşıyıcıları da özü ilə aparmışdı. Həmin vaxt işin gərgin vaxtları idi. Onun işə çıxmaması səbəbindən bütün istehsalat prosesi pozulurdu. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç“ bəndi ilə işdən azad olmuşdur, əmək kitabçasında Əmək Məcəlləsinin 68-ci maddəsinin “a“ bəndinin göstərilməsi texniki səhvdir. İşçi olaraq bundan Samirin xəbəri olmuşdur. Ona bir neçə dəfə zəng olunmuş, işə çıxması təklif edilmişdir. Hətta bacısının ünvanına da getmişlər. Lakin orada olmadığını bildirmişdilər. Əmək kitabçasını da götürməsi təklif edilmiş, lakin bundan imtina etmişdir. Samirlə telefonla dəfələrlə əlaqə saxlanılmışdır. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; Həmin Məcəllənin 70-ci maddəsinin "ç" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 87-ci maddəsinin 3-cü hissəsinə əsasən, işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. İş materiallarından görünür ki, İddiaçı Əsgər oğlu ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxx 2013-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Əsgər oğlu Cavabdeh MMC-yə dizayner vəzifəsinə işə qəbul edilmiş, əmək haqqı 345.60 AZN məbləğində müəyyən edilmişdir. Daha sonra “xxxx” LTD MMC-nin xx xxxxxx 2014-cü il tarixli, 55 saylı əmrinə əsasən İddiaçı Əsgər oğlu tutduğu vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı hazırki iddiasında əmək kitabçasında və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasında olan əmək müqaviləsinə xitam verilməsi əsasının fərli olmasını mübahisələndirir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı əmək kitabçasında (i.v. 6) əmək müqaviləsinə xitam verilmə əsası kimi, Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi, yəni işçinin öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi əsası göstərilmişdir. Lakin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasından çıxarışda (i.v. 5) əmək müqaviləsinə xitam verilməsi əsası kimi “işçi özünün əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” əsası qeyd olunmuşdur. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, əmək kitabçası ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasında işçinin (iddiaçının) əmək müqaviləsinə xitam verilməsi əsaslarının uyğun olmaması işin mübahisələndirilməyən halını təşkil edir. Bu hal iş materialları ilə yanaşı, cavabdeh təşkilatın iddiaçının apellyasiya şikayətinə verdiyi etirazda da öz təsdiqini tapır. Belə ki, cavabdeh tərəfindən həmin etirazda elektron portalda aparılmış qeydlərlə əmək kitabçasındakı qeydlər arasında uyğunsuzluq olduğu bildirilmiş və bu uyğunsuzluğun mövcudluğu əmək kitabçasında aparılmış qeydin texniki səhv olması ilə izah edilmişdir. Kollegiya hesab edir ki, əmək kitabçasındakı qeydin texniki səhv olmasına dair cavabdeh tərəfin dəlili əsassızdır. Halbuki, əmək kitabçasında texniki səhv olduğu halda, cavabdeh həmin səhvi aradan qaldırmalı və bu barədə iddiaçıya məlumat verməli idi. Cavabdeh öz etirazında həmin texniki səhvin aradan qaldırılması ilə bağlı İddiaçı xitab etdiyini bildirmişdir. Lakin, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iş materiallarında aşkar olunmamışdır. Yəni, cavabdeh təşkilat texniki səhv olduğunu bildirdiyi yanlışlığı aradan qaldırmaq üçün hər hansı təşəbbüs göstərməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli əmr (i.v. 37), xx.xx.2014-cü il tarixli (i.v. 38), xx.xx.2014-cü il tarixli (i.v. 40) aktlar və təqdimatda (i.v. 39) əmək müqaviləsinə xitam verilməsi əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi qeyd olunmuşdur. Cavabdeh “xxxx” MMC əmək kitabçası ilə portaldakı uyğunsuzluğu həm də qeyd edilən əmr, təqdimat və aktlara istinad etməklə izah etmişdir. Həmin sənədlər nəzərdən keçirilərkən vərəqlərin və üzərindəki yazıların təzə görünməsi onların 2014-cü il tarixində tərtib edilməsinə kollegiyada şübhə yaratmışdır. Bu səbəbdən də, kollegiya cavabdehdən həmin sənədlərin olduğu jurnalı da məhkəməyə təqdim etməsini istəmişdir. Məhkəmənin 2(103)-7947/202 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə sənədlərin texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında xx.xx.2014-cü il tarixli (i.v. 38), xx.xx.2014-cü il tarixli (i.v. 40) aktlar, təqdimat (i.v. 39) və xx.xx.2014-cü il tarixli əmrin 2014-cü ildə tərtib edilibedilməməsinə dair sual qoyulmuşdur. Qeyd edilən aktlar, əmr və təqdimatın olduğu jurnal da iş materialları ilə birlikdə ekspertiza tədqiqatının aparılması üçün Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. xx xxxxxx 2021-ci il tarixli ekspert rəyində icra olunmuş əlyazmaların icra vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qeyd edilən sual üzrə tədqiqatın aparılmasının mümkün olmadığı bildirilmişdir. Sadalana xüsusatlar nəzərə alınmaqla, kollegiya hesab edir ki, əmr, təqdimat və aktların həqiqətən də 2014-cü il tarixində tərtib edilməsinə dair şübhələr aradan qaldırıla bilmədiyindən iddiaçının əmək kitabçası əsas götürülməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Əmək Məcəlləsinin 3.5-1-ci maddəsinə görə, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Qeyd edilən normanın mahiyyətindən görünür ki, əmək müqaviləsi bildirişının elektron qaydada qeydiyyata alınması üçün onun gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi işəgötürənin vəzifəsidir. Bu səbbdən də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasında və MMC-nin müvafiq əmrindəki yanlışlığın əmək kitabçasına əsasən düzəldilməsi vəzifəsi “xxxx” MMCnin (işəgötürən) üzərinə qoyulmalıdır. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, iddiaçının elektron sistemdəki uyğunsuzluğun əmək kitabçası əsasında aradan qaldırılmasına dair apellyasiya şikayətinin dəlili əsaslı, birinci instansiya məhkəməsinin qətnaməsi isə həmin hissədə əsassız olmuşdur. İddia tələbinin və apellyasiya şikayətinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə isə kollegiya “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” Hazırki iş üzrə iddiaçı 5000 manat məbləğində mənəvi zərərin ödənilməsini tələb etsə də, cavabdehin təqsiri nəticəsində hansı mənəvi sarsıntı və iztirablar keçirməsinə, vurulan mənəvi ziyana görə 5000 manat miqdarında hesablanmasının əsaslandırmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddiaçının apellyasiya şikayəti və iddia tələbi qismən təmin edilərək, “xxxx” MMC-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasında və MMC-nin müvafiq əmrindəki yanlışlıq əmək kitabçasına əsasən düzəldilməli, iddia tələbi 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsində isə təmin edilməməlidir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2057/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2057/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasında və cavabdeh “xxxx” MMCnin müvafiq əmrindəki yanlışlığın İddiaçı əmək kitabçasına əsasən düzəldilməsi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat cavabdeh “xxxx” MMC-dən Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin xeyrinə (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X1 kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) tutulsun. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-710/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-710/2021
09.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver