Məhkəmə qərarları › İş №2(103)-7100/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7100/2022

30.11.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7100/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: işçilərin ixtisarı, xəbərdarlıq müddəti əvəzinə müavinət ödənilməsi, iş vaxtından artıq iş, prosessual pozuntu) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, cavabdeh - Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti və iş vaxtından artıq iş üçün əmək haqqının ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı xx.xx.2020-ci il tarixdə Dövlət Sığorta Kommersiya Şirkətinin Nəqliyyat Sığortası Departamentinə qəza komissarı vəzifəsinə işə götürülmüş, xx.xx.2020-ci il tarixdə həmin Departamentin baş qəza mütəxəssisi vəzifəsinə, xx.xx.2020ci il tarixdə isə Şirkətin Sığorta Hadisələri Departamenti Nəzdində Qəza Komissarları Şöbəsinin qəza komissarı vəzifəsinə keçirilmişdir.

2. Dövlət Sığorta Kommersiya Şirkətinin 24 yanvar 2022-ci il tarixli əmri ilə, vəzifə öhdəliklərinin icrası zamanı buraxdığı nöqsanlara görə İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.

3. Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Şirkətin Həmkarlar Komitəsinin sədrinə 16 mart 2022-ci il tarixdə ünvanlanmış təqdimatda, İdarə Heyətinin 19 saylı 16 mart 2022-ci il tarixli qərarına əsasən Şirkətin strukturunda dəyişiklik edilərək bəzi ştatların ixtisarınn nəzərdə tutulduğu göstərilməklə işçilərin, o cümlədən İddiaçı ixtisar olunmasına münasibət bildirilməsi xahiş olunmuşdur.

4. Dövlət Sığorta Kommersiya Şirkətinin Həmkarlar Komitəsinin sədrinin Şirkətin İnsan Resursları Departamentinin direktoruna ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda bildirilimişdir ki, xx.xx.2022-ci il tarixli təqdimata baxılmış, ixtisar olunan zaman işdə saxlanılmasına üstünlük verilən hər hansı əsas olmadığı üçün sözügedən əməkdaşların tutduqları vəzifələrin ixtisarı məqsədəuyğun hesab edilmişdir.

5. Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı 05 aprel 2022-ci il tarixdə ünvanlanmış xəbərdarlıq məktubunda göstərilmişdir ki, “Şirkətin İdarə Heyətinin xx.xx.2022-ci il tarixli 09 saylı Protokoluna əsasən, Sığorta Hadisələri Departamenti ləğv edilmiş və yeni struktur təsdiq edilmişdir. Bununla əlaqədar ştatınız ixtisar edildiyindən, Sizə əmək stajınıza uyğun olaraq orta aylıq əmək haqqınızın 1,4 misli miqdarında işdən çıxarma müavinəti ödəniləcəkdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, işdən çıxarılma müavinəti ilə yanaşı razılığınız əsasında xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 mislini bir dəfəyə ödəməklə Sizinlə bağlanmış əmək müqaviləsinə müvafiq əsasla xitam veriləcəkdir”.

6. İddiaçı xx.xx.2022-ci il tarixdə Dövlət Sığorta Kommersiya Şirkətinin sədrinə ərizə ünvanlamış, ərizədə, işçilərin ixtisarı ilə bağlı xəbərdarlıq əvəzinə ona düşən əmək haqqı və işdən çıxma müavinəti birdəfəlik ödənilməklə tutduğu vəzifədən azad edilməsi üçün sərəncam verilməsini xahiş etmişdir.

7. Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2022-ci il tarixli 172K saylı əmri ilə, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmiş, istifadə edilməmiş əmək məzuniyyətinə görə 36 təqvim günü pul əvəzinin və Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü və 4-cü bəndinə uyğun olaraq əmək haqqının 2,3 misli miqdarında son haqq-hesabın ona ödənilməsi nəzərdə tutulmuşdur.

8. İddiaçı işdən çıxma xəbərdarlığı ilə bağlı 879,20 manat, müavinət üçün 1367,65 manat, son haqq-hesab üçün 1061,28 manat olmaqla, ümumilikdə 3373,73 manat (tutulmalarla birgə) məbləğində ödəniş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

9. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Şirkət) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (birinci instansiya məhkəməsi) müraciət edərək, Şirkətin 172 K saylı xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, Şirkətin Nəqliyyat Hadisələri Departamentində qəza komissarı vəzifəsinə bərpa olunması, məcburi işdən çıxarıldığı xx.xx.2022-ci il tarixindən başlanaraq işə bərpa olunacağı günə qədər əmək haqqının ödənilməsi, işdən artıq iş vaxtı üçün ödənilməli olan 71 280 manatın Şirkətdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 1995-ci ildən 2003-cü ilə qədər daxili işlər orqanlarında dövlət yol polisi vəzifəsində işləmiş, dövlət əhəmiyyətli tədbir zamanı dövlət başçısının təhlükəsizliyini təmin edərkən xəsarət alaraq 2-ci qrup əlil olmuş, xüsusi xidməti vəzifəsini yerinə yetirməklə əlaqədar Prezident təqaüdünə layiq görülmüşdür. 24 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində Nəqliyyat Sığortası Departamentinə qəza komissarı vəzifəsinə təyin edilmiş, daha sonra baş qəza mütəxəssisi vəzifəsinə, sonradan qəza komissarı vəzifəsinə keçirilmişdir. Əmək fəaliyyəti ilə məşğul olduğu müddətdə işini doğru yerinə yetirmiş, hətta iş vaxtından əlavə də işləmişdir. Əmək funksiyası yol nəqliyyat hadisəsi baş verdikdə şirkətin nümayəndəsi olaraq hadisənin uçotunu aparmaq və aktlaşdırmaq olmuş, bu baxımdan əksər hallarda iş vaxtından əlavə işə cəlb edilmişdir. Belə ki, yol nəqliyyat hadisəsi iş vaxtından başqa vaxtlarda baş verdikdə, əmək funksiyasının tələbinə əsasən yol nəqliyyat hadisələri baş verən yerlərə getmiş (buna dair yol nəqliyyat hadisələrinin aktlaşdırılmış sənədlərində məlumatlar mövcuddur), nəticə etibarilə, faktiki olaraq gün ərzində 15-16 saat işləmək məcburiyyətində qalmışdır. Bununla bağlı ona əlavə əmək haqqı ödənişləri edilməmişdir və hüquqları pozulmuşdur. Hələ bu azmış kimi cavabdeh onunla bağlanmış əmək müqaviləsinə xüsusi xidmətləri və əlil olmağı nəzərə alınmadan xx.xx.2022-ci il tarixdə xitam vermiş, xitam verilmənin səbəbi kimi ixtisar göstərilmişdir. Bu əsas qəbuledilməzdir, belə ki, o, işdən çıxarıldıqdan sonra həmin vəzifə üzrə 2 nəfər işçi ilə əmək müqaviləsi bağlanmışdır. Burada sual ortaya çıxır ki, əgər ixtisar gedirsə, eyni vəzifəyə yenidən 2 nəfər işçi necə qəbul edilir? Yox, əgər işçiyə ehtiyac var idisə, niyə ixtisar adı ilə onlarla müqavilələrə xitam verilir? Qeyd edilənlər nəzərə alındıqda onun əmək hüquqlarının pozulması göz qabağındadır. Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

11. Şirkətin nümayəndəsi X2 iddia ərizəsinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlayaraq Şirkətin Nəqliyyat Sığortası Departamentinə qəza komissarı vəzifəsinə işə götürülmüş, xx.xx.2020-ci il tarixli əmrlə ərizəsi əsasında sözügedən Departamentin baş qəza mütəxəssisi vəzifəsinə keçirilmişdir. Şirkətdə aparılmış struktur dəyişikliyi ilə əlaqədar İdarə Heyətinin müvafiq qərarı ilə Nəqliyyat Sığortası Departamenti ləğv edilərək onun bazasında Sığorta Hadisələri Departamenti yaradılmış və iddiaçı öz ərizəsinə əsasən xx.xx.2020-ci il tarixində yeni yaradılmış sözügedən Departamentin Qəza Komissarları Şöbəsinə qəza komissarı vəzifəsinə keçirilmişdir. Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əmək etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etməkdir. Müəssisənin təsərrüfat fəaliyyətinin yaxşılaşdırılması, həmçinin vətəndaşlara daha yüksək keyfiyyətdə xidmət göstərilməsi məqsədilə Şirkətdə bir sıra islahatlar aparılmış, o cümlədən bir sıra Departament və Şöbələr ləğv edilmiş, buna uyğun olaraq işçilərin ştatları ixtisar edilmişdir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən Şirkətin Sığorta Hadisələri Departamentinin Qəza Komissarları Şöbəsində çalışmış, sözügedən Departamentin, o cümlədən Şöbənin ləğv edilməsi ilə əlaqədar həmin struktur bölmədə çalışan işçilərlə bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilmiş, Şirkətin Həmkarlar İttifaqı Təşkilatı tərəfindən onun əmək müqaviləsinə xitam verilməsi məqsədəuyğun hesab edilmişdir. Şirkət tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli məktubla Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq işdənçıxarma müavinəti və xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının müvafiq misli miqdarında əməkhaqqının bir dəfəyə ödənilməsi ilə onunla bağlanmış əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam veriləcəyi bildirilmiş, iddiaçı isə xx.xx.2022-ci il tarixli ərizə ilə işəgötürənə müraciət edərək işdənçıxarma müavinətinin və xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının müvafiq misli miqdarında əməkhaqqının bir dəfəyə ödənilməsi ilə əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Buna görə də, iddiaçının işə bərpa olunması və məcburi işburaxma müddətinə görə ona əmək haqqının ödənilməsini tələb etməsi tam əsassızdır. İşçi ştatının ixtisar edilməsi ilə əlaqədar heç bir narazılıq bildirməmiş, hətta yazmış olduğu ərizəsi ilə xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının müvafiq misli miqdarında əməkhaqqının bir dəfəyə ödənilməsini istəmişdir. Qanunverici işçinin iş vaxtından artıq işə cəlb edilə biləcəyi halların dairəsini konkret olaraq müəyyən etmişdir. Qanunvericiliyə əsəsən, işçi yalnız qeyd olunan hallarda iş vaxtından artıq işə cəlb edilə bilər. İddiaçının çalışmış olduğu vəzifə Əmək Məcəlləsi ilə müəyyən edilmiş hallara və şərtlərə uyğun olmadığından onunla işəgötürən arasında iş vaxtından artıq işin yerinə yetirilməsi ilə əlaqədar hər hansı rəsmiləşdirmə olmamış, habelə işçi iş vaxtından artıq işə cəlb edilməmişdir. Buna görə də iddiaçının iş vaxtından artıq işlədiyini iddia etməsi və buna görə əlavə əmək haqqı tələb etməsi də tam əsassızdır.

12. Birinci instansiya məhkəməsinin 10 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

13. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:

13.1. İş materiallarında olan 05 aprel 2022-ci il tarixli 07/93 №-li xəbərdarlıq məktubundan göründüyü kimi, Şirkətin İdarə Heyətinin xx.xx.2022-ci il tarixli 09 saylı Protokoluna əsasən Sığorta Hadisələri Departamenti ləğv edilmiş və yeni struktur təsdiq edilmiş, bununla əlaqədar İddiaçı ştatı ixtisar edildiyindən ona əmək stajına uyğun olaraq orta aylıq əmək haqqının 1,4 misli miqdarında işdən çıxarılma müavinəti ödənilməsi, eyni zamanda işdən çıxarılma müavinəti ilə yanaşı razılığı əsasında xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 mislini bir dəfəyə ödəməklə əmək müqaviləsinə müvafiq əsasla (Məcəllənin 70-ci maddəsinin "b” bəndi) xitam veriləcəyi bildirilmişdir. İddiaçı isə xx.xx.2022-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, işdənçıxarma müavinətinin və xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının müvafiq misli miqdarında əmək haqqının birdəfəyə ödənilməsi ilə əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı əmək müqaviləsinə müvafiq əsasla xitam veriləcəyi barədə qabaqcadan xəbərdar edilmiş, hətta ərizə ilə müraciət edərək, xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının müvafiq misli miqdarında əmək haqqının birdəfəyə ödənilməsini xahiş etmişdir. 13.2. İddiaçı iş vaxtından artıq işlədiyini də iddia edərək, işdən artıq iş üçün ona ödənilməli olan 71 280 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Qanunun müddəalarından göründüyü kimi qanunverici işçinin iş vaxtından artıq işə cəlb edilə biləcəyi halların dairəsini konkret olaraq müəyyən etmişdir. İşçinin çalışmış olduğu vəzifə Məcəllə ilə müəyyən edilmiş hallara və şərtlərə uyğun olmadığından onunla işəgötürən arasında iş vaxtından artıq işin yerinə yetirilməsi ilə əlaqədar hər hansı rəsmiləşdirmə olmamış, həmçinin işçi iş vaxtından artıq işə cəlb edilməmişdir. İddiaçı iddia tələbinin bu hissəsi ilə bağlı isə heç bir sübut iş materiallarına əlavə etməmişdi. 13.3. Bundan başqa iddiaçı, İİ qrup əlil olduğunu, xəsarəti hərbi xidməti vəzifələri yerinə yetirərkən alınmasını nəzərə alaraq, bu baxımdan onun işdə saxlanmasına üstünlük verilməli olduğunu iddia edir. Lakin müəyyən edilmişdir ki, iddiaçı, ixtisar zamanı işdə saxlanma üstünlü olan şəxslərin kateqoriyasına aid deyil.

14. Nəticəsinin hüquqi əsaslandırması zamanı məhkəmə, Əmək Məcəlləsinin 68-ci, 70-ci, 71-ci, 76-cı, 77-ci, 78-ci, 80-ci, 99-cu maddələrinə istinad etmişdir.

15. Həmin qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsini və iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin, məhkəmə iclasının vaxtı barədə ona səhv məlumat verərək işə iştirakı olmadan baxdığını, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, iş vaxtından artıq işləməsi ilə bağlı sübutların cavabdehdən alınması barədə vəsatətini təmin etməyərək həmin tələbini ümumiyyətlə araşdırmadığını irəli sürmüşdür.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

16. Məhkəmə iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh Şirkətin nümayəndəsi isə iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verməklə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

17. Maddə 11 (“ə” bəndi). İşəgötürənin həmin Məcəllənin və digər normativ hüquqi aktlarların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqları vardır.

18. Maddə 42. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.

19. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ...b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə.

20. Maddə 71 (1-ci hissə). İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

21. Maddə 77. 1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və "xxxx" bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.

22. Maddə 78 (1-ci hissə). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.

23. Maddə 79. İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

24. Maddə 80 (1-ci hissəsi). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

25. Maddə 80 (2-ci hissəsi). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

26. Maddə 99. 1. İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. 2. Təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, hərbi vəziyyət rejiminin təmin edilməsi, habelə tezkorlanan malların itkisinin qarşısını almaq məqsədi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir.

27. Maddə 100. Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.

28. Maddə 101. İş vaxtından artıq işlərə yalnız aşağıdakı müstəsna hallarda yol verilir: a) dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə; b) su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün; c) başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda; ç) işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda; d) əvəz edən işçinin işdə olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda.

29. Maddə 102. İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.

30. Maddə 165. 1. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.

31. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

35. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 185.2. İşdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır.

38. Maddə 185.3. Əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır.

39. Maddə 185.4. Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

42. Maddə 387.2.2. İşə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

Apellyasiya baxışının həddi

43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

44. Kollegiya ilk növbədə qeyd edir ki, İddiaçı apellyasiya şikayətinin dəlillərindən biri işə iştirakı olmadan baxılmasıdır; bu dəlil isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol verib-vermədiyinin araşdırılmasını zəruri edir. İş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi xx.xx.2022-ci il tarixdə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları ilə hazırlıq iclasını keçirərək məhkəmə baxışını xx.xx.2022-ci il tarixə saat 12:15-ə təyin etmiş, lakin bununla bağlı iddiaçıya verilən bildirişdə həmin tarix “12 avqust 2022-ci il, saat 12:15” olaraq göstərilmiş, məhkəmə işə xx.xx.2022-ci il tarixdə baxıb qətnamə çıxarmışdır. Qanunverici iddiaçının iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir (§ 37-39), məhkəmənin yol verdiyi texniki səhv nəticəsində isə iddiaçı məhkəmə baxışında iştirak etmək hüququndan faktiki olaraq məhrum olmuşdur. Beləliklə də məhkəmə, iclasın yeri və vaxtı barədə iddiaçını lazımi qaydada məlumatlandırmadan işə baxmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur (§ 42).

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir”.

46. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır.

47. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

48. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

49. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

50. İddiaçının irəli sürdüyü faktiki hallar ondan ibarətdir ki, iş vaxtından artıq işlədiyi vaxta görə ona əmək haqqı ödənilməmiş, habelə əmək müqaviləsinə xüsusi xidmətləri və əlil olmağı nəzərə alınmadan xitam verilmişdir.

51. Kollegiya hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən cavabdeh müəssisə tərəfindən qanunvericiliyin tələblərinə əməl edilmişdir.

52. Belə ki, yuxarıda qeyd olunduğu kimi (§ 5,6) iddiaçıya qanunda nəzərdə tutulmuş qaydada (§ 21) bildiriş göndərilmiş, həmin bildirişi aldıqdan sonra o, xəbərdarlıq əvəzinə ona düşən əmək haqqının və işdən çıxma müavinətinin birdəfəlik ödənilməsi şərtilə tutduğu vəzifədən azad edilməsini istəmiş, məhz özünün istəyi nəzərə alınaraq əmək müqaviləsinə müvafiq əsasla xitam verilmiş, bu zaman həmkarlar ittifaqının da razılığı alınmışdır.

53. İddiaçının, ixtisar həyata keçirilərkən ixtisasının və peşəkarlıq səviyyəsinin nəzərə alınmadığı arqumentinə münasibətdə kollegiya qeyd edir ki, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir (§ 22) və işdə saxlanılma üstünlüyü hüququna sahib olan şəxslərin seçimi zamanı işəgötürənin mülahizə sərbəstliyi vardır.

54. Kollegiya onu da qeyd edir ki, iddiaçı, Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan olunan işçilər kateqoriyasına da aid olmamışdır (§ 23).

55. İddiaçının digər tələbinin qanuni əsası kimi Əmək Məcəlləsinin 165-ci maddəsi nəzərdən keçirilə bilər (§ 30); bununla yanaşı qeyd olunmalıdır ki, həmin iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, cavabdeh şirkətdə işlədiyi dövrdə iş vaxtından əlavə işlərə cəlb edildiyini və bu saatların iddia etdiyi müddətdə olduğunu sübut etməlidir.

56. İddiaçı həmin tələbinin təmin olunmasına imkan verəcək heç bir sübut təqdim etməmiş, məhkəmə kollegiyasının cavabdeh şirkətdən sorğu əsasında əldə etdiyi sənədlərdən isə onun iş vaxtından əlavə saatlarda işləmiş olduğu müəyyən edilməmişdir.

57. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3282/2022 saylı iş üzrə 10 avqust 2022-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarıslsın. İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti və iş vaxtından artıq iş üçün əmək haqqının ödənilməsi” tələbləri təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar