Məhkəmə qərarları › İş №2(103)-7102/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7102/2023

14.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7102/2023 14.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi xüsusi icraat qaydasında ərizəsinə dair (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri üzrə Mərkəzi Filialı maraqlı şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, iş stajı faktı, şahidin məhkəmədə dindirilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qətnaməsindən maraqlı şəxsin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Ərizəçi (bundan sonra - ərizəçi) Ağdam rayonunun Muğanlı kəndindən olan, Qaradağ rayonunda məskunlaşmış məcburi köçkündür, 1972-1976-cı illərdə M.F.Axundov adına X4 fransız dili üzrə ali təhsil almışdır.

2. Ərizəçi iş stajını özündə əks etdirən müvafiq arayışın əldə edilməsi üçün X13 filialına müraciət etmiş, Arxiv xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki, Ağdam rayonu, Qalayçılar kənd orta məktəbinin xx.xx.1976-xx.xx.1993-cü il tarixə qədər olan arxiv sənədləri işğalda qaldığı üçün filialda mühafizə olunmur.

3. Ərizəçi ona əmək pensiyası təyin edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, sonuncu tərəfindən xx.xx.2022-ci il tarixli məktubla müraciətinə imtina verilmiş və ərizəçiyə bildirilmişdir ki, xx.xx.1976-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam rayonunun Qalayçılar kənd orta məktəbində əmək fəaliyyəti dövrü məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiqlənmədiyindən müraciətinin təmin edilməsi mümkün deyildir.

4. Ağdam Rayon Təhsil Şöbəsinin 59 saylı xx.xx.2021-ci il tarixli əmri ilə ərizəçi Qalayçılar kənd tam orta məktəbin müəllimliyindən azad edilmiş və bununla bağlı müvafiq bildiriş tərtib olunmuşdur.

5. Təhsil Nazirliyinin Ağdam Rayon şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022ci il tarixli arayışa əsasən ərizəçinin Ağdam rayonunun Qalayçılar kənd orta məktəbində 1976- 1993-cü illər üçün işləməsi haqqında heç bir sənəd tapılmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

6. Ərizəçi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 1976-1993-cü illər ərzində Ağdam rayonunun Qalayçılar kənd orta məktəbində işləməsinə dair faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ərizə üzrə maraqlı şəxs kimi göstərilmişdir.

8. Ərizə belə əsaslandırılmışdır ki, ərizəçinin fasiləsiz iş stajı olmuş, Ağdam rayonu erməni işğalçıları tərəfindən işğal olunduqdan sonra o, 1993-cü il tarixdən Bakı şəhərində məskunlaşmışdır. Qanunvericiliyin tələblərinə müvafiq olaraq ərizəçi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün lazımi orqana müraciət etmiş, lakin əmək stajını təsdiq edən sənəd olmadığından müraciətinə imtina cavabı verilmişdir. Məlum olduğu kimi vətəndaşlara müəyyən halların təsdiq edilməsi üçün arxiv sənədləri lazım olur, lakin ərizəçinin düşdüyü vəziyyətdə Azərbaycan Respublikasında baş vermiş hadisələrlə əlaqədar arxiv sənədlərini əldə etmək mümkün deyil. Ərizəçinin həmin dövrdə qeyd etdiyi məktəbdə işləməsi ilə bağlı müəyyən sayda şahidləri vardır.

9. Maraqlı şəxsin nümayəndəsi ərizəyə yazılı etiraz vermiş və məhkəmə iclasında etirazını müdafiə edərək bildirmişdir ki, ərizəçi ərizəsində, işlədiyini iddia etdiyi dövrləri onunla birgə işləmiş şahidlərin təsdiq edə biləçəyini qeyd etmişdir. xx.xx.1976-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam rayonunun Qalayçılar kənd orta məktəbində ərizəçinin işləməsi faktının təsdiq edilməsi yalnız onunla eyni illərdə işləmiş və əmək kitabçası olan iki və daha çox şahidin iştirakı ilə mümkündür. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 saylı qərarında qeyd olunmuşdur ki, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə). “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə ən azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Ərizəçinin işlədiyini iddia etdiyi əmək fəaliyyəti dövrü xx.xx.1976cı il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrü əhatə edərək, ümumilikdə 17 il 3 ay 30 gün təşkil edir. Mübahisələndirilən dövrün qanunvericiliyin tələblərinə uyğun gəlməyərək 25 illik sığorta stajının yarısından çox olduğu aşkardır, bu səbəblə ərizə rədd edilməlidir.

10. Notarial qaydada təsdiq edilmiş əmək kitabçasına görə xx.xx.1971-ci il tarixdən xx.xx.1993-cü il tarixinədək Ağdam rayonunun Qalayçılar orta məktəbində sinif müəlliməsi işləmiş X6 məhkəməyə notarial qaydada ərizə ünvanlayaraq bildirmişdir ki, ərizəçi həqiqətən 1976-1993-cü illər ərzində onunla birgə Qalayçılar kənd orta məktəbində Fransız dili müəllimi işləmişdir.

11. Notarial qaydada təsdiq edilmiş əmək kitabçasına görə xx.xx.1958-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək Ağdam rayonunun Qalayçılar orta məktəbində sinif müəllimi işləmiş X12 məhkəməyə notarial qaydada ərizə ünvanlayaraq bildirmişdir ki, ünvan 1993-cü illər ərzində onunla birgə Qalayçılar kənd orta məktəbində fransız dili müəllimi işləmişdir.

12. Hər iki şəxs məhkəməyə ərizə ünvanlayaraq xəstə olduqları üçün məhkəmə iclasına gələ bilməmələrinin nəzərə alınmasını xahiş etmişlər.

13. Birinci instansiya məhkəməsinin 28 fevral 2023-cü il tarixli qətnaməsi ilə ərizə təmin olunmuş, ərizəçinin xx.xx.1976-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam rayonunun Qalayçılar kənd orta məktəbində fransız dili müəllimi vəzifəsində işləməklə əmək stajına malik olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilmişdir.

14. Məhkəmə işdə olan sənədlərə (arayış, məcburi köçkün vəsiqəsi, ali təhsil haqqında diplom, əmr, arxiv arayışı) əsasən müəyyən etmişdir ki, 1955-ci il təvəllüdlü ərizəçi Ağdam rayonundan məcburi köçkündür, fransız dili müəllimi ixtisası üzrə ali təhsil almış, Ağdam rayon Təhsil Şöbəsinin 23 avqust 2021-ci il tarixli 59 saylı əmri ilə Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən Qalayçılar kənd orta məktəbinin müəllimi vəzifəsindən azad edilmişdir. Öncəki dövrlərdə işləməsinə dair sənədlər arxivdə tapılmamışdır.

15. Məhkəmə vurğulamışdır ki, Ağdam rayonunun Qalayçılar kənd orta məktəbində işləməsinə dair sənədlərin məlum hadisələrlə əlaqədar olaraq ərizəçi tərəfindən əldə edilməsi, həmçinin arxiv materiallarının olmaması səbəbindən də sənədlərin bərpası mümkün deyildir. Bundan başqa maraqlı şəxsin etirazı hüquq haqqında mübahisənin olmasına əsas vermir. Buna görə də, ərizəyə xüsusi icraat qaydasında məhkəmədə baxılması mümkündür.

16. Məhkəmə həmçinin qeyd etmişdir ki, ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt Mülki Prosessual Məcəllənin 307-ci maddəsində nəzərdə tutulan hüquqi əhəmiyyəti olan faktların siyahısında göstərilməsə də, qanunvericilik digər hüquqi əhəmiyyəti olan faktların da məhkəmə qaydasında müəyyən edilməsini nəzərdə tutmuşdur və ərizənin əsaslılığı sübutetmə ilə bağlıdır.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 305.1.1, 306.4, 308; “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddələri, qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 16, 17, 37.1-ci bəndləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2, 3.2.2-ci bəndləri; “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il 03 saylı Qərarının 13.4-cü bəndi ilə əsaslandırmışdır.

b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Qətnamədən maraqlı şəxsin nümayəndəsi apellyasiya şikayəti verərək onunləğv, ərizənin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə). Hazırki iş üzrə ərizəçinin işlədiyini iddia etdiyi əmək fəaliyyəti dövrü xx.xx.1976- ci il tarixdən xx.xx.1993cü il tarixədək olan dövrü əhatə edərək, ümumillikdə 17 il 3 ay 30 gün təşkil edir. Mübahisələndirilən dövrün qanunvericiliyin tələblərinə uyğun gəlməyərək, 25 illik sığorta stajının yarısından çox olduğu aşkardır. Lakin məhkəmə iclası zamanı bu nüansı vurğulamaqlarına, habelə təqdim olunmuş etirazda qeyd edilməsinə baxmayaraq, buna münasibət bildirilməmişdir. Ərizəçinin şahidlərinin Qarabağ hadisələri ilə bağlı olan dövrdə işləmələrinə baxmayaraq əmək kitabçalarının mövcud olub, ərizəçinin əmək kitabçasının olmaması arasında ziddiyyətli məqamlar vardır. Bu barədə maraqlı şəxsin sualları cavabsız qalmışdır; Notarial qaydada təsdiq olunan şahid ifadələri ilə iş üzrə olan digər sübutlar arasındakı ziddiyyətli məqamların aydınlaşdırılması mümkün olmur. Sədrlik edən şahidi dindirməzdən əvvəl onun şəxsiyyətini müəyyən edib, hüquq və vəzifələrini izah edir, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edir. Şahidin vəzifələrinin və məsuliyyətinin ona izah edilməsi haqqında şahiddən iltizam alınır. İltizam məhkəmə iclasının protokoluna əlavə edilir. Hazırki iş üzrə şifahi şahid ifadələrinin olmaması isə bu hüquqları məhdudlaşdırır.

20. Apellyasiya baxışında maraqlı şəxsin nümayəndəsi birinci instansiya məhkəməsindəki icraat zamanı məhkəmə iclaslarına şahidlərinin iştirakının təmin edilmədiyini, iddaçının 1993-cü ilin dekabr ayına qədər Ağdam rayonunda işlədiyinin müəyyən edildiyini, Ağdam rayonunun isə 1993-cü ilin iyul ayında işğal olunduğunu bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir.

21. Apellyasiya baxışında ərizəçi apellyasiya şikayətinə etiraz edərək əmək kitabçasının işğal zonasında qaldığını, 1976-1993-cü ilin dekabr ayına kimi Ağdam rayonunda müəllim kimi çalışdığını, 1993-cü ilin iyul ayında Ağdam rayonu işğal edilsə də, 1993-cü ilin dekabr ayına kimi məvacib verildiyini, daha sonra müharibə nəticəsində öz iş yerini itirmiş dövlət büdcəsindən maliyyələşən səhiyyə, təhsil, mədəniyyət işçilərinə orta əmək haqqının verilməsi ilə bağlı Nazirlər Kabinetinin 81 nömrəli qərarına əsasən 1994-cü ildən 2016-cı ilədək maaş aldığını, 2021-ci ildə pensiya yaşı ilə əlaqədar işdən azad edildiyini, lakin 1976-1993-cü illər ərzindəki fəaliyyətin pensiya hesablanan zaman nəzərə alınmadığından məhkəməyə müraciət ediyini qeyd etmiş, şahidlərin ərizələrinin notarial qaydada təsdiqləndiyini, X7 Mingəçevir şəhərində yaşadığını və səhhəti ilə əlaqədar məhkəmə iclasına gəlməsinin mümkün olmadığını, X3 isə Ağdam rayonunda yaşadığını bildirmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 iyun 2023-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə qənaətə gəlmişdir ki, tədqiq edilmiş sübutların məcmusu və bu sübutların mötəbəliyinə şübhə doğuran əsasların təqdim edilməməsi, ərz edilən tələbin təmin edilməsi üzrə birinci instansiya məhkəməsinin qənaətinin formal əsaslarla dəyişməsi üçün əsaslar yaratmır. Ərizəçinin yaşadığı ərazidən məcburi köçkün düşməsi onun təcrid edilmiş hazırki halda hüquqi əhəmiyyətli faktın digər vasitələrlə təsdiq edilməsi mümkünsüzlüyü nəzərə alınmalıdır. Ərizəçi ilə bir yerdə işləyən şəxslərin notarial təsdiq edilmiş müraciətləri və onların əmək kitabçalarında müvafiq qeydlərinin olması ərizəçinin izahatı ilə birgə sübut növü qismində qəbul edilməsini istisna etmir və təqdim edilən sübutların, habelə tələblə bağlı təfərrüatların şübhə altına alan hallar müəyyən edilmir və etirazın əsasını təşkil edən (ərizədəki halların əksini müəyyən edən) sübutlar təqdim edilməmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 12 iyun 2023-cü il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.

25. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “...İşdən görünür ki, birinci instansiya məhkəməsi ərizəni təmin edərkən, işdəki digər sənədlərlə yanaşı, düzünə sübut kimi ərizəçinin dediyi faktı təsdiq edən iki nəfər şəxsin notarial qaydada təsdiq edilmiş ərizəsinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iki nəfər şəxsin notarial qaydada təsdiq edilmiş ərizəsinə şahid ifadəsi kimi qiymət verməsi düzgün olmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 62.1 və 104.1-ci maddələrinə görə məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Həmin Məcəllənin 194.1-ci maddəsinə görə sədrlik edən şahidi dindirməzdən əvvəl onun şəxsiyyətin müəyyən edib, hüquq və vəzifələrini izah edir, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edir. Şahidin vəzifələrinin və məsuliyyətinin ona izah edilməsi haqqında şahiddən iltizam alnır. Göründüyü kimi, mülki-prosessual qanunvericilik şahidin dindirilmə qaydasını nəzərdə tutmuş və qanunvericiliyin tələbinə görə şahid mülki-mühakimə icraatının bilavasitəlik prinsipinə uyğun olaraq şifahi olaraq dindirilməlidr. Lakin hazırki işdə notarial qaydada ərizələri təsdiq edilmiş şəxslər məhkəmə iclasında dindirilməmiş, onlara şahid kimi məsuliyyəti və vəzifələri izah olunmamış, onlardan müvafiq iltizam alınmamışdır. Buna görə də həmin şəxslərin ərizəsi şahid ifadəsi kimi qəbul edilə bilməz. Maraqlı şəxs apellyasiya şikayətində şahidlərin dindirilmə qaydası ilə bağlı dəlil irəli sürsə də, apellyasiya instansiyası məhkəməsi də həmin dəlilə lazımi qiymət verməmiş, üstəlik, ərizəçi ilə bir yerdə işləyən şəxslərin notarial təsdiq edilmiş müraciətlərinin sübut növü qismində qəbul edilməsinin istisna edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin ərizəçi ilə bir yerdə işləyən şəxslərin notarial təsdiq edilmiş müraciətlərinin sübut növü qismində qəbul edilməsinin mümkünlüyü barədə mövqeyini də əsaslı saymır. Belə ki, mülki-prosessual qanunvericiliyə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını müəyyən etmək üçün istinad edilən məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (MPM, 76.1, 76.2) Yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. (MPM, 89.1) Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. (MPM 104.1). Mülki-prosessual qanunvericilik sübutların dairəsini müəyyən etməklə, yazılı sübutu şahid ifadələrindən fərqlənmişdir. Kimlərin şahid olması və şahidin dindirilmə qaydası, eləcə də yazılı sübutların nədən ibarət olması qanunvercilikdə dəqiq göstərilmişdir. Buna görə də, şahid qismində dindirilməli olan şəxsin notarial qaydada verdiyi ərizə onun məhkəmədə şifahi qaydada dindirilməsi ilə eyni tutula bilməz. Ümumiyyətlə, şahid qismində dindirilməli olan şəxsin notarial qaydada verdiyi ərizənin MPM-in 89.1-ci maddəsində nəzərdə tutulmuş yazılı sübut qismində qəbul edilməsi qanunvericiliyin qeyd edilən normalarına ziddir. Əks yanaşma, hər iki sübut növünün hüquqi təbiətinə zidd olmaqla yanaşı, MPM-in sübutların mümkünlüyü ilə bağlı 81-ci maddəsinin də əhəmiyyətini heçə endirir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, şahidin notarial qaydada təsdiq edilmiş ərizəsi MPM-in 89.1-ci maddəsində nəzərdə tutulmuş yazılı sübutlar kimi notariat qaydasında təsdiq olunmuş "sair sənəd və materiallar” anlayışı ilə də əhatə olunmur. Notariat qaydasında təsdiq olunmuş "sair sənəd və materiallar” dedikdə, hər bir halda faktı təsdiq edən sxemlər, plan-cizgilər, layihə sənədləri və s. başa düşülməli, lakin heç bir halda şəxsin notarial qaydada verdiyi ərizə başa düşülməməlidir. Beləlilklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir”.

Təkrar apellyasiya baxışı, izahatlar, ifadələr

26. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən maraqlı şəxsin nümayəndələri apellyasiya şikayətini müdafiə etmiş, ərizəçi isə şikayətin əsassız olduğunu bildirmişdir.

27. Təkrar apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X5 notarial təsdiqli ərizəsində göstərdikləri ilə eyni məzminda ifadə vermişdir.

28. Təkrar apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsinə notarial təsdiqli ərizə ünvanlayaraq ərizəçinin 1976-1993-cü illər ərzində onunla birgə Qalayçılar kənd orta məktəbində fransız dili müəllimi işlədiyini bildirən X12 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir.

29. Təkrar apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş, təqdim etdiyi əmək kitabçasına görə xx.xx.1976-cı il tarixindən Qalayçılar kənd orta məktəbində müəllimə, xx.xx.1984-cü il tarixdən isə həmin məktəbin direktoru işləmiş X8 ifadəsində göstərmişdir ki, ərizəçi 1976-1993-cü illər ərzində Qalayçılar kənd orta məktəbində fransız dili müəllimi işləmişdir.

Tətbiq edilən hüquq

“Əmək pensiyası haqqında” Qanun

30. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 2019-cu il 12 aprel tarixli Plenum Qərarı:

31. Bənd 1. Məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb edilsin.

32. Bənd 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1 -ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1 -ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.

33. Bənd 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6- cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır.

35. Maddə 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır.

36. Maddə 306.4. Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir.

37. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

38. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

39. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

40. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

42. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”.

43. Mülki Prosessual Məcəllənin yuxarıda sadalanan maddələrinin mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür.

44. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar.

45. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq ərizəçiyə lazım olan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinin başqa qaydada mümkün olmaması nəticəsinə gəlmişdir; çünki ərizəçi, iş stajının bərpa edilməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət etsə də, onun müraciəti müsbət həll olunmamış, həmçinin o, bunu təsdiq edəcək sənədləri də əldə edə bilməmişdir.

46. Kassasiya instansiyası məhkəməsinin göstərişinə uyğun olaraq, onun ərizəsinin əsaslı olduğunu təsdiq edən şahidlər bilavasitə məhkəmə iclasında dindirilmiş, şahid ifadələrinin mötəbər olmadığına dair hər hansı arqument irəli sürülməmişdir.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-468/2023 saylı iş üzrə 28 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar