Məhkəmə qərarları › İş №2(103)-711/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-711/2021

17.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-711/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və X2 ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdeh2 Hümbətalı oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Hümbətalı oğlu, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Səbail rayonu, Şahlar Allahverdiyev küçəsi, dalan 3, ev 25 A ünvanında yerləşən mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Şikayətin dəlilləri ondan ibarətdir ki, cavabdehlər iddiaçıya məxsus evdə kirayəçi kimi qeydiyyatsız yaşayırlar. İddiaçının isə həmin evdə qeydiyyatda olub ailəsi ilə birlikdə uzun müddət yaşaması həmin evdən istifadə etmək hüququnun mübahisəsiz göstəricisidir. Bundan əlavə, tərəfindən iş materiallarına əlavə edilmiş qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin mövcudluğu da onun mübahisəli evə sahiblik hüququnun olmasının birbaşa göstəricisidir. Həmin qətnamənin tələbinə əsasən, cavabdehlərin Bakı şəhəri, Səbail rayonu, Şahlar Allahverdiyev küçəsi, dalan 3, ev 25 A ünvanında yerləşən evə qeydiyyata düşmələri tələbi onun mənafeyinə və maraqlarına toxunduğu üçün təmin olunmamışdır. Çünki, sözügedən ev 1959-cu ildə tikilmiş və iddiaçıya qaynatasından qalmışdır. Evin hesab vərəqəsi 2000-ci ildən onun adına keçirilmişdir. Cavabdehlər isə orada kirayəçi kimi yaşayırlar. Odur ki, iddiaçı mübahisəli evlə bağlı ixtiyar sahibi olduğundan cavabdehlərin onun sahibliyində və istifadəsində olan evdə yaşamaları hüquqlarını kobud şəkildə pozur. Məhkəmə iclasında iştirak edən Cavabdeh2, apelyasiya şikayətinə etiraz edərək, həmçinin bildirmişdir ki, onlar hazırda yaşadıqları evi dəyəri ödənilməklə satın almışlar. Ev iddiaçının qaynatası Mirzə Qurbanov tərəfindən tikilmişdir. Həmin ev iki yerə bölünmüş, bir hissəsində Mirzə Qurbanovun bir oğlu, digər hissəsində isə digər oğlu yaşamışdır. İddiaçının yaşadığı hissə vaxtilə onun həyat yoldaşına qaynatası tərəfindən verilmiş hissədir. Onların yaşadığı hissəsi isə Mirzə Qurbanovun digər oğluna verdiyi və sonradan həmin oğlu tərəfindən satıldığı hissədir. Yəni, iddiaçının onların yaşadığı hissəyə hər hansı aidiyyəti olmadığından, hazırkı iddia ilə müraciət ertmək hüququ da yoxdur. Odur ki, göstərilənlərə əsasən, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçısını dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Ş.Allahverdiyev küçəsi, dalan 3 ünvanında yerləşən 25A saylı fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatdadır. 149 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışa əsasən, Cavabdeh1 ailə üzvləri (oğlu Cavabdeh2, gəlini Cavabdeh3, nəvələri Cavabdeh4 və Cavabdeh5) ilə birlikdə Bakı şəhəri, Ş.Allahverdiyev küçəsi, dalan 3 ünvanında yerləşən ö/t 25 saylı evində qeydiyyatsız yaşayırlar. Eyni zamanda, 149 saylı MKİS tərəfindən məhkəmə sorğusuna cavab olaraq 03 saylı, xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, Ş.Allahverdiyev küçəsi, dalan 3, ö/t 25 ünvanı xx.xx.2011-ci il tarixdən məişət tullantılarının daşınması haqqını ödəmək üçün şəxsi hesab vərəqəsi Cavabdeh1 adına, lakin Ş.Allahverdiyev küçəsi, dalan 3, ö/t 25a ünvanı xx.xx.2000-ci il tarixdən məişət tullantılarının daşınması haqqını ödəmək üçün şəxsi hesab vərəqəsi Gülzar Qurbanovanın adınadır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinə qarşı evə qeydiyyata alınmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddianın təmin edilməsi, Cavabdeh1, Cavabdeh2 Hümbətalı oğlu və Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Ş.Allahverdiyev küçəsi, dalan 3, ev 25 ünvanına qeydiyyata alınmaları vəzifəsinin cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. İddiaçı maraqlarına toxunulan şəxs kimi həmin qərardan apleyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayəti təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsi xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, 149 saylı MKİS-in arayışına əsasən Bakı şəhəri, Səbail rayonu, Şahlar Allahverdiyev küçəsi, dalan 3, ev 25 A saylı evin texniki pasportunda həmin evin sahibi kimi X4 qeyd edilmişdir. 149 saylı MKİS-in 4346 saylı arayışında X3 xx.xx.1992-ci ildən həmin evdən qeydiyyatdan çıxdığı göstərilmişdir. Həmin MKİS-in xx.xx.2018-ci il məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Şahlar Allahverdiyev küçəsi (keçmiş kaşin), dalan ev 3-də yerləşən özütikili ev 1997-ci ildə Bakı şəhəri X1 verdiyi texniki pasporta əsasən, iki otaqlı, iki mərtəbəli, iki girişli, bir mərtəbəli evdir (mətnə uyğun). xx.xx.1998-ci ildə həmin evdə iki ailə yaşadığı üçün İddiaçı və digər yaşayan ailə üzvlərinin ərizəsinə əsasən kommunal xidmətləri ödəmək üçün evin bir hissəsi 25, digər hissəsi isə 25 a kimi nömrələnərək ayrı-ayrılıqda hər iki ailəyə MKİS-də maliyyə hesabı açılmışdır. Sonradan İddiaçı qaynı Gülməhəmməd Qurbanov 25 saylı özünün yaşadığı hissəni başqa ailəyə satmış və həmin ailə də məhkəmə qərarına (1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı) əsasən qeydiyyata düşməklə yaşayırlar. Bakı şəhəri Səbail Rayon Xalq Məhkəməsinin 2-484-1997 saylı, xx.xx.1997-ci il tarixli qətnaməsi ilə X5 və X6 cavabdeh Səbail Rayon İcra Hakimiyyətinə və “Bibiheybətneft” NQÇİ Mənzil Kommunal Kontoruna qarşı sərəncamın etibarsız hesab edilməsi və İddiaçı mənzldən çıxarılmaları barədə iddialraı təmin edilməmiş, İddiaçı isə qarşılıqlı iddiası təmin edilərək, onun Ş.Allahverdiyev küçəsi, dalan-3, 25 a ünvanında yerləşən evdə yaşamaq hüququ tanınmışdır. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Şahlar Allahverdiyev küçəsi (keçmiş Kaşin), dalan-3, ev 25 və 25 a eyni evə verilmiş ünvanlardır. Həmin ev özbaşına tikilidir. Göründüyü kimi, mübahisə predmeti olan Bakı şəhəri, Səbail rayonu, Şahlar Allahverdiyev küçəsi, dalan 3 ünvanında yerləşən evin özbaşına tikili olması, iki ayrı nömrə ilə nömrələnərək, orada iki ailənin yaşaması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Odur ki, bu hallar tərəflər üçün preyidusial olduğuna görə Kollegiya eyni xüsusatlar üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Çünki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Belə olan halda, Kollegiya, aşağıdakılara əsasən hesab edir ki, iddiaçı cavabdehlərin mübahisə predmeti olan evdən çıxarılmaları ilə bağlı hazırkı iddia ilə mürcaiət etmək üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Baxılan işdə iddiaçı, mübahisə predmeti olan evin onun qanuni sahiblik və istifadəsində olduğunu, cavabdehlərin orada kirayədə yaşadığını və bunun nəticəsində onun hüquqlarının pozulduğunu bildirərək, onların mənzildən çıxarılmalarını tələb edir. Kollegiya qeyd edir ki, iddiaçının bu tələblə müraciət edə bilməsi üçün onun ilk növbədə mübahisə predmeti olan mənzilə mülkiyyət hüququnun olması lazımdır. Belə ki, iddiaçının həmin əmlakdan başqa şəxslərin istifadəsini qadağan (hazırki tələb üzrə cavabdehlərin həmin evdən çıxarılması onların həmin evdən istifadəsinə son qoyulmasına yönəlmişdir) etməsini tələb etmək üçün, həmin əmlaka ixtiyarı olmalıdır. Bu ixtiyar isə onun yalnız həmin əmlaka sərəncam vermək hüququ ilə realizə oluna bilər. Lakin iddiaçının mübahisəli ev üzərində sərəncam vermək hüquqları olmadığı üçün, yəni iddiaçı mübahisəli ev üzərində ixtiyar sahibi olmadığı üçün, onun hazırki tələblə çıxış etməyə subyektiv hüququ yoxdur. Eyni zamanda, işin faktiki hallarından mübahisəsiz qaydada qeyd olunur ki, mübahisəli ev iddiaçının qaynatası tərəfindən inşa edilmişdir, iddiaçı həmin evə gəlin gəlmişdir və evin bir hissəsindən istifadə etmişdir. Evin digər hissəsi iddiaçının həyat yoldaşının qardaşının istifadəsində olmuş və sonuncu həmin hissəni sonradan satmışdır. Göründüyü kimi cavabdehlərin mübahisəli evdə yaşamaq və həmin evdən istifadə etmək üçün əsasları var. Bu səbəbdən həm iddiaçı, həm cavabdehlər mübahisəli evdən istifadə ilə əlaqədar bərabər hüquqlara malikdir. Nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunanlara əsasən Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1005/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar