Məhkəmə qərarları › İş №2(103)-7112/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7112/2021

11.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7112/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: Ərizəçi Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivində yerləşən 1072 saylı bağ sahəsinin keçmiş X3 və İstismarı Birliyi tərəfindən 08.02.2002-ci il tarixli 1406 nömrəli müqavilə ilə 0,09 ha ölçüdə mərhum X5 verilmiş olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova, iş №2(001)-2737/21) ərizə təmin olunmamışdır. Ərizəçi qətnamədən apellyasiya şikayəti vermiş və şikayətində qətnamənin ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. İşin halları: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Novxanı qəsəbəsi ünvanında yerləşən 1072 saylı bağ sahəsi mərhum X2 qanuni istifadəsində olmuşdur. Belə ki, uzun illər həmin bağ sahəsi müvafiq bağ icarə müqavilələri ilə mərhumun ailəsinin istifadəsinə rəsmiləşdirilmişdir. Sonuncu dəfə sahəsi 0,25 ha olan 1072 saylı bağ sahəsinə dair X3 və İstismarı Birliyi ilə X6 arasında 05.03.1998-ci il tarixli 1406 saylı bağın icarəyə verilməsinə dair müqavilə bağlanmışdır. Bundan sonra mərhum bağ sahəsini ailə üzvləri arasında bölmək qərarına gəlmiş, bunun üçün 2002-ci ildə X3 və İstismarı Birliyinə ərizə ilə müraciət edərək, bağ sahəsinin 3 yerə bölünməsini xahiş etmişdir. Ə.Ə.Tağıyevin ərizəsi əsasında bağ 3 hissəyə bölünmüş, digər 2 hissəyə aid yeni müqavilələr bağlanaraq ailə üzvlərinə verilmişdir. Mərhumun özünün adına bağın 0,09 ha hissəsinə dair 08.02.2002-ci il tarixdə müqavilə tərtib edilmişdir. Lakin, həmin müqavilənin Bakı şəhər İcra Hakimiyyətinin X3 və İstismarı Birliyi tərəfindən müvafiq möhür və imza ilə təsdiqlənərək mərhuma verilməsi ləngidilmiş, nəticədə mərhum həmin müqaviləni almamışdır. 23.08.2008-ci il tarixdə mərhum Ə.Ə.Tağıyev vəfat etmişdir. Mərhum vəfatına qədər bağ sahəsinə fasiləsiz sahiblik edərək, ondan istifadə etmişdir. Mərhumun vəfatından sonra isə ailə üzvləri tərəfindən bəhs edilən bağ sahəsinə sahiblik edilmiş və bağ sahəsi hal-hazıra qədər də onun ailə üzvlərinin sahiblik və istifadəsindədir. 22.05.2007-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə 2186 saylı Sərəncamı ilə bəhs edilən bağa dair icarə müqaviləsinin tərtib edilməsinə məsul olan dövlət qurumu - Bakı şəhər İcra Hakimiyyətinin X3 və İstismarı Birliyi ləğv edilmişdir. Bundan sonra bağa icarə müqaviləsini almaq faktiki olaraq mümkünsüz olmuşdur. 2016-cı ilin may ayında vərəsəliyin rəsmiləşdirilməsi ilə bağlı mərhumun birinci növbə vərəsəsi kimi oğlu Bakı şəhəri 27 saylı Notariat Kontoruna ərizə ilə müraciət etmiş, onun ərizəsi əsasında vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən edimliş və mərhum Ə.Ə.Tağıyevin istifadəsinə verilmiş Novxanı qəsəbəsi 1072 saylı bağ sahəsinə dair çıxarış verilməsinə dair cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 2 ünvanlanmışdır. Bundan sonra mirası qəbul etmiş Ərizəçi 01.11.2018-ci il tarixli **********60 saylı məktubla Bakı şəhəri Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən sahəsi 0,09 ha olan 1072 saylı bağ sahəsinin istifadəyə verilməsinə dair keçmiş X1 və İnkişafı Birliyi ilə Ə.Ə.Tağıyev arasında 08.02.2002-ci il tarixli 1406 nömrəli müqavilə bağlanıldığı, lakin müqavilənin səlahiyyətli qurum tərəfindən təsdiq edilmədiyi bildirilmişdir. Beləliklə, bağ sahəsi qanuni istifadədə olmasına baxmayaraq, bu qanuni istifadəni təsdiq edəcək sənəd vaxtında lazımi qaydada təsdiq edilmədiyi səbəbindən mərhuma aid olan mülkiyyət hüquqlarını qeydiyyata aldırmaq mümkün olmur. 22.05.2007-ci ildən başlayaraq, bəhs edilən sənədin lazımi qaydada təsdiqlənməsi üçün səlahiyyəti olan hər hansı dövlət qurumu yoxdur. Bu səbəbdən hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi zərurəti vardır. Hal-hazırki ərizə əsasında hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, ərizəçiyə mərhum Ə.Ə.Tağıyevin qanuni istifadəsinə ayrılmış bağ sahəsinin mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bundan sonra həmin mülkiyyət hüququnun miras olaraq vərəsələrinin adına qanun üzrə vərəsəlik hüququ əsasında keçirilməsini təmin etmək üçün zəruridir. Ona görə də Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivində yerləşən 1072 saylı bağ sahəsinin keçmiş X3 və İstismarı Birliyi tərəfindən 08.02.2002-ci il tarixli 1406 nömrəli müqavilə ilə 0,09 ha ölçüdə mərhum X5 verilmiş olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Ərizəçi apellyasiya şikayətini birinci instansiya məhkəməsi tərəfindən işin tam, obyektiv və hərtərəfli araşdırılmaması, qanunsuz və əsassız qətnamə çıxarılması ilə əsaslandırmışdır. Ərizəçinin nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, ərizəçinin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 26 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən görünür ki, Binəqədi rayonu Novxanı qəsəbəsində yerləşən 0,25 hektar torpaq sahəsi olan 1072 nömrəli bağ sahəsi və üzərindəki tikililərin icarəyə verilməsinə dair keçmiş X4 və İstismarı Birliyi ilə X6 arasında 05.03.1998-ci il tarixli 1406 nömrəli müqavilə bağlanılmışdır. Müqavilə müddəti 10 il, yəni 05 mart 2008-ci ilə kimi müəyyən olunmuşdur. X2 və ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri əsasında sözügedən bağ sahəsinin 0,08 ha hissəsinə dair 1072a nömrəli bağ sahəsi kimi Kamal Əlibaba oğlu ilə 08.02.2002-ci il tarixli 30716 nömrəli müqavilə (bağ sahəsi 10.03.2018-ci il tarixdə onun adına qeydiyyata alınmışdır), digər 0,08 ha hissəsinə dair 1072b nömrəli bağ sahəsi kimi Ənvər Əlibaba oğlu ilə 08.02.2002-ci il tarixdə 30717 nömrəli müqavilə bağlanılmışdır. Sözügedən bağ sahəsinin yerdə qalan hissəsinə dair isə X2 adına 08.02.2002-ci il tarixli 1406 nömrəli icarə müqaviləsi tərtib edilmiş, lakin müqavilənin arxiv qovluğunda mövcud olan hər iki nüsxəsi səlahiyyətli qurum tərəfindən imza və möhürlə təsdiq edilməmişdir. Əzizağa Tağıyevin 23.08.2008-ci il tarixdə vəfatı ilə əlaqədar olaraq vərəsə Ərizəçi ərizəsi əsasında notariat kontoru tərəfindən vərəsəlik işi açılaraq vərəsələrin dairəsinin müəyyən olunması bildirilərək Bakı şəhəri Novxanı qəsəbəsi ünvanında 0,25 ha torpaq sahəsi olan 1072 saylı bağ sahəsinə çıxarışın verilməsi xahiş olunmuşdur. Ərizəçi bundan əvvəl iddia icraatı qaydasında məhkəməyə müraciət edərək atası Əzizağa Tağıyev ilə X3 və İstismarı Birliyi arasında Binəqədi rayonu Novxanı bağlar massivində yerləşən 0,09 ha torpaq sahəsinə dair icarə müqaviləsinin 08.02.2002-ci il tarixdə bağlanmış hesab edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.06.2017-ci il tarixli qətnaməsi ilə müqavilənin X3 və İstismarı Birliyinin səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilməməsi əsas götürülərək iddia tələbi təmin edilməmişdir. Bundan sonra ərizəçi qanuni qüvvəsini alan məhkəmə aktı ilə bağlanmadığı müəyyən edilən 08.02.2002-ci il tarixli 1406 nömrəli müqavilə ilə Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivində yerləşən 1072 saylı 0,09 ha ölçüdə bağ sahəsinin keçmiş X3 və İstismarı Birliyi tərəfindən mərhum X5 verilmiş olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi ərizəni əsassız sayaraq rədd etmiş və gəldiyi nəticəni hüquqi cəhətdən MPM-nin 77.1, 82.3, 307.1, 307.2, 308-ci maddələri və s. normalarla əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3.-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlmişdir ki, qanuni qüvvəsini alan məhkəmə aktı ilə bağlanmadığı müəyyən olunan, yəni tərəfləri üçün heç bir hüquq və vəzifə yaratmayan 08.02.2002-ci il tarixli 1406 nömrəli müqavilə ilə Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivində yerləşən 1072 saylı 0,09 ha ölçüdə olan bağ sahəsinin keçmiş X3 və İstismarı Birliyi tərəfindən mərhum X5 verilməsinin müəyyən edilməsi qeyri-mümkündür, ona görə də ərizə təmin edilə bilməz. Belə ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur (MM-nin 389.1,390.1,390.2., 399.1-ci mad.) Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin həqiqi halları düzgün müəyyən olunmuş və işin müəyyən edilən hallarına maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Məhkəmə kollegiyası bununla yanaşı onu da qeyd edir ki, 0,25 ha bağ sahəsinin 0,16 ha (0,8 +0,8) hissəsi ilə bağlı icarədar Əzizağa Tağıyevin müraciəti əsasında onun qardaşları Ənvər və X7 təsərrüfatının inkişafı və istismarı birliyi arasında yeni icarə müqavilələrinin bağlanması mərhum Əzizağa Tağıyevi bağ sahəsinin yerdə qalan 0,9 ha hissəsi ilə bağlı 05 mart 1998-ci il tarixli müqavilə üzrə icarə hüququnun xitamın səbəb olmamışdır. Bu iradə ifadəsi onun həmin İdarəyə yazdığı və imzası notariat qaydasında təsdiq olunmuş ərizədə də öz təsdiqini tapır. Həmin vaxt, yəni 2002-ci ildə Əzizağa Tağıyevlə yeni icarə müqaviləsinin bağlanmasına ehtiyac belə olmamışdır, belə ki, 05 mart 1998-ci il tarixli müqavilənin müddəti 10 il, yəni 05 mart 2008-ci ilədək müəyyən edilmişdi və bu müddət bitənədək Əzizağa Tağıyevin 0,9 ha torpaq sahəsi üzərində icarə hüququ saxlanılmışdır. İşdən də göründüyü kimi, həmin torpaq sahəsi keçən müddət ərzində ondan tələb edilməmiş, heç kim, o cümlədən dövlət və bələdiyyə orqanları tərəfindən mübahisələndirilməmişdir. Digər tərəfdən, 05 mart 1998-ci il tarixli müqavilədə həmin bağ sahəsindən istifadə hüququ olan şəxslər sırasında hazırkı iş üzrə ərizəçi olan Ərizəçi də adı vardır və işdən göründüyü kimi, Ərizəçi həm atasının sağlığında, həm də onun ölümündən sonra həmin bağ sahəsindən istifadə etmiş və bu gün də istifadə edir. Bağ sahəsinin istər ərizəçinin, istər onun atasının, istərsə də babasının qanuni istifadəsində olması bu günə qədər heç bir orqan tərəfindən mübahisələndirilmədiyindən işin mübahisəsiz halı kimi qəbul edilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kolektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 2-ci bəndinə görə, göstərilən torpaqları mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə əvvəllər Azərbaycan Respublikası DT və XK-nə, hazırda isə həmin vəzifələri həyata keçirən səlahiyyətli dövlət orqanına müraciət etməlidirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kolektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqlarının onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 26 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar