Məhkəmə qərarları › İş №2(103)-7113/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7113/2021

16.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7113/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” Zavoduna qarşı (X2 və 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “yataqxanada yaşayış sahəsi ilə bağlı orderin verilməsi barədə birgə qərarın (protokolun), qərara (protokola) əsasən verilmiş orderin etibarsız hesab edilməsi və yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(011)-439/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” Zavoduna qarşı (X2 və 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yataqxana binasının 99 saylı mənzilinə dair X1 adına yazılan 12.12.2006-cı il tarixli, 0156 saylı orderin verilməsinə əsas olmuş 68 saylı protokolla rəsmiləşdirilmiş 06.12.2006-cı il tarixli birgə qərarın, Bakı "Radioquraşdırma" İstehsalat Birliyinin 09.11.2004-cü il tarixli, 41 saylı birgə qərarının (protokolun) etibarsız hesab edilməsi, ünvan 1 ünvanındakı yataqxana binasının 5-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 18,0 kv.metr olan 99 saylı mənzilinə dair X1 adına yazılan Bakı "Radioquraşdırma" İstehsalat Birliyinin 12.12.2006-cı il tarixli, 0156 saylı orderinin etibarsız edilməsi və X1 yaşayış sahəsinə istifadə hüququnun itirilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaş X2 Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə 2019-cu ildə (09.04.2019-cu il tarixli, M-53 sayla qeydiyyata alınmış) yazılı ərizə ilə müraciət edərək təqdim etdiyi Bakı ’’Radioquraşdırma" İstehsalat Birliyinin 12.12.2006-cı il tarixli, 0156 saylı orderin və adıçəkilən müəssisənin həmkarlar ittifaqı komitəsinin müdiriyyətinin əmək kollektivi şurasının və MMK-nin birgə növbəti iclasının 09.11.2004-cü il tarixli, 41 saylı protokolundan çıxarışın kserosurətlərinə əsasən ünvan 1 ünvamnda yerləşən yataqxana binasının 99 saylı mənzilinə dair onunla kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli, 131s nömrəli Sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 26.07.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 2 ünvanda yerləşən subay işçilərin işlədikləri müddətdə yaşamaları üçün inşa edilmiş yataqxana binası da balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdırıldığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adına orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir. Yataqxana binası balansa qəbul edilən vaxt tam məskunlaşdırılmışdır. Bina uzun müddət təmirsiz istismar olunduğundan, aşınmaya məruz qalmış və qüvvədə olan sanitar-texniki normaların pozulması ilə yanaşı binanın əlavə konstruktiv yüklənməsinə və istismar müddətinin azalmasına səbəb olmuşdur. Belə ki, binanın divarlarındakı hörgü daşlarında çoxlu sayda çatların yaranması, üzlük daşlarının tökülməsi, bütün mərtəbələrdə mətbəxt və sanitar qovşaqların boşluqlu tavalarının bir çox armaturlarının ciddi korroziyaya uğrayaraq beton mühafizə qatının dağılması, panellərdə əyintilərin əmələ gəlməsi, eləcə də bütün eyvan tavalarının yükgötürmə qabiliyyətlərini itirməsi və bu kimi digər halların mövcud olması müşahidə olunmuşdur. Binanın təcili olaraq yüklüyünün azaldılmasına ciddi ehtiyac vardır. Bundan əlavə, binada dövlət vəsaiti hesabına bərpa və gücləndirmə işlərinin aparılması iqtisadi cəhətdən səmərəsizdir. Bu səbəbdən də, orada yaşayan sakinlər müxtəlif dövlət orqanlarına kollektiv müraciətlər edərək, mənzil şəraitlərinin yaxşılaşdırılması üçün yeni mənzillərlə təmin olunmalarını xahiş etmişlər. Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 21 fevral 2011-ci il tarixli, 1346 nömrəli Sərəncamı ilə təsdiq edilmiş müvafiq X4 nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada məskunlaşdırılmış 63 məcburi köçkün ailəsindən 57 ailə 2018-ci ilin iyul ayında Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən yeni mənzillərə köçürülmüş və bu barədə yuxarı dövlət orqanlarına müvafiq qaydada hesabat məlumatları verilmişdir. 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. Qeyd edilən yataqxanada məskunlaşdırılmış 63 məcburi köçkün ailəsi mənzilləri zəbt etməmişlər. Onlar 1992-1993cü illərdə aidiyyəti dövlət orqanları tərəfindən məlum məsələlərə görə həmin ünvanda yerləşən dövlət mənzil fonduna aid yaşayış sahələrində məskunlaşdırılmışlar və yataqxanada otaqlar yaşamaq üçün onların istifadəsinə verilmişdir. Sonradan müəyyən edilmişdir ki, ünvan 1 saylı yataqxana binasının 99 saylı otağında isə 1992-ci ildən Şuşa rayonundan məcburi köçkün kimi X9, anası X6, arvadı X8 və qızı Fatimə Bayramova məskunlaşmış, həmin məcburi köçkün ailəsi Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşlər. X2 qeyd edilən binanın 99 saylı mənzilindən məcburi köçkün ailəsi köçürüldükdən sonra həmin mənzili gələcəkdə ələ keçirmək məqsədilə qapısını bağlamış, lakin bir gün də olsun həmin mənzildə yaşamamış və hal-hazırda da yaşamır. Belə ki, N.B.Mövlamverdiyeva Xətai rayonu, 823-cü keçid, 4 saylı evin 100 saylı mənzilində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşamasına baxmayaraq, gələcəkdə ələ keçirmək məqsədilə ünvan 2 yataqxana binasının 99 saylı mənzilinin qapısını bağlayaraq balanssaxlayan təşkilat tərəfindən idarəçiliyin həyata keçirilməsinə maneə yaradır. Bundan başqa vətəndaş X2 da 17.08.2000-ci il tarixli, 0148 saylı orderin kserosurətini əlavə etməklə 09.04.2019-cu il tarixdə ərizə ilə Departamentə müraciət edərək, ünvan 2 yataqxana binasının 97 və 99 saylı mənzillərinə adına kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Buradan aydın olur ki, 99 saylı mənzilə 2 nəfər şəxs qanunsuz olaraq order əldə etmişdir və ya qanunsuz olaraq fərqli tarixlərdə 2 müxtəlif şəxsə order verilmişdir. (Order verilmiş hər iki şəxsin ata adı Bahadur olmaqla, onların heç biri "Radioquraşdırma" zavodunda işləməmişdir). Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli, 13İs nömrəli sərəncamın əlavəsində göstərilən siyahı üzrə yataqxana binaları 07.01.2014-cü il tarixli təhvil-qəbul aktına əsasən balansa götürülmüş, həmin yataqxanalarda 1992-1993-cü illərdə məskunlaşdırılmış çoxsaylı məcburi köçkün ailələrinin istifadəsinə verilmiş mənzillərə dair ayrı-ayrı şəxslərin adlarına orderlərin verilməsi barədə sənədlər təqdim edilməmiş, ona görə də, təhvil-təslim aktında da sənədlərin təhvil verilməsi barədə məlumat öz əksini tapmamışdır. Məcburi köçkün ailələri istifadələrində olan mənzildən köçürüldükdən sonra X2 99 saylı mənzili əldə etmək məqsədilə qapısını bağlamış və nəticədə dövlət mənzil fonduna aid yaşayış sahəsi üzərində balanssaxlayan təşkilat tərəfindən idarəçilik hüquqlarının həyata keçirilməsinə maneə törədir. Qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda güya Bakı "Radioquraşdırma" İstehsalat Birliyinin 12.12.2006-cı il tarixli, 0156 saylı müvəqqəti yaşamaq üçün verilmiş yataqxana orderi ilə faktiki olaraq boş olmayan 99 saylı mənzil onun istfadəsinə verilmişdir. M.B.Mövlamverdiyeva həmin mənzilində heç vaxt yaşamamış, habelə Bakı "Radioquraşdırma” İB-yi ilə əmək münasibətlərində olmamışdır. M.B.Mövlamverdiyevanın əldə etdiyi 12.12.2006-cı il tarixli, 0156 saylı orderlə bağlı Azərbaycan Respublikasının Mülafiə Sənayesi Nazirliyinə sorğu verilmiş, ’’Üfüq" İstehsalat Birliyi "Radioquruşdırma" zavodunun 24.01.2020-ci il tarixli, 17/11 saylı cavab məktubu ilə N.B.Mövlamverdiyeva barəsində Departamentə təqdim edilmiş məlumatda bildirilmişdir ki, onun adına "Radioquruşdırma” zavodunun arxivində heç bir sənəd aşkarlanmamış və N.B.Mövlamverdiyeva müəssisədə işləməmişdir. Lakin məcburi köçkün ailəsinin yaşamasına baxmayaraq, guya Bakı "Radioquraşdırma” İstehsalat Birliyi tərəfindən 68 saylı protokolla rəsmiləşdirilmiş 06.12.2006-cı il tarixli, 0156 saylı yataqxana orderi ilə 99 saylı mənzil ona verilmişdir. Göründüyü kimi qeyd edilən protokol və order mənzil qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmaqla əldə edilmişdir. Çünki M.B.Mövlamverdiyeva heç vaxt "Üfüq" İstehsalat Birliyi "Radioquraşdırma" zavodu ilə əmək münasibətlərində olmamışdır, yəni zavodda işləməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(011)-439/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassız olmaqla, maddi və prosessual hüquq normaları pozulmuşdur. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki halları ondan ibarətdir ki, Bakı “Radioquraşdırma” İB-nin HİK-nin müdiriyyətinin əmək kollektivi şurasının və MMK-nın birgə növbəti iclasının 09.11.2004-cü il tarixli, 41 saylı protokolu əsasında birliyə məxsus Cavanşir küçəsi 4 ünvanında yerləşən yataqxananın 99 nömrəli mənzillərin HİK-nin qərarı ilə order əsasında cavabdehə verilməsi qərara alınmış və həmin qərar əsasında üçüncü şəxs X1 mübahisəli Mənzili tutmaq hüququ barədə 12.12.2006-cı il tarixli, 0156 saylı order verilmişdir. Həmçinin, Bakı “Radioquraşdırma” İB-nin HİK-nin müdiriyyətinin əmək kollektivi şurasının və MMK-nın birgə növbəti iclasının 09.11.2004-cü il tarixli, 41 saylı protokolu əsasında Birliyin fəhlə və qulluqçularının direktora və HİK-nə daxil olmuş ərizə və şikayətləri nəzərə alınmaqla, mənzil növbəsində olub mənzil ala bilməyən fəhlə və qulluqçulara Birliyə məxsus S.Ə.ünvan 3A, Məhsəti küçəsi 3A, və R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxana binalarında hazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, həmin şəxslərə orderlər verilməsi və orderdə göstərilən mənzil nömrələri əsasında pasport qeydiyyatına alınması, onlara məcburi köçkünlər tərəfindən zəbt olunmuş mənzillərin təklif edilməsi və razılığı əsasında sənədləşdirilməsi (HİK-nin qərarı və Order), Birlikdə işləyib uzun illər mənzil və yataqxana növbəsində olan və yataqxanada yaşayan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi, Birliyə məxsus yuxarıda qeyd edilən ünvanlarında yerləşən yataqxanalardakı qaçqın və məcburi köçkün ailələri torpaqlar alınarkən və ya onlara mənzil verilərkən yataqxanalarda boşalacaq mənzillərin qeydşərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. Daha sonra, X5 Birliyinin tabeliyində olan müəssisələrin sosial obyektlərinin verilməsi barədə 07.01.2014-cü il tarixli Akt əsasında “Radioquraşdırma” İM üzrə Cavanşir küçəsi 4 ünvanında yerləşən 394 yerlik subaylar üçün yataqxana Azərbaycan Respublikası Müdaifiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsinə təhvil verilmiş, bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli, 131s nömrəli sərəncamı əsasında isə AR Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər ona aid əmlakla birlikdə Bakı Şəhər MKTD-nin balansına verilmiş, daha sonra Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsinin rəisi ilə iddiaçının Baş mühəndisi arasında tərtib edilmiş 07.01.2014-cü il tarixli Təhvilqəbul aktı əsasında ünvan 2 ünvanda yerləşən yataqxana binası 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmişdir. Mübahisə edilən order 12.12.2006-cı il tarixdə verilmişdir. 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər (maddə 33). Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər (maddə 48). Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər (maddə 49). Qüvvədən düşmüş Mənzil Məcəlləsinin 49-cu maddəsinə əsasən orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Maddənin məzmunundan göründüyü kimi ifadə olunmuş müddət iddia müddəti deyil, kəsici müddətdir və müvafiq ərizənin verilib-verilməsindən asılı olmayaraq mübahisəyə tətbiq edilməlidir. Mübahisəli mənzilə order 12.12.2006-cı il tarixdə verildiyindən orderin etibarsızlığı ilə bağlı mübahisə orderin verildiyi tarixdən 3 il müddətində irəli sürülə bilərdi. Mənzilin yerləşdiyi ünvandakı yataqxana 01 yanvar 2014-cü il tarixdə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Lakin iş üzrə iddia tələbi məhkəməyə orderin özündə göstərilən onun verilməsi tarixindən təxminən 16 il, iddiaçının mübahisəli otaqların yerləşdiyi yataqxananı öz balansına qəbul etdiyi tarixdən 6 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Belə olan halda məhkməmə müddətin ötürülməsi barədə düzgün nəticəyə gəlmişdir. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, yuxarıda qeyd olunan müddəada boş olan ayrıca yaşayış sahəsi qanuni əsaslarla başqa şəxslərin hüquqları ilə yüklü edilməyən və hüquqi cəhətdən boş olan yaşayış sahəsinin olmasını nəzərdə tutur. Məcburi köçkünlər isə yaşayış sahələrində özbaşına olaraq məskunlaşmış və onlar həmin yaşayış sahələrində qanuni əsasla istifadə və ya sahiblik hüquqları əldə etməmişlər. Mənzilin məcburi köçkün ailəsi tərəfindən zəbt olunması isə, həmin mənzilin hüquqi cəhətdən boş olmaması anlamına gəlmir. Yəni, qeyd edilən normada mənzilin boş olması deyilərkən, mənzilin zəbt olunması halları üçün deyil, mənzilin qanuni sahibi ola-ola ona orderin verilməsinin imkansız olmasını müəyyən edir. Ona görə də məcburi köçkün ailəsinin qeyd edilən ünvanda yerləşən yataqxana binasının 99 saylı mənzilində (otağında) yaşadığı halda həmin yaşayış sahəsinə verilmiş orderin həmin əsasla etibarsız hesab edilməsi barədə iddiaçının dəlili əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-439/2021 saylı mülki iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar