Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7114/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair 2(001)-78/2022 saylı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 11 aprel 2020-ci il tarixli müddətsiz əmək müqaviləsinə əsasən İddiaçı aylıq əmək haqqı 1700 manat olmaqla vəkil kimi əmək fəaliyyətinə başlamışdır.
2. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 11 aprel 2020-ci il tarixli əmək müqaviləsinə 21 may 2020-ci il tarixində, Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir.
a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun barəsində verdiyi işdən azad olunmaya dair 21 may 2020-ci il tarixli əmrin ləğv edilməsi və məcburi işburaxmaya görə qətnamə çıxarılan günədək əmək haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə əsasən 11 aprel 2020-ci il tarixli müqaviləsinə əsasən şirkətdə 1700 manat əmək haqqı ilə hüquqşünas kimi işə qəbul olunmuşdur. Üzərinə düşən əmək funksiyasını yerinə yetirmiş, hüquqi məsləhətlər, hüquqi sənədlərin reviziyası, müqavilələrin hazırlanması və bu kimi başqa işləri görmüşdür. İşlədiyi müddətdə cavabdeh ona əmək haqqını ödəməmişdir. Həmçinin bu yaxınlarda ona məlum olmuşdur ki, 21 may 2020-ci il tarixdə cavabdeh onun ərizəsi olmadan elektron hökumət portalına əmək müqaviləsinin tərəflərin qarşılıqlı razılığı ilə xitam verilməsi barədə bildiriş əlavə etmişdir. Cavabdehlə bununla bağlı şifahi danışıqları olmuş, lakin qanunsuzluğun aradan qaldırılmasına əhəmiyyət verilməmişdir. Bununla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinə xitam verilə bilər. Lakin o, cavabdehlə bununla bağlı hər hansı razılığa gəlməmiş və cavabdehə bununla bağlı yazılı müraciət etməmişdir. Bu səbəbdən də hesab edir ki, əmr ləğv edilməlidir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-78/2022 saylı mülki iş üzrə 18 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim İlkin Əliyev)
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbinin hüquqi əsasını Əmək Məcəlləsinin 300.1-ci maddəsi təşkil edir. Belə ki, cavabdeh əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin “a” bəndi ilə xitam versə də, tərəflər arasında bununla bağlı qarşılıqlı razılaşma olmamışdır. Odur ki, cavabdeh Əmək Məcəlləsinin 75, 76-cı maddələrinin tələblərini pozduğuna görə həmin Məcəllənin 300-cü maddəsinin tətbiq edilməsi üçün əsas yaranmışdır. Əmək Məcəlləsinin 300-cü maddəsi isə əmrin ləğvi və bundan irəli gələn hüquqi nəticələri tənzimləyir. Belə ki, həmin normada qeyd edilmişdir ki, məhkəmə əmrin qanunsuzluğunu müəyyən etdiyi halda məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçi vəzifəsinə bərpa edilməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 69, 75, 76, 83, 300-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı işə qəbul edildikdən az müddət sonra müqavilə üzrə vəzifə öhdəliklərini lazımınca yerinə yetirməmiş, əmək və icra intizamına riayət etməmişdir. Bununla bağlı onunla əlaqə saxlanılaraq şifahi xəbərdarlıq edilmiş, əks təqdirdə onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Edilmiş xəbərdarlıqdan nəticə çıxarmayan İddiaçı barəsində müvafiq əmr imzalanmaqla, onunla bağlanmış əmək müqaviləsinə 21 may 2020-ci il tarixdə xitam verilmişdir. Barəsində olan əmrdən İddiaçı məlumatı olmuş və buna etiraz etməmişdir. Bu səbəbdən də haqqında qəbul edilmiş əmrdən iki il keçdikdən sonra iddiaçının hazırkı tələbinin məhkəmə tərəfindən qəbul edilməsi və təmin edilməsi əsaslı deyildir. Eyni zamanda İddiaçı hazırkı tələbi üzrə keçirilən məhkəmə iclaslarında belə iştirak etməməsi öz işinə olan dırnaqarası münasibətin nəticəsidir ki, bu səbəbdən də qeyd edilən hallar işəgötürən tərəfindən qiymətləndirilərək onun barəsində olan əmək müqaviləsinə xitam verilməsini zəruri etmişdir. Qəbul edilmiş qətnamənin məzmununa görə işdən çıxarılma iddiaçıya bu yaxınlarda məlum olmuşdur. Buradan belə anlaşılır ki, iddiaçının iki ildir işlədiyi müəssisə ilə əlaqəsi kəsilmişdir. Qanunvericiliyin tələbinə görə heç bir üzrlü səbəb olmadan işçinin bütün iş günü işə gəlməməsi kobud pozuntudur və bu pozuntu işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Hesab edirlər ki, məhkəmə qeyd edilən xüsusatları araşdırmamış, nəticədə cavabdeh cəmiyyətin mənafeyinin pozulması ilə nəticələnən əsassız bir qətnamə qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin olunmamasını xahiş etdi.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş, şirkətin vəkilinin ölkə hüdudlarından kənarda olduğunu bildirərək məhkəmə iclasının 10 gün müddətinə təxirə salınmasını xahiş etmişdir.
13. Cavabdeh tərəf məhkəmə iclasında iştirakın üzrlü səbəbdən mümkün olmaması barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyindən və cavabdehin nümayəndəsi iştirak etmədiyinə görə bundan əvvəl də məhkəmə iclası təxirə salındığından, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin: 1-ci bəndinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. 2-ci bəndinə əsasən əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: a) tərəflərin qarşılıqlı razılığı; 83-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 76-cı maddəsinin 2-ci bəndinə əsasən Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunub iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Tərəflər arasında əmək münasibətlərinin mövcudluğu işin mübahisələndirilməyən halıdır. Belə ki, MMC-nin direktoru tərəflər arasında hər hansı əmək müqaviləsinin bağlanmadığını, iddiaçının öz istəyi ilə işdən ayrıldığını bildirsə də, bu işin müəyyən edilmiş faktiki halları ilə uzlaşmır. Belə ki, iş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında 11 aprel 2020-ci il tarixində müddətsiz əmək müqaviləsi bağlanmışdır. Nəticədə həmin tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə əmək müqaviləsi bildirişi daxil edilmişdir. Yəni işin faktiki halları ilə tərəflər arasında əmək müqaviləsinin mövcud olması öz təsdiqini tapır.
17. İşin mübahisələndirilən halı isə işçinin əmək müqaviləsinin ləğvi üçün tərəflər arasında qarşılıqlı razılaşmanın olub-olmamasıdır. Belə ki, əmək müqaviləsi bildirişi barədə məlumata əsasən İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 11 aprel 2020-ci il tarixli əmək müqaviləsinə 21 may 2020-ci il tarixində Əmək Məcəlləsinin 75-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Halbuki iş matarialları ilə əmək müqaviləsinin ləğvi üçün tərəflər arasında qarşılıqlı razılığın olduğu müəyyən edilmir. Hətta cavabdehin nümayəndəsi də, məhkəmə iclasında iddiaçı tərəfindən əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı MMC rəhbərliyinə ünvanlanmış yazılı ərizəsinin olmadığını, tərəflər arasında hər hansı razılaşmanın olmadığını təsdiq edir.
18. Beləliklə, işin müəyyən edilmiş halları onu təsdiq edir ki, cavabdeh əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsinin “a” bəndi ilə xitam versə də, tərəflər arasında bununla bağlı qarşılıqlı razılaşma olmamışdır, odur ki, cavabdeh Əmək Məcəlləsinin 75, 76-cı maddələrinin tələblərini pozduğuna görə həmin Məcəllənin 300-cü maddəsinin tətbiq edilməsi üçün əsas yaranmışdır.
19. Əmək Məcəlləsinin 300-cü maddəsi isə əmrin ləğvi və bundan irəli gələn hüquqi nəticələri tənzimləyir. Belə ki, həmin normada qeyd edilmişdir ki, məhkəmə əmrin qanunsuzluğunu müəyyən etdiyi halda məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçi vəzifəsinə bərpa edilməlidir. Belə olan halda əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, tələb olmasa belə mütləq qaydada işə bərpanı özündə şərtləndirir. Belə ki, əks halda işə bərpa olunmadan mübahisələndirilən əmrin ləğv edilməsi hər hansı hüquqi nəticə doğurmayacaqdır. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, əmək münasibətlərinə xitam verilməsi barədə işəgötürənin əmrinin ləğvi edilməsinin hüquqi nəticəsi olaraq işçinin həmçinin işə bərpa edilməli olmasının zəruriliyi qanundan irəli gələn tələbdir.
20. İddiaçı işə gəlmədiyinə və əmək müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinin pozulması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və bütün iş günü ərzində heç bir üzrlü səbəb olmadan işə gəlmədiyi təqdirdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilə bilərdi.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Cavabdeh MMC İddiaçı ilə bağlanmış əmək müqaviləsinə açıqaşkar qanunsuz xitam verdiyinə görə məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.
23. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-78/2022 saylı mülki iş üzrə 18 mart 2022-ci il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.