Məhkəmə qərarları › İş №2(103)-7118/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7118/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7118/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh “Aqrar Kredit” BOKT-un nümayəndələri X3 və X4, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-1010/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 QSC BOKT və "xxxx" MMC-yə qarşı “müqavilələrin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə 26.11.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 16.04.2015-ci il tarixli, “ABB YM-0394” saylı alğı-satqı müqaviləsi ləğv edilməsi, "xxxx" MMC-dən 52585 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması və onunla "xxxx" ASC arasında bağlanmış 16.04.2015-ci il tarixli, 3-16-04-2015-YS-AAAD-AE saylı təminatlı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir). Yasamal Rayon Məhkəməsinin 2(004)-1010/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 16.04.2015-ci il tarixli, “ABB YM-0394” saylı alğı-satqı müqaviləsi ləğv edilmiş, "xxxx" MMC-dən 52585 (əlli iki min beş yüz səksən beş) manat məbləğində pul İddiaçı xeyrinə tutulmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında tərəflər barışıq sazişi verərək, mübahisəni barışıq yolu ilə həll etdiklərini və barışıq sazişindən irəli gələn hüquqi nəticələrin onlara aydın olduğunu, buna görə də barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Barışıq sazişinin məzmununa görə:

1. İddiaçı cavabdeh "xxxx" MMC-nin ona ümumilikdə 8265 (səkkiz min iki yüz altmış beş) manat (həmin məbləğin 5265 (beş min iki yüz altmış beş) manat hisəsini 15 dekabr 2021-ci il tarixə qədər, 3000 (üç min) manat hissəsini 17.02.2022-ci il tarixə kimi) verməsi (ödəməsi) müqabilində hazırkı iddia tələbindən imtina etməyi öhdəsinə götürür.

2. Cavabdeh "xxxx" MMC-nin İddiaçı hazırkı iddia tələbindən imtina etməsi müqabilində ona ümumilikdə 8265 (səkkiz min iki yüz altmış beş) manat (həmin məbləğin 5265 (beş min iki yüz altmış beş) manat hisəsini 15 dekabr 2021-ci il tarixə qədər, 3000 (üç min) manat hissəsini 17.02.2022-ci il tarixə kimi) verməyi (ödəməyi) öhdəsinə götürür.

3. "xxxx" MMC ilə İddiaçı arasında başlanmış 16.04.2015-ci il tarixli, ABB YM-0394 saylı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF- Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 7, mərtəbə 14, ümumi sahəsi 80,9 m2, 2 otaqlı, 114 nömrəli mənzilə dair bağlanmış müqavilə ləğv edilir, həmin müqavilə ilə bağlı öhdəliklərə xitam verilir.

Məhkəmə kollegiyası barışıq sazişini müzakirə edərək hesab edir ki, barışıq sazişi tərəflərin hüquqlarını pozmur və qanuna zidd deyildir, ona görə də, barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir: iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, barışıq sazişinin təsdiq olunması barədə ərizə qəbul olunmalı, barışıq sazişi təsdiq edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Kollegiya qeyd edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin normada (402-ci maddə) icraata xitam verilməsi barədə qərardadlar ümumi şəkildə əks olunmasına baxmayaraq, sözügedən normanın MPM-in digər müvafiq normaları ilə sistematik təhlilindən belə qənaət hasil olur ki, qanunverici heç də bütün icraata xitam verilmə hallarını, o cümlədən, iddiaçının iddiadan imtina etməsi (261.0.4), eləcə də tərəflərin barışıq sazişi bağlaması (261.0.5) əsasları ilə icraata xitam verilməsi hallarını nəzərdə tutmur. Belə ki, həmin hallar məhkəmənin gəldiyi qənaət olmayıb, icraatı başlamış tərəflərin bilavasitə iradə ifadəsi ilə bağlıdır. Bu baxımdan da müəyyən olunur ki, tərəflərin barışıq sazişi bağlaması əsası ilə icraata xitam verilməsinə dair hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262, 263-264, 391, 397, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçı cavabdehlər Cavabdeh2 QSC BOKT və "xxxx" MMC-yə qarşı “müqavilələrin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə bağlı tərəflərin aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi təsdiq edilsin.

1. İddiaçı cavabdeh "xxxx" MMC-nin ona ümumilikdə 8265 (səkkiz min iki yüz altmış beş) manat (həmin məbləğin 5265 (beş min iki yüz altmış beş) manat hisəsini 15 dekabr 2021-ci il tarixə qədər, 3000 (üç min) manat hissəsini 17.02.2022-ci il tarixə kimi) verməsi (ödəməsi) müqabilində hazırkı iddia tələbindən imtina etməyi öhdəsinə götürür.

2. Cavabdeh "xxxx" MMC-nin İddiaçı hazırkı iddia tələbindən imtina etməsi müqabilində ona ümumilikdə 8265 (səkkiz min iki yüz altmış beş) manat (həmin məbləğin 5265 (beş min iki yüz altmış beş) manat hisəsini 15 dekabr 2021-ci il tarixə qədər, 3000 (üç min) manat hissəsini 17.02.2022-ci il tarixə kimi) verməyi (ödəməyi) öhdəsinə götürür.

3. "xxxx" MMC ilə İddiaçı arasında başlanmış 16.04.2015-ci il tarixli, ABB YM-0394 saylı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF- Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 7, mərtəbə 14, ümumi sahəsi 80,9 m2, 2 otaqlı, 114 nömrəli mənzilə dair bağlanmış müqavilə ləğv edilir, həmin müqavilə ilə bağlı öhdəliklərə xitam verilir.

Yasamal Rayon Məhkəməsinin 2(004)-1010/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunur ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar