Məhkəmə qərarları › İş №2(103)-7118/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7118/2023

07.12.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7118/2023 07.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: mənzildən istifadə hüququ, mülkiyyətçinin dəyişməsinin istifadə hüququna təsiri) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X4 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçılar İddiaçı və X7, Cavabdeh və onun vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. ünvan 1 ünvanında yerləşən 35 saylı mənzil Bakı şəhəri X10 İcraiyyə Komitəsinin xx.xx.1973-cü il tarixdə verdiyi order əsasında X11 istifadəsinə verilmiş, həmin mənzildə pasport qeydiyyatında olan Cavabdeh razılıq ərizəsi əsasında xx.xx.2006-cı il tarixdə İbrahim Abbasovun adına özəlləşdirilmiş, qeyd olunan tarixdə sonuncunun adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.

2. Kamil X2r.

3. Cavabdeh X1 2002-ci ildə qeyri rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş, Sənubər Mustafayeva ünvan 1 ünvanında yerləşən 35 saylı mənzilə köçərək orada yaşamağa başlamış, ər-arvad münasibətlərindən onların xx.xx.2004-cü il tarixdə Zeynəb, xx.xx.2008-ci il tarixdə Zərifə adını verdikləri uşaqları dünyaya gəlmiş, xx.xx.2009-cu il tarixdə nikahları rəsmi qeydə alınmış, qadına “Abbasova” soyadı verilmişdir.

4. X19 xx.xx.2016-cı il tarixdə vəfat etmiş, onun ölümündən sonra ünvan 1 ünvanında yerləşən 35 saylı mənzil vərəsəlik qaydasında hər birinə ¼ hissə olmaqla X6, X12, X8 və Cavabdeh adlarına qeydiyyata alınmışdır.

5. ünvan 1 ünvanında yerləşən 35 saylı mənzildə hazırda Cavabdeh, İddiaçı, Zeynəb və Zərifə Abbasovalar yaşayırlar; Cavabdeh 2015-ci ildən, Sənubər, Zeynəb və Zərifə Abbasovalar 2021-ci ildən həmin mənzildə pasport qeydiyyatındadırlar.

6. X20 Rusiya Federasiyasının Vladivostok şəhərində, X18 həmin ölkənin Kursk şəhərində yaşayırlar, X13 isə vəfat etmişdir.

7. X14 2011-2022-ci illərdə Bakı şəhəri, Sabunçu rayonu, 309 saylı orta məktəbdə təhsil almışdır, X15 isə həmin məktəbin 9-cu sinfində təhsil alır.

8. X14 xx.xx.2005-ci il tarixdən, X15 isə xx.xx.2008-ci il tarixdən 22 saylı Uşaq Poliklinikasında qeydiyyata götürülmüşlər.

9. Cavabdehlə İddiaçı arasında bağlanmış nikah Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli qətnaməsi əsasında pozulmuşdur.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

10. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, özünün və iki azyaşlı qızlarının Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşinski küçəsi 4/2, 35 nömrəli mənzildən istifadə hüquqlarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə 2002-ci ildə ailə quraraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşinski küçəsi 4/2, mənzil 35 nömrəli evə gəlin köçmüş, ailə qurduğu vaxtdan həmin ünvanda yaşamış, evliliklərindən xx.xx.2004-cü il tarixdə X14, xx.xx.2008-ci il tarixdə X15 adlı iki övladı həmin evdə doğulmuşlar. 2002-ci ildə qeyd olunan mənzilə köçəndə mənzil qaynatası X9 adına olmuş, evə qaynatasının razılığı ilə köçmüşdür. X21 2016-cı ildə öləndən sonra həyat yoldaşı Cavabdeh İbrahim oğlu 20 ildən artıq həmin ünvanda yaşamalarına və orada pasport qeydiyyatında olmalarına baxmayaraq, mənzili tərk etmələrini tələb etmişdir. Odur ki, iki azyaşlı qızı ilə mənzilə istifadə hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

12. Cavabdeh iddia tələbinə qarşı etiraz ərizəsi göndərərək göstərmişdir ki, iddiaçının atasından ona 1/4 hissədə miras qalmış mənzilə 2021-ci ilin fevral ayında pasport qeydiyyatına saldırmiş, aralarında 2009-cu ildə bağlanmış nikah Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Atasından ona və digər vərəsələrə miras qalmış mənzildə iddiaçının yaşaması nə hüquqi, nə də mənəvi baxımdan mümkün deyildir, buna görə də iddia tələbi rədd olunaraq iddiaçının sözügedən mənzildən istifadə hüququna xitam verilməsi və onun mənzildən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul olunmalıdır.

13. Məhkəmənin xx.xx.2022-ci il tarixli protokol-qərardadı ilə X13, X20 və X18 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində prosesə cəlb edilmişlər.

14. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə qarşı yazılı etirazının məzmununa uyğun izahat verərək həmçinin bildirmişdir ki, iddiaçı ilə nikahı pozulacaq, bu səbəblə birlikdə yaşamaları mümkün deyildir.

15. Məhkəmənin şahid qismində dindirdiyi X16 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Seyid Şuşinski 4 ünvanında yerləşən binanın ilk sakinlərindəndir, İddiaçı həmin binaya 2002-ci ildə gəlin gəlmişdir.

16. Birinci instansiya məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması, dövlət rüsumunun əvəzi qismində 50 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir.

17. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı qeyd olunan mənzilə 2002-ci il tarixdə gəlin köçmüş və həmin vaxt mənzilin sənədi order olmuşdur. Belə olan halda mübahisə ilə bağlı hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. 2002-ci il tarixdə mübahisəli mənzilin sənədi order olmuş və İddiaçı gəlin köçdüyü vaxtdan icarədarın ailə üzvü hesab olunmaqla həmin mənzildən digər şəxslərlə bərabər istifadə etmək hüququ əldə etmişdir.

18. Məhkəmə həmçinin vurğulamışdır ki, cavabdeh iddiaçının istifadə hüququnun olduğunu və bu hüquqa xitam verilərək, mənzildən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etməklə, iddiaçının mənzilə istifadə hüququnun olmasını etiraf etmişdir.

19. Mövqeyini əsaslandırarkən məhkəmə, qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü və 54-cü maddələrinə istinad etmişdir.

20. Həmin qətnamədən apellyasiya şikayəti verən cavabdeh onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, gəldiyi nəticənin işin hallarına uyğun olmadığı, iddiaçı ilə nikahlarının artıq pozulduğunu və bir mənzildə yaşalarının mümkünsüzlüyünü, iddiaçının öz valideynlərinə məxsus mənzildə yaşaya biləcəyini, özünə aid mənzilinin olmasını, mənzilin paylı mülkiyyətdə olmasını nəzərə almadığı, Mülki Məcəllənin 228.5-ci, Mənzil Məcəlləsinin 30cu maddələrini tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışlar.

Apellyasiya şikayətinə qarşı etiraz

21. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, etirazda işin faktiki hallarına istinad olunmaqla qətnamənin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.

Apellyasiya baxışı, verilən izahatlar

22. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişlər.

23. Cavabdeh izahatında həmçinin bildirmişdir ki, X20 Rusiya Federasiyasının Vladivostok şəhərində, X18 həmin ölkənin Kursk şəhərində yaşayırlar və məhkəmə iclasına gəlmələri mümkün deyildir, X13 isə vəfat etmişdir. Hər iki qardaşı onun iddia tələbini müdafiə edirlər.

24. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verməklə şikayətin əsassız olduğunu bildirmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

25. Mənafeyi üçün iddia qaldırılmış X7 apellyasiya baxışı zamanı artıq yetkinlik yaşına çatdığı müəyyən olunduğundan o, iddiaçı statusunda dindirilmiş, izahatında iddia tələbini müdafiə etdiyini bildirmişdir.

Tətbiq edilən hüquq

01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

26. Maddə 53 (3-cü hissə). Kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər.

27. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

28. Maddə 87. Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

29. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

31. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

32. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

33. Maddə 213. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur.

34. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

35. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.

36. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

37. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

38. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

39. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

40. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

41. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

01 oktyabr 2009-cu il tarixindən qüvvədə olan Mənzil Məcəlləsi

42. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

43. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

44. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülkiprosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur.

47. Maddə 49.3. Yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər.

48. Maddə 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər.

49. Maddə 50.2. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

52. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

55. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsi).

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

58. Kollegiya ilk növbədə qeyd edir ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

59. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

60. İşin yuxarıda qeyd olunan hallarından (§ 1, 3) göründüyü kimi, ünvan 1 ünvanında yerləşən 35 saylı mənzil 2000-ci ildən əvvəl cavabdehin atasına əvəzsiz qaydada verilmiş, iddiaçı cavabdehlə 2002-ci ildə ailə həyatı quraraq həmin mənzilə gəlin köçmüş (§ 2), xx.xx.2006-cı il tarixdə mənzil cavabdehin atasının adına özəlləşdirilmişdir (§ 1).

61. İddiaçının və onun cavabdehlə nikahından doğulmuş övladlarının sözügedən mənzilə pasport qeydiyyatında olduqları və hazırkı dövrədək orada yaşadıqları işin mübahisəsiz halıdır.

62. Kollegiya hesab edir ki, iddiaçının (o cümlədən, artıq müstəqil iddiaçı statusunda olan Zeynəb Abbasovanın və digər övladının) mübahisəsi gedən mənzilə istifadə hüquqları mənzil onun qayınatasının (cavabdehin atasının) qanuni istifadəsində olduğu dövrdə, yəni cavabdehin ailə üzvü olaraq mənzildə onlarla birgə yaşadıqları zaman xx.xx.2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü və 123-cü maddələrinə (§ 26, 29) əsasən yaranmışdır və aydınlaşdırılmalı olan məsələ onların bu hüququnun qalıb-qalmaması ilə bağlıdır.

63. 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin yuxarıda mətni qeyd olunmuş 60-cı və 87-ci maddələrinin məzmunundan görünür ki, qanunvericilik yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirmişdir.

64. İşin halları baxımından kollegiya hesab edir ki, iddiaçının (o cümlədən, artıq müstəqil iddiaçı statusunda olan Zeynəb Abbasovanın və digər övladının) mübahisəsi gedən mənzilə, mənzil qayınatasının qanuni istifadəsində (order əsasında) olduğu dövrdə onun oğlunun ailə üzvü olaraq mənzildə onlarla birgə yaşadıqları zaman yaranmış istifadə hüquqlarının itirildiyi qənaətinə gəlmək mümkün deyildir.

65. Başqa sözlə, iddiaçının (o cümlədən, artıq müstəqil iddiaçı statusunda olan Zeynəb Abbasovanın və digər övladının) mübahisəsi gedən mənzilə dair hüquqlarının itirilməsinə münasibətdə qüvvədən düşmüş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar yoxdur.

66. Digər tərəfdən yuxarıda göstərildiyi kimi (§ 4), mübahisəsi gedən mənzil 2016-cı ildən sonra vərəsəlik qaydasında hər birinə ¼ hissə olmaqla cavabdehin, X6, X12 və X8 adlarına qeydiyyata alınmışdır və bu o deməkdir ki, mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarının tətbiq edilib-edilməməli olduğu da müzakirə olunmalıdır. Çünkü daşınmaz əmlakın cavabdehin adına dövlət qeydiyyatına alınması onun mənzilə məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Belə ki, mülki qanunvericiliyin müddəalarına görə tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir – çünkü Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

67. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi belə olmuşdur ki, “yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir....Apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi evin M.Bəylərovun adına dövlət qeydiyyatına məhz 2011-ci ildə alınmasına diqqət yetirməmiş, nəticədə isə tətbiq edilməli olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etməmişdir”.

68. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”.

69. İşin hallarından görünür ki, tərəflər arasında ailə münasibətlərinə xitam verilmişdir və bu səbəblə, müvafiq iddia tələbi olacağı təqdirdə İddiaçı, cavabdehin mülkiyyətinə keçmiş mənzilə istifadə hüququnun qalıb-qalmadığı müzakirə oluna bilər.

70. Lakin bu zaman nəzərə alınmalıdır ki, mübahisəsi gedən mənzil paylı mülkiyyətdə olmaqla, ona sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilməli, müvafiq iddia tələbi də bütün mülkiyyətçilər tərəfindən irəli sürülməlidir.

71. Məhz həmin tələbə baxan məhkəmə, İddiaçı mənzilə hüququnun itirilməsi üçün əsasların olub-olmadığı, belə əsas varsa hüququn müvəqqəti saxlanılmalı olubolmadığı, əgər hüquq itirilməlidirsə ona kompensasiya ödənilməli olub-olmadığı məsələlərinə qiymət verə bilər.

72. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

73. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-966/2023 saylı iş üzrə 29 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğ apellyatorun özünə aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar