Məhkəmə qərarları › İş №2(103)-7119/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7119/2020

05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7119/2020 05.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X24 oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və nümayəndəsi və vəkili X9, ilkin iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili X13 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “Azərkitab - X21” MMC-yə qarşı “əmlak və pul” tələbinə dair ilkin, iddiaçı Cavabdeh1 cavabdeh X5 qarşı “maddi və mənəvi zərər” tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və “Azərkitab - X21” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı əməyindən istifadə etdiklərinə görə ayı 300 manat olmaqla,10 ay üçün cəmi 3000 manatın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi, onun müəllif hüquqlarını pozduğuna görə, cavabdehlərdən müştərək qaydada 10.000 manat kompensasiya alınaraq, ona ödənilməsi, İddiaçı cavabdehlərə təhvil verdiyi kitabların dəyərindən qalan 1628,50 manat borcun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi, İddiaçı mülkiyyətindəki “Heydər Əliyev” ailə portreti, 100/150 sm, xüsusi çərçivədə; “Qəzet oxuyan oğlan” nəqqaş C.Tağızadə, Təbriz, 2014; “Gül dibçəyi” - nəqqaş C.Tağızadə, Təbriz, 2014; “Köçəri ailəsi” - nəqqaş C.Tağızadə, Təbriz, 2014; “Atların gecə yürüşü” - nəqqaş C.Tağızadə, Təbriz, 2014; “Meşədə payız” - nəqqaş C.Tağızadə, Təbriz, 2014; “Təbrizin misgər bazarı” - nəqqaş C.Tağızadə, Təbriz, 2014; “Çay mərasimi” - nəqqaş C.Tağızadə, Təbriz, 2014; “Meşədə villa” - nəqqaş C.Tağızadə, Təbriz, 2014; “Məhəbbət yellənçəyi” nəqqaş C.Tağızadə, Təbriz, 2014; “Mövlanə” - naməlum müəllif, Türkiyə, Konya, 1970, xüsusi çərçivədə; “Atatürk” - naməlum müəllif, Türkiyə, 1970; Ana heykəli - xalça, əl işi, Təbriz 2010; Dua edən qız - xalça əl işi, İsfahan, 2012, xüsusi çərçivədə; Avropalı ovçu xalça əl işi, Tehran, 2010 sərgi eksponatlarının cavabdehlərdən alınaraq ona qaytarılması, məhkəmə üçün ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinin tələbinə uyğun olaraq məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək, İddiaçı əməyindən istifadə etdiklərinə görə ayı 300 manat olmaqla,10 ay üçün cəmi 3000 manatın cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi, onun müəllif hüquqlarını pozduğuna görə, cavabdehlərdən müştərək qaydada 10.000 manat kompensasiya alınaraq ona ödənilməsi, “Heydər Əliyev” ailə portreti, 100/150 sm, xüsusi çərçivədə; “Qəzet oxuyan oğlan” - nəqqaş C.Tağızadə, Təbriz, 2014; “Mövlanə” naməlum müəllif, Türkiyə, Konya, 1970, xüsusi çərçivədə eksponatlarının cavabdehlərdən müştərək qaydada alınaraq ona qaytarılması, ilkin iddia ərizəsində göstərilən digər 12 ədəd sərgi eksponatlarını yararlı vəziyyətə gətirmək vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, bu mümkün olmadıqda isə onların hər birinin bərpası üçün 300 manat olmaqla, ümumi bərpa üçün 3600 manat cavabdehlərdən müştətək qaydada alınaraq ona ödənilməsi, məhkəmə üçün ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 xx.xx.2019-cu il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun xeyrinə maddi ziyana görə 5731 manat, mənəvi ziyana görə 5000 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində çalışdığı üçün Cavabdeh2 ilə münasibətləri formalaşmışdır və o, müəyyən dövrlərdə “Azəri-Kitab” mağazasına baş çəkirmiş və müəyyən məsələlərdə mütəxəsis kimi onunla məsləhələşmişlər. Bu mağaza şəhərin Yasamal rayonunda yerləşmiş, həmçinin uzun illər tələbə və müəllim heyətinə tanınır və cəmiyyətdə yüksək işgüzar nüfuza malik olduğu üçün daimi müştəriləri vardır. İddiaçı, həm Cavabdeh1 Mirisrəfıl oğlu, həm də X1 uzun illər münasibətləri olduğu üçün etimad və güvənini qazanmışdır. Artıq həmin mağazaya müştəri kimi yox, bir dost, tanış kimi baş çəkmişdir. Onlar məhkəməyə müraciət etməmişdən altı-yeddi ay öncə mağazaya yeni bahalı brend markalı mallar gəlmişdir. Bir müddət sonra mallarda əskiklik ortaya çıxmışdır, mağaza rəhbərliyi bu əksikliyi təftiş etdiyi zaman mağazada quraşdırılan kameraların qeyd etdiyi videoyazılarla tanış olmuşdur. Bu video yazılarda İddiaçı malların əksik olmasında hansı formada iştrak etməsi əks olunmuşdur. Belə ki, yeni malların mağazaya gəldiyi zaman İddiaçı mağazanın satış hissəsində yeni mallarla tanış olmaq məqsədilə yeni mallar olan vitrinlərə yaxınlaşıb, malları gizli şəkildə pencəyinin cibinə qoyaraq mağazanı tərk etmişdir. Sonradan Cavabdeh1 Mirisrəfıl oğlu bu video yazını İddiaçı “Whatsapp” vasitəsilə göndərərək onun bu əməl törətməsi barədə ona xəbərdarlıq etmişdir. İddiaçı “Whatsapp” yazışmalarında səs yazısı göndərərək, elədiyi əməli etiraf etmiş, onun nə qədər ziyan vur ilə maraqlanmış, vurduğu ziyanı Bakı Dövlət Universitetində görüşüb ona verməyi öhdəsinə götürmüşdür. Hətta bankdan pul çıxarıb ona ödəyəcəyinə dair səs yazısı göndərmişdir. Cavabdeh1 Mirisrəfıl oğlu mağazanın digər əməkdaşları ilə birlikdə mağazadan götürülən əşyaların siyahısını təsdiq edən akt tərtib etmişlər. Həmin tərtib olunmuş aktda iddiaçıya 5731 (beş min yeddi yüz otuz bir) manat ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)-481/20 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddia ərizələri rədd edilmişdir. İlk iddia üzrə İddiaçı tərəfindən qətnamədən apelyasiya şikayəti verilmişdir. İlk iddia üzrə iddiaçı apelyasiya şikayətini iddia ərizəsində göstərdiyi dəlillərə istinad etməklə əsaslandırmışdır. Həmçinin qətnamədən ilk iddia üzrə Cavabdeh1 tərəfindən apelyasiya şikayəti verilmişdir. İlk iddia üzrə Cavabdeh1 apelyasiya şikayətinin qarşılıqlı iddia ərizəsində göstərilən dəlillərə istinad etməklə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, nümayəndəsi və vəkili X15 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını, ilk iddia üzrə cavabdehin verdiyi apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili X20 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını, ilk iddia üzrə iddiaçının verdiyi apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə görə X10 Bakı Xətai Sənət Mərkəzinə bir ədəd xalçanın çərçivəyə salınmasını sifariş etmişdir, sifarişin ümumi məbləği 300 manat təşkil edir. İş materiallarında olan «xxxx» MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktdan görünür ki, xxxxnin hədiyyələr şöbəsinə baxış keçirilmiş və akta əlavə edilmiş siyahı üzrə 95 adda malların çatışmadığı müəyyən edilmiş, həmin malların X10 tərəfindən oğurlandığı qeyd edilmişdir. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunan akta əsasən “X8”nin hədiyyələr şöbəsinə baxış keçirilmiş və ümumi göstərilən mallara görə çatışmayan malların siyahısı tərtib olunmuşdur. Cəmi 5731,5 manat dəyərində çatışmayan mal aşkar olunmuşdur. Aktı Cavabdeh1, Cəmilə Ələkbərova, Bayram Göyüşov və Ramilə Tapdıqlı öz imzaları ilə təsdiq etmişdir. İş materiallarında olan Cavabdeh1 ilə X18 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, 12 ədəd rəsm əsəri Pərviz Kazıminin qohumu X14 təhvil verilmişdir. Birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclasında şahid X16 izahatında bildirmişdir ki, o, Amidlə gedib malları gətirib. 12 ədəd şəkil idi. 6 ədədi yaxşı vəziyyətdə idi, 6 ədədinin çərçivəsi sınıq vəziyyətdə idi. Onlara deyiblər ki, köç vaxtı sınıb. 3 ədədi yox idi, səbəbini soruşanda deyiblər ki, o şəkilləri hörmətli adamlara hədiyyə veriblər, qaytara bilməzlər. Əlavə olaraq qeyd edir ki, şəkillərin hamısı açıq vəziyyətdə idi. Onlar şəkilləri alanda heç bir yerə qol çəkməyiblər. Birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclasında şahid X3 öz izahatında bildirmişdir ki, o xalçaları Sabir adlı şəxsin yanında olanda görüb. Onlarla onu Pərviz tanış edib. Xalçaları “Azərkitab - X21” MMC -də konfras zamanı görüb. Hamısı sağ vəziyyətdə divardan asılıbmış. Xalçaların sayı təxminən 15-20 ədəd olardı. Pərviz divardakı xalçaları göstərərək deyirdi ki, bu xalçalar onundur. Şahid qeyd edir ki, xalçaları əvvəllər başqa heç bir yerdə görməyib. Birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclasında şahid X11 öz izahatında bildirmişdir ki, Pərviz ona deyib ki, xalça toxutdurmaq istəyir. O, bir adamla onu görüşdürüb. O, hesab işləri ilə məşğul olub, mal hazır olandan sonra axırda iddiaçı xalçaları təhvil alıb. X19 Zərifə Əliyeva ilə olan portretini toxutdurub, digər 2 əsəri hazır alıb, yəni 3 əsərdən 1-ni sifariş verib, 2 ədədi isə hazır alıb. Pərviz malları Təbrizdən gətirib öz qalereyasında saxlayırdı. Birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclasında şahid X6 öz izahatında bildirmişdir ki, o, “X2” MMC-də satış üzrə icraçı direktordur. Onların VİP otağından malların oğurlandığını müəyyən ediblər. Kamera qoşdurdublar və bəlli olub ki, malları Pərviz oğurlayıb. Bu barədə akt tərtib olunub və akta o da qol çəkib. Malların kim tərəfindən oğurlandığını kamera ilə müəyyən ediblər. O əsərləri mərkəzdə görüb, ancaq kimin olduğunu bilmir. Birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclasında şahid Göyüşov Bayram Vaqif oğlu öz izahatında bildirmişdir ki, о, “X2” MMC-də nəzarətçi idi. Onların VİP otağından malların oğurlandığını müəyyən ediblər. Kamera qoşdurublar və biliblər ki, malları Pərviz oğurlayıb. Bu barədə akt tərtib olunub və akta o da qol çəkib. Həmin oğurlanmış malların siyahısını o tərtib edib. O qeyd edir ki, kamerada da göründüyü kimi Pərviz qutunu götürüb cibinə qoydu. O qutunun içində karandaş, portmanat olurdu. Mübahisə predmeti olan 3 əsərin kimə mənsub olduğunu bilmir. Həmin VİP otaqlara kimsə əşyasını qoymaq üçün girə bilməzdi. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarından və tərəflərin izahatlarından iddiaçı ilə cavabdeh arasında hər hansı əmək müqaviləsi və yaxud xidmət müqaviləsinin bağlandığı müəyyən edilməmişdir. Həmçinin, iddiaçı ilə cavabdehlər arasında əvəzli əsaslarla xidmət göstərilməsinə dair hər hansı öhdəliyin olması sübut olunmamışdır. Belə olan halda, kollegiya iddiaçının onun cavabdehə məxsus kitab mağazasında işləməsi və bu işinə görə ona əməkhaqqı hesablanmalı olması ilə bağlı dəlillərini əsassız hesab edir. İlkin iddia üzrə iddiaçı “Azərkitab” kitab mərkəzinin 2018-ci il xüsusi buraxılışında cavabdehlərin müəllifliyi ilə dərc edilmiş iki məqalənin ona məxsus olduğunu, bu iddiasının sübutu olaraq həmin məqalalərin onun elektron poçt ünvanından cavabdehlərə göndərilməsini qeyd etsə də, iş materiallarından müəyyən olunur ki, məqalələr cavabdehlərin öz həyat və fəaliyyəti ilə əlaqəli olmuşdur. Həmin məqalələrin iddiaçı tərəfindən cavabdehin elektron poçt ünvanına göndərilməsi özlüyündə həmin məqalələrin iddiaçı tərəfindən yazılması anlamına gəlmir. Bundan başqa, tərəflər arasında məqalələrin yazılması, buna görə qonorar ödənilməsi ilə bağlı hər hansı razılaşmanın olması da müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisə predmeti olan məqalələrin müəllifi olması sübut olunmur. İlkin iddiaçının iddia etdiyi “Heydər Əliyev” ailə portreti,100/150 sm, xüsusi çərçivədə; “Qəzet oxuyan oğlan” nəqqaş C.Tağızadə, Təbriz, 2014; “Mövlanə” naməlum müəllif, Türkiyə, Konya, 1970, xüsusi çərçivədə eksponatların cavabdehlərin qanunsuz sahibliyində olmasına dair, həmçinin 12 ədəd sərgi eksponatlarının çərçivələrinin məhz cavabdehlərin təqsiri üzündən iddiaçının qeyd etdiyi kimi yararsız vəziyyətə salınmasına dair mötəbər sübutlar da məhkəməyə təqdim edilməmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçıya məxsus əsərlərin ona qaytarılması ilə bağlı tərtib edilmiş və sübut kimi məhkəməyə təqdim edilmiş yazılı aktda da 12 ədəd əsərin iddiaçıya geri qaytarılması qeyd olunsa da, onların çərçivələrinin yararsız vəziyyətə düşməsi, həmçinin, bu aktda qaytarılan əsərlərdən başqa, daha 3 ədəd əsərin qarşılıqlı iddiaçıda qalmasına dair hər hansı bir qeyd aparılmamışdır. Kollegiya qarşılıqlı iddiaçı Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini də əsassız hesab edir. Belə ki, qarşılıqlı iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı onun xeyrinə maddi ziyana görə 5731 manat, mənəvi ziyana görə 5000 manat məbləğində pulun tutulmasını xahiş etsə də, bu hallarla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Qarşılıqlı iddiaçı cavabdehin “Azərkitab - X21” MMC-yə məxsus mağazadan oğurluq edilməsi nəticəsində onlara dəymiş maddi ziyanın, həmçinin mənəvi ziyanın əvəzinin tutulmasını xahiş etsə də, həmin mağazadan hansı əşyaların götürülməsi, bu əşyaların dəyərinin nə qədər olması, həmçinin sadalanan əşyaların hamısının məhz P.Kazımi tərəfindən götürülməsi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsində qarşılıqlı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş şəxslərin ifadələri ilə bağlı kollegiya qeyd edir ki, həmin ifadələr şahidlərin birbaşa gördükləri və şahidi olduqları halları deyil, yalnız videogörüntülərə baxış keçirilməsini və bu görüntülərdə əks olunmuş halları əks etdirir. Ona görə də, həmin şahid ifadələri X4 mağazadan qarşılıqlı iddia ərizəsində göstərilən əşyaları götürməklə qarşılıqlı iddiaçıya ziyan vurmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» Azərbayjan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Həmin Qərara əsasən, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin təl əblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmas ın-dan irəli gələn həqiqəti müəyyən etməlidir. Göstərilənlərə əsasən kollegiya bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi həm ilk, həm də qarşılıqlı iddiaları onların sübuta yetirilməməsi əsası ilə rədd edərkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, QƏT ETDİ: Apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)-481/20 saylı qətnaməsi verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar