Məhkəmə qərarları › İş №2(103)-7119/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7119/2021

18.08.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7119/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndələri X3 və X2 iştirakı ilə, İddiaçı cavabdehlər Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-yə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı müavinətin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 2(005)-731/2021 saylı qətnaməsindən cavabdeh DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-yə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı müavinətin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci il iyun ayının 8-dən iyulun 6-dək əmək qabiliyyəti olmadığına görə müalicədə olduğu dövrdə buraxılan ümumilikdə 28 günün 14 təqvim günü üçün hesablanmış 1231 manat müavinətin və müavinət vaxtında verilmədiyinə görə 3777,20 manat məbləğində ödəncin cavabdeh BOKT "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, qalan 14 təqvim günü üçün hesablanmış 1500 manat müavinətin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialından tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 2(005)- 731/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialından 1524,48 manat müavinətin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə məhkəmə aidiyyətini müəyyənləşdirmədən baxmış, tələb inzibati hüquq münasibətlərindən irəli gəlməklə inzibati məhkəmə tərəfindən baxılmalı olduğu halda, ümumi məhkəmədə mahiyyəti üzrə baxılaraq qətnamə çıxarılmış, iddiaçıya əmək qabiliyyəti olmamağa görə müavinət müvafiq halda Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən ödənilməli olmadığı halda, məhkəmə əsassız olaraq Filiala qarşı iddianı təmin etmişdir. Məhkəmə iclasında cavabdeh Mərkəzi Filialın nümayəndələri apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı və digər cavabdeh BOKT "xxxx" ASC-nin nümayəndəsi isə şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 2(005)-731/2021 saylı qətnaməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı hissədə ləğv edilməli, həmin hissədə iş ümumi məhkəmədə baxılmalı olmadığına görə həmin hissədə iş üzrə icraata xitam verilməlidir. İşin faktiki hallarından görünür ki, İddiaçı 8 iyun 2020-ci il tarixdən 5 iyul 2020-ci il tarixinədək əmək qabiliyyətli olmadığına görə işə çıxa bilməmiş, əmək qabiliyyəti olmaması barədə vərəqəni iş yerinə təqdim edərək ona müavinət verilməsini xahiş etmişdir. Müavinətin kim tərəfindən ödənilməsi barədə sığortaedən təşkilatla (Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC) dövlət sosial sığorta təşkilatı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) arasında mübahisə yaranmış, buna görə də iddiaçı hər iki təşkilata qarşı ümumi məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 6-cı bəndinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasiləsiz olaraq ardıcıl davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olmayaraq, yalnız bir dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi bir neçə xəstəlik vərəqəsinə görə fasilələrlə davam edərsə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət xəstəlik vərəqələrinin sayından asılı olaraq, hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 05 oktyabr 2020-ci il və 24 noyabr 2020-ci il tarixli məktublardan görünür ki, Mərkəzi Filial müavinətin sığortaedənin vəsaiti hesabına ödənilməli olduğunu bildirərək müavinət verməkdən imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı müavinətin ödənilməsi tələbinə dair iddiası inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar (öhdəliyin icrası haqqında iddia) kateqoriyasına aiddir. Birinci instansiya məhkəməsi səlahiyyətinə aid olmadığı halda, inzibati orqana qarşı öhdəliyin icrası haqqında iddiaya baxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yenə həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 261.0.1, 384, 391, 397-398, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli 2(005)- 731/2021 saylı qətnaməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı hissədə ləğv edilsin, həmin hissədə iş ümumi məhkəmədə baxılmalı olmadığına görə həmin hissədə iş üzrə icraata xitam verilsin. İddiaçı izah edilsin ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı müavinətin ödənilməsi tələbinə dair iddialara baxılması inzibati məhkəmələrin səlahiyyətinə aiddir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar