Məhkəmə qərarları › İş №2(103)-7120/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7120/2025

25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7120/2025 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X8 katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evindən çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-214/2025 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ***- *******TKXGO070220-01 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana 24 ay müddətinə, illik 22% ödəmək şərti ilə 100.000 manat məbləğində kredit verilmişdir. Komissiya haqqı 1.000 manat təşkil edir.

2. İddiaçı ASC ilə zamin Cavabdeh2 və borcalan Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 xx.xx.2020-ci il tarixli, ***-*******TKXGO070220-01 nömrəli kredit müqaviləsi üzrə borclu Cavabdeh3 kreditor qarşısında götürdüyü öhdəliklərin icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşdür.

3. İddiaçı ASC ilə zamin Cavabdeh1 və borcalan Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2020-ci il tarixli, ***-*******TKXGO070220-01 saylı kredit müqaviləsi üzrə borclu Cavabdeh3 kreditor qarşısında götürdüyü öhdəliklərin icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşdür.

4. İpoteka saxlayan İddiaçı ASC, İpoteka qoyan Cavabdeh2 ilə Borcalan Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 114.9 kv/m, yardımçı sahəsi 90.8 kv/m olan 5 otaqlı fərdi yaşayış evi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsini ***- *******TKXGO070220-01 nömrəli kredit xətti müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İpoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir.

5. 11.02.2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh3 bankdan 99.000 manat kredit məbləğini kassadan götürmüşdür.

6. Cavabdehlərə xx.xx.2023-cü il tarixli xəbərdarlıq bildirişi ünvanlanaraq, borc barədə məlumat verilmiş, məhkəməyə müraciət edilmədən ipoteka predmetinə (girova) tutmanın yönəldilməsi üçün notariat qaydasında razılaşmanın təsdiq edilməyəcəyi təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq edilmişdir.

7. İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə cavabdehlərə ünvanlanan “Kredit borcunun ödənilməsinə və İpoteka Predmetinə tutma yönəldilməsinə dair” bildirişin qeydiyyata alınması xahiş edilmişdir.

8. 19.02.2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh3 99.994,75 manat əsas borc, 42.042,42 manat faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 9.945,24 manat olmaqla, ümumilikdə borcu 151.982,41 təşkil edir.

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evindən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixinə Cavabdeh3 kredit üzrə cəmi borcu 151.982,41 manat - bundan 99.994,75 manat əsas, 42.042,42 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən illik 5%-lə hesablanmış 9.945,24 manat faiz borcu və iş üzrə ödənilmiş 441,98 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 114.9 kv/m olan 5 otaqlı fərdi yaşayış evi və həmin ünvanda yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi ipotekaya yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia ərizəsi yuxarıda göstərilən işin hallarına uyğun əsaslandırılmış, həmçinin göstərilmişdir ki, bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, xx.xx.2022 tarixli **********994 saylı bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Beləliklə, cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, kredit ödənişlərini etməmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2020 tarixində 1.900 manat məbləğində ödəniş etmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi tədbiri kimi Bank tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinn tələblərinə uyğun olaraq ipoteka qoyanlara bildiriş göndərilmiş və həmin bildirişlərin müvafiq qaydada Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirilməsi təmin edilmişdir.

11. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)- 2935/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizaları təyin edilmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları; xx.xx.2020-ci il tarixi, ***-*******TKXGO070220-01 nömrəli kredit müqaviləsinin şərtləri və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən Cavabdeh3 "xxxx" ASC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir: 06 fevral 2024-cü il tarixə (iddia tarixinə) 151980,44 manat: - əsas borc üzrə 99.994,44 manat, faiz borcu üzrə 42.042,11 manat, faiz borcu (illik 5%-lə) 9.943,89 manat. 20 iyun 2024-cü il tarixə (rəy verilən tarixə) 153.841,45 manat: əsas borc üzrə 99.994,44 manat, faiz borcu üzrə 42042,11 manat, faiz borcu (illik 5%-lə) 11.804,90 manat.

13. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 214/2025 nömrəli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması "xxxx" MMC-yə həvalə edilmişdir.

14. "xxxx" MMC-nin hesabatından görünür ki, toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bazar və likvid qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində yuvarlaq hesabla aşağıdakı kimi müəyyən olunmuşdur: bazar dəyəri – 425.250 manat, likvid dəyəri – 382.700 manat.

15. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 214/2025 nömrəli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2020-ci il tarixli, ***-*******TKXGO070220-01 saylı kredit müqaviləsi üzrə 99.994,44 manat əsas borc, 42.042,11 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən illik 5%-lə hesablanmış 9.943,89 manat faiz borcu olmaqla, ümumilikdə 151.980,44 manat məbləğində borcun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun və ödənilmiş dövlət rüsumunun 440 manatın ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 114.9 kv/m olan 5 otaqlı fərdi yaşayış evinə və həmin ünvanda yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların ilkin satış qiyməti likvid dəyərinin 382.700 manat məbləğində müəyyən edilməsi, bu əmlakların hərracda satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 banka olan cəmi 151.980,44 manat məbləğində borcunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun və ödənilmiş dövlət rüsumunun 440 manatının ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, borc ödənildikdən sonra artıq qalan pul vəsaitinin Cavabdeh2 qaytarılması, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində vəsaitin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, iş üzrə aparılmış qiymətləndirilmə xidmətinin göstərilməsi ilə əlaqədar 500 manat məbləğində vəsaitin isə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2020ci il tarixli, ***-*******TKXGO070220-01 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur.

17. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir, həmin rəydə isə cavabdehin xx.xx.2020-ci il tarixli, ***-*******TKXGO070220-01 saylı kredit müqaviləsi üzrə əsas borcu 99994,44 manat, faiz borcu 42042,11 manat, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən illik 5%-lə hesablanmış faiz borcu isə 9943,89 manat məbləğində müəyyən edilir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış 99994,44 manat məbləğində əsas, 42042,11 manat məbləğində faiz borcu və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən illik 5%-lə hesablanmış 9943,89 manat faiz borcunu digər cavabdehlərlə birgə iddiaçıya ödəməlidir.

18. Məhkəmə hesab etmişdir ki, iddiaçının tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 114.9 kv/m olan 5 otaqlı fərdi yaşayış evinə və həmin ünvanda yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin hərracda satılması və bankın kredit tələbi realizə edilmiş əmlakların dəyərindən ödənilməsi barədə tələbi əsaslıdır.

19. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan sonra ünvan 1 ünvanında yerləşən 114.9 kv/m olan 5 otaqlı fərdi yaşayış evinin və həmin ünvanda yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsinə aid hissədə təmin edilməməlidir.

20. Məhkəmə qeyd etmişdir ki, ipotekaya qoyulmuş əmlak satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında əmlakı tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından həmin hissədə iddia təmin edilə bilməz.

21. Məhkəmə hesab etmişdir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsində göstərilmiş “satıldıqda” ifadəsi alqı-satqının bağlanma anını deyil, yeni mülkiyyətçinin mülkiyyət hüququnun yaranma əsasını nəzərdə tutduğundan və bu hal alqısatqı əsasında yeni mülkiyyətçinin hüquqlarının qeydə alınmasından sonra yarandığından, ipoteka qoyanın və ailə üzvlərinin mənzili tərk etmələrinə dair iddia ilkin mülkiyyətçinin hüququ itirildikdən sonra təmin edilə bilər. Belə ki, alqı-satqı faktının özü mülkiyyət hüququnun itirilməsi hesab olunmadığından, müqavilə DƏDRX-də qeydə alınana kimi yeni mülkiyyətçinin mənzildən çıxarmaq barədə tələb hüququ yaranmır.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 203.1, 269.1, 269.4, 270.1, 276.1, 297, 298.1, 298.2, 298.3, 317.1, 317.2, 319.1, 319.6, 385.1, 386.1, 427.3, 442, 443.1, 445.1, 445.3, 445.7, 472.1, 472.2, 739-cu maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci, 59.3-cü, 59.4-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 80, 106, 124.1, 217, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

23. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qəbul edilmişdir. Cidalı Cəbayılzadə "xxxx" MMC-nin təsisçisidir. "xxxx" MMC ilə İddiaçı ASC arasında olan bank hesabı müqaviləsinə əsasən, həmin bankda hesabı olmuşdur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün həmin hesaba müxtəlif subyektlər tərəfindən daimi müxtəlif məbləğlər mədaxil-məxaric olunmuşdur. Eyni zamanda, onunla İddiaçı ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ***-*******TKXGO070220-01 saylı kredit xətti və bank hesabı müqaviləsinə əsasən, 100.000 manat məbləğində kredit xətti açılmışdır. Cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə "xxxx" ASC-nin və "xxxx" ASC-nin lisenziyaları X7 Heyəti tərəfindən xx.xx.2020-ci il tarixindən etibarən ləğv edilib və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı ASC müflis elan edilib və iflas proseduruna başlanılıb. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Dəfələrlə cavabdehlərə müraciət edərək, bankdakı hesabında olan və bankın ona borclu olduğu – hesabında qalmış 104,51 manatın və 945.983,51 rus rublunu və kredit üzrə borcun əvəzləşdirilməsini tələb etsə də, bundan imtina edilmişdir. Cavabdehlərin bu hərəkətləri əsassız və qanunsuzdur, məhkəmə tərəfindən hüquqdan bu cür sui-istifadə halının qarşısı alınmalıdır. Bildirir ki, o, aralarında bağlanmış bank hesabı və kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtı-vaxtında, müqavilə və ona əlavə olunmuş əlavəyə (qrafikə) uyğun şəkildə icra etmişdir. Bankın lisenziyası ləğv edilən tarixədək tərəfindən ödəmələrdə hər hansı gecikmələrə yol verilməmişdir. Lakin bankın ləğv edilməsi ilə onların bütün fəaliyyəti iflic olmuşdur ki, bunun nəticəsində külli miqdarda ziyana düşmüşlər. Belə ki, bankdakı hesabında qalmış pulların çıxarılması mümkünsüz olmuş, hesabı dondurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 540.1-ci maddəsinə əsasən əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən bu Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərtilə müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. Beləliklə, müflis bankla onun kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparılmasının mümkünlüyü qanunvericilikdə nəzərdə tutulmuşdur. Lakin cavabdeh hazırkı iş üzrə öhdəliyin əvəzləşdirilməsinin mümkün olmadığını qeyd etməklə imtina etmişdir. Kreditin ödənilməsinin qaydası və şərtlərini müəyyənləşdirən ödəniş cədvəlindən də göründüyü kimi, cavabdeh ona özünün pul vəsaitini 24 ay müddətinə istifadə etmək üçün vermişdir. O da bu vəsaitdən istifadə etdiyi üçün cavabdehə faizlər (özgəsinin pul vəsaitindən istifadə haqqı) ödəməlidir. Həmin vəsait üçün faizləri o sahibkarlıq fəaliyyəti həyata keçirməklə ödəməli idi ki, bu da bankın öz cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə lisenziyası ləğv edildiyi üçün mümkün olmamışdır. Cavabdeh tərəf onların bank hesabına blok qoyduğu üçün öz vəsaitini çıxara bilməmişdir və əlverişsiz vəziyyətə düşmüşdür, müflis elan edildiyi xx.xx.2020-ci il tarixdən kredit alan olaraq cavabdehə qarşı heç bir tələb irəli sürməmiş, iddia qaldırmamış, bununla da sahibkarlıq fəaliyyətinə maneçilik törətməsi bir yana qalsın, həm də öhdəliyinin üzərinə süni surətdə faizlər hesablanmasına qərəzli surətdə şərait yaratmışdır. Cavabdehin niyyəti əslində müqavilə ilə üzərinə götürdüyü öhdəliyin icrasından yayınmaq və qanunsuz faizlər tutmaqdır. Bu səbəbdən də hesablanmış faizlər silinməli, borc məbləği iddiaçının bank hesabında olan məbləği ilə uyğun olan hissədə əvəzləşdirilməlidir. Halbuki, cavabdeh bank müflis elan edilən gündən onlara müraciət etmişlər və mübahisəli vəziyyət olması onlara məlum idi. Göründüyü kimi, məhkəmənin guya öhdəliyi pozmağı və müqavilə üzrə faizlər və cərimələr, dəbbə pulu hesablaması qanunsuz və əsassızdır. İstinad edilən maddi hüquq normalarının pozuntusudur. Lakin məhkəmə tərəfindən istinad edilən maddi hüquq normalarının tələbləri pozulmaqla iddia qismən təmin edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, apellyasiya şikayətində olan xüsusatlar qarşı tərəfin formal mülahizələrindən ibarətdir. Cavabdeh müqavilə tərəfi olmayan hüquqi şəxsin vaxtilə bankda hesabının olması, müvafiq köçürmələr etməsi kimi məqamlara toxunsa da, ümumilikdə bu hallarla bağlı tərəf ərizəçi kimi Əmanətlərin Sığortalanması Fonduna müraciət etməklə öz tələblərini növbəlilik qaydasında qeydə aldıra bilər. Bu faktın şikayətdə göstərilməsi hazırda icraatınızda baxılan işin mübahisə predmetinə aidiyyətini tam olaraq müəyyənləşdirmək olmur və əlaqəsiz yanaşmadır. Şikayətin digər hissələrində də irəli sürülən arqumentlər maddi və prosessaul hüquq normaları baxımından əsaslandırılmır. Hesab edir ki, şikayətin subyektiv mahiyyəti qətnamənin icraya yönəldilməsinə maneçilik yaratmaqdır. Odur ki, şikayətə etiraz edərək apellyasiya şikayətinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş edir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 540.1. Əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Hazırkı işdə iddia qismən təmin edilmiş, apellyasiya şikayəti yalnız Cavabdeh3 (borc alan) tərəfindən verilmiş, şikayətin məzmununa əsasən cavabdeh qətnaməni iddianın ona münasibətdə borcun tutulması ilə bağlı təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apelyasiya şikayətinin və ona qarşı verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. İşdə olan sənədlərlə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh3 arasında kredit müqaviləsi bağlanmış, cavabdeh üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya borcu yaranmışdır. Cavabdeh müqavilə üzrə yalnız 1 dəfə ödəniş etmişdir.

33. Birinci instansiya tərəfindən tələb olunan borc məbləğinin müəyyən edilməsi ilə bağlı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş, ekspert tərəfindən müəyyən edilən məbləğ nəzərə alınmaqla iddia kredit borcu ilə bağlı hissədə qismən təmin edilmişdir.

34. Cavabdeh3 təsisçisi olduğu "xxxx" MMC-nin iddiaçı bankda olan hesabında qalmış vəsaitin kredit müqaviləsi üzrə borcu ilə əvəzləşdirilməsini tələb etsə də, kollegiya qeyd edir ki, hüquqi şəxsin bank hesabındakı vəsaiti təsisçinin deyil, hüquqi şəxsin ayrıca mülkiyyətidir.

35. Hazırki iş üzrə kredit müqaviləsinin tərəfi həmin hüquqi şəxs deyil, yəni onunla iddiaçı bank arasında qarşılıqlı öhdəliklər mövcud deyil ki, onların əvəzləşdirilməsinə yol verilsin.

36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 214/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar