Məhkəmə qərarları › İş №2(103)-7124/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7124/2021

28.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7124/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2034/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Yasamal rayonu, Yeni yaşamal yaşayış massivi, X1, ev 20, mənzil 341, giriş 4 ünvanında yerləşən ona məxsus mənzilə köçürülməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni yaşamal yaşayış massivi, X1, ev 20, mənzil 341, giriş 4 ünvanında yerləşən mənzilin ½ hissəsi Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən onun mülkiyyətindədir. Cavabdeh onun keçmiş əridir. Hazırda mülkiyyətində olan əmlak üzrə istifadə və sahiblik hüquqlarını məhdudlaşdırır və mənzildə yaşamağına mane olur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bildirir ki, qeyd olunan əmlak çıxarış əsasəndə ona məxsusdur. Ona məxsus əmlakdan istifadə edə bilməməyi onun mülkiyyət hüquqlarını pozur və bu pozuntu davam etməkdədir. Hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri ona qarşı dayandırılmalı və mülkiyyət hüquqları bərpa edilməlidir. Hazırda o, həmin mənzilə yerləşmək, oraya köçmək niyyətindədir. 2 övladı var və onlarla birlikdə yaşamaq üçün başqa yaşayış yeri yoxdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2034/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsi iddia tələbi təmin edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmiş, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə eyni mənzildə birlikdə yaşaya bilməzlər və aralarında yaranmış keçimsizlik şəraiti çox pis nəticələrlə sonlana bilər. Odur ki, əks tərəflə bərabər hüquqlu olduğu mənzilin açıq hərracda satılmaqla payların aralarında bölünməsini istəyir. Bununla bağlı pretenziya göndərsə də, iddiaçı onun müraciətini qəbul etməmiş və qərəzli mövqeyində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1705/2020 saylı, 30.07.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, X1, ev 20, giriş 4-də yerləşən 341 saylı mənzil üzərində İddiaçı 1/2 və Cavabdeh 1/2 payları müəyyən edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********57-05301-093208 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, X1, ev 20 ünvanında yerləşən 341 nömrəli mənzil, giriş 4 xüsusi mülkiyyət kimi ½ hissədə İddiaçı, ½ hissədə isə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Kollegiya birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməli olması barədə mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmə müəyyən etdiyi hallardan tərəflərin qarşılıqlı hüquq və vəzifələri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, X1, ev 20 ünvanında yerləşən 341 nömrəli mənzilin (giriş 4) 1/2 hissə üzrə mülkiyyətçisi İddiaçıdır. İşin faktiki halları ilə eləcə də apellyasiya şikayətinin məzmunundan görünür ki, mənzil tərəflər arasında 1/2 hissəyə bölünməsinə baxmayaraq, iddiaçı sözü gedən mənzilə cavabdeh tərəfindən yaradılmış maneələrə görə köçə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.7-ci maddəsinə görə isə, istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən isə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Kollegiya hesab edir ki, mübahisəli mənzilin pay hüququ üzrə həmçinin iddiaçıya məxsus olması, onun həmin mənzilə istifadə və sahiblik hüquqlarının olmasını ehtiva edir, o isə bu hüquqların ona tanıdığı imkandan istifadə edərək həmin mənzilə köçürülməsini tələb etməkdə haqlı olmuşdur. Ona görə də kollegiya hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə iddiaçının ½ pay hüququ uzrə ona məxsus olan mənzilə köçürülməsi barədə iddianın rədd edilməsi üçün əsas deyil. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2034/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar