Məhkəmə qərarları › İş №2(103)-7124/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7124/2023

23.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7124/2023 23.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Gulieva Khumain Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı Gulieva Khumain Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 5530/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəmələrində icraat

1. İddiaçı Gulieva Khumai Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılma barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. 05.09.2023-cü il tarixdə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddia təmin edilməsi, Bakı şəhəri 16 saylı notariat X1 adına xx.xx.2023-cü il tarixində 2V-45 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, Quliyev İlqardan miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Sülh küçəsi, ev 1 V, 55 saylı mənzilə dair Cavabdeh miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 5530/2023 nömrəli qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmşdır.

4. Qərardad belə əsaslandırılmışdır ki, qarşılıqlı iddia tələbi ilkin iddia tələbi ilə əlaqədər olmadığından, yəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156ci maddəsində göstərilmiş tələblərə cavab vermədiyindən geri qaytarılmalıdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

5. Cavabdeh qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən mənzilə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən onun da vərəsəlik hüquqları nəzərə alınmalı idi. Belə ki, o, miras qoyan İlqar Quliyevlə 22 ildən artıq faktiki olaraq birgə yaşamış və nikahı xx.xx.2010-cu il tarixdə rəsmi olaraq qeydiyyata alınmışdır. Onun rəsmi olaraq bağlanmış nikahı nəzərə alınmamış və onun hüququ pozulmuşdur. Həmin mübahisəli mənzildən iddiaçı çıxarılma tələbini sırf onun qohumluq əlaqəsinin olmadığını göstərərək əsaslandırmışdır. Onun qarşılıqlı iddiası tamamilə ilkin iddia ilə əlaqəlidir.

7. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları

10. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsi Maddə 35.3. Qarşılıqlı iddia, ərazi aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir. 156.1. Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. 398.0.2. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)-5530/2023 nömrəli qərardadı ləğv edilməli və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir.

12. İşdən görünür ki, iddiaçı cavabdehin onun mülkiyyətində olan mənzildən çıxarılmasını tələb edir. Həmin mənzil İlqar Quliyevin mülkiyyətində olmuş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında iddiaçının mülkiyyətinə keçmişdir.

13. Cavabdeh isə qarşılıqlı iddia ərizəsi verərək onun da İlqar Quliyevin vərəsəsi olduğunu iddia edir və bu əsasla vərəsəlik hüququ haqqında şəhadətnaməni, onun əsasında iddiaçının adına verilmiş dövlət reyestrindən çıxarışı mübahisələndirirərək çıxarılması tələb olunan mənzilə miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

14. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin 156.1.2-ci maddəsinin tələblərinə müvafiq olaraq hazırki qarşılıqlı iddianın təmin edilməsi artıq ilkin iddianın təmin edilməsini aradan qaldırır. Yəni, cavabdehin mənzil üzərində vərəsə kimi hüququ tanındığı təqdirdə onun mənzildən çıxarılması barədə ilkin iddianın təmin edilməsi mümkün olmayacaqdır.

15. Kollegiya həmçinin qeyd edir ki, qarşılıqlı iddia ərizəsinin qəbul edilməsi və ilk iddia ilə birlikdə baxılması həmçinin, mülki prosessual qanunvericiliyin mühüm prinsiplərindən biri olan prosessual qənaət prinsipinə riayət olunması üçün çox əhəmiyyətlidir. Bu halda, yeni məhkəmə çəkişməsinə yol verilməmiş olur.

16. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 5530/2023 nömrəli qərardadı ləğv edilsin və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Hakimlər: Məhəmməd Rüstəmli Vahid Sadıqov Akif İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar